Heydər Əliyev / QIRMIZI DASTAN

Tarix: 13-06-2024 00:25
Baxış sayı: 178

Azərbaycanın taleyində müsbət nihilizm effekti

Qırmızı emosiyalardan alınır və onun məsrəfi əsasən inqilablaradır. Hətta çürüyüb-
cırılmışlarını da tapıb baxsanız, XX yüzil bayraqlarının əksəriyyətini qırmızı
görəcəksiniz. XX yüzildə göydə Günəş, həmçinin onun çayda-göldə inikası da
inqilabi bir şey kimi görsənirdi. “Ayrıca götürülmüş bir ölkədə” qırmızı ölüm
rəmzinə çevrilmişdi. Bir dəfə küçədə qırmızı qələmlə rastlaşanda, düzü, elə
bilmişdim kimisə öldürüblər. Elə indi də qırmızı görəndə ürəyim gup eləyir.
Həqiqətdə də, qırmızı bir şey olan qan tökülərkən hökmən ölüm baş verir. Allaha
şükür, özünüz görübsünüz ki, Qurban bayramlarında heyvanların qanı çıxan kimi
canları da çıxır. Qan və can – işə bax, Allah-təala bir-biri ilə sıx bağlı iki sözü
bilərəkdən qafiyə etmişdir. Bir sözlə, ölüm qırmızıdan sonrakı hadisədir. Hər halda,
qardaşlar, qırmızı təkamül rəngi deyil. Öküz öküzlüyü ilə əzəldən onu xoşlamayıb
və bir balaca imkan düşən kimi ona qarşı buynuzlarını işə salıb. Öküz beynində
inqilablara qarşı əks kodlar var. Həri, öküz inqilablara  qarşıdır və korridalarda
qırmızıya hücumlarla bunu daim sübut edir.  Dəlilər qırmızını sevdiklərindən, 
öküzlər daim onlara da qarşı çıxır. Yadımdadır, uşaqlıqda inəyimizi çölə ötürərkən
naxırdan bir buğa qalxıb V.Mayakovskinin əlimdəki qırmızı cildini buynuzuna
taxmadı bə. Şerlər ortadan deşildilər və baş üzərində öz-özünə fırlanmağa
başladılar. Bəlkə elə ona görədir ki, bir ədəbiyyatçı kimi mənim sosrealist tərbiyəm
yarımçıqdır.
Öküzlər Sovet bayraqlarına düşmən idilər. Ümumiyyətlə, Allah öküzü zor
simvollarına qarşı bir afət kimi göndərmişdir. Qorxuram, öküzlər qırmızı zolağını
görüb Azərbaycan bayrağına da hücum çəkələr. Əlbəttə, öküzlər fəhmlə
Azərbaycanı təkamül yolunda görürlər və yəqin odur ki, qırmızı onlara təəccüblü,
həm də bir az şübhəli görünür.
Qardaşlar, qırmızı qaraya çevriləndir. Qara 20 Yanvar qan qırmızısından
doğulmuşdu. Kalkulyatorda hesablamışam, mənim əksər qara günlərim qəhvəyiyə
çalan qırmızı bir rejimdən törənmişdi. İnsana həmişə qırmızı adam qara yaxar.
Gözü qızıb gözləri qızarmış insanın taleyi qaraya çalar. Mən hərdən yaşımdan
irəlini danışanam: çox görmüşəm ki, vətəndaş müharibələrində də yerə tökülən
qıpqırmızı qan dərhal qapqara olur. Yəni qara qırmızının davamıdır.

Həri, söz çoxdur. Ancaq bunlar heç. Yəni onsuz bütün dediklərimiz həyatımıza
uyğun puçdur.
 
