“Azərbaycan siyasətində aryerqardçı düşüncələr” Konspekt.

Tarix: 13-06-2024 00:05
Baxış sayı: 151

Azərbaycandakı boş söz boşluğu heç cür dolmaq istəmir. Bu boşluğu sinəsi boş
sözlə dolu padşahlar da doldura bilməz. Qardaşlar, Qarabağ Azərbaycan
siyasətində boş sözlərlə təzahür etdi. Ya da belə deyək: Qarabağın Azərbaycan
siyasətində leksikoloji inikası boş sözlər şəklindədir. Qəribədir, hətta kök və
kökəlməkdə olan siyasətçilərimizin də bətnindən köp timsalında boş söz çıxır. Ədə,
bu köklərə də etibar qalmayıb! Halbuki azərbaycanlı təfəkküründə kök əzəldən
böyük insan olub. Köklük böyüklük komponenti sayılıb.
 
Qardaşlar, Azərbaycan padşahları mütəmadi hap-gop sui-qəsdlərə məruzdurlar.
Artıq ölkədə sui-qəsdlərin də şoru çıxıb. Sizi bilmirəm, indən belə mən padşaha
sui-qəsdləri lotuluq növü sayacağam.
 
Həri, Qarabağ əldən getməsəydi, Azərbaycanda siyasətçi  olmayacaqdı.
Siyasətimiz torpaq getdikcə rövnəq tapıb. Bir balaca rövnəq kəsirimiz, inşallah, bir
balaca torpaq getməsilə hər zaman düzələn şeydir. Görün mən sizə nə deyirəm,
yaxşı siyasətçi millət üçün gözəl torpaqdan irəlidir. Ölkəni torpaq yox, siyasətçi
tanıdar. İnsanı torpaq yox, siyasətçi dirildər. İndiyəcən Azərbaycan haqqında
dünya coğrafiyaçılarından savayı kim nə bilərdi! Qarabağ tərpənməz inventar kimi
bir küncdə durmuşdu. Qiyamında Gəncəmiz tanındı, qaçqın prezidentə yiyə
duranda – Kələkimiz. İndi dünya Azərbaycan coğrafiyasını beş barmağı kimi bilir.
 
Ancaq dağ-dərədən ibarət Qarabağ əslində siyasətçilərimizi üzükölgəli də edib:
bizdə ikən bilmərrə kölgəsi yoxdu, bizdən gedən kimi üzlərə zil qara kölgəsi düşdü.
Onu deyim ki, mən siyasətçinin üzükölgəlisini üzükölgəsizindən üstün tuturam.
Üzükölgəli siyasətçidən diktator çıxmaz. İnsanların hürr yaşaması üçün üzükölgəli
padşah vacibdən vacibdir. Məmləkətinin ora-burası işğal altında olan padşaha
üzükölgəli padşah deyilir. Elə padşah adamı tutdurmaqdan çox, buraxdırar.
Üzükölgəli padşah amnistiyabaz olar və tutması tutduqca hüquqa hörmət edər.
 

Mənim tərs bir rəssam dostum sözgəlişi dediyim “ üzükölgəli padşah” sözümə
keçən il götürüb illüstrasiya çəkmişdi: padşah, üzündə də kölgə. Özü də millilik
naminə - nar və üzüm kölgələri.  Elə bilirdin padşah Gülüstani-İrəm kölgəliyində
əyləşib. “Üzükölgəli olmaq, - ona, əzizim, dedim, - üzü kölgəliliklə sinonim deyil.
Üzünə kölgə düşən hər insana “üzükölgəli” deməzlər. Yaxud üzükölgəlinin üzündə
ola bilər heç kölgə görməyəsən də”. Bu yerdə dostum modernizmdən
bixəbərliyimə qah-qah çəkib güləndə, mən də onun dilimiz sarıdan naşılığına
şəbədə elədim.
Bunlar heç.
 
Qardaşlar, mən Azərbaycanda idealizə eləməyə adam tapmadığıma görə nihilist
olmuşam. Üstəlik də, romantikliyim çoxdan ötüb keçib. Həri, mənim nihilistliyimin
kökləri dərindədir. Hərçənd bütün ömrüm büt yaradıcılığında keçib. Mən
özlüyümdə büt ustasıyam, başqa sənətim-zadım yoxdur. Hörməkdə olduğum
axırıncı bütün də, iş tamama yetməmiş, saqqalı ağardı. Qara mərmər üçün
nəzərdə tutduğum insanın ağ saqqalı hər şeyi korladı. Ah, mən həm də sufi sayılan
həmin insanda dünyəvi ehtiraslardan şaşıb qaldım. Sufidə padşahlıq həvəsi
anoxranizmdir. Qardaşlar, mən Azərbaycanda sufiliyi də lotuluğun bir növü
saymaq ərəfəsindəyəm. Biz ümumbəşəri, dünyəvi dəyərlərin saxtakar icraçılarıyıq.
Allahın nə bizdən, nə də padşahımızdan xəbəri var. Biz şeytanın Azərbaycanda
gərdişinə göz yummuşuq.
 
İşim bitdi, rəssam dostum dilimdəki “biz” kəlməsini eşitsə, yəqin bu dəfə gedib
eşşəklərə sancılası biz şəkli çəkəcək və buna da modernizm deyəcək. Həri,
qardaşlar, Azərbaycanda modernizm də lotuluq növüdür.

Digər xəbərlər

İnkarçılarımız

SUB­­YEK­­TİV İDE­­A­­LİZM - TƏ­­SA­­DÜ­­Fİ OYUN NÖ­­VÜ

PAR­LAQ QUŞ

Rafiq Tağı ilə "Demokrat" qəzetinin əməkdaşı, gənc yazar Xuraman Hüseynzadə söhbətləşib

“Moskva dəftəri”

Şərhlər