Həyat və Əxlaq

Tarix: 13-06-2024 00:24
Baxış sayı: 106

Traktat əvəzi

 
Qardaşlar, mən qədimlərdə “ömr etmiş” olsaydım, bəşəriyyətə dürlü traktatlar
qoyub gedəcəkdim. Ancaq neynəməli, artıq qədimlər mənsiz nöqsanlıdır. Mən
gecikib XX yüzildə dünyaya göz açmış bir Şərq mütəfəkkiriyəm. Həri, kamilliyi üçün
qədimlərin cəmi bir mütəfəkkiri çatmır. İndilikdə mən traktat əvəzi xırda-mırda
şeylər yazmaqla məşğulam.İxtiyarımda traktatlıq zaman yoxdur. İnformasiyalara
güclə vaxt tapıram.
                                                       ***
Qardaşlar, kim həyata “şirin” deyirsə, haqlıdır. Mən də təsdiqləyirəm ki, zarafatsız,
həyat onu vətən-zad uğrunda bada verməmək dərəcəsində şirindir. Bənzəyişi
azdırsa da, onu desəm olar, deməsəm olmaz ki, erotika qatqılı həyatda xoruzların
yar bildiyi anlardakı toyuq şirinliyi var. Di gəl, Erosun belini əxlaq qırır. Həm də,
Erosdan uzaq qocaların ölüm arzulamalarını hamımız görüb. Bir iş var ki, iki əməl,
əxlaqı güclü insan erotik effekti qeyrətdən almağa məcburdur. Ancaq Ətağa cəddi,
əxlaq Allahın nəzərdə tutmadığı şeydir. Hərçənd Allah ondan xəbərdardır. Əxlaq
Allahın kamil bilib yaratdığı insana sonrakı məcburi düzəlişlər cəhdidir. Əxlaq
qanunvericilikdə təsbit olunmuş zorakılıq aktıdır. Azərbaycanda əxlaq birbaşa
həyata qarşıdır və onu rədd edir. Allah üzümüzə baxıb, yoxsa biz öz yaratdığımız
və üstəlik, öyündüyümüz əxlaqa tam riayət etmiş olsaydıq, bir millət kimi çoxdan
zırbazır olub getmişdik. Amma əbədi də yox, həndəsi silsilə üzrə çoxalmışıqsa, sən
demə, onda əxlaqa lotuluq və kələk vasitəsi kimi baxmışıq. Həri, Azərbaycanda
əxlaq həyata münasibətdə səhvdir. Yaxud belə deyək, dominant əxlaq
müqayisəsində Azərbaycanda həyat cinayət tərkiblidir. Həyat Azərbaycanda
əxlaqla, əxlaqsa həyatla ləkəli. Sizə bir bədyə danışım. Heç vaxt dost olmaq
istəmədiyim gombul bir tanışım gözlərimin önündəcə qocalanacan yaşadısa da,
başqası arvadın dörd-beşini alır, bu heç birini də almadı. O, bütün arvadlara, hətta
fahişələrə də anam-bacım deyə-deyə ömrü yelə verdi. Fahişələrə də müqəddəs
münasibətində Lev Tolstoyun Nexlyudovuna bənzəyişinə əsasən, mən onda iç bir
xristianlıq aşkar etmişdim. O, zahirdə mübarək bir müsəlman, batindəsə iyrənc bir
xristiandı. Arvad almağı şorgözlük sandı, bu işi ar bildi. Bə öz millətinə qarşı

namussuzluq necə olar, evlilik barəsində həmişə belə deyərdi (burda bədyə bitir).
Qardaşlar, əxlaq ictimai-sosial yalançı, ancaq guya bəşəri bir dəyərdir, insanların
(yenə guya) dinc yanaşı yaşaması istəyindən doğur. Həri, əxlaq ölüvay
sülhsevərlərin qəlbindən pırr eləyib qalxan topal bir göyərçindir. Əxlaq həm də
ölüvayların qəddarlığı əlamətidir.
 