***
 
Qardaşlar, onu desəm olar, deməsəm olmaz ki, məndə nihilizm şeytanın
inkarından başlayıb. Nihilizm əslində dini mənşəlidir. Ancaq mən də balaca-zad
oğlan deyiləm: nihilizmi xeyirin yüksəlişi, şərin süqutuna yönəltmişəm. Mən şəri
başına balta çalmaqla yox, ona etinasızlıq göstərməklə yox etmək iqtidarındayam.
Qurban olum qaşqaldaq qıçlı Mahatma Qandinin getdiyi yola: şər dinc mübarizə
üsullarıyla ram olandır.
Bəşərin həqiqətləri onun cinayətlərindədir. Yəni cinayətlərini araşdırmaqla
bəşəriyyətin iç dünyasının real və dəqiq mənzərəsini cızmaq olar. Cinayət bəşərin
mahiyyət göstəricisidir. Əslində humanizm insanın öz xislətindən yayınması
əlaməti kimi ortaya çıxır. İnsan şeytana daha çox meyllidir. İnsan həqiqət bildiyi
şeyləri əksərən şeytanda axtarır və elə tapır da. Təəssüflər olsun ki, şeytanı itirib
daim həqiqətlərin yanında taparsan. Şeytanda səmimiyyət var. İnsanı illüzor və
yalançı humanitar ehtiraslardan yalnız şeytan xilas edə bilir. Bəlkə ona görə də
şeytan yaxın durmayanda insan özü ona can atır. Şeytanla bağlı, ona könül
bağlamış ədəbi obrazlar daha səmimidir. Bu elə-belə şey deyil: ağıl fövqündə
şeytan daha real görünür. Onu desəm olar, deməsəm olmaz ki, Azərbaycanda
insan şeytan əlilə ucalmağa üstünlük verir. Azərbaycanda əbədiyyət şeytan
əməlindən törənən yüksəlişlə qazanılır.
Ancaq bir iş var, iki əməl: qardaşlar, Azərbaycanda millətin zırpı oğlanları,
məsələn, torpaqla işləməyi yox, despotlara xidməti əmək növü sayırlar.
Zırpılarımız şər xidmətçiləridir. Onlar şərə güldən ağır söz deyə bilməsələr də,
xeyirin burnunu fətirə döndərməyə qadirdirlər. Onu deyim ki, hərgah
Azərbaycanda zırpılar olmasaydı, bəlkə də xeyir şərə qalib gələrdi. Hazırda xeyirin
tərəfdarları lüt-üryan insanlarımızdır ki, onlar da yeyib-içib kökələn kimi şərin
tərəfinə keçirlər. Köklükdə güc ehtimalı güclüdür. Həri, Azərbaycanda xeyirlə şərin
arasında sədd yoxdur. Şər özünü özünün yüksəltdiyi insanlarda reallaşdırır.
Qardaşlar, şərin xeyirlə qucaqlaşmasına vətəndaş sülhü deməzlər. Şər
qucaqlayıbsa, xeyirin beli ortadan qırılmalıdır. Özü də hökmən. Ancaq bunlar da

heç. Görürsünüz ki, mən bütün fikirlərimi dünyanın faniliyinə həmahəng-
həmqafiyə qururam. Həri, heç, di vəssalam.
 
***
Hop, etiraf məqamı yetişdi. Mən bu yazıma İlham quşu qanadlarında
gəlməmişəm. Boynumun saplağından yapışıb məni bu işə zaman məcbur etdi. Bax,
bu saat İlham quşu təsadüfən gələrsə, ilk dəfə olaraq məni öz yerimdə
tapmayacaqdır. Mən ələlxüsus yazımın bundan sonrakı hissəsindən utanaraq
talant deyilən və siftə onlarda olmuş ilahi bir şeyin Heydər Əliyevə sərfinə görə
klassiklərdən üzr istəyirəm.
 
