Tarix: 25-03-2015 11:24
Baxış sayı: 1973
Ədəbiyyatşünaslıq mövzusunda yazdığım bu üç esseni müxtəlif vaxtlarda qəzetlərdə dərc etdirmişəm. İndilikdə şəxsi arxivim qarmaqarışıq olduğundan, həmin qəzet nüsxələrini tapa bilmədim. Onların kompüter çap variantını, güman, tezliklə dərc olunacaqmışlar deyə, tarixlərini qoymadığım və kompakt bir yerə yığdığım yazılar arasından tapıb çıxardım. Burdakı iki yazının altında sevdiyim üsulla tarix qoya bilməmişəmsə də, hər halda, onları öz ömrümdə mən yazmışam. Gəlsənə, gülmək üçün belə bir iş görək – tarixi bu cür yazaq: çoxdan doğulduğu 1950 – hələ ölmədiyi 2008.
Əlbəttə, söz onda yox.
Bu esselərdəki bəzi fikirlərlə indi heç özüm də razı deyiləm. Lakin deyilən hər fikir, ya söz hamının, hətta sonra müəllifin özünün də, tam razılaşması üçün deyil ki. Tərəqqi heç də hamının vurrey razılaşması yoluyla baş vermir. Klassik poeziyamız, ya M.F.Axundovdan üzü bəri demokratik ruhlu, satira yönümlü maarifçi ədəbiyyatımız haqqında burda söylənmiş fikirlərə kimsə yox deyə bilər, hətta özüm də. Di gəl, axı, həmin fikirlər artıq deyilib və onlarda, qıcıqlandırıcı olsa da, həqiqətlər yaşayır. Həqiqətlərsə əbədiyyət möhürlü olur, heç vaxt köhnəlmir.
Bax, indi mən bir müəllif olaraq, öz qabaqkı fikirlərimi təkzib edəcək fikirlər söyləyəcəyəm. Satira ədəbiyyatımız olmasaydı, bu saat biz dini-totalitar bir dövlətdə - sürünənlər qismində yaşayırdıq. Satira ədəbiyyatımız insanlarımıza dayanıqlı demokratik ruh aşılamışdır. Zəkasında ənənələrin qara-boz ləpirləri görünürsə də, Quzey Azərbaycan insanı açıq cəmiyyət arzuludur. Vur-öldür, mən satirik klassiklərimizi dini-radikal qrup maraqlarının ayağına vermərəm.
İnsanlarımızda formalaşmaqda olan, ya artıq formalaşmış söz tolerantlığına, fikir plüralizminə etibar edərək, bu yazıları onlara bir daha təqdim edirəm. Həm də gördüyünüz kimi, yazılarımın dərc olunduğu qəzetləri heç özüm tapmadım, onlar necə tapacaqdı. Yəqin indiki qatışıq zəmanədə, oxucuya kömək üçün, yazıların təkrar çapı çox vacibdir.
Müəllif
Ədəbiyyatşünaslıq etüdləri
Rafiq Tağı
Azərbaycanda imperiya satira ədəbiyyatı effekti
Milli ədəbiyyatlarda satira imperiya siyasətinin nəticəsi olaraq ortaya çıxır və bu, ədəbiyyatda imperiya üslubu adlandırıla bilər. Çataçat söyləməyimiz gərək: Azərbaycan ədəbiyyatında satira XIX əsrdə - Rusiya Quzey Azərbaycanı ilhaq etdikdən sonra formalaşıb. Satiranın məhz Azərbaycanın Quzeyində “çiçəklənmə”si də ictimai fikrə Rusiya imperiyası təzyiqlərinin parlaq təzahürü, danılmaz sübutudur. Azərbaycan ədəbiyyatında satira millətimizin qalxınışı yox, çöküşü idi. Minillik ədəbiyyatımız iflasa uğramış oldu; bu özü ondakı idraki qüsurları üzə çıxardı. Rus şovinizmi Azərbaycan insanını ona yox, özünə gülməyə vadar etdi. Bu, gülüş də yox, kölə hırıltılarıydı. Məqsəd insanımızı yüksəltməkdisə, satirayla onu alçaltmaq nəyə lazımmış.
Satira ədəbiyyatı milli özünəqəsddir.
