“İki Tağıyev İlqar” Kədərli və adsız yazı

Tarix: 22-07-2017 16:22
Baxış sayı: 1505

Bu yaxınlarda mən tənhalığı öz gözlərimlə gördüm. İndiyəcən onu yalnız fərz edə bilərdim; ona bələdliyim qiyabi-nəzəri cəhətcə idi. Tənhalıq şairlərini də həmişə uydurmaçı-ədabaz saymışam. Amma indi belə çıxır, onlar haqlıymışlar. Mənəmmişəm haqsız. Qardaşlar, klassiklərimiz, daha tənhalıq şerlərini məndən də gözləyin. Di gəl, haqqı gec anladığımdan, artıq əbədiyyətdə özümə yer görmürəm. Əbədiyyətə soxulmaq mənim tərəfimdən sırtıqlıq olardı. Həm də qırxında öyrənən gorunda çalar. Bir az sərt deyəcəm: ədəbiyyata hər eşşək gələ bilər, ancaq əbədiyyətə gedə bilməz.

                İlahi, dünənəcən salam-kalam elədiyim, birlikdə az qala bir ton çörək kəsdiyim insanlar məndən üz döndərmişdilər. İçi seyidlər qarışıq, hamı elə bil yeziddi. Sifətimi görən-görən “qomik”lər kimi mənə dərhal dalını çevirirdi. Bir müddət adamları həm də sağ-sol qulaqları səmtdən seyr etdim. Hara baxırdımsa, gözümə qulaq dəyirdi. Yeknəsəq divar radiolarına bənzər, həqiqətləri eşitmək istəməyən bu qulaqlar, sərt əyriliklərdən quraşdırılmışdı. Allah onları sanki kubizm janrında işləmişdi. Burada Yaradanın məqsədi naməlumdur. Həqiqətlərimə görə mənə nifrət bəsləyən bir xanıma mən də qulağındakı kükürd “probka”sına görə nifrət edəsi oldum. Olduq əvəz-əvəz. Yalandan özünə “xanım” təxəllüsü götürməklə deyil ki.

                Əlbəttə, bunlar heç. Ancaq burda insanlarımızı batan gəmini tərk edən siçovullara bənzətməsəm, ürəyim soyumaz. Dostların bir göz qırpımında düşmənə çevrildiyi hər hansı məmləkət qəhr olasıdır! Qardaşlar, dostun tezliklə düşmənə çevrilməsi səfalət göstəricisidir. Fiziki mövcudluq həddində dostluqların hamısı yalan və etibarsızdır. Qələmlər üstümə qılınclar kimi çəkilmişdi. Axı, bizdə qələmin süngüyə çevrilməsi ənənəsi var. Ancaq biz döyüşlərdə yox, qorxaq və tülkücəsinə yalnız arxa cəbhədə qələmi süngüyə çevirməyin ustasıyıq. Həri, indi Azərbaycanda “sədaqətli” rolunu “atanşik”lər ifa edir. Əlbəttə, mən kölgəm qamçılanmış bütün yazıları yığıb gələcəyin siçanlarına saxlamışam. Qoy onlar firəvan və kök yaşasınlar. Bir az gedək o yana. Mən Azərbaycanda düz iki həftə azərbaycanlı üzünə həsrət qaldım. Bir zaman Moskvada çəkdiyim qəriblikdən Bakıda da çəkəsi oldum. Ancaq bir var əvvəldən yadlar, bir də var sonradan yadlaşmışlar. Yadlaşmış doğmalar cinayət xislətli olur.

                Tez də gələk bu yana. Həri, Xalqım məndən küsüb; Novruz da gəldi-keçdi, yenə barışmadı. Millət özünün Novruzda barışmaq adətinə heç vız atmadı da. Millətim adət-ənənələrini bəzək düzək ləvazimatı kimi qoruyur. Onlardan istifadəyə həvəs göstərmir, bəzən buna lüzum görmür də. Qardaşlar, xalq acqarına məndən qaçır, mənsə bir qarnı ac, bir qarnı tox - ona sarı yüyürürdüm. Heç cür əlim əlinə çatmırdı. Əlimin havada qalması mənə təhqir kimi gəlir, qəhərdən boğulurdum. Vay, vay, bu boyda millət burnu Gədəbəy kartofuna bənzər bir yazarın əlində giriftar qalıb! Mənim atdığım yumruca pambıq ona ağır daş kimi dəymişdi. Bir tərəfdən baxanda, xalqım yaman həssas imiş. Sözgötürən deyilmiş. Ona ehtiramım birə-beş artdı. Axı, öz aramızdır, indiyəcən onu sancmaqdan savayı əlimizdən nə gəlib. Çörəyimiz onu dolamaqdan çıxıb. Satira nədir - silah növü. Amma bunu deməməli deyiləm və deməliyəm ki, xalq həmişə gözəldir; klassiklərimizdən üzü bəri, satira-zad ona ləkə yaxılması cəhdidir. Milləti heç canilərə görə də təhqir etməzlər. Cinayət - ölümdən qaçmaqlıqdır. Azərbaycanda həyat cinayətlər tələb edir. Yəni bizdə həyat cinayətlərsiz başa varmaz. Azərbaycan hökuməti nekroloji xislətlidir. Artur Rəsizadənin təbəssümlərindən ölüm şüalanır. Bu bədbəxt o qədər xoşbəxtdir ki, gülməyi gəlməyəndə də gülür.