***
Herontoloji bir varlığı təzədən ölkə başçılığına layiq bilənlər gələcəyə baş
üzərindəki gözlərdən yox, hemorroidal şəbəkəli anal çevrələrdən baxanlardır.
Gələcək həmin çevrələrdən onlara qədimi yumru fotolardakı kimi görsənir. Həri,
bizlər gələcəyə psixoloji cəhətcə hazır deyilmişik. Bizim axırımız hökmən
“futuroloji şok”la (Olvin Toffler) bitəcəkdir. Bu saat Heydər Əliyev mənim üçün
yalnız totalitar zamanların sonuncu mogikanı kimi dəyərlidir. Mən ona yalnız
tədqiqat obyekti kimi baxıram. O artıq Azərbaycan xalqının taleyində iltihablı
appendiksə çevrilmiş və mütəmadi zoqquldamaqdadır. Soyadında hələ də “yev”
səhvini gəzdirən bir Azərbaycan padşahı alayarımçıq təhsilini boş danışıqlarla
əvəzləməyə çalışmaqla Freyd natamamlıq kompleksinə düçardır. Ancaq mən
Şekspir faciələrindəki məkrli kralları Heydər Əliyevlə müqayisədə sadəlövh
görürəm. Sən demə, zaman despotları yaxşılaşdırmır. Onların mənəviyyatında
tərəqqi olmur. Mən despotlar timsalında insanların yaxşılaşacağına şübhələnmək
ixtiyarındayam.
Qardaşlar, Heydər Əliyev artıq Azərbaycan xalqını dünyada utandıracaq bir
siyasətçiyə çevrilmişdir. XXI yüz ilə onunla çıxmaq bizim üçün sadəcə, ayıb
olacaqdır. O, Azərbaycan xalqı üçün vaxtı keçmiş dərman yerindədir. Gələcəyə
keçmişin himayəsində getməzlər. Boş qazan içində noxud kimi gumbuldayan
fikirlərlə üstünə gedəsi olsaq, gələcək sinəmizdən basıb bizi geri oturdacaqdır.
Gələcək heç də partıltılardan kar olmaq fikrində deyil.

Heydər Əliyev Azərbaycanda şərin təşviqindən törənmişdir. Heydər Əliyev zoru
həmişə dövlətçilik,  bizlər isə lotuluq əlaməti bilmişik. Zor əslində dövlətçilik yox,
cinayətlər kateqoriyasıdır. Zor hökmən hüquqların pozulmasını təxmin edir.
Heydər Əliyev Azərbaycan xalqının tarixi ədalətsiz parçalanmasına ömrü boyu
biganə qalmış yalançı böyük şəxsiyyətlərimizdəndir. Onun bütöv Azərbaycan
uğrunda bircə kəlməsi yoxdur. O, gələcək bütöv Azərbaycanda tanınmayacaqdır.
Siyasətçi ölkədəki tikintilərin miqyasına görə böyük sayılmaz. Ona qalsa, türklərin
hər hansı müstəqil tikinti təşkilatı üç-beş aya onun ömrü boyu tikdirdiklərindən
çox bina inşa etmiş olar. Heydər Əliyev Azərbaycan üçün qan tökmədən heç bir
ciddi iş görməmişdir. O, Azərbaycan üçün trest rəisindən artıq işlər görə
bilməmişdir. Dərin yaddaş siyasətçi böyüklüyünə dəlalət etmir; biz dəyərləri
həmişə qarışıq salırıq. Əlbəttə, bunlar Azərbaycan xalqının heç vaxt sistemli
maariflənməməsinin nişanələridir. Azərbaycan xalqı hələ də əsl və qəlp şeyləri bir-
birindən ayırd edə bilmir. Azərbaycan xalqı əzəldən bədii-estetik yönümlü inkişafı
əsas tutub. Biz yaxşı hərbiçidən çox, yaxşı nəğməkara heyran olanıq.
Etiraf edim ki, Heydər Əliyev dünyada olmazsa, mən bəlkə darıxaram da. Hər
halda, hökmən bir boşluq duyardım. Hərçənd həmin boşluq həyatımda fantom
ağrılarla müşayiət olunardı.
Heydər Əliyevdən sonra Azərbaycanda vətəndaş müharibəsi ehtimalı təzə
miflərimizdəndir. Güclü mifoloji təfəkkürü artıq Azərbaycan xalqının evini yıxır,
onun tifağını dağıdır. Zaman və məkan təsəvvürlərinin ildırım sürətli dəyişkənliyi,
nisbiliyin daha bariz görsəndiyi bir dövrdə mif yaradıcılığı xalqı tərəqqidən saxlayır.
Mifoloji təfəkkürümüzün güclülüyü elmi-texniki gücsüzlüyümüzün göstəricisidir.
Düzdür, Heydər Əliyev sağ ikən Azərbaycanda müharibə yoxdur. Lakin o heç də
sülh adamı təəssüratı oyatmır. Əksinə, mən bir dəfə dediyim sözün üstündə yenə
durmaqdayam ki, o, düşmənə sülh, öz xalqına müharibə elan etmişdir. Həm də
bilsə ki, uda biləcək, o, hər hansı düşmənlə müharibəni dərhal başlayardı.
Müharibəni başlamamaq yalnız onun udulacağı ehtimalı güclü olan təqdirdə
əxlaqidir. Üstəlik, mən hər hansı kiçik, ya böyük müharibənin udulması üçün
Heydər Əliyevdə əlahiddə qabiliyyət görmürəm. Amma əslində o, batində
müharibələr, zahirdə isə sülh aşiqidir. O özü öz zahirini yaratmış və Narsis kimi də
onun əsirinə çevrilmişdir. O daim zahirinə xidmət etmişdir. O, ictimai rəydə bir növ
“dəri”si ilə rol oynayır. Üstəlik, səhvən daxilinin ictimai rəyə tamam dəxli
olmadığını zənn edir. Ona elə gəlir ki, daxili sirli sandıqçalar içi kimi heç kəs
tərəfindən  görünmür. Halbuki interferensiyalı tərzdə olsa da, onun daxili