XIX əsrdə satira nümunələri siyasi aktlaşmalar sonrası ilk ədəbi təslimçilik sənədləri idi. Doğrudan da, bu asanlıq və tezlikdə aldanış, satiraya qaçatbasdı keçid milli təfəkkürümüzdəki boşluqlardan xəbər verdi. Üstəlik, köləliyə hər an müntəzir durmağımızdan, qul olmağı faciə sanmamağımızdan. Ümumən, satira milli psixologiyamıza aşılayıcı-aşağılayıcı təsir göstərdi.
Dediyimiz kimi, satira əsasən imperiyalara xasdır və azsaylı millətlərin assimilyasiyası, yaxud artıq bu proses varsa, onun gücləndirilməsi üçün düşünülüb. Ədəbi satira siyasi məkrin mabədidir. Heç bir sısqa-cılız, ya inkişafca zəif millət satira həmlələrinə tablamaz və tezliklə də öz kimliyini bilmərrə unudar, ondan vaz keçər. Satirik ədəbiyyatla millət yaxşılaşmaz, yüksəlməz, əksinə, korazehin və qorxacaq olar. Satira fərd, ya toplumun gələcək yaşamına açıq təhlükədir. Satira yaşamı yox, məhvi, olumu yox, ölümü nəzərdə tutur. Satirik ədəbiyyatın təşrih etdiyi naqisliklər əlahiddə hal kimi heç vaxt yalnız bir fərd, ya bir millət üçün səciyyəvi ola bilməz. Növi-bəşər birdir və aşağı-yuxarı hər cəhət hamıda var. Axı, Z.Freyd bunun psixoanalitik düsturunu çoxdan verib. Mahiyyətcə heç bir millət başqasından üstün deyil. Sadəcə, müvəqqəti sənaye-texnoloji irəli-geriliklər mümkündür. Burnunu dik tutan, özünü yüksək sayan millətlərin hər hansı dağıdıcı zəlzələ, ya qasırğadan sonra çapovula-qarətçiyə çevrildiyini çox görmüşük. Milli özünüyüksəltmə ideyaları eləcə milli şizofreniya əlamətidir, həmişə də tənəzzüllə bitir.
Sadə bir həqiqət: insan mədəniyyət yarada bilən heyvandır.
Satira həmişə biryönlü və subyektiv dəyərləndirmədir. Palitrada müsbət çalarları da görməmək ədalətsizlik olmazdımı? Bəşər varolumu facianədirsə, bu fonda satira yaradıcılığı yöndəmsiz-yersiz deyilmi? Ona qalsa, “qah-qah” yazarlarımız özləri də satira personajlarıdır. Azərbaycan satira ədəbi məktəbinin banisi M.F.Axundov XXI əsr uzaqlığından çar polkovniki qiyafəsində gülməli görünmürmü?
Dediyimiz kimi, Rusiya imperiyasının Azərbaycan adlı əyalətdə ilk satira ədəbi effekti M.F.Axundov komediyaları oldu. Bu effekt imperiya üçün sevincdən qəşş ediləcək qədər böyük uğur idi. Millətin qanına özünüifşa virusu yeridilməklə, imperiyanın bu məkanda gələcəyi indidən təmin edildi.
Siz fələstinlilər, ya çeçenlərdə satira ədəbiyyatı təsəvvür edirsinizmi?
M.F.Axundov yaradıcılığı Rusiya imperiyasının antimilli siyasətinin böyük uğurlarındandı. Siyasət öz ədəbiyyatını doğurmuşdu. Bununla da imperiya Şərqə şər atmağa başladı. Şərq insanı alçaldıldı, gözdən salındı. M.F.Axundov I Pyotrun ruhunu şad elədi. Axtarsan, Azərbaycan satira ədəbiyyatının I Pyotr islahatları ilə göbək ciyəsi bağlılığı var. Satirik ədəbiyyatla Azərbaycanın keçmişi və gələcəyi arasında çat yarandı. Çat da yox, uçurum. Keçmiş - xalqın həyatından silindi. Gələcəksə ancaq keçmiş üzərində qurular. Bugün fəsadlaşmış keçmiş kimi qələmə verildi. Millətə yalnız qondarma-sintetik bir gələcək saxlandı. Yüzillərin insanı məhəbbətə sövq edən, Tanrıyla bağlı ilişgiləri silinib atıldı. Ədəbiyyatda təbii oluşmuş elitarlıq itdi. Onun yerində çığırğan, sosiallıqda dişlərini ağardan, hələ bu azmış kimi də, bataqlıqda başını qovzayıb əbədiyyətə boylanan, barbar bənzərli satiriklər gəzişməyə başladı. Sosiallıq ədəbiyyata soxuldu, bununla da ədəbiyyat vulqar xarakter aldı. Tarix ədəbiyyat üçün maraqsız oldu. Satirik ədəbiyyat dairəsində uca türk tarixi unudulmağa məhkum edildi. Xüsusən də, Azərbaycan türkü bu tarixdən uzaqlaşdırılıb təkləndi. Rus-türk savaşlarının intiqamı öz satirik ədəbiyyatımızlaca alındı.
