Keçmiş və gələcək nağılı. Korrida

Tarix: 13-06-2024 00:31
Baxış sayı: 168

Keçmiş -  zaman ehtiyatı tükənmiş metafizik boşluqdur. Dialektika yalnız
gələcəkdə güman oluna bilər. Keçmişdə həqiqətləri maksimum gizlətmə
xüsusiyyəti var, ancaq gələcək, həqiqətlərin keçmişdən xilasını vəd edir. Gələcəklə
keçimişin rəqabəti bu məqamdadır. Gələcək keçmişdən perspektivlidir. Keçmiş
həqiqət yerinə gələcəyə yalançı informasiyalar ötürür və əslində gələcəyi korlayır.
Heyif, keçmiş olmasaydı, gələcək bambaşqa olacaqdı. keçmişlə genetik kodlanan
gələcək həmişə də ona oxşayıb. Elə ona görədir ki, ayıb-ayıb gələcəyi
proqnozlaşdırmağı mümkün sayırlar. Keçmiş, bəşəri cansıxıcı, lüzumsuz, hətta
ziyanlı biliklərlə yükləyir. Üstəlik bu biliklərin əksəriyyəti təxminidir və sonradan
tam əvəzlənə bilir. Asanlıqla bir müvəqqəti "həqiqət"in yerinə başqası qoyulur.
Dünya həmişə mifik öküz üstündə təsəvvür olunurdusa, bay, neynək, sən demə
heliosentrik imiş. Yaxud, keçmiş daim gah demokratiyanı, gah despotizmi siyasi
fəzilət sayıb.
  
Keçmiş məhz bu yanlışlıqları səbəbindən köhnə görünür. Həm də keçmişin
mənzərəsi, bəşərin nə cür məxluq olması haqqında təsəvvür oyadır; bu
təsəvvürün adı primitivlikdir. Tarix, bəşəriyyətin ifşası üçün dosyadır: bəşəriyyət
minillər boyu öz həyatını qura bilməyib. Bəşər tarixində yalnız, getdikcə
təkmilləşən müharibələr əlamətdardır. Həm də keçmişlərə tamaşa qılıb, ondakı
mənəvi dəyərlərin praqmatik keyfiyyətinə təəccüblənməyə bilmirsən. Əlbəttə,
mənəviyyat praqmatik dəyərlənəndə mənasız olur. Hətta dinlər də praqmatik
dəyərlər sırasındadır. Dinlər əslində, totalitarizmi şərtləndirir və indiyəcən onların
gördüyü iş əslində, padşahlardan da ötkün peyğəmbərlər icad etmək olub.
Dinlərin yeganə uğursuzluğu, ilahı təxminən bizim birimiz səviyyəsinə
endirməsidir. Dinlər büsbütün keçmişin rəngidir və yəqin, daha parlaq güman
olunan gələcəklərə qara ləbbadələr yaraşmayacaq. Mühafizəkar keçmiş
tərəqqidən imtina edir; çünki, tərəqqi onu unutdura bilər. Keçmişdən olsa,
gələcəyi ləğv edər və özünə qapanıb qalar. Keçmişdə, özündəşeyə çevrilmə
xüsusiyyəti güclüdür. Keçmişdə hər şey ibtidaidir və başlanğıcdadır. Bütün aliliklər
gələcəkdədir. Keçmişlərin ədalətsizliklərdən törənmə "əsilzadəlik"lərinin aliliyə
dəxli yoxdur. Eklektik keçmişin təcrübəsi, gələcək üçün artıq, yersiz və gərəksizdir.
 

Keçmişindən bərk yapışan millət, gələcəyindən nagüman olur. Keçmişə hədsiz
bağlılıq məcburiyyət üzündəndir: başqa şey tapılmayanda, özünü təsdiq üçün
keçmiş yeganə meyara çevrilir. Tarix həmişə barbarlığı əsaslandırır. İrili-xırdalı
müharibələr keçmişlərə istinadla ideyalandırılır. Şər keçmişdən qanadlanır. Şər
bütün keçmiş boyu xeyirə qalib gəlib. Xeyirin qalibiyyəti gələcəkdə fərz olunur.
Ancaq şər, güclü və ölməzdirsə, bu qalibiyyət illuzordur.
 
Tiranlar gələcəkdə olacaqlarsa da, onlar büsbütün keçmişə aiddirlər. Keçmişin
sirayət etdiyi gələcək, bəlkə də lüzumsuzdur. Gələcək nəsillərin keçmişdən xilas
şansı yoxdur. Ələlxüsus Azərbaycanda. Əxlaq, keçmişin gələcəyə qarşı silahıdır.
Mühafizəkarlıq Azərbaycanda keçmişin ən səciyyəvi xüsusiyyətidir. Çağdaş
ədəbiyyatımızda qrafoman köhnə nəsil də öz mühafizəkar "sərhəd"ləri daxilinə
çəkilib və gələcəyə əxlaq topları atmaqla məşğuldur. Yeni nəsil ona fatal bir qüvvə,
anlaşılmaz "NLO" təsiri bağışlayır. Azərbaycan ədəbiyyatının milyonlarla insanın
axırına çıxmış totalitar iblis dövlətini vəsf eləmək kimi şərəfsiz tarixi mərhələsi də
var.
 
...Keçmişə ölüm, gələcəyə həyat uyğun gəlir. Biz həyatı vəsf edəndə, gələcək
ehtimalı artır.

Digər xəbərlər

Maral

Sİ­­ZİF­­LƏR ÖL­­KƏ­­Sİ

Avropa və biz

Gənc Qraf Kenterberiyski

Elnarə Akimova: "Rafiq Tağı haqqında elegiya"

Şərhlər