Tarix: 17-08-2016 13:01
Baxış sayı: 1677
"ELƏ YAZIÇILAR VAR Kİ, ZİYALI YOX, "PADŞAH ZURNAÇILARI"DIR"
Bu yaxınlarda yazıçı Rafiq Tağı 60 yaşını adladı.
Azad Yazarlar Ocağı avqust ayını "Rafiq Tağı ayı" elan edib. Rafiq Tağının "Azadlıq" qəzetinə verdiyi müsahibəni təqdim edirik.
17 avqust 2010
-Rafiq bəy, 60 yaşında özünüzü necə hiss edirsiniz?
- 60 yaşımı bir sirr kimi nə qədər gizlətdimsə, alınmadı. "5 avqust"umu bilən beş-üç adamdan biri Rasim Qaraca idi ki, ondan bu tarixi aləmə yaymamağı xahiş etmişdim. Sözümü yerə salıb "adyazar.az" saytında bu təbriki "həyata keçirdi". Yəni "mənim yubileyim" əslində Rasim Qaracanın günahıdır. Bunu eşidib də, Nərmin Kamal qutlama mesajı göndərdi. O zaman aldı görək mən: "Nərmin xanım, kitabınızın çıxmasını gözləyirəm: bax, belə uğura təbrik düşür. Yoxsa dananın, camışın, hətta broyler fabrikində toyuqların da ad günü var. Yubileylər bir sərçənin ad günü qədər əhəmiyyətsizdir". Doğrudan da, bizdə yubileylərə hədsiz meyl pataloji haldır. Mamaçalar istəsə, uşağı bir gün əvvəl də doğuzdurar və belə çıxır, gələcək tarix indidən dəyişdirilmiş olar.
Yubiley şöhrətin vacib komponenti deyil.
Qoy gülmək üçün deyim ki, ad günümü ilk təbrik edən mail.ru kompaniyası oldu. Sözlərin altında da bir dənə gül şəkli. Düzdü, bu, qloballaşma üslubunda mexaniki təbrik idi, ancaq mənə quldarın öz qullarını təbrikindən daha səmimi görsəndi.
-Qloballaşma barəsində fikirləriniz maraqlı olardı.
-İnternet məkanı qloballaşmanın bir görüntüsüdür.
Təbiətdəki kataklizmlər, "müharibə" və "inqilab" adlı ictimai-siyasi təbəddülatlar - bəşəriyyətin bütün bu faciələri qloballaşmanı vacib edir. Təbii fəlakətlərdə insanlığın həmrəyliyi də qloballaşma təzahürü kimi ortaya çıxır.
Qloballaşma insanlığı milli komplekslərdən xilas etmiş olardı. Qloballaşmada diktatorlara yer qalmaz. İndiyəcən milli komplekslər insanlığın inkişafında əyləc funksiyası daşıyıb. Bəzi millətlərin özünü yüksəltməsi, ari sayması ən gülünc işlərdəndir. Milli mürəkkəblik əsassızdır. Ümumiyyətlə, arilik başqa toplumların haqqını tapdalayan, milli quldurluq psixolojisidir.
Mən deyirəm: qlobal dəyərlər milli dəyərlərdən üstün və səmərəlidir.
Qloballıq özlüyündə yüksək əxlaqı ehtiva edir. İnsan haqları, azadlıq, demokratiya, həmrəylik - bunlar əslində siyasi yox, əxlaqi dəyərlərdir.
Ətrafınızdakı yazarların əksəriyyəti gənclərdir. Bu sizə necə təsir edir?
-Bahar insana necə təsir edirsə, o cür. Onlarla birlikdə olanda, ən azı öz gəncliyimi unutmuram. Həm də onlarla, artıq bığı da ağarıb görünməz olmuş Rafiq Tağı yox ki - elə gənc Rafiq Tağı oturub-durur.
Gənclərdə mən formalaşma prosesini izləyir və xoşlayıram. Kasıb bir oğlan, artıq iki roman ortaya qoymuş gənc yazar Əsəd Qaraqaplanın cidd-cəhdlə öz ədəbi taleyini qurmağını gördükcə, gözlərim dolur. Qan Turalının, Elnur Astanbəylinin yazılarına, özüm yazıbmışam kimi, sevinirəm. Mənim kimi cibində siçanlar oynayan bu gənclər elə mənim kimi də ancaq sözdən-yaradıcılıqdan xoşbəxt olurlar.
