“...həyatımda böyük bir boşluq yaranıb” Baba Vəziroğlu

Tarix: 19-10-2015 02:34
Baxış sayı: 1847

“...həyatımda böyük bir boşluq yaranıb”

 

Baba Vəziroğlu geniş təqdimata ehtiyacı olmayan insanlardandır. Cəmiyyət onu “nəğməkar şair” kimi tanıyır. Başa vurmaqda olduğumuz 2011-ci il şair üçün məhsuldar keçdi. Yeni kitabları işıq üzü gördü, bir neçə mahnıya yaşamaq hüququ verdi. Amma qəfil dost itkisi ötən ilin bütün uğurlarını kölgədə qoydu. Mərhum yazıçı-publisist Rafiq Tağının ölümü Baba müəllimi hələ də ağrıdır...

 

- 2011-ci ildə keçirdiyim xoş dəqiqələr burnumdan gəldi. Il ərzində çoxlu nailiyyətlərim oldu, amma dostumun itkisi bu uğurların üstündən qara xətt çəkdi. Söhbət böyük yazıçı, həkim və gözəl insan Rafiq Tağıdan gedir. Onun itkisi bütün uğurlarımı uçuruma yuvarladı. Mənə elə gəlir ki, Rafiq Tağının ölümü ilin deyil, bütün ömrümün itkisidir. Həm də artıq bu ölüm ilin hadisəsi kimi yaddaşlarda qaldı. Rafiq Tağı mənim tərcümeyi-halıma çevrilmişdi. Elə bil ömrümün böyük bir hissəsini itirdim. Əlbəttə ki, belə bir ölümlə barışmaq çox çətindir. Sanki onun yoxluğu ilə həyatımda böyük bir boşluq yarandı. Həyat artıq öz dəyərini itirdi və bir az da mənasızlaşdı. Rafiq Tağının ölümünə kimi mən çox optimist adam sayılırdım. Həmişə bu günün deyil, sabahın daha yaxşı olacağına, xeyirin şərə qalib gələcəyinə inanırdım. İndi bu inam yoxdur, qəfildən yoxa çıxdı. Ən qəribəsi isə  qorxduğum başıma gəldi. Yəni, bir zamanlar qınadığım pessimist insanların gününə düşdüm.

 

- Rafiq Tağının şəxsiyyətinə münasibət birmənalı deyildi. Sanki cəmiyyət Rafiq Tağıya münasibətdə iki yerə bölünüb. Onun dini baxışlarını qəbul etməyən xeyli sayda adam var...

 

- Kaş, dünyadakı bütün müsəlmanlar Rafiq Tağının yarısı qədər Allahını tanıyan olaydı. Çox heyf! Rafiq Tağının yaxınlarını, dostlarını da yandırıb-yaxan bu münasibətdir. Çox istərdim ki, insanların yüz faizi deyil, onun yarısı Rafiq Tağı kimi Allahına sədaqətli, sevgi bəsləyən olsun. Təəssüf, belə müsəlmanlar çox azdır. Bəlkə də heç tanımıram. Rafiq Tağı ilahi varlığa bağlı bir insan idi. O, hər şeyi, Allahla onun arasında olan bütün vasitələri, o cümlədən İlqar İbrahimoğlu kimilərini inkar edirdi. Bu onun cəsarəti və qəhrəmanlığıdır.

 

Artıq optimizm məndən uzaqlaşıb. Yer kürəsi öz oxu ətrafında çox arxayınlıqla dövr edir. Həmişə şərin müvəqqəti “qələbə”sindən sonra mütləq əsas qələbə görünür. Gecə nə qədər uzun olursa-olsun, lap bir insan ömrü qədər yenə səhər açılacaq. Mən həmişə buna inanmışam. İnsanam, müəyyən müddət üçün bu inamım azalıb. Amma bir şəxs olaraq deyirəm ki, riyakarların  “qələbə”si müvəqqətidir. Lap ermənilərin bizim üzərimizdəki “qələbəsi” kimi. Sonda mütləq haqq-ədalət öz yerini tutacaq. Bunu insanlar da bacarmasa,  buynuzlu qoçun qisasını buynuzsuz qoçdan alan ilahi bir qüvvə var. Bizdən çox-çox uzaqda və kənarda haqq-ədalət var. Orada mütləq müvəqqəti qələbə qazanan qüvvələrin divanı qurulacaq. Mən buna inanıram.

 

- Rafiq Tağının ölümünü alın yazısı sayanlar da var...