Sosial həyatdakı çatışmazlıqların satirik həlli yolu böyük anlaşılmazlıqdır. Satirik ədəbiyyat ictimai həyatın səhvi, ümummədəniyyət defektidir. Ədəbiyyat təsərrüfat idarəçiliyi metodu deyil. Mirzə Cəlil, Sabir və Ü.Hacıbəyovda şahə qalxmış ifşa ruhu Azərbaycan coğrafi ərazisindəki insanların kökünü kəsməyə əsas verirdi. Onların yaradıcılığı Azərbaycan insanını bəşəriyyətin axırıncı sıralarına itələdi.
“Molla Nəsrəddin” ədəbi məktəbi Azərbaycan türklərinin ümummilli fəlakətidir. Bu fəlakəti Azərbaycan mədəniyyətinin təşəkkülü kimi qələmə verənlər yanılırlar. “Molla Nəsrəddin” ədəbi məktəbi mütəmadi olaraq insana nifrət aşılamış və özünüdərkimizin qarşısını almışdır. Bizi Qərbdən islam ayırmışdısa, Şərqdən “Molla Nəsrəddin” ədəbi məktəbi ayrı qoydu. Eləcə arada qaldıq. M.F.Axundov yaradıcılığı Rusiya imperiyasının Şərqə iri yumruq zərbəsi idi. Şərq müvazinətini itirdi. Harmoniya, homeostaz yox oldu. Bunun günahları bütünlüklə Azərbaycanın üstündədir. Azərbaycan öz satirik ədəbiyyatı ilə Şərqi imperiyaya satmış məmləkətdir.
Azərbaycan imperiya satira ədəbiyyatı tərəqqi artefaktıdır.
Ədəbi satiramız zaman-zaman millətə natamamlıq kompleksi aşılayıb. Əsas da elə bu səbəbdən torpaqlarımız əldən getdi. İndi onları geri qaytarmağasa cürətimiz yox. Milli iqtidarımız qırılıb. Hərbi maskulinizasiyamız müəmmalı və şübhəli görünür. Mən deyərdim, satira ədəbiyyatı Azərbaycanın taleyində cinayətkar rol oynamış, onun belini qırmışdır. Bugünəcən milli ideologiyamız düz-əməlli işlənməyib. Biz torpaqlarımızı da istəmiriksə, görən, onda nə istəyir və niyə yaşayırıq? Göründüyü kimi, beynəlxalq sionist-mason təşkilatlarının qloballaşma planı da Azərbaycanda asanca yeriyir. Çünki satira ədəbiyyatımız öz mənhus rolunu oynamış, Azərbaycan insanının müqavimət ruhunu öldürmüşdür. Satira ədəbiyyatımız bizi gözüqıpıq böyüdüb, uydurma naqisliklərimizə özümüzü inandırıb da. Qəhrəmanlıq bizə yaraşmaz, deyilib, inanmışıq. Qarabağın açarı fövqəldövlətlərin əlindədir, deyib də, qollarımızı yanımıza salmışıq. Rusiya imperiyası başımıza gətirdiyi bəlaları öz satira yaradıcılığımızla törətmişdir.
Satira ədəbiyyatımız Rusiya imperiyasının əyalətlərdəki antimilli, antimədəniyyət proqramının bir komponentidir.
Satira hədsiz realist-dünyəvi hadisədir və onun göylərlə qəti bağlılığı yoxdur. Allah insanlara bəxş etdiyi talantın satiraya məsrəfini istəməzdi. Satirik ədəbiyyat insanlığa metodoloji səhv yanaşmadır. Satira düşmənçilik mənbəyi, insanın insana nifrəti faktıdır. Komediya həmişə faciə prelüdüdür. Satira təhqiqatları bəşər üçün təhqiramizdir. Satira əxlaqa ziddir, əxlaqsızlıqdır.
