“İki Tağıyev İlqar” Kədərli və adsız yazı
Bu yaxınlarda mən tənhalığı öz gözlərimlə gördüm. İndiyəcən onu yalnız fərz edə
bilərdim; ona bələdliyim qiyabi-nəzəri cəhətcə idi. Tənhalıq şairlərini də həmişə
uydurmaçı-ədabaz saymışam. Amma indi belə çıxır, onlar haqlıymışlar.
Mənəmmişəm haqsız. Qardaşlar, klassiklərimiz, daha tənhalıq şerlərini məndən də
gözləyin. Di gəl, haqqı gec anladığımdan, artıq əbədiyyətdə özümə yer görmürəm.
Əbədiyyətə soxulmaq mənim tərəfimdən sırtıqlıq olardı. Həm də qırxında öyrənən
gorunda çalar. Bir az sərt deyəcəm: ədəbiyyata hər eşşək gələ bilər, ancaq
əbədiyyətə gedə bilməz.
İlahi, dünənəcən salam-kalam elədiyim, birlikdə az qala bir ton çörək kəsdiyim
insanlar məndən üz döndərmişdilər. İçi seyidlər qarışıq, hamı elə bil yeziddi.
Sifətimi görən-görən “qomik”lər kimi mənə dərhal dalını çevirirdi. Bir müddət
adamları həm də sağ-sol qulaqları səmtdən seyr etdim. Hara baxırdımsa, gözümə
qulaq dəyirdi. Yeknəsəq divar radiolarına bənzər, həqiqətləri eşitmək istəməyən
bu qulaqlar, sərt əyriliklərdən quraşdırılmışdı. Allah onları sanki kubizm janrında
işləmişdi. Burada Yaradanın məqsədi naməlumdur. Həqiqətlərimə görə mənə
nifrət bəsləyən bir xanıma mən də qulağındakı kükürd “probka”sına görə nifrət
edəsi oldum. Olduq əvəz-əvəz. Yalandan özünə “xanım” təxəllüsü götürməklə
deyil ki.
Əlbəttə, bunlar heç. Ancaq burda insanlarımızı batan gəmini tərk edən siçovullara
bənzətməsəm, ürəyim soyumaz. Dostların bir göz qırpımında düşmənə çevrildiyi
hər hansı məmləkət qəhr olasıdır! Qardaşlar, dostun tezliklə düşmənə çevrilməsi
səfalət göstəricisidir. Fiziki mövcudluq həddində dostluqların hamısı yalan və
etibarsızdır. Qələmlər üstümə qılınclar kimi çəkilmişdi. Axı, bizdə qələmin süngüyə
çevrilməsi ənənəsi var. Ancaq biz döyüşlərdə yox, qorxaq və tülkücəsinə yalnız
arxa cəbhədə qələmi süngüyə çevirməyin ustasıyıq. Həri, indi Azərbaycanda
“sədaqətli” rolunu “atanşik”lər ifa edir. Əlbəttə, mən kölgəm qamçılanmış bütün
yazıları yığıb gələcəyin siçanlarına saxlamışam. Qoy onlar firəvan və kök yaşasınlar.
Bir az gedək o yana. Mən Azərbaycanda düz iki həftə azərbaycanlı üzünə həsrət
qaldım. Bir zaman Moskvada çəkdiyim qəriblikdən Bakıda da çəkəsi oldum. Ancaq
bir var əvvəldən yadlar, bir də var sonradan yadlaşmışlar. Yadlaşmış doğmalar
cinayət xislətli olur.
Tez də gələk bu yana. Həri, Xalqım məndən küsüb; Novruz da gəldi-keçdi, yenə
barışmadı. Millət özünün Novruzda barışmaq adətinə heç vız atmadı da. Millətim
adət-ənənələrini bəzək düzək ləvazimatı kimi qoruyur. Onlardan istifadəyə həvəs
göstərmir, bəzən buna lüzum görmür də. Qardaşlar, xalq acqarına məndən qaçır,
mənsə bir qarnı ac, bir qarnı tox - ona sarı yüyürürdüm. Heç cür əlim əlinə
çatmırdı. Əlimin havada qalması mənə təhqir kimi gəlir, qəhərdən boğulurdum.
Vay, vay, bu boyda millət burnu Gədəbəy kartofuna bənzər bir yazarın əlində
giriftar qalıb! Mənim atdığım yumruca pambıq ona ağır daş kimi dəymişdi. Bir
tərəfdən baxanda, xalqım yaman həssas imiş. Sözgötürən deyilmiş. Ona ehtiramım
birə-beş artdı. Axı, öz aramızdır, indiyəcən onu sancmaqdan savayı əlimizdən nə
gəlib. Çörəyimiz onu dolamaqdan çıxıb. Satira nədir - silah növü. Amma bunu
deməməli deyiləm və deməliyəm ki, xalq həmişə gözəldir; klassiklərimizdən üzü
bəri, satira-zad ona ləkə yaxılması cəhdidir. Milləti heç canilərə görə də təhqir
etməzlər. Cinayət - ölümdən qaçmaqlıqdır. Azərbaycanda həyat cinayətlər tələb
edir. Yəni bizdə həyat cinayətlərsiz başa varmaz. Azərbaycan hökuməti nekroloji
xislətlidir. Artur Rəsizadənin təbəssümlərindən ölüm şüalanır. Bu bədbəxt o qədər
xoşbəxtdir ki, gülməyi gəlməyəndə də gülür.
