Elnur Paşanın Rafiq Tağı ilə müsahibəsi

Tarix: 15-10-2015 05:07
Baxış sayı: 1982

- Siz müəyyən vaxtlarda üzə çıxıb keçmişi eşələməklə, kimlərinsə şəxsiyyətinə toxunan yazılarla çıxış edirsiniz. Bunun kökündə ucuz reklam dayanır, yoxsa sizin doğrudan da, içərinizdə bir türk kimliyinə nifrət var?

 

- Əvvələn, mən müəyyən vaxtlarda yox, mütəmadi üzə çıxıram. Görünür, siz ancaq ya top atılanda oyanır, ya da  ictimai həyatda gözuyumulu gəzirsiniz. Son 4 ayda mətbuatda 15 hekayəm dərc olunub; hələ esse, məqalə və müsahibələrimi demirəm. Niyə onları görməmisiniz?  İkincisi, siz özünüz ilk cümlədəcə “şəxsiyyətə toxunan” cümlələr işlətdiniz – “keçmişi eşələməklə”. “Eşələmək”, “eşələnmək” bir qədər kötü səslənir. Üçüncü: həqiqət heç də bal dadmır. Azərbaycanda şəxsiyyətlər indiyəcən həmişə yarımçıq təqdim olunub. Sanki bilərəkdən onların həyatından həqiqətləri silib atırlar ki, mənim kimilərə karikatur effektdə görünsünlər. Biz hər hansı debili peyğəmbərə, “alkaş”ı “müdrik”ə asanlıqla çevirənlərik. Ciddi adamların söhbəti ancaq həqiqətlər mövzusundadır. 4) Reklam çağdaş dünyanın həyati vacib komponentidir. Ancaq mən reklamın nə ucuz, nə bahasını bacarmıram. Mənim reklam yaradıcılığına nə həvəsim var, nə vaxtım. Bu vaxtacan da yazı-pozu adamlarının çoxu mənim 1972-ci ildən həkim olduğumu, həkimlər isə 1964-cü ildən yazı-pozu adamı olduğumu bilmirlər. Daha doğrusu, həkimlər Rafiq Tağını oxuyurlar, ancaq onun öz iş yoldaşları olmasından bixəbərdirlər. Burası belə. Siz iradlarınızı məni “anti”reklam eləyənlərə tuşlayın. Mən heç vaxt heç kəsdən tənqid-təbliğimi xahiş etmirəm.

 

Gəlib çıxdıq sualınızın son bəndinə. Əşi, Ətağa cəddi, mən köklü köməcli Azərbaycan türküyəm. Mənim cəmiyyətlə cəng-cidalımın əsas səbəbi də Azərbaycan türkünü gözəl və uca görmək istəyimdəndir. Siz türkə nifrəti onu sancıb qəflət yuxusundan oyadanlara yox, başının altına yastıq qoyub ona layla çalanlarda axtarın. Amma bir iş də var ki, mən türk, ya qeyri-türk Azərbaycan vətəndaşlarını bir gözdə görməyin tərəfdarıyam. Əzizim, Azərbaycançı olmaq lazımdır, türkçü yox. Yoxsa Türkiyəmizin başına gələn “kürd” bəlası Azərbaycanımızın başında da çatlaya bilər. Deyəsən, cavab uzun alındı...

 

-Elçibəylə bağlı yazınızdan sonra üzr istədiniz. Səhvi niyə edirsiniz ki, sonradan da bu vəziyyətə düşməli olursunuz?

 

-İnciməyin, sizin çağdaş ədəbiyyatdan xəbəriniz yoxdur. Di gəl ədəbiyyat mövzusunda şirin-şirin mübahisəyə girişibsiniz. Özü də ittihamlara, boynumdan yarlıqlar asa-asa. İndi mən burda dağdan danışacağam, siz bağdan. Hər cavabımda da əlifbadan başlamalıyam. Ancaq neynək, hər halda, bir Azərbaycan balasıyla söhbət etmək mənə xoşdur. Qoy deyim, biləsiniz ki, sualınız “İki Tağıyev İlqar” hekayətim ətrafındadır. Bu hekayət “böyük” Əbülfəz Elçibəy haqqında yox, cəmiyyətin kiçik adamları olan iki Tağıyev İlqar haqqındadır. Mən o hekayətdəki heç bir fikrimdə səhv eləməmişəm, o cümlədən Ə.Elçibəy barəsində dediyim bir-iki abzasda da. Dediklərim gün kimi aydın həqiqətlərdir. Sadəcə, etik məqam düzgün seçilməmişdi. Axı biz azərbaycanlıyıq, təzəcə rəhmətə getmiş insan haqqında acı həqiqət bir qədər yubandırıla bilərdi.

 

İnsan qəlbi cəmiyyətdəki etik çərçivələrdə rahat olur.

 

- Siz təhqir etdiyiniz adamlardan – Füzuli, Mirzə Cəlil və Səməd Vurğundan, bir yazıçı kimi hansı üstünlüklərinizi görürsünüz? Onların yanında sizin yaradıcılığınız necə görsənir, ümumiyyətlə, bir çəkisi varmı?

 

- Göydə hər ulduzun öz yeri var. Heç kəs də heç kəsdən üstün deyil. Ümumiyyətlə, mən bu cür yanaşma tərzini düzgün saymıram. Meyar – yalnız talantdır. Başqa bütün dəyərləndirmələr əfsanədir. Məsələn, mən bugünəcən məzkur Rəsul Rza və Qabilin şeirlərində talant işartısı görməmişəm.

