Gözəllik və əxlaq mövzusunda yazıb unutduqlarımın davamı

Tarix: 13-06-2024 00:21
Baxış sayı: 138

Mən get-gedə Azərbaycana səpələnmiş qeyri-poetik künclərə sıxışdırılıram.
Ölkənin poetik yerlərini yəqin artıq vətən saymaya da bilərəm. Ancaq mənə ta da
yaxşı-enli və geniş vətəni ensiz və darısqalını qorumaqdan çətin olacaqdı. Həri,
guya ki, mən boyda kişinin poeziya gümanı üstü qağayılı Xəzərin boyat
mənzərəsinə qalıb! Xəzri qağayıları büküb dambalara çırpdıqca da bu mənzərə
alayarımçıq şəkil alır. Qardaşlar, indi mənim estetika ilə yaxınlığım yalnız adlaya
bilməyəcəyim uzaqlıqlardan mümkün görünür. Artıq ixtiyarım çatmayan estetika
ilə ünsiyyətim düz yox, köndələn, bəzən hətta tərs baxışlar altında baş tutur.
Üstəlik, sizə gör nə deyirəm, mən estetikadan utanmağa başlamışam. Estetik bir
şey görən kimi, biixtiyar özüm də estetik rövnəq tapır və dəyər qazanıram. Yox,
Azərbaycanda estetika qabaqkı deyil:  gözəl şeyə alışmayan canım bəzəkli-dizaynlı
yerlərdə düzxətli parlaq məngənələrdəki kimi sıxılır. Yəqin mən Avropa bənzərli
Azərbaycanı sevməzdim də. Həri, ah, of və uf! Bir tək Günəş dünyanın ürəyimə
yatan havayı və həm ədalətli estetik şarıdır. Amma qardaşlar, bu estetika, sən
demə, əzəldən matah sayılıb və heç də hər vaxt hamının olmayıb. Dünya binnət
olunalı estetika qıtlığı çəkib. Dünya bəlkə də estetika çatışmazlığı səbəbindən
harmonik deyil. Yəqin gözəllik çatışardısa, daim cəmi bir cümləsi oxunulan
F.Dostoyevskinin çeynənmiş sözü olmasın, dünya xilas olmuş olardı. Hə, yaxud
həri, hamı gözəllik istəyir, lakin həmişə də onu yüksək seksuallar mənimsəyir.
Gözəllik güc ətrafında dövrələnən pərvanədir. Gözəl rəsm əsəri onu yaradanın
ölkəsində qalmırsa, həmin ölkə acizdən acizdir.  Gözəllik bəşərin mənəvi
müvazinətini itirdiyi ilahi məqamdır. Gözəlliklə hətta siyasi müəmmaların açılışı
mümkündür. Gözəllik Roma imperatorları nümunəsində bəşər xislətini aləmə faş
etdi. Gözəllik yanında əxlaq görünməz olur. Gözəllik insanda əxlaqın nisbiliyinə
şübhə oyadır. İnsan əxlaqa məhz gözəllik sayəsində realist yanaşır. Əxlaqdakı
saxtalıqlar yalnız gözəlliklərlə aşkarlanır. Bayaqkı sözümə qayıdıram, gözəl sənət
əsərini özündə saxlaya bilməyən ölkə torpağını da saxlaya bilməz. Bu cür ölkədə
həftə səkkiz mən doqquz dövlət çevrilişi gözlənilər. Mən yüksək sənət nümunələri
toplanmış hər hansı dövləti qüvvətli sanmaq ixtiyarındayam. Muzeyindən güclü
ölkə hərbisindən də güclü olar. Estetika güc üzərində ekslibristik tanıtma nişanıdır.
Həri, güc estetikanı mənimsəmək qüdrətindədir. Gücün təamı gözəllikdir.

Totalitar dövlətlər daimi sənət pəhrizindədirlər. Onlar estetika sarıdan
qorxacaqdırlar. Estetik milləti ərkəsöyün və dikbaş edir. İnsan gözəlliklə diribaş
olur, yaxud gözəlliyi anlayan kəs silahlanmış kimidir. Gözəllik optimizm səbəbidir.
Yaxud pessimizm gözəllikdən məhrumluq əlamətidir. Gözəllik insanı ölümə yox,
həyata sövq edir, həmçinin onda azadlıq hissi doğurur. Allaha şükür, hamı görür və
şahiddir ki, qadın gözəllikləri ört-basdır edilmiş İran ortaçağ cəhalətinə gömülüb.
Gözəlliksiz yerdə despotik əxlaq at oynadar. Qardaşlar, bəşəriyyətin uydurduğu
əxlaq çox darıxdırıcıdır. Əxlaq bəlkə də dustaqlıq növüdür. Əxlaq bəşəriyyətin
harmoniyadan sapmasıdır. Əxlaq heç vaxt bəşərin uğuru sayıla bilməz. Əxlaq
tərəqqinin tormoz lingidir. Mədəniyyətlər əslində fatehlər əxlaqı tarmar edərkən
yaranır. Mədəniyyətlərin yaranışında əxlaq rol oynamır. Tarixlər boyu əxlaq
boşluqları mədəniyyətlərlə doldurulub. Təsadüfi total əxlaq boşluqlarından
dünyaya yeni mədəniyyətlər püskürülür. Bəşər normalar çərçivəsində kərpic
olmaq şansındadır. Hələ bir kəs norma daxilində fateh görməyib. Fövqəlinsanlıq
 normalardan kənarda mümkündür. Qardaşlar,  əxlaq estetikaya ziddir. Əxlaq
gözəlliyə aludəliyi binayi-qədimdən məqbul saymayıb.  Zaman-zaman insana
gözəlliklə bağlantılı çox damğalar vurulub. Bayaqkı sözümə qayıdıram, gözəllik
həyata, əxlaq ölümə dəlalət edir. Gözəllik bəşərin təbii istəyidirsə, əxlaq hər
zaman icbaridir. Əxlaqa münasibətdə səmimiyyət yoxdur. Əxlaq dinlərin dirilik
şərtidir. Dinlər hər cür nisbi və saxta əxlaqı bəşəriyyətə həvəslə təlqin edir.
Məcburi əxlaq peyvəndləri insanda gözəlliyə immunitet doğurur. Dinlər
bəşəriyyəti tərəqqidən saxlayır. Dini mədəniyyətlər biryönlü və ideolojidir, bəşər
xislətinə münasib deyil və mənəviyyatda harmoniya törətmir. Yalnız gözəlliyə aşiq
xalqlar müharibəni udurlar. Biz gözəlliyi sevməmişik, ona zorla nişanlanmışıq və bu
səbəbdəndir ki, onu qorumaq ehtirasından məhrumuq. Yalnız gözəlliyə aşiq insan
qəhrəmanlıq iqtidarındadır.
Dirilik poeziyası yalnız gözəllikdən çeşmələnir. Aşıq sənətimiz gözəlliklə
həmahəngdir. Ölüm ideallı, əxlaqla süslü poeziya ədəbiyyat tarixində mumiya
bənzərlidir.
Ancaq qardaşlar, vəssalam və deyirəm, nə yaxşı ki, sözüm poeziya ilə "vəssalam"a
yetir. Poeziya mənim üçün həyatın davamına işarədir.  
 
                                                                                                 Müsavat qəzeti. 8-9 aprel,
1998.

Digər xəbərlər

“Əbədiyyətə çıxışlar” Konspekt

Beş şəkil

Komediya düsturunda yazı

Nərmin Kamal : "Rafiq Tağı və neft"

Heç kəsi öldürmək istəməyən

Şərhlər