Günəşlə gəzintidə

Tarix: 22-07-2017 16:31
Baxış sayı: 1768

Günəşlə gəzintidə

Qarşımda uzanır mavi üfüqlər,

Torpaq səma ilə öpüşür sanki.

Sanıram zəmilər bağlayır kəmər –

Yollar üfüqlərlə görüşür sanki.

 

Gəzməyə çıxmışam Günəşlə bu gün,

O, göydən ayrılmaz, mən isə yerdən...

Duyğumu ovlayıb çöllər büsbütün,

Gözəllik önündə lal olmuşam mən.

 

Kəhrəba zəmilər sanki bir Xəzər...

Şəfəqlər parlayır orda zər kimi.

Başını aşağı büküb sünbüllər

Həyalı, utancaq gəlinlər kmi.

 

Qocaman taxılçı qalxır ayağa

Ürək buludlara dikir gözünü.

Sərnici, heybəni qoyub qırağa,

Qızılı dənizə vurur özünü.

 

Ömrünün çoxunu burada itirib –

Əməksiz günləri qatmır yaşına,

Səhəngdə bir parça bulaq gətirib,

Necə də həvəslə çəkir başına.

 

Torpağa baş qoyub yatır zəmilər,

Elə bil tarlalar ütülənibdir.

Əməkdən yorulmaz onun kimilər,

Əlləri zəhmətdə itilənibdir.

 

Zülməti silərək kipriklərindən,

Çox zaman çöllərdə açıb səhəri.

Onun zəhmətini duyub dərindən,

Torpaq da borcunu qaytarır geri

 

11 yanvar, 1969-cu il

Rafiq Tağıyev, Tibb institutunun III kurs tələbəsi

Digər xəbərlər

Rafiq Tağı: “Müharibələr xalqların qarşılıqlı nifrətiylə yox, sadəcə, bir-biri üzərində qələbələrlə bitməlidir”

Elşad Abdullayev yazıçının "ölüm müəmması"nı yenidən gündəmə gətirdi

Qəribə adamdır bu Rafiq Tağı

Seymur Baycan: "Doktor"

Rafiq Tağı - Son 20 ilin ən çox diqqət mərkəzində olan yazıçısı

Şərhlər