"Əldən çıxan böyük mühakimə şansı" Azad Qaradərəli yazır

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 863

 

Rafiq Tağının cinayət işi bağlandımı?

Ünlü yazıçımız Rafiq Tağının qətlindən iki il ötdü. Və buna bənd imişlər sanki: şanlı hüquq-mühafizə orqanları işi bağlamağı qərara alıblar. Hə də, şikayətçi yox, tələb edən yox, səsini qaldıran yox...

 

...Yazıçının qətlindən az sonra  məni istintaqa çağırdılar (bu barədə dəfələrlə yazmışam). Son zamanlarda biz onunla tez-tez görüşür, zəngləşirdik. Bu, bir yazıçı münasibətindən başqa, həm də ikimizin də digər dostlarımızla birgə buraxmağa hazırlaşdığımız müstəqil "Yazı” ədəbiyyat dərgisinin nəşri və çap problemləri ilə bağlı idi. Bir neçə dəfə Rəhim Əliyevlə birlikdə çayxanada, sonra isə Rəhim müəllimin bağında görüşmüş, dərgidə gedəsi yazıları müzakirə etmişdik. Rafiq bəyin dəyərli təklifləri və tərtibatla bağlı fikirləri işimizə çox yaramışdı...

Nə yazıqlar ki, elə bu qədər. Onun bizimlə birgə işləməsinə imkan vermədilər. Dərgi çapda olarkən qanını tökdülər. Bunula da kifayətlənməyib, yarımçıq qalmış cinayətlərini  xəstəxanada gerçəkləşdirdilər... Gücümüz ona çatdı ki, dərginin artıq çap olunmuş  son səhifəsində nekroloq yerləşdirdik...

 ...Müstəntiqin (adını unutmuşam) mənə ünvanladığı suallar o qədər gülməliydi ki, bu istintaqdan elə o andaca əlimi üzdüm: "Onun düşmənləri varıydımı?”,"Onun qadınlarla münasibətləri necəydi?” (Heç gör dəxli var? Rafiq kimi bir adlı-sanlı yazarın ətrafında gənc oğlanlarla bərabər, qızlar da vardı təbii ki, lakin o bu gənclərin bir xocası, ustadı kimi idi. Nə deyim axı? Rafiq Tağının müstəntiqi onun əsərləri ilə bərabər, gərək Dostayevskini, Tolstoyu, Mirzə Cəlili oxumuş olaydı. Yoxsa o düşük sualları verməzdi ki?!).

            Bu sətirləri niyə yazıram?

Azərbaycan ədəbiyyatının yeni dövründə hər yazısıyla bomba effekti yaradan Rafiq Tağının qətli heç güllə effekti də yaratmadı. Xalq öz böyük yazıçısının günün günorta çağı qanına qəltan olunmasını adi hal kimi qarşıladı. Müxalifət adi bir bəyanatı da çox gördü. Dövlət isə... Təbii ki, ən çox umacağımız DÖVLƏTDƏN idi. Güman edirdik ki, hüquq-mühafizə orqanları xalqına və dövlətinə ürəkdən bağlı olan bu böyük insanın qatillərinin tapılamasına səy göstərəcək. Zatən bu, onların borcudur... Nə yazıqlar ki, iki ildən çox vaxt keçib, hələ də bir nəticə yox. Nəticənin olmaması bir yana, bu günlərdə aldığımız məlumat bizlərdə - Rafiq Tağının qələm dostlarında şok effekti yaratdı: hüquq mühafizə orqanları işi bağlamağı qərara alıblar... Artıq əsərləri ilə tarixə çevrilmiş bir şəxsin tarixə dönəsi mühakimə şansını əldən buraxdıq. Elə bir ədalət mühakiməsi qurula bilərdi ki, böyük tarixi hadisəyə şahidlik edə bilərdik. Fəqət... Şair dostu Aqşin Yenisey bu barədə illər öncə yazmışdı:

            ...Özünüzü yormayın, doktor,

            Onsuz da biz

            Qan sözündə gizlənmiş qırmızılıqdan qorxuruq

            Axıdılan qanlar göz yaşına

            Tökülən göz yaşları qana çevriləndə

            Başlanır tarix...

           

            Tarix isə heç nəyi unutmur. Etinasızlığı isə əsla. 

 

Azad Qaradərəli

Digər xəbərlər

Rafiq Tağının kulis.az-a müsahibəsi (2)

Həyatın Dibində

"Alma" qəzeti kollektivinin Rafiq Tağı ilə müsahibəsi

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

Şərhlər