Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

Tarix: 13-06-2024 00:10
Baxış sayı: 164

Xəyalımda Bəxtiyar Vahabzadənin yalanlardan həqiqət səmtinə qaçan bir rəsmi
var. İlk gəncliyimdən onun həyatdakı hərəkətlərini daim bu qaçışla
tutuşdurmuşam. Düzü, bəzən o, reallıqda xəyalımdakı obrazından geri qalırdı da.
Lakin hər halda, bu rəsm uydurulmamış, özlüyündə reallıqlardan doğulmuş, onun
xarakterinə də tam uyarlıydı. Bəxtiyar müəllim həyatına zəhər qatan yalanlardan
etiraflarıyla qurtulurdu. O, mənəvi yaralar həkimi idi; etiraflarını da öz mənəvi
yaralarına məlhəm bilərdi.
Bəxtiyar Vahabzadə acılıqlarını söyləməyə gündüz əldə çıraq adam axtarardı;
tapdıqlarından biri də Rafiq Tağı idi.
Qoy özümü öyüm. Mən dərdgötürənəm, xasiyyətimdə elə cəhətlər var ki, təkcə
Bəxtiyar müəllim yox ki - təzəcə görüşdüyüm hər bir kəs məndən söz gizlətməz,
tezcənə qəlbini açıb-tökər, dərdlərini birgə çalxalayarıq. Hətta yatdığım “Bayıl”da
və “zona”da da belə idi. Məhkumlar müstəntiqə-hakimə, hətta doğmalarına da,
açmadığı sirlərini mənə etibar edər, ürəklərini taybatay açar və yüngülləşərdilər.
Mən Bəxtiyar müəllimi ancaq etiraf anlarında görmüşəm. Onun mən bildiyim
facianə həqiqətlərini, qismət olsa, bəlkə uzun illər sonra açıqlaya biləm. O,
həqiqətləri söyləyəndə gözləri şəfəqlənər, bəxtiyar olardı. Bəxtiyar Vahabzadə
şəxsi görüşlərimizdə mənə cəmiyyətdəkindən daha böyük görsənirdi. Deyərdim ki,
onu mənim qədər nəhəng görən olmayıb.
Zamanın diktə etdiyi mövzuları Bəxtiyar müəllim peşəkar inersiya üzrə - ürəksiz,
candərdi yazardı. Quruluş-cəmiyyət bütün hallarda böyük sənətkarları görünməz
qəfəslərə salır; şair Bəxtiyar Vahabzadə də qəfəsdəydi. Hərçənd bu qəfəs
qızıldandı və elan olunmuş heç bir siyasi azadlıq bu konstruksiyaya aşılayıcı təsir
göstərmirdi.
Görünür, böyük sənətkarlar üçün azadlıq mümkünsüzdür.
Sən işə bax, Bəxtiyar müəllim kimi “imkanlı” bir şair cibində mütəmadi siçanlar
oynaşan yazıçı Rafiq Tağının azadlığına heyranlığını bildirər, ona - “sən istədiyin
hər şeyi yaza bilirsən, mən yox,” - deyərdi. Həyat pessimistikdir və bunu görə-görə
Bəxtiyar Vahabzadə illüzor işıqlı gələcəkdən, Xeyirin Şər üzərində qələbə
çalacağından yazmağa məcburdu. “Ölüm sənin bütün hekayələrində özünü

göstərir, mən isə ölümdən yaza bilmirəm,” - yenə etiraf. “Məni istəmədiyim
şöhrət zirvələrinə iblislər dürtüşdürüb,” - etiraflarından ən mühümü.
Həyatı təzadlarla dolu Bəxtiyar Vahabzadə həmişə çırpıntılarla yaşadı. O özündən
də, dünyadan da narazı getdi.
Həyatımla bağlı məqamları bu gün önə çəkməyimə görə oxucuların məni
qınamamasını istərdim. Mən burada Bəxtiyar müəllimin kirildəki yazılarını latına
çevirmək, həm də onun gələcək tədqiqatçılarının işini asanlaşdırmaq məqsədi
güdmüşəm. Məramım işıqlıdır: bu sətirləri oxuyarkən Bəxtiyar Vahabzadəmizi
anmaq. Hamılıqla.

                                                         26 fevral 2009-cu il

Digər xəbərlər

Kurort zonasında müharibə

Fotolarda ikinci plan adamı . Gəzərki klassik musiqi mövsümü

Mariya xala

Rafiq Tağı ittihamlara cavab verdi

Həyatın Dibində

Şərhlər