Folklorun ölən çağı

Tarix: 13-06-2024 00:19
Baxış sayı: 129

Azərbaycanda xalq və ona həmqafiyə əxlaq ölməkdə, folklor yox olub
getməkdədir. Qorxasan, gələcəkdə qanunları pozmağa da adam-madamımız
qalmaya. Azərbaycan qanunların pozulması ilə canlıdır. Azərbaycan polis rolu
oynayan padşahlarla maraqlıdır. Onu desəm olar, deməsəm olmaz ki, polis
Azərbaycan mühitinin ən vacib personajıdır. Keçmişin çomağı indinin zopasına
transformasiya olunub.
Həri, gələcəkdə qanunları insanlar yox, yağışlar pozacaq. XXI yüzil Azərbaycanına
cinayətkar yağışlar yağacaq, yağışlar yazıları pozacaq. Qardaşlar, bayatı söyləyən
ən şair arvadlarımız yataqxanalarda çürüməkdə... Filhəqiqə, biolojiliyə çürüməklik
xasdır. Hə, tfu, heç biri də göyçək deyil. Əlbəttə, kişi mahiyyətcə göyçək üstünə
atılan şeydir və onlar indilikdə üstünə atılmağa göyçək şey görmədiklərindən,
axşamdan səhərəcən fıs vurub yatırlar. Həm də qoy öz təcrübəmdən deyim, fıs
vurub yatmaq işğal effektini çox azaldır. Gözəllik olmayan yerdə xorultu hakimdir.
Gözəllik yalnız vətən üstündə mümkündü. Gözəlliklərimiz dana-keçi, xalı-gəbə və
xala-bibilərimiz kimi Qarabağda qaldı. Qarabağda – arxada. Biz həyatda dala
getdikcə hər şey arxada qalır. Keçmişimiz arxada, gələcəyimiz – daldadır. Hə,
qarabağlılarımızın üzündəki gözəllik təbiətdəkinin surəti imiş. Onların çöhrəsi
uzunsov güzgülər timsalında indi də səfaləti əks edir. Vay və ya vaveyla, mən
bayatı şairlərini bu cür iyli-qoxulu təsəvvür eləməzdim. Həm də artıq təzə
bayatılar üçün bakılarımızda metraj çatışmır. Üstündə yallı oynanılan,
muskomediya teatrı səhnəsinə bənzər torpaqlarımız getdi işinin dalınca. Mən
ömrümdə yek dəfə “Neft-Kimya” yeyibiçibyatmaqxanasında yarıqaranlıq dəhliz
uzunluqda bir yallı ilə rastlaşmışam. Arvadlar – amarıq, kopoyoğlular demiş, biz
beləsini almarıq. Adam çaşıb iki-üç arığı bir kök yerinə basmarlamaq istəyir.
Keçmiş əyri yallıların dalı olan bu düz yallı təqaüd ödəncindənmiş. Sadə və
sadəlövh xalq yellənə-yellənə sevincdən ağlayır və ağladıqca da bunun göz yaşları
onun üstünə tökülürdü, onunkular – bunun. Amma göz yaşlarından ağ paltarlarda
yumru ləkələr qalacaq. Həm də sən demə, xalq sənətləri daim elə bu cür çırt-pırt
şeylərdən törənirmiş. Xalq sevincləri hədsiz primitivdir. Əlbəttə, bunlar heç. Ancaq
kor-kor, gör-gör, folklor ölməkdə, xalq və ona həmqafiyə əxlaq yox olmaqdadır.
 