-İndi bizdə çox müzakirə olunan məsələlərdən biri ziyalılarımızın ictimai mövqeyidir. Sizcə yazıçının ictimai mövqeyi necə olmalıdır?
-"Ziyalı" məfhumunun özündə böyük yanlışlıqlar var. Bizdə rüşvətlə insitut qurtarana da ziyalı deyirlər. Bəşəriyyətə elmi töhfe verməmiş akademiklərimiz də ziyalı sayılır. Azərbaycanımızda qaranlıqdan ibarət elə ziyalılar var ki, içinə qara pişik atsan, tapılmaz. Yazıçının ictimai mövqeyi, məsələn, Dostoyevskinin "Yazıçının gündəlikləri" tipində üzə çıxmalıdır, həyətindəki zibillikdən "İç xəbər"ə şikayətlənən arvadın fikri şəklində yox. Yazıçı detallardan yox, ümumidən danışmalıdır. Böyükdən yapışmalıdır, kiçikdən yox. Yazıçı diktaturadan yazmalıdır, əzazil kontor rəisindən yox. Yazıçı şərin ləğvi yollarını aramalıdır; konkret rüşvəyxorların islahına onun ömrü çatmaz.
Ancaq deyirik, deyirik, hələlik xeyri yox. Amma olacaq.
-Sartr deyirdi: ekzistensializm humanizmdir. Bəs, Sizcə, ədəbiyyat humanizmdirmi?
-Ədəbiyyat bəşəriyyətin ona ehtiyacından doğulub. Əlbəttə, ilkində humanistlik məram güdülüb, faydalılıq əmsalı göz önündə olub. Ancaq bəşəriyyət özü sonradan ədəbiyyata praqmatikcəsinə yanaşmanın absurd olduğunu anladı. Ədəbiyyatın funksiyası təkcə humanizmi çözməkdən ibarət deyil. Ədəbiyyat Allahı da çözür, Şeytanı da. Əksinə, ədəbiyyatda bəzən Şeytan bəzən hədsiz maraqlı görünür. Tutalım, detektiv ədəbiyyat başdan-başa Şeytana həsr olunmuş kimi üzə çıxır, yaxud elə onun təsviri deməkdir. Fyodor Dostoyevski büsbütün İblisin təfsirindən ibarətdir.
- Həbsiniz şərin təzahürü idi, yoxsa həlim xasiyyətli bir doktor-yazıçının təsadüfü?
- Həbsim şərin təzahürü idi. Şər əvvəl dindən elədi, sonra siyasətdən. Boğuldum qaldım. Cəmiyyət də ildırım sürətilə şoka düşdü. "Avropa və biz" bizdə demokratiyanın hələ iməkləmə dövründə olduğunu sübut etdi. Boynumuzun damarları şişə-şişə bağırdığımız "Azad söz!" şüarı yüngülcə bir hərəkətlə kənara itələnmişdir. Hətta demokratiya üzrə demoqoq Pənah Hüseyn də mənə nifrətin yağdırdı. Mikloş Haraşti azad sözün fundamental insan hüquqları sırasında olduğunu bəyan edəndən sonra, elə san, qızğın başların üstünə soyuq su əndərdilər. Hami sanki ayılmış kimi oldu.
Mən yazılarımda divin ayağına batmış ağacı çəkib çıxaran nağıl qəhrəmanına bənzəyirəm. Nağılda əvvəl ağrıdan nərilti qopur, amma dincələndən sonra div o ağacı axtarıb çıxaranı tapır, ona yaxşılıqlar edir. Cəmiyyət də əsl yazıçıya qarşı həmişə əvvəl nərildəyir, dişini qıcayır, tez ələ keçirib onu parçalamağa can atır. Təşəkkür - ehtiram dövrü adətən yazıçının ölümündən sonraya düşür. Ümidim bunadır.
-Axı, hemişə belə deyil. Yazıçıya adlar da verilir, yubileyler də keçirilir...
-Həqiqətlərdən qısıla-qısıla yan keçənlər yazıçı deyil, güzəran aşiqləridir. Hə, mən elə adamlara "yazıçı" yox, yumşaq tərzdə "yazıçılıq texnologiyasını bilənlər", sərt formada isə "padşah zurnaçıları" adı verirəm. Siz də başqa nə desəniz yeri var: camışın tənində gögeyin, ay nə bilim, tarlada qanqal, cəmiyyətin bədənində solitra. Şər qulluqçularına, yalan sənətkarlarına nə ad versən tutacaq.