Müstəqil dövlət quruculuğumuzda satira ədəbiyyatımız tamam əhəmiyyətsiz və yersiz, hətta olduqca ziyanlıdır. Satira şeytani bir nəsnədir və insanlığa layiq ədəbiyyat deyil. Satirik ədəbiyyat həmişə hiperbolik səciyyəli olur; milli-mənəvi dəyərlər onunla təhriflərə məruz qalır. Bir tək savadsızlığın ləğvi, yaxud təhsilin yetkin halı Mirzə Cəlil yaradıcılığını mənasızlaşdırar, onu heçə endirərdi. İstənilən dövlət savadsızlığın ləğvi minimumlarıyla satirik ədəbiyyata yox deyər. Ümumiyyətcə, satira ibtidai inkişaf pilləsində qurdalanan xalqlar üçün daha səciyyəvi ədəbiyyatdır. Yumşaq desək, satira millətə qarşı ədəbi xuliqanlıqdır. Kobud bir misal: hüquq-mühafizə sistemi sərrast işləyərsə, bu torpaq üstündə şeyxnəsrullahlara yer olmaz. Ədəbiyyatın hüquq-mühafizə orqanlarının funksiyasını öz üzərinə götürməsi nə dərəcədə doğrudur? Dərrakəli insanlar toplumu satirik baxışları özündən rədd edər. Ədəbi sənətkarlıq xüsusiyyətlərini bir kənara qoysaq, Mirzə Cəlil yaradıcılığı ancaq və ancaq milli cinayətlərin barmaqla göstərilməsi, onların sadalanmasıdır. Ədəbi yaradıcılıqsa cinayətlərin ardınca sürünməməlidir. Cinayət mədəniyyətlər dışı hadisədir və bu səbəbdən də ədəbi kitablara yox, yalnız kriminalistlərin qeydiyyat kitabçalarına düşməyə layiqdir. Yeri gəlmişkən, detektiv əsərlər ən az ədəbiyyat, ən çox biznes sahəsi faktlarıdır. Millət Şeyx Nəsrullah kimi bir fırıldqçının əlində giriftar qalmamalı, hələ durub ona xüsusi ədəbiyyat həsr etməməli, bu ədəbiyyatı oxumağa yüzillərini xərcləməməlidir. Qısa və konkret: şeyxnəsrullahlar məqamında qolubağlı qazamata atılmalı və dərhal unudulmalıdır. Bunun üçün satira ədəbiyyatının yox, polis-kriminalistika sahəsinin inkişafı yetərlidir. Şeyxnəsrullahların ədəbiyyat yoluyla islahı mümkünsüzdür. Şeyxnəsrullahları teatrlarda seyr etdikcə, onlar azalası deyil. Əksinə, bəlkə arta da bilər; “sarsaq nümunə yoluxucudur”. Mən sizə bir sirr açım: Mirzə Cəlil özü Şeyx Nəsrullaha rəğbətlə yanaşıb, “gündə bir xurma” yeməsinə onun paxıllığı tutub. Əlbəttə, bu, mətnlər üzrə induktiv-deduktiv psixoloji araşdırmalar tələb edən şeydir və əslində, sübut oluna bilər də.
Publisist Üzeyir Hacıbəyov Mirzə Cəlilin zəif bir variantı kimi zaman boyu irəliləməkdə. Ü.Hacıbəyov musiqidə millətə nə qədər fayda gətirmişsə, satira yaradıcılığıyla bir o qədər zərər yetirmişdir. Satira Üzeyir bəyin ruhuna qəti uyğun olmayıb və təqlidi xarakterlidir. Ü.Hacıbəyov komediya yox, faciə dühasıdır.
Bir başqa cəhət. Azərbaycan satiriklərinin yaradıcılığı jurnalistika effektlidir və bizdə nəsrin sən deyən təşəkkül tapmamasını göstərir. Bu ədəbiyyat əbədi deyil və gələcəkdə aktual olmayacaq. Adicə maarifin güclənməsi lağ-loğaza son qoyacaq. Min Mirzə Cəlil bir təhsil islahatının yerini verə bilməz.
