Eyvanından vağzal görünən ev

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 642

Azərbaycana gəlib-gedən qatarlar içinə təzə yığışdığım, eyvanından vağzal görünən evin yanından keçir. Hər keçəndə də həndəvərimizdə xeyli çabalayıb yox olan kiçik bir zəlzələ baş verir. Yəqin Yer kürəsindəki zəlzələlərin hamısı qatarların günahıdır.

Tankla dolu yük qatarları Rixter cədvəli üzrə 9 balı da keçə bilən zəlzələlər törədir.

Bəlkə bu dəmir yolu zəlzələlərindən damarlarımdakı xolesterin düyüncükləri qopub qanda əriyəcək. Ola bilsin təzə evimizdə hamı ölənəcən cavan qalır. Ölüm yalnız travmadan olur, travma da inqilab və müharibələrdən.

Yəqin cavan qaldığından, bu evin doxsan yaşlı kişisini də döyüşə apararlar.

Gün uzunu həyətdə gördüyüm Abdulun ailəsi bəlkə də saxladığı göyərçinlərdən ibarətdir. Kişi elə də müsinn-qocadır, bilməzsən axsamağı hansı müharibənin əlamətidir. Kətildə oturub belinin donqarını divara söykəyir, göyərçinlərə baxa-baxa fikir çəkir. Göyərçinlər onun tərki-dünya yeridir. Özü də dəqiqəbaşı qatarlardan hürküb əks səmtə uçurlar - dəmir yolundan uzağa. Mən onların diksinəndə qatar səmtə uçmalarını görməmişəm. 

Materialist qatarlar kişini tərki-dünya olmağa qoymurlar.

Gecələr də ağcaqanad vızıltısından göz yummaq olmur; səhəri diri açırsan. Bu məşum səslər bəlkə də qatar səslərinin interferensiyasından alınır. Ya də məni indən belə Bakıda gözləyən həyatın əlamətləridir; ola bilsin, irəlidə böyük münaqişələrlə rastlaşacağam. Ona görə də Bakıya köçdüyüm bu neçə ayda işə düzəlməyə qorxurdum. İş əvəzinə işsizlik üçün müavinət yerinə ayaq döyürdüm. İşsizlik mübarizələrdən yaxa qurtarmaq üçün vacibdi. 

Cəmisi də bir həftədir şəhər qeydiyyatına düşmüşəm; pasportumla hərbi biletimi çoxdandı verib gözləyirdim. Haçansa hər şeydən azad olmağı arzulayıramsa da, hələ də hara getsəm, köləlik əməliyyatlarından keçməli oluram. Tarixlər boyu da azadlıqların yolu köləlikdən keçib. Bunu miniatür formada daim öz həyatımda görürəm.

Dünən evin tinindəki mərmi yarığına bənzəyən mağazadan talonla qəşəng bir toyuq aldım. ( Təkəm deyə, mənə ən yaxın rəqəm 1-dir). Bəh, özü də Braziliya toyuğu! Al-əlvan örtüklə elə bəzənmişdi deyirdin gəlindi. Gör ha, Braziliya xanımı Bakıya gəlib!

Görəsən pasportu var?..

Eyvanımdan görünən on- on beş cərgə dəmir yolu xəttindəki ilan sürüsü qatarlara baxdıqca, öz halıma acıyırdım. Əsas da məni haldan çıxaran qeyri-estetik yük qatarlarıdır. Yaman da satqındılar- ölkəyə düşmən tankları gətirirlər.

Gecələr dəmir yolunun hündür dirəklərindən asılı projektorlar səhərəcən yanır. Elə bil günün günorta çağıdır. Komendant saatı da olsa, dəmir yolunda iş gedir; sanki ölkənin bəzi əzələləri tərpəşir.

Mən hələ də komendant saatında Bakı küçələrinə çıxmamışam - buna ixtiyarım çatmır. Və belə çıxır, Bakının yalnız gündüzünə köçmüşəm. Çox uduzdum, çox: Moskvadakı gecəylə gündüzü Bakının təkcə gündüzünə dəyişdim.