                Yox, xalqım mənim sarıdan səhvdədir. Elə bilir onu sevmirəm. Ancaq lazım gəlsə bu barədə Ətağanın qəbrinə and içə bilirəm. Həm də onu sevməsəydim, heç dərdlərindən yazardımmı? “Qarabağ gedib bajı, cəhənnəmə ki!” - deyərdim. Üstəlik, onsuz hamı yaxşı bilir: vətənpərvərlikdə gəlir-mənfəət yoxdur. Barı qoyun bir tək mən bu sahədə başımı qatım.

                Mən ömrüm boyu millətin başı altına balış atanlarda olmadım. Trankvilizator rolundan uzağam. Mən fizioloji yuxuların təbliğatçısı, qəflət yuxularının qənimiyəm. Qəflət yuxuları ölümlərin proloqudur. Qardaşlar, axı, Allah bizə də ucalıq şansı verib. Ucalmaq istəyənə yuxu nə lazım... Yuxulu quş uça bilməz. Yaxud quş göydə yuxulayarsa, gurlu-guppaz yerə gələsidir.

                Amma dar ağacından asılan Rafiq Tağı boz Azərbaycanı bəzəkləndirmiş oolacaqdı. Şairlərimiz dar ağaclarına şirin-şirin salam verərkən, R.Tağının boğazında stranqulyasyon şırımlar açılar, anam da min voltluq naqilə yapışıbmış kimi məndən tutub sallanardı.

                Həri, qardaşlar, “İki Tağıyev İlqar” gözlərimi dünyaya təzədən açdı. Elə bil qaranlıqlar qəfildən “elektrifikasiya” oldu. Qaranlıqların sonrası xəstəlikdən təzə durmaq kimi adama xoş gəlir. Dostlar düşmənçilikdə düşmənlərimi ötüb keçmişdilər. Dostlara baxanda düşmənlərim dosta bənzəyirdilər. Namxuda, dostlarımda düşmənçilik güclü imiş. Əcəb bu cür düşmənçilikləri müharibələrə məsrəf edəsən.

                Bu prosesdə mən hamını qoruyurdum, hamı - özünü. Azərbaycandakı əxlaqsızlıqlar mətbu söyüşlər şəklində üzə çıxmışdı. Elə bil haralardasa kanalizasiyanın ağzı tutulmuşdu. İnsanlar qanun-hüquq, hır və zır qanmadan üstümə yürüyürdü. Qadınlı-kişili patriotlarımız sülh səhnəsində xoruz şəklində görsənirdilər. Heydər Əliyev atəşkəsi Azərbaycanda broyler xoruzları effekti doğurmuşdu. Deyirəm, bəlkə də biz döyüşlərdə uğursuzluqlarımız ucbatından söyüşcül olduq. Qələbə söyüşü istisna edərdi. Çürük dişlərini üstümə qıcayan soydaşlarıma bu əsnada mənim yazığım da gəlirdi. Hər halda, görünür, şüşə qəlblərini sındırmışdım. İndi hay-küydən sonra quzu kimi sakitləşmələri məni açmır. İstərəm yenə əsib-coşsunlar. İstərəm onlara yazığım gəlməsin. Yoxluğu rəmzləndirən bütün sakitliklər qorxuncdur.

                Qardaşlar, üstəlik, bacılar, məni bir də heç vaxt qorxutmayın. Ürək-göbəyim düşə bilər. Ələlxüsus, ölümlə hədələməyin! İzafi zəhmətdir. Çünki onsuz ölümlə qurtarmışam. Bağışlayın, mən artıq ölməzəm... Silahsız yanında qəhrəmanlıqları da yerə qoyun. Bu həm qudurğanlıq, həm də məğmunluq təəssüratı oyadır. Onsuz dünyaya gələli bir “dayandoldurum” icad etməmisiniz. Ən böyük kəşfiniz çomaq olub. Ağır yumruqlarınızısa silah olaraq Allah sizə verib.

                Onu desəm olar, deməsəm olmaz ki, mən irrasional qara güclər qarşısında cubbulu qızımı dəqiqəbaşı sinəmə sıxar, hər ehtimala ondan ayrılardım. Qızım demmətbuatda elan olunmuş qətlimi ağlına da gətirmir, əbədi ayrılığı dərk etmir, ya bəlkə onu bir oyun kimi başa düşürdü. Əslində də əbədi ayrılıqlar elə bir oyun növüdür. Binayi-qədimdən bütpərəstlərin əməlləri gec-tez cinayətlərlə bitib. Qətlim də onlardan biri olardı. Amma qızım yetim qalacaqdısa, qara torpaqlarda intiqamsız rahat yata bilməyəcəkdim. Qəbrimdən göylərə qızıl alovlar saçılacaq, Azərbaycan çartart yanacaqdı.

 

Dekabr, 2001 – aprel, 2002

Digər xəbərlər

Sürreallıqlarımız

ÇÖL

Siyasət və Ədəbiyyat

Mələk

Müharibə

Şərhlər