Pyotr Çaadayev ruhunda yazı (tryuizmlərlə)

Tarix: 13-06-2024 00:49
Baxış sayı: 62

Yaxşı pisdən yaxşıdır, pis yaxşıdan  - pis. Heyvanat insanatdan çoxdur. İnsanda söz
çox, əməl azdır. Qardaşlar, tryuizmlərin yeri gəlib, bir də gəlməyəcək, qoy
təzələrini də deyim: rus çeçendən çoxdur, çeçen rusdan – az. Çox azala bilir, az –
çoxala. Vaxtilə çox az olub, az – çox. Ancaq heç cür demək olmaz da ki, az az
qiymətlidir, çox – çox. Ruslar fəlsəfələrini çoxluqdan yapıb, işğal hüququnu ədədi
çoxluqlarından quraşdırıblar. Pyotr Çaadayev deyərdi – “biz ən çox şimal xalqıyıq”,
ancaq “dünyaya görsənmək üçün Berinq boğazından Oderə qədər uzanmalı
olmuşuq”. Düzdü, ruslarda işğal fəlsəfəsi həm də Rusiyanın işğalı təcrübələrindən
doğulmuşdur. Ruslarda hər hansı fəlsəfi görüşdə intiqam ruhu taparsan.
 
“Büsbütün xristianlıqdan törənən” (P.Çaadayev) ruslar özünü xalq kimi tək-tək
passionar nüsxələri hesabına təsadüfən tanımışdır. Ancaq özünü yalnız
passionarları ilə tanıyan xalq əbədi yarımçıqlığa düçardır. Bəlkə elə ona görə və
həm də “qanımızda elə şey var ki, hər hansı proqres bizə yaddır” (P. Çaadayev).
Alkoqolizmə mübtəla rus xalqı öz passionarlarının boynundan ağır daşlar kimi
asılmışdır. Bu bir deqradasiya əlamətidir ki, xalq mənəvi qanunlarla yox,
bürokratik dövlətin qanunlarla yaşamına üstünlük verir. Ruslarda “anlaqlı
patriotizm” yox, yalnız “instinktiv patriotiklik” var (yenə P.Çaadayev). Filhəqiqə,
rus hərb maşınına oturdulub instruksiya üzrə hərəkət edərkən, mexaniki surətdə -
heç özü də bilmədən qəhrəmana çevrilir. Bu baxımdan rusların çeçenlər üzərində
qələbəsi mümkünsüzdür. Ruslar yalnız “slujba” dövründə, çeçenlərsə hətta
yatanda da qəhrəmandırlar. Di gəl primitiv faşizm ideologiyası rus xarakteri üçün
səciyyəvidir. Bu hələ Rusiya tarixindəki yəhudi talanlarından bəllidir. Rus cəmiyyəti
çeşidli qaraguruh qüvvələrlə həmişə alabəzək olub. Rusiyada total faşizm yalnız
rusların əzəli-əbədi intizamsızlığı ucbatından baş tutmayıb. Rusların intizamsızlığı
bəşəriyyətin xoşbəxtliyidir. Həm də rus cəmiyyəti kommunizm ideologiyası ilə
süsləndiyindən faşizmə vaxt qalmadı.
 
Ruslarda mədəniyyət Avropadan köçürülmədir. Rusiyanı Avropa saymaq  I Pyotrun
xoşuna gəlirdi. Mən Rusiyada konservatoriya pəncərələrindən daim yalnız Qərb