Yox, xalqım mənim sarıdan səhvdədir. Elə bilir onu sevmirəm. Ancaq lazım gəlsə
bu barədə Ətağanın qəbrinə and içə bilirəm. Həm də onu sevməsəydim, heç
dərdlərindən yazardımmı? “Qarabağ gedib bajı, cəhənnəmə ki!” - deyərdim.
Üstəlik, onsuz hamı yaxşı bilir: vətənpərvərlikdə gəlir-mənfəət yoxdur. Barı qoyun
bir tək mən bu sahədə başımı qatım.
Mən ömrüm boyu millətin başı altına balış atanlarda olmadım. Trankvilizator
rolundan uzağam. Mən fizioloji yuxuların təbliğatçısı, qəflət yuxularının
qənimiyəm. Qəflət yuxuları ölümlərin proloqudur. Qardaşlar, axı, Allah bizə də
ucalıq şansı verib. Ucalmaq istəyənə yuxu nə lazım... Yuxulu quş uça bilməz. Yaxud
quş göydə yuxulayarsa, gurlu-guppaz yerə gələsidir.
Amma dar ağacından asılan Rafiq Tağı boz Azərbaycanı bəzəkləndirmiş olacaqdı.
Şairlərimiz dar ağaclarına şirin-şirin salam verərkən, R.Tağının boğazında
stranqulyasyon şırımlar açılar, anam da min voltluq naqilə yapışıbmış kimi
məndən tutub sallanardı.
Həri, qardaşlar, “İki Tağıyev İlqar” gözlərimi dünyaya təzədən açdı. Elə bil
qaranlıqlar qəfildən “elektrifikasiya” oldu. Qaranlıqların sonrası xəstəlikdən təzə
durmaq kimi adama xoş gəlir. Dostlar düşmənçilikdə düşmənlərimi ötüb
keçmişdilər. Dostlara baxanda düşmənlərim dosta bənzəyirdilər. Namxuda,
dostlarımda düşmənçilik güclü imiş. Əcəb bu cür düşmənçilikləri müharibələrə
məsrəf edəsən.
Bu prosesdə mən hamını qoruyurdum, hamı - özünü. Azərbaycandakı
əxlaqsızlıqlar mətbu söyüşlər şəklində üzə çıxmışdı. Elə bil haralardasa
kanalizasiyanın ağzı tutulmuşdu. İnsanlar qanun-hüquq, hır və zır qanmadan
üstümə yürüyürdü. Qadınlı-kişili patriotlarımız sülh səhnəsində xoruz şəklində
görsənirdilər. Heydər Əliyev atəşkəsi Azərbaycanda broyler xoruzları effekti
doğurmuşdu. Deyirəm, bəlkə də biz döyüşlərdə uğursuzluqlarımız ucbatından
söyüşcül olduq. Qələbə söyüşü istisna edərdi. Çürük dişlərini üstümə qıcayan
soydaşlarıma bu əsnada mənim yazığım da gəlirdi. Hər halda, görünür, şüşə
qəlblərini sındırmışdım. İndi hay-küydən sonra quzu kimi sakitləşmələri məni
açmır. İstərəm yenə əsib-coşsunlar. İstərəm onlara yazığım gəlməsin. Yoxluğu
rəmzləndirən bütün sakitliklər qorxuncdur.
Qardaşlar, üstəlik, bacılar, məni bir də heç vaxt qorxutmayın. Ürək-göbəyim düşə
bilər. Ələlxüsus, ölümlə hədələməyin! İzafi zəhmətdir. Çünki onsuz ölümlə
qurtarmışam. Bağışlayın, mən artıq ölməzəm... Silahsız yanında qəhrəmanlıqları
da yerə qoyun. Bu həm qudurğanlıq, həm də məğmunluq təəssüratı oyadır. Onsuz
dünyaya gələli bir “dayandoldurum” icad etməmisiniz. Ən böyük kəşfiniz çomaq
olub. Ağır yumruqlarınızısa silah olaraq Allah sizə verib.
Onu desəm olar, deməsəm olmaz ki, mən irrasional qara güclər qarşısında
cubbulu qızımı dəqiqəbaşı sinəmə sıxar, hər ehtimala ondan ayrılardım. Qızım
demmətbuatda elan olunmuş qətlimi ağlına da gətirmir, əbədi ayrılığı dərk etmir,
ya bəlkə onu bir oyun kimi başa düşürdü. Əslində də əbədi ayrılıqlar elə bir oyun
növüdür. Binayi-qədimdən bütpərəstlərin əməlləri gec-tez cinayətlərlə bitib.
Qətlim də onlardan biri olardı. Amma qızım yetim qalacaqdısa, qara torpaqlarda
intiqamsız rahat yata bilməyəcəkdim. Qəbrimdən göylərə qızıl alovlar saçılacaq,
Azərbaycan çartart yanacaqdı.
Dekabr, 2001 – aprel, 2002