Şəksiz, ədəbi satira məktəbi ədəbiyyat tariximizdə öz layiqli yerini tutmalıdır, hətta artıq o yeri tutub da. Lakin ondan bihuş olmaq, ondan nicat gözləmək bihudədir. Bizdə imperiya satira ədəbiyyatı qədərindən artıq şişirdilib-qabardılıb və ola bilsin də ona yox deməyin vaxtı çatıb. Bəlkə ancaq onda Azərbaycan öz utancaq başını ucalara qaldıra bilə. Baş yalnız göylərdə məğrur görünür.
2005, iyun – 13 sentyabr
Azərbaycan ədəbiyyatşünaslığında riya elementləri
Azərbaycan ədəbiyyatşünaslığında baxış bucaqları küt, ondakı araşdırıcı istiqamətlər yanlış, klassiklərə münasibət riya tərkiblidir. Mühafizəkarlıqla yalançı elmilik, zaman dərinliklərindən gələn daşlaşmış subyektivizm ondakı qəbahətlərin hədsiz nəzərə çarpanıdır. Ədəbiyyatşünaslıq klassikləri bütləşdirib, onları insanlara yadlaşdırmaqda təqsirlidir. Görünəndən yapışaq. M.Füzuli poeziyasının hiperbolik təqdimi, onun özünün bir poeziya təşbehinə döndərilməsi lüzumsuz deyildimi? Ədəbiyyatşünaslarımızın “Füzuli”si zahirən ədəbi oriyentirləri sanki tənzimləmişsə də, əslində onları biryönlü etmiş, təhriflərə-təqlidçiliyə məruz qoymuşdur. Bəli, ədəbiyyatşünaslığımızın klassiklərə münasibəti sağlam deyil; onda sitayiş elementləri güclüdür. Azərbaycan ədəbiyyatşünaslığı ədəbiyyatı içdən görməyən, onun yalnız civarlarına dair, bəzi istisnalarla elmilikdən uzaq ictimai bir hadisədir. Azərbaycan ədəbiyyatşünaslığı əksər halda siyasət xidmətçisi olub və elə siyasi sifariş və göstərişlərlə də qapalı bir dövlətdə ümumşərq klassiklərini səhvən özümüzünküləşdirmişdi. Ədəbiyyatımızın XX yüzildəki lokal əhəmiyyətli durumu ilə klassikanın ümumbəşəriliyinin miqyası fərqi bunun isbatıdır. Arada uzlaşma yoxdur. Gəlin, özümüzü aldatmayaq, heç nəyi də gizlətməyək: orta statistik azərbaycanlı özünün sayılan klassikini oxumur, buna heç həvəsi də yoxdur. Səbəb: o, yad dil coğrafiyasında özünü rahatsız sanır. Poeziya klassiklərimiz öz türk kimliyinə daim xor baxıblar. Onların yaradıcılığında türk dili efemer rol oynayıb. Klassiklərə yubileylərimiz ən çox siyasi gələnəkdir və bunda məkr var. Yubileylər siyasətçilərin “millətə xidmət” atributlarından biridir. Yubileylərindən sonra “unudulan” klassiklərlə ədəbiyyat yüksəlməyəcək. Ədəbiyyatşünaslığımızın siyasi tenezmləri ucbatından çağdaş ədəbiyyatımız acınacaqlı günə düşmüşdür. Yaradıcılıqları siyasi küləklərlə şişirdilən, mahiyyəti olduğu kimi açıqlanmayan klassiklərin varisləri hökmən cılızlaşmalı idi, cılızlaşdı da.