musiqisi eşitmişəm. Mən çox sevdiyim XIX əsr rus ədəbiyyatını da, əlbəttə, Avropa
təzahürü sayıram. Rus ədəbiyyatı Avropanın Asiyaya calağından törənib və onun
“calaq ədəbiyyat” adlandırılması daha düzgündür. Rusiya həmişə Avropanın,
ancaq hətta Asiyanın da əyaləti olmuşdur. Rusiyada əyalət psixologiyası, əyalət
ehtirasları hökmfərmandır. Onun hətta siyasi “elita”sında da “takt hissi”, mərifət
yoxdur. Xəstələnən saat prezidentin istefası tələbi rus siyasətçilərində insanlıqdan
biabırçı uzaqlığın əlamətidir. Rusiyada mədəniyyət batalistikdir və XIX əsrdə hətta
aristokratizm də müharibəyə münasibətlə dəyərləndirilirdi. Rusiya barı iftixar
etdiyi müharibə mədəniyyətinə görəsə monqol-tatarlara minnətdar olmalı idi.
Rusiyada sivilizasiya kütləvi ölümlərlə seçiləndir. Rusiyanın yazılı tarixində
gerçəklik yoxdur. Rusiyanın Sovet dövrü tarixi oratoriya tiplidir, yalnız “rus
böyüklüyü”nün təşviqi üçün yazılıb və öz yalanları ilə bütün digər xalqların tarixinə
də sirayət etmiş, ona əngəllər törətmişdir. Rusiyaya mədəniyyət gətirmiş, adına
dünyanın indi də heyran qaldığı türk fatehlərini rus tarixçiləri “barbar”
adlandırmışlar. Rusiya tarixi hədsiz ideolojiliyi üzündən dünya üçün
əhəmiyyətsizdir. Rusiya tarixi, demək olar, informasiyasızdır. Rus xarakterindəki
aqressivlik çağdaş nəhəng hərbi-sənaye kompleksindən bəllidir. Leksikoloji
humanist maska qoparılıb atılarsa, Rusiya siyasətçilərindəki qəddarlıq çıl-çılpaq
görsənər. Onsuz dünya siyasətçiləri “rus ayısı”nın dabbaqda gönünə bələddir.
Kamuflyajsız Rusiya siyasətçiləri şəxsiyyətcə deqradasiyalı “alkaş”lardan başqa bir
şey deyillər. Boris Yeltsin təmizcənə alkoqolikdir. Onsuz əslində çağdaş Rusiyanın
əksər siyasətçiləri bu və ya digər dərəcədə alkoqolik törəmələridir. Məişətdə
ədalətli görsənən hər hansı rus siyasətçisi əslində tarixi ədalətin bərpası işində
ədalətdən hədsiz uzaqdır. Rusiya gec-tez Şimalda “lokallaşası” ölkə olduğunu
etiraf etməlidir. Yalnız onda Şimal koloritli bir ölkə dünya mədəniyyətində yerini
tapa bilər. Silah bənzərli rus məktəblərilə dünya üzərinə yeriməklikdən bir şey
çıxmayacaq. Onsuz azsaylı Sibir xalqlarının assimilyasiyasındakı cinayət büsbütün
Rusiyanın boynundadır.
Kiçik millətlərin ruslaşdırılması etnoqəza sayılmalıdır. Başını dikəldən millətlərin
ram edilməsində kommunizm ideyası ruslar üçün göydəndüşmə olmuşdu. Heç bir
sivil ölkədə kommunizm Rusiyadakı tələskənliklə quraşdırıla bilməzdi. Həqiqətən
məğrur Qafqaz xalqları Rusiyadan daim təzyiqlər görmüşlər. Cəfakeş çeçen
xalqının mədəniyyəti Rusiya tərəfindən udulmuş və həzmi-rabedən keçirilmişdir.
Ruslar çeçenlərin mədəniyyətini ləğv etmiş, sonra da bu mədəniyyət barəsində
“yoxdur” demişlər. Çeçen mədəniyyəti faktını ruslar tarixdən silmişlər. Çeçenlərin
soyqırımı soldafon rusların milli özbaşınalığıdır və Rusiya siyasətinin patolojiliyinə

dəlalət edir. Paransid Rusiya siyasəti dünya üçün hədsiz təhlükəlidir. “Zaman
təcrübəsi bizim üçün mövcud deyil” (P.Çaadayev). Ancaq hər halda, çeçenlər
ruslarla vuruş mədəniyyətinə malikdir; ümid təkcə bunadır.
 
Qardaşlar, Rusiya gec-tez parçalanmaya məhkumdur. Dünyanı yeni
etnomədəniyyət sıçrayışları gözləyir. Qondarma bir federasiya dünya
mədəniyyətini çox-çox geri atmışdır. Rusiya Federasiyasında mədəniyyət həmişə
irəliyə yox, geriyə vərəqlənib. Sibirdəki aborigen millətlər indi təkcə gözlərindən
tanınır. Onlar bu gen dünyaya hündür almacıqları üstündəki gözcüklərdən tamaşa
edirlər. Rusiya dünyaya acınacaqlı anti-kultroloji təcrübələr qoymuşdur.
Rusiya Azərbaycanı da dəfələrlə ilhaq etmiş, onun mədəniyyətini təhriflərə
uğratmışdır. Milləti özümləşdirən mədəniyyət faktları mütəmadi sıradan
çıxarılmışdır. Hegemon ruslar ötən əsrdən bəri azərbaycanlılara ancaq natamamlıq
hissi aşılamaq cəhdində bulunmuşlar. Ruslar muğama “ulamaq” deyərdilər, biz də
ağzımızı ayırıb gülərdik. Azərbaycanın Sovet dövrü ədəbiyyatı və musiqisindən
“rus qoxusu” gəlirdi.
 
 
Həri, dünyanın işləri uzundur. Kiminin əvvəli, kiminin – axırı. Rus çeçendən çox,
ancaq çeçen rusdan qüdrətlidir... Qardaşlar, zaman hər şeyi öz taxçasına düzəcək,
onda dünya hökmən gözəl görünəcək. Mən zamana “əlahəzrət” deməyə
bilmirəm.
 
 
“Hürriyət”, 16.10.1999

Digər xəbərlər

Azad Qaradərəli: "Üç nöqtə" (hekayə)

Qardaşı İlqar Tağının Rafiq haqqında müsahibəsi

Mirzə Ələkbər Sabir haqqında gecikmiş sözlər Rafiq Tağı - Sabirə müharibə elan etdi

Qonşular

Mirmehdi Ağaoğlu: "Rafiq Tağı və Sabirin heyrətamiz oxşarlığı"

Şərhlər