“Qara rəng mütləq həqiqət deyil”

Tarix: 24-01-2017 07:47
Baxış sayı: 423

Yazılarımda həqiqətə maksimum yaxınam.

 

-          Rafiq müəllim, siz yazılarınızla canlı söhbətləriniz arasında kəskin fərqin olduğunu özünüz də təsdiq edirsiniz. Olduğun kimi görünməmək cəhdi qorxu hissindən yaranan bir hal deyil ki?

 

R.T – Bu, siyasət adamlarında belədir: qorxunc sirləri faş ola bilər. Düzdü, məndə də ehtiyatlılıq var, amma başqa mənada. Söhbətlərdə etik qaydaları, bizi məhv eləyən şeyləri, məsələn, böyük-kiçikliyi gözləməli olursan. Yazılarımdasa mən həqiqətə maksimum yaxınam. Hətta özüm haqqında yazanda da, içimdəki bütün naqislikləri ortaya qoyuram. Belədə “düşmən”im belə, onun haqqımda demək istədiklərindən daha kəskin sözlərimi oxuyub, silahsızlaşır. Mən yazılarımda olduğum kimiyəm.

 

-          İnsan hər bir məşğuliyyətində müəyyən mənada öz mahiyyətini ifadə edir. Özünə və ətrafına belə tənqidi yanaşma xarakterinizin hansı xüsusiyyəti ilə bağlıdır? Özünüzdə də “mənfi” keyfiyyətlər varmı?

 

R.T – “Mənfi” adlanan keyfiyyətlərimdən bir-ikisini deyim. Daim insanlara kömək etmək istəyirəmsə də, bunun üçün bir mənbə tapmaq haqda heç vaxt fikirləşmirəm. Buna heç cəhd göstərmirəm də. Axı boş əllə nə kömək? Donkixotsayağı mücərrəd humanistliyim məni çox sıxır. Mən həkimliyimdəki “rəsmi humanist”liyi insanlara kömək saymıram. Güləcəksiniz, məcburam hekayələrimi insanlara kömək adlandıram. İndiki zamanda dünya malına biganəlik sonda insanı dilənçiyə bənzədən şeydir. İnanın ki, bir ton qızılım olsun, ya heç bir qramım da olmasın – mənim üçün fərq eləməz. Bir hekayəmin oxucular arasında əks-sədası mənə daha çox sevinc gətirərdi. Hələ uşaqlıqdan mənəvi kodlarım ən bəşəri keyfiyyətlərlə süslənib. Yüz dəfələrlə aldanmışamsa da, mən insanlara ömrüm boyu inanmışam. Bəlkə kimlərsə mənim haqqımda – “bunun ağlı çatmır”, deyib də. Amma neyləyim, yalnız inam həyatıma işıq gətirib. Sosialist ideologiyasına hətta son vaxtlaracan inanardım. İnamım itəndə əməllicə sarsılıram. Mən dosta həddən artıq sədaqətliyəm. Mən insanlardan heç vaxt birinci ayrılmıram. Ayrılıqları ağrılı keçirirəm. Lap münasibətlər hədsiz soyuqlaşanda da, çalışıram uzaqlaşan birinci mən olmayım. Yaşa dolduqca, insanlara quzu kimi inanmağı yerə qoydum. İndi məni elə də asan aldada bilməzlər (ya bəlkə mənə elə gəlir). Artıq mən adamları rentgen kimi görürəm.

 

-          Əslində satirik mövqeli yazar cəmiyyətin qüsurlarını axtarır və onu ifşa edir. Siz yazılarınızda M.Cəlilin insanlara yalnız tənqidi yanaşdığını, onlarda müsbət heç nə görmədiyini yazırsınız. Bu baxış o demək deyil ki, əslində siz də hamıya yalnız tənqidi yanaşırsınız?

 

R.T – Mən yazılarımda həmişə yalnız həqiqəti görürəm. Xilas yalnız həqiqətdədir. Qara rəng mütləq həqiqət deyil. Heç ola bilməz ki, millət büsbütün naqisliklərdən ibarət olsun. Üstəlik, naqisliyin özü nisbi məfhumdur. Bunun ucundan tutub ucuzluğa getmək də yaramaz.

 

-          Bəs siz necə, cəmiyyətdə olan yaxşı keyfiyyətləri görmək və təbliğ etməklə, yaxşılıqların və yaxşılıqların var olduğuna insanlarda inam yaratmaq, cəmiyyətə müəyyən kömək etmək haqda heç fikirləşirsinizmi?

 

R.T – Bayaq inamdan danışdıq. İnsanda inam var, sevgilər var. Ondakı yaradıcı ehtiras əvəzsizdir. Heç ola bilməz ki, bu cəhətlər, Mirzə Cəlil dediyi kimi, məsələn erməni də olsun, azərbaycanlıda olmasın. Sadəcə, cəmiyyət anormal olanda, bu keyfiyyətlər dəyərsizləşir, hər şey dolaşıq düşür. Mən həmişə demişəm, gənclərimizdə ən bəşəri duyğular külçə halındadır. Onlar həqiqəti intuitiv görürlər, ancaq dəqiqdən dəqiq. Saxtakarlıqlara ən azı təəccüblənirlər.

 

 

Azərbaycan cəmiyyətini ağsaqqallar geri atır.

 

-          Yazılarınızda ağsaqqallara münasibətiniz mübahisəlidir...

 

R.T – Mən ağsaqqallıq statusuna xor baxıram. Düz deyiblər ki, ağıl yaşda deyil, başdadır. Ağsaqqallarda naqis xüsusiyyətlərin kvintessensiyasını görmüşəm.