Avtoritar rejimlərdə o bədbəxtlər hətta övladlarını prezidentin əliylə işə düzəldir və bunun idbar bir şey olduğunu anlamadan xoşbəxt olurlar. Məğmun yazıçılar xoşbəxt ölürlər.
-Çox adama maraqlıdır: niyə ancaq hekayə?
-Niyə ki: həm şeir, həm esse, həm portret yazıları və məqalələr. Həm də "ancaq hekayə". Müsahibələrim də mənim əsərlərimdir. Lakin düz tutubsunuz, hamıya qabarıq görsənəni hekayələrimdir. Sadəcə, hekayə janrı mənim həyatımın ritminə uyğundur. Həkimliyindən ayrılmayan yazıçılarda həmişə belə olur. Çexovda da belə idi. Amma qraf Tolstoyda həyatın ritmi hekayələrdən çox romana uyğun gəlirdi.
Hekayələrimin yaranışı qazandığım çörəklə sinxronluq təşkil edir. Rep kimi bir şey. Həm də axı, janr nisbi əhəmiyyət kəsb edir. Xalqlar da öz folklorunda kiçik janrlara üstünlük verir. Bizdə elə bayatılar var ki, ondaki bir misra bütov bir romandan siqlətlidir.
-Azadlıq nədir? Söz azadlığı üçün söz lazımdır, yoxsa azadlıq?
-Azadlıq insanın özünü reallaşdırması imkanıdır. Azadlıqda yalnız cinayətlərə yasaq var. İnsanlarımız azadlıq acıdırlarsa da, heç kəs onun uğrunda barmağını barmağına vurmaq istəmir. Biz azadlığın qızıl sinidə hüzurumuza gətirilməsini gözləyənlərik. Xalqlar içində birinci olmaq şərəfi bizi düşündürmür. Xalqın böyüklüyü sayla ölçülməz. Dostoyevski nə deyirdi: həqiqi böyük xalq heç vaxt heç vaxt ikincili rolla razılaşmaz.
Siyasi azadlıqlar vacibdən vacibdir, amma azad söz bunsuz da, hətta totalitar rejimlərdə də yarana bilər. Bir iş var ki, siyasi azadlıqlar yazıçı və oxucunu Ezop dili əzablarından xilas etmiş olardı. Əslində Ezop dili ədəbiyyatda məcburi və süni gözəllikdir. Ezop dili yazıçı üçün artıq və lüzumsuz əməkdir.
Barı sivilizasiyanın bu həddində, Mahmud Əhmədinecadın öncəgörməsinə inansaq, Mehdi Sahib-əz-Zamanın İranda zühuru ərəfəsində, yazıçı və oxucunun bir-birilə asanca anlaşması gərək.
-Eynulla Fətullayev ətrafında yaranmış polemikaya münasibətiniz. Siz kimə haqq qazandırırsınız? Mir Şahinə, Anara, yoxsa Eynullaya?
-Yazıçı Anarın Azadlıq Radiosundakı söhbəti tamam biyabırçılıq idi. Hədsiz köhnəlmiş, naftalin iyi verən mənəvi keyfiyyətlər-təkəbbür, süni və şit qürur, yalançı aristokratlıq residiv vermişdi. Görəsən, torpaqları əldən getmiş bir insanda, ac-yalavac insanların fəlakətləri fonunda, uzun illər "konqresmen" ola-ola özünü siyasətçi saymayan bir Azərbaycan yazıçısında bu qürur hardandı? Məncə, bu qürurun valideynləri Rəsul Rzanın "Lenin" poeması və bir tək azad sözə rast gəlməyəcəyin şəkilli "Qobustan" jurnalıdır. Ancaq bəyəm Sovet dövləti dünya rəssamlarının əsərlərinə baxmağı insanlara yasaq eləmişdi? İmperiyanın paytaxtında elə jurnallar saysız-hesabsızdı. Görən, Anarın dayandığı o hansı yüksəklikdi ki, başqaları onda duruş gətirməsin? Düzü, mən bir dinləyici olaraq, yerimdə qurcuxur, Anarımızın yerinə utanırdım: Xədicə İsmayilovanın azad düşüncəsi qarşısında "görkemli Azərbaycan yazıçısı"nın təfəkkürü çox bəsit, hətta eybəcər görsənirdi: hirsli-hikkəli və Azərbaycan xalqına gərəksiz.