zahirində daim əks edir. Heydər Əliyev heç vaxt öz daxilinin təmizlənməsi qeydinə
qalmamışdır. Əksinə, zahiri və batinindəki təzadı o, yüksək siyasətçilik əlaməti
sanmışdır. Heydər Əliyevin müdrikliyi onun özünə nifrəti ola bilərdi. O, ömrü boyu
həm zahiri, həm də batininə - həm yaxşı, həm də pisə vurğun olmuşdur. Onun eyni
zamanda həm pisi, həm də yaxşını sevməsi bir müəmmadır. Zahiri olmasaydı,
batinindəkilər onu məhvə uğradardılar. Zahiri onun xilas yeridir və daxili ilə
tarazlıq üçün vacibdir. Hərçənd zahirini o, zor-bəla tarazlıqda saxlaya bilir.  O,
Herakl kimi çiyinlərini xalqın yox, öz taleyinin altına tutmuşdur. O, əbədiyyətə
zahiri hesabına qovuşmaq ümidindədir. Əlbəttə, xalq çox zaman səhvən
siyasətçinin zahirini əldə dəstavüz edir və təkcə elə ona da heykəl yapır. Hərçənd
artıq  heykəllərlə əbədiyyətə qovuşmağın müşküllüyü XX yüzildə tam sübuta
yetmişdir. Çağdaş dövrdə heykəl bütə çevrilməyə macal tapmır.  Heydər Əliyevi
qarşıda fantasmaqorik bir situasiya gözləyir: heykəlləşmək və sonradan tez də
heykəllərinin demontajı. Ara yerdə bu işlərə sərf olunası əmək itib gedəcəkdir.
Heydər Əliyev özü ilə dünyadan çoxlu sirlər aparacaqdır. O indi memuarlar
yazsaydı, “çox sevdiyi xalq”ına əvəzsiz xidmət göstərmiş olardı. Lakin neyləyəsən
ki, tərslikdən o, memuarlar yazmaq niyyətində bulunmur. Əvvəla, bunun üçün
filoloji qabiliyyəti yoxdur. İkincisi, bunu qocalara xas bir iş bilir; yəqin o ölənəcən
özünü qoca saymayacaqdır. O, yığıncaqlarda ayaq üstdə nitq irad etməyi cavanlıq
əlaməti bilir. O, yüngülcəsinə cavanlığı həmişə qocalıqdan üstün tutur. O, ömrü
boyu həqiqət şəklində sənədləşdirilmiş yalanlarla yaşamışdır. O, əyrilikləri həmişə 
düzlük bilmişdir. Üçüncüsü və ən əsası da, Heydər Əliyev memuarlarda
həqiqətlərlə rastlaşmaqdan  qorxur. Heydər Əliyev yalanlarının xalqın yaddaşına 
həqiqət şəklində çəkəcəyinə ümid edir. Ancaq heç elə şey yoxdur: hər şey öz
taxcasına, öz rəfinə qoyulacaqdır.
Heydər Əliyevdə hakimiyyət maniakal ehtirasdır. Həm də artıq onu qınamaq
olmaz da. O, mühafizəsiz, sakit və dinc həyata yadırğamışdır. O haradasa tək
durub Günəşə baxa bilməz. Artıq o, təbiətə yaddır. O, təbiət qoynuna təkbaşına
çıxa bilməz. O, təbiətdəki gözəllikləri bəlkə təkcə uşaqlıqda, sonralarsa ancaq
dövlət xadimi kimi qavramışdır. Uşaqlıqdan sonra gözəllik onun tərəfindən daim
zorlanmışdır. Zorlandıqlarından təbiət gözəllikləri onun içində işləmirlər. Təbiət
gözəllikləri Heydər Əliyevin mənəviyyatında yox, olsa-olsa ləziz təamlar şəklində
daim mədəsində həzm olunmuşdur. O, gözəlliyə münasibətdə Qarqantüa
iştahındadır. Təbiət gözəlliklərini bəlkə onun qədər görən olmayıbsa da, onlar
onun içində harmoniyaya səbəb olmamışdır. Gözəlliklər ondan harmoniyanı
əsirgəmişlər. Onun gözəlliyə münasibəti mənimsəmə effektlidir. Gözəllik onun nə

