Klassiklərdən sonra, Pərvizdən əvvəldə

Tarix: 22-07-2017 16:22
Baxış sayı: 82

Pərvizdən söz demək, türklər demiş, zor bir iş... Zaman onun yaradıcılığına insafsızlıq edib, uzun sürə onu görmək istəməyib. Heyhat, onsuz zamanlarda zövq yox... Üstəlik, sən demə, zaman heç ədalətli də deyil; onda əlyazmalar yanır da. Onunku toydan sonra nağaradır - hər şeyin qiymətini iş-işdən keçəndən sonra verir.

                Mən ədaləti, ideya şəklində olsa da, az-çox yenə insanda gördüm. Fikrində ədalər dolaşa bildiyinə gör, uca hörmətlərim yenə insanadır.

Pərviz dövlətlə Siyam əkizi ədəbiyyatımızdan daim gen gəzib; onun xoşbəxtcəsinə rəsmi adlandırılan mətbuatından şübhələnib, çəkinib və bəlkə də ayıqlığına görə onda çap olunmağı özünə rəva bilməyib. Bu səbəbdən onun yazılarını ölkədə hər səhər təzə bir dağ kimi ucalan “söz məmulatı” içrə aramalı olmuşam. Mən Pərvizin əsərlərinə münasibətdə hazırcənab geoloqam. Yazılarını tapıb oxuduqca sevinmiş, düzdü, bu vaxt o mənim sevincimə təəccüblənmiş, ancaq mən də onun təəccübünə təəccüblənmişəm.

İki azərbaycanlının bir-birinə bu sayaq qəribə-ideal, bu qədər xortdama bənzərli təəccüblərini kim görüb? Di gəl, səmimiliyinə hərdən şübhə etdiyim təbriklərimdən ürəklənib də. Mən – Rafiq Tağı, ömrüm boyu əlimdən ev tikmək gəlməyibsə də (hökumət “qutu”larına can atana belə şey nə gərək), könül tikməyi bacarmışam. İlk çağlar onda özünə inam yox dərəcəsində, sıfır həddində idi və kənardan əsla duyulmazdı. Böyük-kiçiklik bizim uşaqların evini yıxıb.

                Я памятник себе воздвиг нерукотворный,

К нему не зарастет народная тропа... –

Mən bu kopoyoğlu Puşkinin diri-dikbaş sözlərinə heyranam da-a. Amma bizim Puşkin səviyyəli hər hansı şairimizi dindirirsən, saplağı qırıq armud kimi başını aşağı dikir. Özünə inam azad insanlara xasdır. Biz azadlıq sarıdan həmişə axsamışıq. Mən Pərvizə, eləcə başqa uşaqlarımıza da komplekslərdən qurtulmaq arzulayır, bunu onlardan umur və gözləyirəm. Hərçənd despotlardan qurtulmaq mənə bundan daha asan gələrdi. Hə, Pərvizdə sistemləşməyə ehtiyac vardı. Hamımız dedik, mən də mütəmadi dedim, axır yaradıcılığın qara işlərinə də əl qatdı, qısa bürokratik sıçrayışla “Öləngi” adlı bu kitabı ortaya qoydu. Bu kitabıyla Pərviz pərakəndə və “naməlum” keçmişindən üzülüşə bildi. Kitab yaçızı təfəkküründə imperativ doğurandır. Artıq Pərviz özündən – “mən”indən yayına bilməyəcək. Artıq onun üçün “Öləngi”nin diqqəsindən qaçmaq olanaqsızdır. Əsl ədəbiyyat yolu dini keyfiyyətlidir.

Mən – Pərvizdən az qala ikiqat yaşlı bir sənətçi, onun “Azadlıq”dakı “Ədəbi Azadlıq” səhifəsinə düşməyi böyük hünər sanar, bundan qürurlanardım. Orda çıxan “Xalça şərqisi” və “Herakl” hekayələrimin dadı indiyəcən damağımdadır. Onun “Eqo Yaradıcılıq Ordeni”nə ideya töhfələri, “Yeddi rəng” və “Sənətçi” (“Avrasiya”), “Siyasətçi və Sənətçi. Olduğu kimi” (“Ekspress”) proyektləri mənim üçün yaradıcılıq dərnəkləri yerindəydi. Etiraf məqamıdır, mən yazılarımın bir qismini Pərvizlə bağlı, onun ideyalarından başlanğıc götürməklə yazmışam. Mən ürəyimdə ona “ideya dağarcığı” deyərdim; qoy indi bunu özü də eşitsin.