Diktaturada siyasi illüzionistlərin bizə azman göstərdiyi yazıçılar hələ bu nisbi demokratiyamızda mikroskopik nəzərə çarpır. Yəni əslində olduğu kimi. Artıq bu yazıçılar öz əsərləri ilə bir qızcığaz gəlinciyi ilə oynayan kimi oynayırlar.
Gələk Mir Şahinə. İnsaf dinin yarısıdır: Mir Şahin Azərbaycanın ən talantlı insanlarındandır. Bunu hətta qanmaz da danmaz. Ancaq talant da hər şey demək deyil axı. Cəmiyyətdəki fors-major situasiyalarda Mir Şahində əxlaq defektləri üzə çıxır. Vaqif Bayatlı demiş, burası gözelimiz Azərbaycandır: hər şey gəlib əxlaqa dirənir. Bizdə yalnız əxlaq həqiqi qiymət ölçüsüdür. Bir dustağın taleyinə biganəlik bütovlükdə azadlığa biganəlikdir və bu, dünyanın heç bir yerində məqbul qarşılanmaz. Yeri gələndə bəyənmədiyimiz, ağız büzdüyümüz ruslarda dustağa gör necə mehr-məhəbbətlə yanaşırlar. Əlbəttə, bu, xristianlıqdan gəlmədir. İsa Peyğəmbərin nümunəsi insanların içini gözəlləşdirib. Universitetdə qəddar sosrealist ədəbiyyatı ilə tərbiyələnmiş Mir Şahinə, barı hələlik, Lev Tolstoyun "Dirilmə" və bir az başqa aspektdə "Sergi ata" əsərlərini oxumağı məsləhət görərdim. "Bədbəxt adam"a baxmış bircəcik dustaq belə Mir Şahinə alqış deməz. Üstəlik də, əzizim, üç-beş günə köhnə videokadrları yan-yana düzməklə yaradılmış uzun bir verilişə film deməzlər. Mir Şahinin telejurnalist peşəkarlığına şəxsən məndə şübhə yarandı. Mir Şahin hələ 90-cı illərdən üzü bəri aşa bilməyib. Mən "Bayıl"da olarkən Azadlıq Radiosundan eşitdiyim, Eynullagildə axtarış zamanı onun xəstə anası Gülşən xanımın əzablı çığırtıları hələ də qulağımdadır. Mir Şahinə əsas da bunu demək istərdim: müsəlman olmazdan əvvəl insan olmağımız gərək, Mir Şahin bəy, Eynulla da, elə sizin kimi, Azərbaycanın ən güclü jurnalistlərindəndir. Eynulla Fətullayev Azərbaycanı hamımızdan fərqli sevən bir şəxsiyyətdir. Axi, niyə xalq üçün ağlayan gözükor olmalıdır. Sizdən bir xahişim var: gələcəkdə o filmə korrektələr edəsi olsanız, adını dəyişdirib "Xoşbəxt adam" qoyarsınız.
-Mən bunları Mir Şahin haqqında ürək ağrısı ilə dedim. Azərbaycandakı demokratikləşmə prosesində onun böyük rolu olub. Gəlin, bu filmi onun yanlışlığı hesab edək və ona sevgilərimizi itirməyək.
-Gənc bloggerlərin və Eynulla Fətullayevin azad olunması barədə ziyalıların müraciətinə prezident "bağışlanmazdır" dedi. Sizcə ziyalılar düzmü etmişdi?
-Ziyalılar düz etməmişdi. Onların bu müraciəti xala xətrin qalmasın idi. Qəti səmimi deyildilər. Elin də gözü tərəzidir: onlar cəmiyyətdən güddükləri dividendi ala bilmədilər. Üstəlik də sözlərinin kəsəri yox. Hamısı bir bezin qırağı olan bu adamları prezident yaxşı tanıyır.
Xahiş-minnətlə nökər olmuş insana ağa nə hörmət qoyasıdır.
Ağsaqqal görkəmli bu "ziyasızlar" Azərbaycanda azad mühitin yaranmasında iştirak etməyiblər. Cavabsızlıq məntiqli idi. Bağışlayın, yeri gəlib, qoy özümdən də sitat gətirim. Təxminən on il əvvəl esselərimin birində yazmışdım: "Azərbaycan ağsaqqalları ağıl gölməçələridir, yəqin içində dombalangöz qurbağalar gəzişir". Bax, hədəfim bu cür yüngülsaqqallardı.
Elmin Həsənli