Homeostaz. Köhnəlmiş Mədəniyyətlər Səmtində Düşüncələrim

Tarix: 31-03-2017 12:11
Baxış sayı: 1427

Tovuz- Bakı

 

 Müharibələr mədəniyyətlərin fövqündə baş verir. Belə getsə bəşər mədəniyyətdən üz döndərəcək. Bir yönümdə nə qədər tədris olunarsa da, mədəniyyət öz nümunələri ilə çeşidli yönümlərdə, özü də gözlənilmədən təzahür edəsidir. Barmaqla göstərilən istiqamətlər həmişə lüzumsuz olur. Ona görə də mədəniyyət vasitəsi ilə bəşəriyyət istədiyinə yetməyəcək, hərçənd hələ bu istək özü bir müəmmadır. Bütün yalan-palanları kənara qoysaq , həqiqətdə bəşərin istədiyi utilitar şeylərdir. Bəşər mədəniyyətə zövq-səfa mənbəyi kimi baxır. Mədəniyyət instinktlərin ödənişinə məsrəf olunur. İnsan cəmən dinc yaşamaq üçün heç vədə yetkin qanunlar düşünə bilməyəcəyini görüb mədəniyyətə göz dikdi. Mədəniyyət zaman-zaman antisanitar durumlu insan mənəviyyatının təmizlənməsində, yəni ki, cinayətə sipər rolunda işləndi. Hərçənd bundan bir fayda alınmadı. Mədəniyyətlər ideyalara, yaxud da ideoloqlara iynə ucu qədər təsir göstərmir. Hitler Motsartı can-dildən sevirmiş. Yaxud mən bir pedofilin klassik musiqi həsrətində bulunduğunu öz gözlərimlə görmüşəm.

 

   Mədəniyyət nümunələri Allahla bağlı yarandığından, hörmətli bir əşya, yaxud bəzək kimi işlənir. Qədim romada arxitektorların əməyi komfort səmtinə yönəlmişdi. İnsan dikbaşcasına daim rahatlıq istəyir. Lakin onun bu istəyində idbarlıq görünür. Bunda heç bir gözəllik, işıqlı fantaziya yoxdur. Rahatlıq arzuları, azadlıq və ədalətin inkarına səbəb ola bilər.

 

   Mədəniyyət bütün dövrlərdə güclülər tərəfindən mənimsənilib və ən yaxşı halda əsilzadəlik iddiasına gətirib çıxarıb. Əsilzadəlik zorla alınıb mənimsənilmiş mədəniyyətlərin təzahürüdür və göründüyü kimi onun məğzində cinayət durur.

 

   Mədəniyyət özlüyündə müharibələri doğurur, yəni müharibələr əslində mədəniyyətlər uğrunda gedir. Müharibələr adətən daşınası mədəniyyət əşyaları qurtaranda qurtarır. Xüsusən bu keyfiyyət əski müharibələrə xasdır. XX yüzildə muharibələr ideolojiləşdi. Hərçənd faşizmlə kommunizm toqquşmasında da hazır mədəniyyətlər gözdən qaçırılmır, fürsət düşdükcə həzmi-rabedən keçirilirdi.

 

   İndiyinəcən erməni-türk çaxnaşmalarında qədim mədəniyyət elementləri əldə bayraq edilib. Məsələn, Mesrop Maştotsun "əlifba" adlandırdığı uşaq cızmaqarasının qədimliyinə (b.e. v əsr) istinadla ermənilər daim böyüklük iddiasında bulunublar. Halbuki, müharibə "teatr"-larında onların "böyüklük"-ləri aləmə faş olub. Hər halda türklərin onların iç üzünü yaxşı görüb. Mədəniyyət çağdaş dövrdə millətin mövcudluğuna haqq qazandırır, onun yaşamına vəsiqə rolu oynayır. Elə binayi-qədimdən də belə olub. Mədəniyyəti oğurlanmış, yaxud talanmış xalqlar yoxluğa məhkumdur.

 

   Bəşəriyyət ona başucalığı gətirməyən oyun-oyuncaq tarixi ilə sübuta yetirdi ki, mədəniyyətlə onun, heç bir üzvi bağlılığı yoxdur. Yəni mədəniyyətlər göylərdən endirilən ideyalarla hasilə gəlir və heç biolojisində demirəm, insanın mənəvi xromosomlarında da kodlaşa bilmir. Ona görə də mədəniyyət heç vaxt onu dəyişdirə bilmir. Mədəniyyət bəşər tarixinin çox-çox sonrakı dövrlərində Yer üzünə bir eksperiment kimi yollanıb. Bu eksperiment hələ də bitməyib, hərçənd insan artıq ondan yorulub. Bir müddət insan, mədəniyyəti rövnəqləndirmək, necə deyərlər "inkişaf etdirmək" xülyasına düşdü, lakin niyyət baş tutmadı. Mədəniyyət Allahın təzahürü şəklində təsadüfən peyda olur. Allahsa ən ali məqamda statikdir; bu mənada "mədəniyyətin inkişafı" təbiri gülünc səslənir. Hər halda insan mədəniyyətə müdaxilə həvəsində çırpınıb, lakin bu amacda heç də uzağa getməyib. Kim deyər ki, muğamlar Mədəniyyət Nazirliyinin təşkilati işi sayəsində ortaya çıxıb.