Cinayət millətin həyat tərzinə çevrilmişdir. Azərbaycanda həyatın bütün
elementlərində cinayət məcəlləsi maddələrinə uyarlıq taparsan. Cinayətlərə
cinayətlərlə haqq qazandırılır. Rüşvət faktı rüşvət aktıyla təmizlənir. Azərbaycanda
təmizlik cinayətlərlə təsdiqlənən şeydir. Azərbaycanda təmizlikdən natəmiz şey
yoxdur – həm saxta, həm formal. Təmizliyin bu cürəsi bizə ikili əxlaq dövrlərindən
yadigardır. Azərbaycanda təmizlik – atavizmdir.
Bizdə əfvlər də gəlir mənbəyidir. Cəzaları ləğv edən Azərbaycan padşahında İsa
peyğəmbərə gülməli oxşarlıq var.
Qardaşlar, bir sürü “aydın”ımız ölkədəki qaranlıqlar içrə dədəmiz Qorqudu basıb
yeməkdədir. Əlbəttə, yeməli şeyi yeyərlər, yeməməli şeyi yeməzlər. Azərbaycanda
Dədə Qorqud kannibalları yaşayır. Bizlərə yamyam psixologiyası xasdır. Biz Dədə
Qorqudun hüzuruna kirli yubiley ilhamlarıyla çıxdıq. Həri, yalan-palan
ensiklopediya və örkən kimi uzun filmlərlə xalq Dədə Qorquda sevgilərinin ziyanını
çəkir. Padşah da öz təbliği və təşviqi üçün Dədə Qorqudu seçdi. Deyirəm, nə yaxşı,
Dədə Qorqudun məmələri yoxdur – hər gələn ona əl atacaqdı.
Ac qılınca çapar. Qardaşlar, insanın Azərbaycanda yaşamaq ehtirasına cinayət
deyilir. Azərbaycanımızda cinayətlərin qabağını almağa get-gedə adam-
madamımız çatmır. Köklərimiz azaldıqca polisliyə yararlı adamlarımız da azalır.
Fikir verənlər bilir, verməyənlər bilmir ki, artıq “respubulkuy”muzda cubbulu-
cırtdan polislər peyda olub. Köklər milli sərvətimiz imiş.
Həri, qardaşlar, elə mən də, hərçənd ancaq asayişi pozma həddində, caniyəm.
Mən əxlaq barəsində yüksəklərdə, cinayətlər barəsində alçaqlarda uçanam.
Mənim cinayətlərim avaraları görübən “bu nədir – qulaq – gəl bunu buraq”
təhrində ola bilər. Mən elə adamam ki, Ətağa cəddi, cinayətlərə yad və yamanam.
Mənim cinayətlərim, ola bilsin, əxlaqımdakı cızıq şəklində sosialistik defektlərin
əlamətidir. Əlbəttə, bu cızıqlarla adam arasına çıxmaq olar və lazımdır. Ancaq mən
də başqaları kimi barı kişi sayılmaq naminə böyük cinayətlər etmək istərdim.
Deyilənlərə görə, böyük kişilər böyük cinayətlər törədər. Yenə “Ətağa cəddi”
deyirəm ki, mənim cinayətlərim yalnız həyatın rəvan getməsi, bir də harmoniya
xatirinə ola bilər.
Azərbaycan dövləti kriminal janrlıdır və sanki cinayətləri formalaşdırmaq,
sənədləşdirmək üçündür. Azərbaycan dövləti cinayətlərin ancaq statistikasına
qadirdir. Azərbaycan dövlətinin ən son tarixi xalqın taleyində mifoloji-detektiv bir
süjetdir. Azərbaycanda konstitusion hüquqlardan savayı hər şeyə izn var. Onu

desəm olar, deməsəm olmaz ki, bizdə Konstitusiya ən gəlirsiz sahədir. Onun
insanlara sarı bir yemiş qədər faydası yoxdur. Millər öz vəkillərindən istədiklərini
yalnız dilənməklə qopara bilir. Hüquqsuz millət öz vəkillərindən yalnız
“məmməd”lər umur. Millər vəkilləri verdikləri vədi “məmməd” deyilən
“keçəl”lərlə qaytara bilir. “Keçəl” “məmməd”lər illüziya meyitləridir.
Həri, folklorsuz gələcək Azərbaycanda uca qanqallar bitəcək və ağlamalı burasıdır
ki, qanqallar xalq adlanacaq.
 
 
“Azadlıq”,  03.08.1999

Digər xəbərlər

“...həyatımda böyük bir boşluq yaranıb” Baba Vəziroğlu

KEÇ­­­MİŞ­­­DƏ VAĞ­­­ZA­­­LIN­­­DAN GÖ­­­RÜ­­­NƏN LƏN­­­KƏ­­­RAN MA­­­YA­­­KI

Qaçılmaz ön söz

İNTİBAH HƏSRƏTİ. AZADLIQ VƏ KÖLƏLİK

Əsəd Qaraqaplan: "Rafiq Tağının sağlığına" (2009)

Şərhlər