Rafiq Tağının ikinci qatili

Tarix: 29-06-2017 10:42
Baxış sayı: 1970

Salam Sarvan yazır

Anam

 

İki il idi ki, xəstəydi. Cəlilabadda, Lənkəranda, Bakıda çox həkimə aparmışdım, xeyri olmamışdı.

 

Bir gün Rafiq həkimə zəng elədim. Zarafatla dedim ki, arvada Bakıda baxmayan bir sən qalıbsan. Durdu gəldi. Anamla yarım saat söhbət elədi. Sonra bəzi dərmanlar yazıb getdi. Onu yola salıb evə qayıdanda məəttəl qaldım. Rafiq həkimin yazdığı dərmanlardan hələ qəbul etmədən anamın gumrahlaşmağı təəccübləndirdi məni.

 

Anam dedi: “Ay bala, onun söhbəti məni sağaltdı”.

 

Adam

 

Rafiq Tağı gedəndən sonra stolun üstündəki sellofan torbaya işarə eləyib anama dedim ki, bunu həkim gətirib səninçün. “Ay bala, belə həkim olar?” - anam bu sözü həkimin qarasınca gileylənirmiş kimi dedi.

 

Torba konfet və meyvələrlə doluydu. Almadan ömrü boyu xoşlanmayan anam Rafiq həkimin gətirdiyi almalardan birini götürüb yeməyə başladı.

 

And olsun Allaha ki, o, almanı dərman kimi qəbul eləyirdi.

 

Rafiq həkimin yazdığı dərmanları alıb, anamı rayona yola saldım…Və iki aydan sonra artıq onun heç bir xəstəlikdən şikayəti yox idi…

 

Avam

 

Hərdən xurafata, cəhalətə qarşı kəskin yazan dostlarımdan ötrü çox narahat oluram. Deyirəm ki, bir az ehtiyatlı olun, bir az qorxun, bir az özünüzü qoruyun, öldürə bilərlər sizi.

 

Hərdən mən bu talantlı dostlarımın toplumun maariflənməsi kimi faydasız, çox faydasız, tamamilə faydasız, əsrlərdən bəri faydasız bir iş üçün özlərini qurban vermələrini istəmirəm.

 

Hərdən mən bir toplumun taleyini bir talantın taleyindən aşağıda tuturam.

 

Deyirəm ki, buraxın bu milləti, “necə tarac olur olsun, nə işiniz var?!” Siz axı bəşərisiniz, axı sizin talantınız konkret bir topluma aid deyil, siz axı dünyaya, dünya mədəniyyətinə gərəkli ola bilərsiniz.

 

Bu toplumun gic-gic problemləri Axundovun, Mirzə Cəlilin, Sabirin, Şirvaninin təkcə ömür-gününü yox, həm də parlaq istedadını yedi. Nəhəng istedadlar bu toplumun xırda, biabırçı, əttökən, islaholunmaz problemlərinə xərclənib də getdi, böyük işlər üçün potensial qalmadı, vaxt qalmadı, can qalmadı.

 

Azan

 

Ceyms Coysdan soruşurlar: “Özünü İrlandiyanın uğrunda qurban verərsənmi?” Onun cavabı: “Xeyir ola, qoy İrlandiya özünü mənim uğurumda qurban versin!”

 

Hərdən qətiyyətlə düşünürəm ki, Rafiq Tağı özünü bu toplumun maariflənməsinə qurban verməməliydi.

 

Adam yanıb-tökülür. Əşi, dünyanın şedevr bədii mətnlərini yarada biləcək istedadın vardı, özünü maddi baxımdan təmin edəcək həkimlik sənətin vardı, səni hamıya sevdirəcək insanlığın vardı... Bu fədakarlıq nəyinə lazım idi axı? Novruzəli cəhənnəmə manqurtdur, Tükəzban cəhənnəmə cahildir, Ağabala cəhənnəmə qoyundur.

 

Anam

 

Anam “beyinə qansızmadan” əməliyyat olundu. Reanimasiyadan palataya çıxardılandan iki saat sonra halı pisləşdi. Hörmətli dostları işə qoşandan sonra xahiş-minnətlə arvadı təzədən reanimasiyaya qaytardılar.

 

Reanimasiyaya qayıdan kimi öldü. Artıq gec imiş, onu oradan tez çıxarmaq olmazmış.

 

Azar

 

Rafiq Tağı xəstəxanadaykən iki dəfə yanında oldum. Hər ikisində gəl-get çox idi. Hər ikisində həmin həndəvərdə bir dənə də olsun tibb bacısı belə görmədim.

 

İndi onun həkimi özü etiraf eləyir ki, Rafiq Tağı əməliyyatdan sonra öləsi vəziyyətdə deyildi. Guya ona yeməyi düz verməyiblər.

 

Görürsənmi, həkim özü açıq işarə verir ki, yazıçının ikinci qatilini xəstəxanada axtarmaq lazım. Soruşmaq lazım ki, niyə həkimlər onu reanimasiyada iki gün də artıq saxlamayıblar? Niyə həkimlər palatada xəstənin yanındakı ziyarətçi basabasına nəzarət eləməyiblər? Niyə həkimlər onun nə yediyinə və nə qusduğuna diqqət göstərməyiblər?

 

Asan

 

Xəstəxanada Rafiq Tağını ikinci ziyarətimdə çox gümrah idi. Dedi ki, yaxşı olacaq, burdan çıxan kimi yenə də dil-dil ötəcəyəm.

 

(yazı Salam Sarvanın facebook səhifəsindən götürülüb)

 

Digər xəbərlər

Beş şəkil

«Article 19» Rafiq Tağı və Samir Sədaqətoğlunu dərhal azad etməyə çağırır

BÖ­­YÜK BA­­CI

Qaraçuxa

Mİ­­­KE­­­LAN­­­CE­­­LO­­­NUN SƏHV­­LƏ­­­Rİ

Şərhlər