 
 Əlbəttə, həyat müharibəni labüd edir. Əslində müharibə həyat uğrunda
çalışmadır. Həyatın parametrləri müharibə və sülh ölçülərindən genişdir. Həyat
fövqündə əxlaq bəzəkli çərçivələr şəklində görsənir. Əxlaq qorxudan törənmə
şeydir və məndə heç cürə ehtiram doğurmur. Lakin həyat, əbədiyyətə
səmtləndiyindən hörmətin hər cürəsinə layiqdir. Albert Şveytser fəlsəfəsinin də,
kim demiş, ana xətti “həyata ehtiram” idi. İsa peyğəmbər də əslində həmişə həyatı
təsdiq edib. Bəşər mədəniyyəti həyat naminə, onun xatirinə yaradılıb. Biz çağdaş
sivilizasiyanın da həyata sürətli xidmətinin şahidiyik.
     
Qardaşlar, mənim içimdə həyatı ucaldıcı əxlaq imperativləri var. Mən
qəhrəmanlıqdakı şəhidlik komponentinin ixtisarı arzusundayam. Mən yazıqlıq
cizgilərini silməklə əxlaqı həyata uyğunlaşdırmaq niyyətindəyəm. Mənim amalım
həyat bəxş etməklə - düşməni yalnız bu yolla alçaltmaqdır. Məsələ düşmənin
varlığında yox, ona verilən həyatın alçaldıcı rolundadır. Həyatla kontakt həmişə
sevinc gətirir. Düşmənə bəxş olunan həyat onun günahlarının çoxalmasına məsrəf
edilmiş sayılmalıdır. Mən günahdan çəkdiyi əzabları düşmən üçün ölümdən üstün
tuturam. Həri, əxlaq həyatın yalnız parlaqlığı üçün gərəkli ola bilər. Əxlaqın ancaq
həyat eşqini artıranı məqbuldur. Yalnız dionisik əxlaq xoşbəxtliyə səmtlənir.
F.Nitsşe əxlaqı həyatdan imtina üçün əsas görmürdü. Həyat işartı şəklində də
gözəldir. Həyatın mikroskopik ölçüsündən də bərk yapışmaq lazımdır.
             
Yalnız həyat qələbə üçün gərəklidir.
          
Şərqdə əxlaq həyata müvafiq deyil. Şərqdə əxlaq insan xarakterinə, onun
mahiyyətinə uyğun gəlmir. Bu əxlaq Kitab yazanların qoca təfəkküründən nəşət

tapır. Əxlaq qoca başların uydurmasıdır. Qərb həyatın maksimal təsdiq məkanıdır.
Qərbdə əxlaq Şərqdəkindən fərqli despotik deyil. Qərbdə əxlaq daha həyati və
azadlıqla daha çox süslüdür. Qərbdə insan əxlaqla şarlatanlıq etmir, Şərqdəsə -
edir. Şərqdə əxlaq dekor rekvizitidir. Şərqdə əxlaq ölümə sürükləməklə fanatik
kütləni aldadır da, Qərbdəsə - aldatmır.
             
Qardaşlar, mən ölməzliyi əxlaq norması seçirəm. Mən bu dünyada əbədi
yaşamağa gəlmişəm. Əbədiyyət – ömrümün uzunluğudur. Mən insanlar üçün
şəhidliyi yox, yalnız həyatı əxlaqdan sayardım. Millət yalnız həyat vasitəsilə tərəqqi
tapır və bu tərəqqi şəhidliyi heçə endirir. Şəhidlik bəşəriyyətin hələ də primitiv
yaşam tərzini rəmzləndirir. Millətin öz eyiblərinə şəhidliklə haqq qazandırması,
məğmunluğunu şəhidliklə əsaslandırması əxlaqsızlıqdır. Şəhidliklə riyakarlıq
etməyək, gəlin həyatı uca tutaq.

Digər xəbərlər

Fərqanə

Britaniyalı jurnalist Qərbi R.Tağıyla bağlı susqunluğa görə "yıxıb-sürüdü"

İki Tağıyev İlqar

Heç kəsi öldürmək istəməyən

Köhnəlmiş mədəniyyətlər səmtində düşüncələrim

Şərhlər