Pərviz psixoloji labirintlərdə gəzişməyi xoşlayandır. Labirintdəkilər barəsində hamı göz-qulaqda olur - əlbəttə, burası sirli-sujetli və sonsuz maraqlıdır. Psixoloji labirintlər onun üçün bəlkə də Nevski prospekti yerindədir: geniş və düz. Bu labirintlərə baş vurmaq da Pərviz üçün sonra ordan çıxmaq qədər qələbədir. Onun hər hansı qələbəsi həmişə qatbaqatdır. Pərviz cansız-sınıq kəndçi balasından özümlü-özgün bir nasirə gözlərim önündə çevrilib. Belə ki, indi mən klassiklərdən sonra, Pərvizdən əvvəldəyəm. Mən sözə klassiklərdə qiyabi gördüyüm həssaslığı onda əyani görmüşəm. Sözə münasibəti əxlaqidir. Modernist ruhunu sözlə sərbəst reallaşdırır.

Pərviz müdriklər sayaq ölümü tez tanıyıb. Ən geci - ilk gənclikdə. Həm də insanı ən çox ölüm müdrik edir. Onun ömründə ölüm səmtə sanki bir yürüş var; həyat onun üçün ölüm anından başlayır. Ölüm fizioloji refleksiyalara son qoyur; bu dünyadakı cəzalar bitir; insan sanki amnistiyaya düşür. “Ölüm yoxluqdur”, yaxud “Ölüm yoxdur” kimi fikirlər cəfəngdir. Əlbəttə, Pərvizdəki bu görüşlər bəlkə də ilkin deyil, ancaq dinlərdən sonrakı bu ikincilik məqbuldur. O, ölümə ən müxtəlif rakurslardan yanaşır və həqiqətən, hər dəfə onda həyatın başlanğıcını görür. “Öləngi” romanında qoca prezident ölümü təsadüfən onun avtomobilinin altında qalmış bir qızın surətində görür. Onun kaftarlığacankı zalımlıq və zülmləri, qəddarlığı, saçdığı faciələr ölümü tanımamağındandı. Qoca prezident ölüm naşısıdır; o, aqil ola bilməz.

...Pərviz psixoloji labirintləri əksərən özü qurur, onların interyerini heyrətamiz naxışlarla bəzəkləyir. Düzdü, bəzən bu labirintlərin təsadüfi düzbucaqlı tinlərində adamın burnu divara dəyir də. Ya bəzən onun yazılarında tanış fikirlər dairəsinə düşürsən: “ölməzlərin çoxu pessimist olub”, yaxud “onlarda ümid olmayıb”, “ata xofu” – bunlar F.Nitşe və Z.Freyddən iqtibas, ən yaxşı halda onlara illustrasiyadır. “Kilkə” silsiləsi hekayələrində o, F.Kafka metodu ilə işləyib. Əlbəttə, bu oxşarlıqlar Pərvizdə “bahar xəstəliyi” kimi ötəri və keçicidir. Əsas olan nədir: Pərviz artıq ciddi bir Azərbaycan nasiri kimi formalaşa bilib. Onun kərpici klassika tərkiblidir. Öncə söylənilən oxşarlıqları da, çox güman, Pərvizin əbədi sənət kodu içində olmasındandır. Həm də riyaziyyat ətirli “Öləngi” kitabı, lal deyək, indi olmasa da, gələcəkdə hökmən oxunacaq. Onsuz biz kitablarımızı gələcək üçün yazırıq.

 

Rafiq Tağı

2000, iyul

Digər xəbərlər

"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ" Tehran Əlişanoğluna

Güzgü

Qış gəldi

Nərmin Kamal : "Rafiq Tağı və neft"

Əsəd Qaraqaplan: "Rafiq Tağının sağlığına" (2009)

Şərhlər