Riya əsasən maarifçi ədəbiyyata münasibətdədir. Məntiq üzrə, “maarifçi” və “ədəbiyyat” istilahları uyuşmazdır. “Maarifçi” adında ədəbiyyat ömründə ola bilməz. Yaxud “maarifçi” ədəbiyyat yalnız pedaqoji effektlidir. Sonrakı etaplara giriş-çıxışlar kip bağlandığından, deyəsən, ədəbiyyatımız daim elə maarifçilikdə giriftar qalacaq da. Maarifçi ədəbiyyat həmişə səthidir; ondan əlifba iysi gəlir. “Dünyəvi klassıklər”imizdən sonra maarifçi ədəbiyyatın toydan sonra nağara kimi gəlişi gülüncdən gülünc bir ədəbi hadisədir. Azərbaycanda maarifçi ədəbiyyatın gəlişi klassikanın effektsizliyinə dəlalət edirdi. Zövqsüz maarifçilik insanı ədəbiyyatdan bilmərrə çiyrindirə bilər. Təəssüf, günü bu gün də ədəbiyyatımızda maarifçi ruh dolaşmaqdadır. “Araz”, “Təbriz”, “ana dili”, “yurd həsrəti” – saymaqla qurtaran deyil; hələ də bu cür-bu sayaq bıkdırıcı romantik mövzularda ilişib qalmışıq. Biz vətən haqqında hələ də sovet ideoloji mexanizmləri üslubunda yazırıq. Bizim vətən haqqında yazdıqlarımız hədsiz ənənəvidir. Ədəbiyyatdakı vətən sevgimiz saxta əxlaqdan doğulmuşdur. Ədəbiyyatdakı vətən həyatdakının eyni deyil. Ədəbiyyatdakı vətəni həyatda da sevmək mümkünsüzdür. Yaxud həyatdakı vətən ədəbiyyatda görünmür. Güney Azərbaycan ədəbiyyatı bu anlamda xüsusilə əttökəndir. Gəlin, açıq danışaq, Güneyimizdə ədəbiyyat ibtidai durumdadır. Güney Azərbaycan ədəbiyyatı hələ də folklorun döşlərini sortuqlayır.
Satiriklərimizin yaradıcılığında millətə sevgi axtarışları büsbütün riyakarlıqdır. Satira sevgidən törənmir və heç də sevgi əlaməti deyil. Kimisə sevildiyinə görə atasına söymürlər. Satira məhəbbəti yox, ən çox nifrəti rəmzləndirir. Mirzə Cəlil və Mirzə Ələkbər millətin dərdindən ölməyiblər; onlar həmişə yaxşıca nifrət bacarıblar. Sabir yaradıcılığında sevgini yalnız onun satirasına qədərki qəzəllərində tapmaq mümkündür. Hərçənd bu sevgi də yalançı-xəyali, klassik Şərq ədəbiyyatına imitasiya səciyyəlidir. Ümumiyyətlə, Şərq klassiklərində məhəbbət bir-birindən plagiatdır. Şərq poeziyasında yalnız söz oyunbazlığı taparsan; onda səmimiyyət sezilmir. Klassik şeirdəki məhəbbətdə vəcd duyulmur. Ondakı bəlkə yalnız obrazlı söz və ifadələrə, kontrastlı düşüncə tərzinə heyranlıq yarana bilər. Şərq klassiklərində obrazların təxminən eyniliyi də təəccüb doğurur. Klassik poeziyada gözəllik əsasən zahirdən təsdiqlənir və ona dair təşbehlər sistemi daim təkrarlanır. Əslində erotik olan və erotiklikdən qaynaqlanan sözlərə ədəbiyyatşünaslarımız yalançı əxlaq qatmışlar. Erotiklik sanki ayıbmış, ya əxlaqsızlıqmış kimi hər şeyi İlahla bağlamaq absurddur. Unudulur ki, eros özlüyündə İlahinin insana ən uca bəxşişidir. Əxlaq bir yana, bəşəriyyətin varolumunda qədər, ya ondan daha vacib rol oynayan yenə elə erosdur. Yalançı əxlaq klassiklərə həm yapışmır, həm də onları eybəcər göstərir, qeyri-insani edir. Klassik poeziyada məhəbbət sxolastikdir və ölü süjetlərlə süslənmişdir. Klassik Şərq ədəbiyyatında məhəbbət həm də didaktikdir. Məhəbbət izahı müşkül səmavi bir duyğudursa da, klassik poeziyamız hər nümunədə bunu axıracan izahlandırmağa cəhd göstərir. Halbuki məhəbbət müzakirə-izah predmeti deyil. Məhəbbət həyatın tərkib hissəsidir, onunla sadəcə, yaşamaq gərək: sözsüz və söhbətsiz. Bu İlahi duyğuyla qazanılan şöhrət ancaq Şeytana sərfəlidir. Şöhrət insanın öz yaratdığına dair bir nəsnədir. Məhəbbətin Şərq poeziyasında interpretasiyası inanılmaz və emosional təsirsizdir; çünki ona yerli-yersiz yıpranmış fəlsəfə qatılır. Şərq poeziyasında məhəbbət ədəbi hoqqabazlıqdır. Ondakı əzəli-əbədi obrazlar yüzillərə hesablanan oyun sistemini xatırladır. Şərq poeziyası fatal əsarət tipidir.
