İntibah həsrəti. Azadlıq və köləlik

Tarix: 13-06-2024 00:29
Baxış sayı: 212

Adəm və Həvva azadlığı cənnətdən qovulanda dərk elədilər. Azadlığın ilk
dequstatorları onlardır. Həm də bu qovulma çox sirlərin üstünü açdı: Cənnətin
özündə azadlıq adlı şey yerli-dibli yox imiş. Cənnətə despotik ruh hakimdir.
 
Bu dünyadakı azadlıq protoinsanlarda ilkin faciə duyğuları oyatdı. Onlar
Cənnətdəki komfortu təzə yerdə görmədilər. Üstəlik burda azadlığa daim
hücumlar gözlənilirmiş. Əvvəlcə elə təbiət onlara göz ağartdı. Təbiət heç də
deyilənlər kimi insanın xoş məramlı tərəfdaşı deyil. Adəm və Həvvanın Yer
üzündəki ilk düşməni təbiət olub. Bu düşmənçilik indiyənəcən çəkir. Gah insan ona
qalib gəlir, gah da o insana. Hazırki ekoloji qəzalar təbiətin qələbəsidir.
 
Cənnətin məkanı kosmikdir. İnsan bu dünyaya ordan calaq edilib, ona görə də
çatar-çatmaz Yerdə onu cənnət nostalgiyası bürüdü. Geri qayıtmaq üçün cürbəcür
üsullara əl atdı, tabulara cidd-cəhdlə riayət etdi. Cənnət naminə tabulardan daha
yetgin dinlər uydurdu, özü də biri faydasız görünəndə digərinə keçdi.
 
Nücum elmi də cənnət axtarışı ilə yaranıb. Yerdə insanın vətəni yoxdur. Sivilizasiya
müvəqqəti sığınacaqdır.
 
Cənnət arzusu vətən həsrəti şəklində indi də büruzə çıxır. Dolayısı ilə insan əsil
vətəninə - kosmosa can atır. Həmişə kosmosu öyrənir. Kosmik canlıları doğma
qardaşları kimi gözləyir.
 
Adəm və Həvva iztirab və sevinci birinci dadanlardır. İlkin mədəniyyət (elə sonrakı
da) bu kontrast duyğuların təzyiqi ilə yaranıb. Onu deyim ki, ulu insanlar Yerdəki
azadlığı bəyənmədilər. Cənnətdəki durumun azadlığa bənzəyişi çoxdur. Əslindəsə,
orada ən cilalı, ən cilvəli şəkildə köləlik bərqərardır. Amma, Yer üzündəki köləlik

azadlığa qəti bənzəmir. Buradakı, köləliyin ən qabasındandır. Gör ki, köləlik
atributlarından olan zəncir indiyənəcən dəbdədir.
 
Azadlıq bilmərrə heç yerdə yoxdur; yalnız köləliyin bu fantom şeyi az, ya çox
imitasiyası var. Bu imitasiya səhvən real vahid kimi ayrılıb. Fantom azadlıq son
dərəcə yöndəmsiz, nahamardır: ona nəinki öyrəşmək, hətta dözmək belə müşkül
işdir. İndiyənəcən də bitkin qanunlar şəklində təsbit olunmur. Hərçənd, mütləq
azadlığa yetmək üçün daim cəhdlər göstərilir; bu əbədi generator bəşəriyyətin
mövcudluğuna təminat verir. Hər bəşər nəsli məhz öz həyatında real azadlığa
qovuşacağını fərz edir, lakin tarix boyu onlardan bircəsinin də fərziyyəsi düz
çıxmayıb.
 