 

Qaldı üstünlüklərimə. Mən Füzuli kimi İmam Hüseynin ayaqları altında dəfn  olunmağımı vəsiyyət etməzdim. Gəlin, Mirzə Cəlili rahat buraxaq; ondan üstünlüklərimi hələ aşkarlaya bilməmişəm. Hə, S.Vurğun – mən onun kimi ideolojiləşməzdim. Barı ondakı ideolojilik hap-gop olmayaydı. Əlhəmdülillah, mənim yaradıcılığım klassiklərimizin yaradıcılığı yanında kölgədə qalmaz gümanındayam. Böyük gələcək məni də onlarla bir cərgədə qoyacaq.  Qoy hələ bir qaragüruhdan qurtulaq... Hazırda əbədiyyətə gedəcək insanların ağrılı seçim prosesi gedir.

 

- Sizin təhqir obyektiniz olan yazarların hamısı dünyasını dəyişib. Olmazmı ki, bunları çağdaş ədiblər üzərinə yönəldəsiniz?

 

- Mənim klassikləri təhqir etməyim haqqında ictimaiyyət çaşqınlıq məqamlarında uydurub. Düzdü, bu əfsanənin ömrü uzun olmayacaq. Klassiklərə büt kimi baxmaq insanları əxlaqsızlaşdırır. Onlarda kiçiklik kompleksi yaranır. Mənim klassiklərə münasibətim təbii və olduqca səmimidir. Nə də heç bir klassikin yaradıcılığı Rafiq Tağının sözlərindən tar-mar olası deyil. Biz çağdaş ədiblərdən də yazmışıq, narahat olmayın. Kaş “Alatoran” jurnalının hələlik ilk və son olan nömrəsindəki (Alatoran N1, mart 2004) “Rəsul Rza – Anarın Axilles dabanıdır” başlıqlı müsahibəmi oxuyaydınız.

 

- Deyirlər, siz bütün bunları ona görə edirsiniz ki, sizə qarşı basqılar olsun, hansısa xarici ölkədən sığınacaq alasınız?

 

- Səhv fikir söyləyir, yanlış gümanlara düşürlər. Özü də mən başqa ölkənin, yəni əslində acı qürbətin dadını çoxdan görmüşəm. Moskvada 11 il yaşayıb, təzədən “marallarım”ın yanına qayıtmışam. “Başqa ölkə” – mənim üçün artıq olub keçmiş faktdır. Digər tərəfdən, dövlətimiz də üzvü olduğu BMT-nin İnsan Haqları Bəyannaməsinə əsasən hər bir fərdin, o cümlədən mənim, miqrasiya hüququ var. Durub getsəm, yenə gedərəm. Bu mənim Vətəni satmaqlığım sayılmaz. Bir az savadlı olmaq gərək. Keçən sayınızda mənim barəmdə bir yazı gedib. Guya Rafiq Tağı Səməd Vurğunu qınayır, amma özü gedib uzun illər rus ivanlarını müalicə edib.  Ədəbiyyat və təbabətin prinsiplərini qarışdırmaq nə demək ola? Həkim faşisti də, kommunisti də, despotu, ya demokratı, türkü, ya cühudu, hətta “Daşnaksütun” üzvünü də eyni şəfqətlə müalicə etməlidir. Bu, ümumbəşəri humanist düsturdur. Həkim o prinsiplərdən yayınarsa, monstra çevrilər. Ədəbiyyatın məramı isə Şəri qamçılamaq, Xeyri alqışlamaqdır. Mən nə deyirəm? Deyirəm ki, doğmamız Səməd Vurğun gərək 50 milyon insanın həyatını fövtə vermiş idbar bir rejimin cinayətlərinə şərik olmayaydı. Bəşəriyyətə qarşı böyük cinayətlər heç vaxt unudulmur.

 

- AYB-dən çıxarılmağınıza necə baxırsınız?

 

- Qah, qah, onsuz bir-bir öldükcə, hamı AYB-dən çıxacaq. Ancaq mən bir az tez, sağlığımda çıxdım. Səhih desək, çıxarıldım. Məncə, bu, cəmiyyətə divident gətirdi. Kimin kim olduğu bir daha aydınlaşdı. Hər şey dəqiqləşdi.

 

- Bir zamanlar S. Vurğunun sədrlik etdiyi bir qurumun necə olub ki, üzvü olaraq qalmısınız? Sizin düşüncənizlə yanaşsaq, gərək bu birlikdə heç vaxt təmsil olunmayaydınız...

 

- Niyə ki? Onda gərək Azərbaycanda da qalmayam? Heç dünyada da? İnsanlar mələk deyil. Xüsusən də bizim yazarlar.

 

Sonda nə demək istəyirəm: kaş ziyalı-nurlu saydığımız insanlar XXI əsrdəsə “əcinnə ovu”na çıxmaya, Rafiq Tağıdan klassiklərimizə və Azərbaycanımıza düşmən obrazı yaratmaya. Həqiqətən də, məndən düşmən olmaz...

                                                                                                                                                                             

                                                                     Elnur Paşa

 

P.S. Sayğılı oxucu, R.Tağı ilə bu müsahibəni biz canlı diskussiya şəklində aparmağı düşünmüşdük. Rafiq bəy sualları yazılı cavablandırmaqda israr etdi. Odur ki, bu yazı bir növ epistolyar xarakter daşıyır.

 

                                                                                                                                                                            2004-cü il.

Digər xəbərlər

DİRİLƏR HAQQINDA SUSMAQ, ONLARI ÖLDÜRMƏK KİMİ BİR ŞEYDİR (Bilal Avarlı)

Rafiq Tağının reallaşmayan arzusu

Rafiq Tağı: " Bəlkə təklif edək: yazıçı yaşmaq da vursun?" söhbətləşdi Ayxan.

Sevirəm demişəm

“Azərbaycan siyasətində aryerqardçı düşüncələr” Konspekt.

Şərhlər