Bir bazar günü üzən tanıdığım, adınısa, öldür, yadıma sala bilmədiyim birisi qapımda görünüb dedi guya "mənə qonaq gəlib". Gəlib gəlib də-ə - keç içəri. Amma ürəyimdən olmadı. Dedi, mənim qürbətin daşını atıb qayıtmağıma qəlbən sevinir. Özü də guya biz içkin qohumuq və qohumluqdan əlavə , hələ dostuq da. Nədənsə, mənimlə qohumluğu - dostluğu onun yadındaydı, onunla qohumluğum- dostluğum mənim yadımda deyildi. Onun "qəlbi" köhnə saat mexanizmi kimi gözlənilmədən işə düşmüşdü: təmir elənmədən. Xoş- beş qurtaranda, söhbəti mənim keçmiş məktəb yoldaşlarımın üstünə gətirdi.

- İndi Əlləkbər hardadır?
- Sən onu hardan tanıyırsan?
- Kişi prokurordu - necə tanımayım?
- Bəyəm respublikadakı prokurorların hamısını tanıyırsan?
- Təzələrdən başqa!
- Xeyir ola, Ələkbəri axtarmaqda?
- Təşvişə düşmə, tapıb dostluq eləməyə soruşuram. Sənli- mənli.
- Eh, indi dostluğa vaxt- imkan hanı!
- Bəs Cəfər?..
- Deyirsən hardadır?
- Həm hardadır, həm də...
- O da hüququ qurtarıb.
- Onu bilirəm.
- Eşitmişəm müstəntiqdir.
- Demək, Ələkbərdən bir pillə aşağıdır.
- Yəni prokuror müstəntiqdən keyfiyyətli məxluqdur, eləmi?
- Mən elə demədim.
- ...Bir var mal əti, bir də var - ceyran! Bəh-bəh!
- ...Cəfər prokurorluqda müstəntiqdi, yoxsa milisdə?
- Vacibdisə, öyrənərəm.
- Bir də gördün o da oldu prokuror.
- Əlbəttə. Qumar oynamır, içki içmir, - get -gedə yüksələcək.
- Deyirəm bir yığışıb çıxardıq bulaq başına.
- İlin- günün bu vaxtında?
- Sağlığına, bulaq başında fövqəladə vəziyyət yoxdur. Bulaq başı siyasətdən kənar yerdir.
- Yox, axı...
- Gərk ki, sizdən cəmisi ikisi "sistem"dədir.
- Deyirsən azdı?
- Yox. Bir sinif üçün çoxdu da.
- Deyəsən, ağcaqanad vızıltılarının bir səbəbi bu "qohumum və dostum"du. O, qalan sinif yoldaşlarımın öldü-qaldısıyla maraqlanmadı da. Yəqin özlüyündə onları çıxdaş eləmişdi.
Gəldiyim Moskva qaydasıyca peçenye və çayla "qonağ"ın başını aldatdım. Braziliya xanımına toxunmadım.

O, saatına baxan kimi qəfil yerindən sıçradı:

- Vay-vay, gecə yarı olub! Mən qaçdım!

Onun dalıyca qapını kip bağlayıb qayıdanda, gördüm pəncərəmin üst yarısı ulduzludu; ulduzlar ondan fərqli komendant saatına məhəl qoymadan seyrəngaha çıxmışdılar. Bəlkə də göylərdə bayramdı.

Eyvandan bir topa işıq kimi vağzal görünürdü. Dəmir yolu boyu səsgücləndiricilərdən işçilərə göstərişlər verilirdi. Hərdən də radionu qoşurdular: komendant saatı olmayan ölkələrdə Azərbaycandan fərqli gecə həyatı musiqiliydi.

İçəridə soyuducunu açıb Braziliya xanımına baxdım. Deyəsən, mən ona vurulurdum.

22.07.90 - 26.09.92 

Digər xəbərlər

Mehman Qaraxanoğlu: "Xoş halına, Rafiq Tağı!"

Elşad Abdullayev yazıçının "ölüm müəmması"nı yenidən gündəmə gətirdi

Heç bir yazıma görə peşman deyiləm

Rafiq Tağının ikinci qatili

Rafiq Tağının şlyapa söhbəti

Şərhlər