Mütləq azadlıq zorun maksimum azalmasıyla bir ideal olaraq anlaşılır. Lakin
mütləq köləlik bəşəriyyət üçün daha xarakterikdir. Təbiət total qorxu şəklində
bəşərin şüuraltı qatlarına işləyib. Qorxu təbiətin insan təfəkküründə ilk fotosudur.
Kölə psixologiyası sanki, xromosom keyfiyyətinə çevrilib, onunla insanın bioloji
tamlığı təmin olunur. Dünyaya qul etika və estetikası hakimdir. Bəşəriyyət
hipotetik ilkin azadlıqdan sonra, əsasən kölə olub. Köləlik vərdişləri bəşər ruhuna
dərin rişələr atıb. Qərb adamının azadlıqla öyünməsi əbəsdir. O, əməyini satmasa,
yaxud haçansa satmayıbsa, ac qalar, lakin güclü təbliğat (mən "təlqinat"
deyərdim) maşınları qulaqlarını doldurduğundan belə məğrurdur. Əlbəttə, köləlik
unudularsa, efirdə azadlıq illuziyası cövlan edər. Bu baxımdan Qərb köləliyi
keyfiyyətcə cənnətdəkinə yaxındır, yəni eləcə cilalı - cilvəlidir.
Təbiət bəşər üçün tələdir. İnsan təkilahlığa uzun-dolayı dövranlar qət edib gəldi.
Yəni olduqca gec. Allah güc-bəla özünü insana tanıda bildi. Bununla da elə ilk
çağlardan qüdrətli olduğuna şübhə oyatdı. Üstəlik onun adından, ona
tapınmayanların kökü baltalanırdı. Artıq bəşəriyyət postfaktum təsdiqləyə bilər:
Allah heç də ali deyil, bəlkə adi bir yaradıcıdır. Dərvişdir. Vəssalam. Bu, keçilməz
məyusluq, total depressiya törədir. Əlbəttə, bəşər köləsi olduğu qüvvənin
qənirsizliyini ( qənir - misil, bərabər, tay. - red.) , zamandan yüksəkliyini, ondan
irəliliyini istərdi. Allah özünü insana totemlərdən əvvəl tanıtmalı idi, sonra yox.
 

Tarix boyu peyğəmbərlər kollaborsionistcəsinə insandakı məğrurluğu alıb, Allaha
bağışlayıb, insanı ona kölə ediblər. Məğrurluqdan yalnız məişət səviyyəsində
istifadə üçün saxlanıb. Özü də deyəsən, Allah kölələrə xəstə meylindən əl çəkənə
oxşamır. İnsan insanlığıyla belə qara vərdişlərdən təmizlənmək üzrədir, yəni bu
barədə Allahı geridə qoyur. Mən ölü, siz diri, vaxt gələcək Allah özü insana
tapınacaq.
 
Deməsən olmur, peyğəmbərlərin insan qarşısında bağışlanmaz günahları hədsiz
çoxdur, lakin onlardan hansınınsa tövbə cəhdini qulağım çalmayıb. Allah insanı
onların əli ilə, nəzərdə tutduğu səviyyəyəcən kiçildib. Özü fikrində tutmadığı bütün
keyfiyyətləri ixtisara salıb. Bircə ondakı məhəbbəti xoşlayıb və tezkən də onu öz
adına çıxıb. Guya məhəbbət elə onun öz təzahürüdür. Min fitnə-fəsadla, insandakı
bəlkə yeganə rənkin şeyi özü səmtə yönəldib.
 
Allahın onu sevməyənlərə cəhənnəm narında çəkdirəcəyi məşəqqətlər cinayətə
görə cəzaya bənzəyir.
 
Allaha kütləvi sevgilər dünyəvi köləliyin təşəkkülünə məsrəf olunub. Dünyəvi
köləliyin tarixi Allahla bağlıdır. Sonradan bəşər kütləvi sevgilərini Yerdəki hər hansı
fövqəlqüvvəyə qurban verməyə həvəsləndi; köləlik ona xilasedici göründü.
 
Ən düzgün qanunlarda da köləliyin nişanəsi var. Məhz bu səbəbdən Markiz de Sad
cinayəti də insan hüquqları sırasına qoşmağı təklif eləmişdi. Həqiqətdə də azadlıq
ya nəhayətsiz, əngin olmalıdır, ya da o yoxdur.
 
Köləlik əksərən xilasedici görünübsə də, insan daim ondan şübhələnib, ondan
ehtiyyat qurtulma yolları arayıb. Bir gün də təsadüfən gözəlliyə tapınmaqla köləlik
duyğusunu xeyli azalda bildi. Təbiətin aldadıcı, keçici gözəllikləri ilə təmas ondakı
ilk heyranlığa səbəb olub. ...Gözəlliyə sevinmə insanın içindəki kompensator
mexanizmləri açıqladı. Hətta qul bazarında alınıb-satılma hər şeyin sonu deyil. Ən
azı ordakı al-əlvan rənglər təsəlli üçün kifayətdir. Quldarlıq zahiri çərçivə olub;
kənardan bəzəkli-zınqırovlu bir şeyə bənzəyib. İnsanın daxilində azadlıq imkanları

zahirdəkindən qat-qat çoxdur, hərçənd Spartak zahirdəkini də - yəni azadlığı tam
şəkildə istəyirdi.
 