 

   Bəşər mədəniyyəti uzaqlara apara bilməyəndə xeyli məyus oldu. Çünki fəxarət üçün bir səbəb qalmamışdı. Yalançı ideyaların təlqini ilə yaranmış "hər şeyə qadirlik" inamı puça çıxırdı. Onda... sivilizasiyaya əl qatdı. Yenə ilkin niyyətdə bulunduğu komfort xatırlandı. Baho, sivilizasiya insanı bu istəyinə asanlıqla qovuşdurdu. Sivilizasiya faciəvi sonluqla bitəcəksə də, hələlik insanı qane edir. Mədəniyyət Allahın verdiyi, sivilizasiya insanın uydurduğudur. Hayıf, mədəniyyət faciə ilə bitməyəcəkdi, insan ona qədir-qiymət qoymadı. Bəşər mədəniyyətə biganə qaldı, onun mədəniyyətə dair bütün söz-söhbətləri boşboğazlıqdan başqa bir şey olmadı. Bəlkə elə bu səbəbdəndir ki, bəşər vaxtaşırı İlahın özünə də biganə qalır.

 

   Çağdaş anlamda dinlər də bəşər mədəniyyəti elementləridir. Hərçənd, dinlərdə despotiklik var. Dinlər, insanın despotik ruhuna rəğmən, bu ruha münasib ölçüdə göndərilib. Bəlkə də yalnız dinlərin nümunəsində mədəniyyət insanı "ram" edə bilib. Dinlər ilahın təntənəsidir. Bununla ilah öz yaratdığını görüm dairəsindən itirmə təhlükəsindən qurtuldu.

 

   Bəşər mədəniyyəti epoxaları despotlar sayəsində bərqərar olub. Despotlar, mədəniyyətlərə sahib çıxmaqla, israfın, özünütükətmənin qabağını alıblar. Azadlıq mahiyyətcə mədəniyyətlərin ölüm məqamıdır. Azadlıq heç də mədəniyyətlərin "çiçəklənmə"si üçün nəzərdə tutulmur. Azadlıq bəşər instinktlərinin çin olması yoludur ki, bu da özlüyündə mədəniyyətdən önəmli məsələdir. İnstinktlər içərisində mədəniyyətin heç izi də yoxdur, olsa da, bu artıq görünür. N. Berdyayev azadlıqda rahatlıq təminatçısı sivilizasiyanın mədəniyyətdən üstünlüyünü göstərə bilmişdi. Mədəniyyət uğursuzcasına insan rahatlığı naminə işlənilmişdisə də, sivilizasiya bu mənada daha effektli alındı. Mədəniyyət bu məqamda bir qədər kənar və ölgün təsir bağışlayır.

 

   Müharibələrdə, ələlxüsus muharibələr arasında, mədəniyyət ədalətsiz xalqların təkəbbür elementinə çevrilir. Almanların mədəniyyəti zaman-zaman militarizmin əsasında durub. Mədəniyyət sonucda ekspansiya ilə mənalana bilir. Ən təzəsi serblərin misalıdır. Ona görə də muharibəyə qurşanan xalqın ilk növbədə mədəniyyəti beynəlxalq qanunlarla faydasız, hətta zərərli bir şey elan olunmalıdır. Bu, cəza sayılardı. Küll halında mədəniyyətlər haçansa müharibələrə sövq etdirir. Bir millət ərköyünlüklə başqa milləti əzmək işində öz mədəniyyətinə mənəvi dayaqlanır. Bu mənəvi "dayaq"lar sayəsində müharibələr labüdləşir.

 

   Həm də mədəniyyətlər göylərdən enən nurun qabağında tromba çevrilir, ilahın inkarına səbəb olur. Ateizm adətən mədəniyyətin yüksək səviyyəsində törənir. Bir vaxtlar İsa peyğəmbərin adına sığınmış pravoslav ruslar ədəbiyyat və mədəniyyətin zirvəsinə çatanda, ateizmə qurşandılar. Mədəniyyətlərin plankası endikcə insan öz yaradıcısına da çox sadiq qalır, ona asi olmur.

 

   Ateizm bəşəriyyətin mədəniyyətlə zəhərlənməsindən törənib.

 

   İnsan tərəqqi üçün başqa üsullar tapmalıdır. Mədəniyyətlər ümidsizcəsinə köhnəlib, sivilizasiya isə yalnız can rahatlığı üçün yararlıdır. Yaxşı ki, bəşər Allahın mədəniyyət eksperimentindən qurtulmağın da labüdlüyünü dərk edib. Köhnəlmiş mədəniyyətlərin ölü ruhundan qurtulmaqla azadlığın imkanları genişlənmiş olar. İnsan canı üçün nəzərdə tutduğu sivilizasiyadan birini də, qəlbi üçün fikirləşəcək.

Digər xəbərlər

“İki Tağıyev İlqar” Kədərli və adsız yazı

Gənc Qraf Kenterberiyski

Jorj

Rafiq Tağı - Sabirə müharibə elan etdi

Aşura kriminal durumu

Şərhlər