 

- Biz hər şeyi qismətə bağlamağa vərdiş etmişik. Camaat onunla bağlı xəbərləri mətbuatdan alırdısa, mən son ana kimi orada, xəstəxanada mərhumun yanında idim. Əməliyyat olunanda, reanimasiyada, oradan palataya köçürüləndə yanında oldum. Azərbaycan təbabəti ölünü diriltdi, diriltdiyi adamı isə təzədən öldürdü. Bu, bir həqiqətdir və gəlişi gözəl sözlər deyil. Doğrudan da o, hadisə günü dünyasını dəyişsəydi, təbii ki, yenə də yanıb-tökülərdik. Deyərdik ki, hadisədir, olub, təbabət möcüzələr yarada bilmir, yaxud da onu xilas etməyə gücü çatmadı. Rafiq Tağının ölümü mənim üçün müəmmalıdır və həmişə də müəmma olaraq qalacaq. Babal yuyanlardan deyiləm, bu, çox böyük günahdır. Amma bu prosesdə qaranlıq qalan məqamlar var. İnanmıram ki, bu qaranlığın üzərinə nə zamansa işıq düşsün.

 

- Deyirsiniz ki, Rafiq Tağı gələcək arzularından danışırdı. Arzuları nə idi?

 

- Gündəlik həyatın axarından danışırdı. Deyirdi ki, ayağa qalxan kimi İsmayıllıya gedərik.

 

Əslində, bu, bizim həmin olaydan əvvəlki planlarımızdan biri idi. Möhkəm qar yağdı, səfər təxirə düşdü. Dedi ki, havalar düzələn kimi gedərik. Təkidlə həkimə deyirdi ki, artıq yaxşıyam, məni evə buraxın. Özü həkim idi. Bilirdi nə var, nə yox. Ona hər şey məlum idi. Yanında da heç kəsin qalmasını istəmirdi. Qızı ali məktəbə hazırlaşırdı. Yoldaşına deyirdi ki, gəlmə, onunla məşğul ol. Özündən başqa hamının qayğısına qalırdı. Həmin arada mənim də maşınımı vurmuşdular. Mənə deyirdi ki, nə var, dur get, maşınını düzəlt, mən yaxşıyam, nə var axı burda qalmısan? Elə bil ölüm məğlub olmuşdu. Ağlımıza da gəlmirdi ki, ölüm pusquda dayanıb. Yəni ölüm onun görünən vəziyyətindən bu qədər uzaq idi.

 

- Rafiq Tağının ölümü Baba Vəziroğlunun yaradıcılığında öz əksini tapacaqmı?

 

- Bilmirəm, nədənsə müqəddəs mövzuları yaradıcılığa gətirə bilmirəm.

 

- Niyə?

 

- Mənə elə gəlir ki, buna sözün qüdrəti çatmır. Atadan, anadan, doğma kəndimdən, Rafiq Tağı kimi müqəddəs insanlardan yazmağa ehtiyat edirəm. Qorxuram ki, fikirlərimi sözə çevirə bilməyim. Qoy, o fikirlər, o düşüncələr bakirə qalsın. Onları sözə çevirsəm bir az mənasızlaşar, solğunlaşar. Müqəddəs bildiyim mövzuları sözə çevirməyə ehtiyat edirəm. Bəlkə də olanlara sözün gücü çatmır. Bəlkə də mənim qələmimin buna gücü çatmır...

 

- “Mənim qələmimin buna gücü çatmır”... Bəlkə elə ikinci ifadənizin üstündə dayanaq...

 

- Ola bilər. Mən bunu həmişə etiraf etmişəm. Bu mənada Rafiq artıq mənim həyatımda yaşayır. Onun mənim nəğmələrimə gəlməsi, hekayəyə çevrilməsi bir o qədər də önəmli deyil. Rafiq mənim üçün bir məktəb, böyük bir universitet idi. Mən ona ədəbiyyatımızın, təbabətimizin, insaniyyətimizin bir vicdan etalonu kimi baxırdım. Belə etalonlar varsa, biz müəyyən mənada ona bənzəməliyik. Yəni, bizim səhv etməyə ixtiyarımız yoxdur. Bu mənada “dost dosta tən gərək” ifadəsi yerinə düşər. Rafiqlə dost olanda gərək özünə və peşənə onun kimi sədaqətli, o cür insani keyfiyyətlərə malik, ədalətli, vicdanlı, mərhəmətli olasan. Yəni, tam Rafiq ola bilməsən də, ona bənzəməyə çalışmalısan. O, bir məktəb kimi mənim üçün yaşayır.

 

                                                         

                                                           Söhbətləşdi: Bahar Rüstəmli  / 25.11.2011

Digər xəbərlər

Qaraçuxa

“Moskva dəftəri”

Əli Əkbər Rafiq Tağı haqqında

Yanaşı ulduzlar

Həyat və Əxlaq

Şərhlər