Roma imperiyasının qulları köləliyi, Adriatik dənizinin lacivərd, oynaq mənzərələri
ilə unudurdular. Elə indiyənəcən qadın kişi, kişi isə qadın gözəlliyi ilə köləliyi
neytrallaşdırmaqdadır. Diktator rejimlərində insanı qarşıdakı mücərrəd gözəl
həyatla aldadıb yaşadıblar. İşıqlı gələcək xülya da olsa, onun reallaşacağına əminlik
kütləvi intiharların qarşısını alıb. Yoxsa indiyə total psixozdan hamı özünü asar,
bəşəriyyətin ayaqları göydən sallanı qalardı. İşıqlı gələcək qanda sevinc gətirən
mediatorları çoxaldır. Qazamatlar məhz gözəl olmadıqlarına görə dustaqlıq hissi
doğurur. Oradakı antisanitariya şəraiti insanı real məhkumluq duyğusuna qərq
edir. Gözəllik olan yerdə azadlıq labüddür. Azadlıq bəzən heyvan kimi bağırmaq
imkanı şəklində qavranılır. Əslində güllələnərkən belə, güllələyənin əlindəki gözəl
silah, bir göz qırpımına da olsa, insana xoşbəxtlik, bu mənada azadlıq şansı verər.
Ölüm hökmlərinin icraatı üçün ən gözəl silahlar işlənməlidir. Dünya humanizmdən
xali deyil: öldürülənin beynində dolaşan son fikir bu olmalıdır.
 
Hamımız gözəllik duyumu minimuma endirilmiş dini sektalarda kütləvi intiharların
şahidiyik. Tam siyasi azadlıqda da gözəllik anımından məhrum kəslərin həyatı
ölüm təhlükəlidir. Qərbdə öz canına qəsdlər "üçüncü ölkələr"dəkindən çoxdur.
Gözəlliyə aşinalıq insanlarda psixi xəstəliklər üçün preventiv tədbir olardı. Tək bir
siyasi azadlıq heç də daxildəki mənhus qüvvələrin relaksasiyasına gətirmir. Siyasi
azadlıqda bezikdirici bəsitlik, səthilik var. Siyasi azadlıq birtərəflidir, çox az şeydir,
mütləq azadlığın kiçik bir komponentidir. Yəqin insani gözəlliklər bütün
köləliklərdən qurtula bilər. Yəni köləlik gözəllikdən təcridin nəticəsi, real
statizmdir. düstaq öz kamerasının üç, nə bilim, dörd divarı arasında daimi
hərəkətlərlə özünə həyat üçün vacib azadlıq illuziyası yaradır. Ovuc boyda
pəncərədən adi quş uçuşunu həsrətlə gözləyir, yəni özündən kənarda dinamizm
görmək istəyir, növbənöv quşların gözəlliyində (onun üçün quşun kifiri yoxdur)
azadlıq nişanəsi axtarır.
 
Yer şarının müəyyən parçasına "vətən" adı verib, praqmatik tərənnümlərlə,
mehrabi müqəddəsləşdirmələrlə insanı ona bağlayır, onun qulu edirlər. Vəsfkar
aşıqlarımızın bolluğundan bizlərdə vətən eşqi bəzən lüzumsuz dərəcədə güclənir,

bu eşq vətəndən ayırılıb "özündəşey"ə çevrilir. Mücərrəd eşq görünür, vətən özü
isə yox. Bizi bədbəxtçilik basıb: "odlar oğlu" vətən üçün yalnız ağlaya bilir. Koroğlu
qocalıb, onun cavanlığı əbədi unudulub. Eşqimizin tənzimi bir qədər düzgün
qurulsaydı, soyuq ağılla Güney-Quzey Azərbaycan üçün üz ağardan bir iş görərdik.
Bizimki qəbrimizin vətənə düşməsidir; öləndən sonrakı mənasız hörmətlərə göz
dikmişik. daha demirik qəbrin düşəcəyi yeri qorumaq naminə bir vaxt cəlayi-
vətənçilik də pis olmazdı. Yoxsa düşmən qəbristanlıqlarımızın iyirmi faizini
şumlayıb, biz hələ də məişət səviyyəsində kişiliklərlə məşğuluq. Dünənəcən adımız
it dəftərində yox idi. Beynəlxalq lobbi sarıdan məğmunuq; bu günəcən elə bilirik
mühacirətdə bizi əcinnələr tuta bilər. Ölsək də burda, qalsaq da- devizimiz budur.
Ona görə də heç yerdə sözümüz keçmir. Xalqımız "vətən"də dustaqdır. Tərbiyəmiz
hələ uşaqlıqdan köləliyə səmtlənib. Lakin, Qarabağ əldən gedib, daha başımız
əlhəd daşına dəyib, görək neynirik... Deyilən düzdürsə, qara günün ömrü az
olmalıdır.
 