içində, nə də çölündə xeyirlərlə nəticələnməmişdir. Təbiət gözəllikləri Heydər
Əliyevə münasibətdə həmişə qəza vəziyyətində olmuşdur. Onun təbiət
gözəlliklərinə münasibəti eybəcər təzahürlərlə əlamətdardır. “Heydər parkları”
Azərbaycanın həyatında başda dombalan fır bənzərlidirlər. “Heydər parkları”
təbiətin yox, anormal insan beyinlərinin məhsuludur. Sanki şəhər ağaları
tərəfindən ağaclara qəfildən “dur” əmri verilmişdir. Əslindəsə Azərbaycan ağacları
Heydər Əliyevin Sumqayıt gübrələrindən həmişə ölmək arzusunda bulunublar.
Heydər Əliyev 70-ci illərdə təbiəti “pripiska”larla ləkələmişdir. Təbiət Heydər
Əliyevdən peşimandır.
Bu gün Heydər Əliyevin demokratiyaya haraylanması imana çağırış kimi səslənir.
Onda bəşər əzablarına ehtiram yoxdur. O, bəşər əzabları haqqında heç kitablardan
da oxumamışdır. Kommunist təfəkkürü əzab qavrayışını istisna edir. Azərbaycan
xalqının  Heydər Əliyevə etimadı bir yanlışlıqdır. Heydər Əliyev xalqı bəs deyincə
aldatmışdır – onun “pripiska” etmədiyi yeganə sahə budur. O, ömrü boyu
Allahdan kənarda əcaib-qəraib qurğular qurmuşdur.  Onun başında daim çar
ideyası olmuşsa da, Allah ideyası heç vaxt olmamışdır. Ona həmişə elə gəlib ki,
Allah insanı özünə oxşar tərzdə - Leonid Brejnev surətində xəlq etmişdir. Dünyada
Brejnev vardısa, Allaha ehtiyac yoxdu. Əfsus, Heydər Əliyev bəlkə bilmir də ki,
ömrünü Allahdan kənarda yelə vermişdir. O, şöhrətə aldanmış və indi elə ona da
qurban getməkdədir.
Heydər Əliyevin bu fani dünyadan qisməti beş metr ağdan savayı, olsa-olsa yekə
və parlaq bir başdaşıdır – hər halda, rəhmət deyil.
 
***
 Mən bu fikirlərimin izharıyla keçmişdən azad olmaqda ikən, güman, İlham quşu
gəlib qapımda çırpınmış, məndən mehr-ülfət  görmədiyindən çıxıb getmişdir.
İlham quşunu gözləmədən yazdığıma – bu tələskənliyimə görə də klassiklərdən
dönə-dönə üzr istəyirəm.
 
 
                                                                                          10.10.1998

Digər xəbərlər

Geriyə transformasiyalar (iki hissəli məqalə)

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Güzgü

Keçmiş və gələcək nağılı

Dünya qlobal oldu

Şərhlər