Şərq poeziyası bəşəriyyətin riya qaynaqlarından biridir.
XX yüzil Azərbaycan ədəbiyyatşünaslığında riya hüdudsuzdur. Ədəbiyyatşünaslarımız sosrealizm üslubunu beşəlli təsdiqləmişdilər. Bu, faşizm realizminin təsdiqlənməsi kimi bir şeydir. Özünəməxsus riya təzahürü olan 60-cılar ədəbiyyatı da həmin tərzdə alqışlandı. Altmışıncılar ədəbiyyatı siyasi imperativlərdən çeşmələnmişdi və onların təzahürü idi. Kommunist partiyasındakı “Xruşşov istiləşməsi” 60-cı illər ədəbiyyatında “parnik” effekti verdi. Keçmiş donuzçu Nikita Xruşşovun razılığı ilə törənən ədəbiyyatdan nə çıxacaqmış ki. İnsan əzablarına göz yuman, insan azadlığına biganə yarımçıq bir şey. Bu ədəbiyyat siyasi riyakarlıq və əxlaqsızlığın bəzəkli bir maskası idi. 60-cılar ədəbiyyatı beynəlxalq gözlər qarşısında diktaturanın uğurlu bir tryuku, diktatorların iblisanə rəqsində məharətli bir “pa” idi. Tryuizmlərlə zəngin Azərbaycan ədəbiyyatşünaslığı obyektivlikdən hədsiz uzaqdır və yenə deyirəm, bəzi nümunələr çıxılmaqla, daim mafioz-klan ədəbiyyatı hüzurunda əmrə müntəzir durmuşdur. İnsuxt-depressiya göz qabağındadır və qul psixologiyası onun canından indi-indi çıxırsa da, bu, ağrılı başa gəlir. Onsuz sonrakı yüzillərdə ədəbiyyatşünaslığın varolumu bir müəmmadır. İndilikdə keçmişdən xilas gərəkdir. Bunun yeganə əlacı etiraflar yoluyla katarsis, daha sonra öz obyektiv qanunları olan elm relslərinə çıxmaqlıqdır. Ədəbiyyatşünaslıq öz adınasa hörmət qoymalıdır.
Yazılma tarixi: itib
Ölü ədəbiyyatın əlamətləri
Tehran Əlişanoğluna
Hər hansı müharibə, ya çaxnaşmalar lakmus kağızı kimi klassik və çağdaş ədəbiyyatımızdakı nekroloji effekti dərhal üzə çıxarır. Humanizmin iflası epoxasında yaşayırıq. Humanitar çabaların effektsizliyi göz qabağında. Humanizmə köklənmiş ədəbiyyat tarmar olmaqda. Bütün idealizələr gülünc görsənir. İdeallar ədəbiyyatı artıq bəşər xislətinə uyğun gəlmir. Tarixlər zor epopeyası, ədəbiyyatlar – illüziyalar axınıdır. Ədəbiyyatlar tarixə adekvat deyil. Tarixə adekvat olmayan ədəbiyyatlarsa ölü sayılmalıdır.
İnsanın içində işləməyən ədəbiyyat ölülük xüsusiyyəti kəsb edir.
Ümumiyyətcə, ədəbiyyat nədir? Əyləncə vasitəsidirmi? Deyə bilərlər: hə. Ancaq onda əyləncələrin çeşidli və modern növləri yanında maraqsız və sönük görsənməzmi? Mühafizəkarlarımız – “Ədəbiyyat tərbiyə vasitəsidir”, deyəcək. Əlbəttə, hər birimizin dünyaya göz açandan eşitdiyi, beynimizə yeridilən, zəkamızı dəlik-deşik edən bu itibucaqlı fikir heç vaxt düzgün sayıla bilməz. Tərbiyə - insanın Prokrust yatağına yerləşdirilməsi prosesidir. Mühafizəkarlar ədəbiyyatı məktəb-tədris səviyyəsinə endirməklə, onu məhvə uğratmış olur. Maarifçi ədəbiyyat ölüdür. Maarifçi ədəbiyyatın tərbiyə etdiyi insan, uzaq başı, ixtisaslı qula çevriləcək.