   ...Azadlığa dəlalət edirsə də, gözəllik mahiyyətcə kövrəkdir. İnsan həmişə
bütpərəst olaraq qalır; təkallahlıq əslində bütpərəstliyin yüksək formasıdır. Yəni,
səcdəsində olduğu gözəl bütü dağıtmaqla insanı asanlıqla köləliyə yuvarlatmaq
mümkündür. Yəqin əbədi gözəlliklər vacibdir. Bəlkə də dünyanın əbədi sayılan
yeddi möcüzəsi bu həsrətlə yaradılıbmış. Gözəlliyi qoruyan qanunlar çox yetkin
olmalıdır. Azərbaycan İncəsənət Muzeyindən rəsmlər yox, xalqın xilas şansı
oğurlanıb.
 
Allah bəşər həyatında ekslibristik mövqedədirsə də, çoxları üçün iç dünyanı
bəzəyəsi yeganə gözəllikdir. Çifayda, onun nuru qəlbə kənardan düşür. Halbuki,
içəridən çeşmələnən gözəllik daha etibarlıdır. Quyu özündən sulu olmalıdır. Allah
qəlbdə boş dizayn elementi deyilsə, yəqin təkcə onda bəşər azad sayıla bilər.
Sufilər mütləq azaddırlar. Xristian asketləri də. Onları konvoy qabağına qatmaq
əbəsdir. Bu heç də dövlətin nəzərdə tutduğu effekti verməz.
 
   Əbülfəz Elçibəy hakimiyyət hərisi, taxt-tac əsiri olan müasir MDB xaqanlarından
min qat artıq azaddır. Sufi, ya xristian zahidi üçün zindanın tək kamerasından əsl
azadlığa yolların ən rahatı başlanar. Onlar cəmiyyətdən özləri təcrid olunur,
dünyəvi işlərdən könüllü əl götürürlər. Dünyəvi işlərdə tarazlıq, mütənasiblik

yoxdur. Hər şey təsadüfi, məvəqqəti və nisbidir: insanı öldürmək cinayət sayılır da,
sayılmır da. Ölümə gah xoşbəxtlik deyirlər, gah bədbəxtlik.
 
   Bu eklektik dünya nəyin karıdır...
 
Sufilər məğlubiyyət tanımaz. Faciə onlar üçün gülməlidir. Faciələrdə uzaq başı can
əldən gedəcək - can, yəni oyuncaq bir şey. Sufi heç vaxt kölə ola bilməz. Mütləq
kölələr ateistlərdir. Ateizm insanı bioloji varlıq səviyyəsindən yüksəyə qalxmağa
qoymur. Bütün işıqlı gələcəklər onlar üçün yemək-içməyin şərti refleksləridir.
Diktatorlar bunu yaxşı anlayır.
 
Hər hansı müharibə də köləlik əlamətləri ilə zəngindir; vuruşanlar vətənpərvərlər
yox, kölələrdir. Bəlkə yalnız bu halda köləlik məqbuldur. Müharibələr əsl ateizm,
Allahın inkarıdır. dünya müharibələri Allahın ən uğursuz dövrləri, onun biabırçı
iflasıdır.
 
İnsan ömrü boyu köləliklə azadlıq arasında traektoriya cızır, gah ona, gah buna
yaxınlaşır. Dustaqlı, ya əsirlikdə də azad olmaq mümkündür. Külli-aləmi dolanmaq
imkanında da kölə olurlar.
 
XX əsrin axırlarında azadlığa siyasi hərəkatlarla çatmaq ideyası puça çıxdı. Hər
halda keçmiş SSRİ xalqları bunun şahididir. Təzə yüzilliyə azadlığın daha yetkin
konsepsiyaları ilə qədəm qoyacağıq. Təcrübəmiz qədərincədir.

Digər xəbərlər

Adil Qeybulla: "Xalqın bağrından çıxan səs"

Rafiq Tağı ilə Ayxan Eyvaz söhbətləşdi

Rafiq Tağının "Mərkəz" qəzetinə müsahibəsi, söhbətləşdi Cəlil Cavanşir

Elçin Hüseynbəyli – “İroniyanın Quzeyini yazan sənətçi” Rafiq Tağının 50 illiyinə...

Zəminə Rəhimqızı ilə söhbət

Şərhlər