Komediya düsturunda yazı
Tarix: 23-01-2017 03:53
Baxış sayı: 1469
Ura, namus-“qiryət”dən sonra azərbaycanlı üçün siyasət də vacib olmağa başlayıb. Qorbaçov fərasətli bir ana kimi bizə neçə-neçə siyasət atası doğub getdi. Həri, öz sözümə qüvvət, həm də bizdə “namus-“qiryət”dən bixəbər hər hansı bir kəs “salamməleyk” eləyib siyasətə gələrsə, qabağına dərhal namus-“qiryət” diyirlədilir ki, bu da əksərən keçilməz olur. Bizdə namus-“qiryət”dən söz söyləməyi bacarmayan siyasətçi patriot sayılmır və boğazına çatı sala, yenə sayılmaz, həm də siyasətçinin patriotluğunu bilmək üçün həkim kimi onun ağzını ayırıb dilinə baxmalısan: dili qabar bağlayanını namus-“qiryət”li saya bilərsən.
Qardaşlar, namus-“qiryət” istilahları Azərbaycan siyasətində Şərq çalarlarıdır. Milli siyasətimiz namus-“qiryət” terminlərilə müəyyənləşdirilir. Bunlar heç. Ancaq həm də bundan sonra deyəcəklərim də heç. Əfsus və üstəlik, yenə əfsus ki, bizə siyasətin vacibatı gec gəldi. İndiyəcən Azərbaycana siyasət qrafomanlığı bəs eləyirdi. Mütəlif coğrafi qütblərdən Azərbaycana padşahlar yalnız təyin olunurdular. Özü də milli xarakterimizə uyğun və sanki, həm də yəqin homoseksual məqamla bizi padşahlığımıza daim göyçək kişi göndərərdilər. Sən demə, bütün dünya bizə göyçək kişi vacibliyini gözəl bilirmiş. Və həm doğrudan da, ölkədə hamı göyçək kişi olsa, axı bunun nə ziyanı: hamı iştahla, yəni sevgilərlə (göyçəklik sevgi doğuran şeydir) ərə gedər, sonra göyçək bəbələr doğular və bu minvalla millət özü də göyçəkləşər. Mən istəyərəm millətim şəkildə həmişə göyçək düşsün! Televizorda o qədər meymun millətlər görmüşəm ki, indi öz millətimi ancaq və ancaq göyçək görmək istəyirəm. Qoy bizdə bu əsas şey olsun, qalan şeylər düzələr. Həri, ağıl altda, gözəllik üstdədir. Səthi bir şey olsa da, gözəllik bizi həmişə heyran edib. Biz gözəlliyi ağıldan həmişə üstün bilmişik. Əlbəttə, gözəllik fotogenik şeydir və həm bədə düşəndə dolanacaq vasitəsidir. Gözəllik iqtisadi depressiyalarda fahişəlik üçün nəzərdə tutulub. Həri, Azərbaycan siyasəti uzun illər hündürboylular dövrü yaşayıb. Padşahlarımız hündür boyları ilə ədəbiyyatda batıb əbədiyyətdə çıxmaq istəyiblər. Unutmamış onu da deyim ki, bizdə vətən söhbətləri çox yüksək səviyyədədir. Vətəni qorumağa ona dair şirin söhbətlər çoxluğundan macal tapmırıq. Biz sülh dövrü koroğlularıyıq. Ancaq əslində hərb qabiliyyəti humanizm sarıdan axsaq millətlərə xasdır. Ruslara “medved”, çeçenlərə “qurd” ayaması haqdır.
Qardaşlar, indi Azərbaycan siyasətinə beş-üç sitat, üç-beş terminlə gəlmək mümkündür. İndi Azərbaycan siyasətçisinin bilikləri bir-iki səhifəlikdən çox olmaz. Bir-iki səhifəlik həmin biliklərsə Bakı Dövlət marksizm-leninizm universitetində dörd-beş ilə əxz elənir. Xoş gün eşqinə və həm də bəd gün üçün yaradılan özəl universitetlərsə həm də və əsasən sevişmək yerləridir. Bu universitetlər sayəsində Azərbaycan xalqı çoxalacaq, inşallah! Başınızı da ağrıdıram, bizim rayonda atıb-vuran zirək bir oğlan inişil kolxozdan uzun bir tövlə almış və onu universitet eləmişdir; qaranlıq, yəni erotik yerlərinin çoxluğu səbəbindən orda sevişmək imkanı daha çoxdur. Bayaq dediyim kimi bunlar da heç.
Qardaşlar, insanlarımızda namus-“qiryət” artıq Qarabağsız formalaşır. Sən demə, Qarabağın namus-“qiryət”ə dəxli yox imiş. Gedib-getsin, gələr-gəlsin, Qarabağ məişət yumruqlaşmalarımızı heç vaxt əskildən deyil. Biz yumruqlaşma sarıdan həminkiyik. Yumruqlaşmalarımızın kvintessensiyası bıçaqlaşmalarımızdır ki, onlarda da ədalətin-zadın bərpası barəsində süni-saxta məhkəmələrədn fərqli təbiətə uyğunluq çoxdur. Həri, biz heç vaxt ruhdan düşmürük. Həm də onsuz biz qollarımızdakı əzələ tərpənişlərini əzəldən qüdrət mənbəyi bilmişik. Gücənib-eləmədən qılınc qalxızan ulu babalarımız bu cür qüdrətlə gedib Avropaya çıxmamışdılarmı! Babalarımız qılınc adamı olublar. Odur ki, onlar sevgini əsas tutan və sanki arvadlar dini olan xristianlığı qəbul edə bilməzdilər və etmədilər də. Tale onların alnına islamı yazmışdı və onlar islamı gözlədilər də.
Həri, hayıf, iqlimə uyğun yaxşı yetişən bədənlərimiz dünya siyasətində mal cəsədi kimi görsənir. Avropalı başqalarından atom çıxalı əzələ ölüb gedib. Əzələ indi qurbağa tədqiqatçısı fizioloqlar üçün qiymətlidir. Əzələ olsa-olsa pəhləvanlar səviyyəsində şou-əhəmiyyətlidir. Qardaşlar, artıq əzələ siyasətdən bilmərrə silinmişdir. Bir vaxt əzələlərlə çiçəklənmiş qədim tarixlərin üstündən qələm çəkilmişdir. Artıq onların nümunəsi müasir tarixdə yerimir. Qədim tarixlərin qanunauyğunluqları daha işləmir. Əslində də, qədim tarixlərdən adamın canına vəhşət oturur. Qədim müharibələrdə ölüm rəmzi qorxunc insan simaları olub. Əzələ tarixlərin barbar səhifələrini yazmışdır. Ah, nə yaxşı, qədimlərdə doğulmamışam! Qədimlərdə mən – başa düşən bir insan, zora heç cür dözməyəcəkdim. Hüquq iysi gəlməyən dövranlarda mənim nəfəsin kəsilərdi. Mağıl indi Avropadan Azərbaycana təzə ət qoxusu kimi hüquq ətri yayılır. Sizə deyirəm, burada mənə bir şey olarsa, Qərb çataçat biləsi və həm də bir tədbir görəsidir. Buraların siyasətində hansı kopoyoğlu mənə güldən ağır söz deyə bilər. Məna artıq adi yox, ali şeylərin tabeçiliyindəyəm. Padşahlardan Allaha keçmişəm. Sizə bir bədyə danışım. Bir gün mən həkim sifətilə təsadüfən padşah üstünə getmişdim. Onun qarnındakı curultunu hələ gendən eşidəndə mat qaldım. Sanki qarnı curuldayan insan padşah yox, rəiyyətdi. Tərslikdən və yəqin həyəcan səbəbindən öz qarnımda curuldamağa başlayanda iki curultu bir oldu. Burada bədyə bitir. Nə demək istəyirəm: mən qarnı bizimki kimi curuldayan heç bir məxluq önündə əyilə bilmərəm.
Qardaşlar, bəşər mədəniyyəti XX yüzildə, nə yaxşı ki, insan hüquqlarının etirafı ilə nəticələnib. XX yüzildə mədəniyyət bu səbəbdən hörmətə layiqdir. İndi dünya hər hansı dılğırın da, təki insan sayılsın, hüququnu bərk qoruyur. Gələn yüzildə padşahlar-zadlar ləğv olunub gedəcək. Həri XXI yüzildə ədalətsizlik ehtimalı çox azdır. Bəşər həyatını öz yaratdığı sivilizasiyanın düyməciklərilə tənzimləyəcək. Sivilizasiya insanı ədalətə məcbur edəcək. XXI yüzildən zor bəşərin yalnız ədalətə riayətində qiymətli olacaq. İndimizdən gələcəyə zorun ancaq müqəddəsi qalacaq. Övladlarımız demirəm (tez olar), bəlkə övladlarımızın övladları zorun ədalətə işlədiyi dövranları görə bildi.