 

Azərbaycan cəmiyyətini əslində ağsaqqallar geri atır. Ağsaqqalın sözü həmişə azadlığa qarşıdır. Mən özüm həyatda, onların günahı üzündən, on illərlə geri düşmüşəm. Qoy “günah”ımı boynuma alım, mən onların dediklərinə inanmıram. Doğrudur, onların arasında hörmətini tutduqlarım çoxdur. Ancaq neyləyim ki, ən çox gənclərə ehtiramım var.

 

-          Bəlkə ağsaqqallar tərəfindən daha çox aldadılıbsınız?

 

R.T – Mən onlarda daha çox saxtakarlıq görmüşəm. Başdan-ayağa didaktikadan ibarətdilər. Dünyada ən çox zəhləm gedən şey tərbiyə və nəsihət, didaktikadır. Mən iyirmi ildən çoxdur ki, heç bir ağsaqqal məsləhətinə qulaq asmıram. Bu, içimdə sıçrayışlara səbəb olub.

 

-          Yox, deyəsən, mən bu söhbətdən əl çəkən deyiləm. Ağsaqqal sözü məhz sizin həyatınızda uğursuz olubsa, bütövlükdə onlara mənfi münasibət nə dərəcədə düzgündür?

 

R.T – “Ağsaqqal nə desə, o da olmalıdır” tendensiyası, bayaq dediyim, cəmiyyəti çox geri atır. Gənclik təhrif olunur. Amerikada insan az qala uşaqlıqdan sərbəst buraxılır ki, öz yolunu özü tapsın. Tapır da. Ona görə də Amerikada insan qüvvətlidir. Ağsaqqala qulaq asmaq bizdə əxlaqın bir komponentinə çevrilib. Amma əxlaq anlayışının özü mübahisəlidir. Məncə, azad olmaqlıqdır əxlaq. Azadlığın “ağsaqqal”a qurban verilməsidir əxlaqsızlıq. İçində özünü öldürüb mənasız bir fiqur şəklində “yaşamaq” mənim üçün qəbahət olardı. Ümumiyyətlə, əxlaq həddən artıq nisbi anlayışdır və cəmiyyətin bütün təbəqələrində daimi müzakirə tələb edir. Məsələn, Nitsşe əxlaqı inkar edir, onu boyunduruq sayırdı. Mən hesab edirəm ki, daşlaşmış əxlaq sənətin də düşmənidir.

 

 

 

Əxlaq bizdə olmayan şeyin paradoksal qabardılmasıdır.

 

-          Bəs çağdaş cəmiyyətimizdə onu necə qiymətləndirirsiz?

 

R.T – Məncə, bu, bizim cəmiyyətdə o qədər də əhəmiyyət kəsb eləmir, söz-danışıq səviyyəsindən irəli getmir. Əxlaq bizdə olmayan şeyin paradoksal qabardılmasıdır.

 

-          Müsahibələrinizin birində deyirsiz ki, “siyasətlə məşğul olmadığım çağları avamlıq dövr hesab edirəm, onda şər mənə nə bilib edib”.

 

R.T – Bizim gözəl bir yazıçımız var: Sara Nəzirova. Həqiqətən, əvəzsiz nasirdir. Onunla söhbət edəndə, məndə qəribə məsumluq hissi yaranır. Ay Allah, elə böyük bir yazıçı nə dərəcədə avamdır! Məhz siyasəti bilmədiyinə görə. Hər şeyə, hamıya məndən min qat artıq inanır. Siyasətdə olan əxlaqsızlıqları görmür, onlardan bixəbərdir. Onun hər şeyini, hətta yazmaq imkanını da əlindən alıblar, o isə siyasi quldurlarda hələ də gözəllik axtarır. Sara Nəzirovada bəlkə Heydər Əliyevi mifləşdirmək qabiliyyəti də var...

 

-          Dünyada humanizm qədər boş şey yoxdu – deyirsiniz...

 

R.T – Humanizm ideyası İntibah dövrünün və bir az da sonranın hadisəsi olub. Qərbdə humanist filosoflar yetişib. XVIII – XIX əsrlərdən etibarən humanizmə baxışlar dəyişdi. Məsələn, F.Nitsşe bütün yaradıcılığı boyu İsa peyğəmbəri qamçılayır. O, insanın məhəbbətlə xilasını absurd sayır. Nitsşe deyir ki, rəhm insanın əl-qolunu bağlayır, onda mübarizə ruhunu öldürür. İndi Azərbaycan xalqı az qala sədəqə ilə yaşayan bir kütləyə çevrilib. Qaçqınlarımız ağzını açıb gözləyir: beynəlxalq humanitar təşkilatlar gəlib bunları doyursun. Adama deyərlər, ə, “beynəlxalq” nədi, “humanitar” nədi, qolunu çırmala, sən özün bir iş gör. Bu mənada çeçenlərə heyranam.

 

 

Əxlaq insanın xilas şansı deyil.

 

-          Sizin mədəniyyətə dair fikirləriniz də birmənalı deyil...

 

R.T – Ola bilər. Mənim fikrimcə, bütün müharibələr mədəniyyətlər uğrunda olub. Yəni müharibələrin səbəbi mədəniyyətlərdir. Yaxud belə fikir mövcuddur ki, mədəniyyət insanı yaxşılaşdırır. Mən deyirəm yox. Bəşəriyyətin bütün tarixi sübut edir ki: yox. Əslində mədəniyyət insanın mahiyyətindən yan keçir. Onsuz insan alt şüurundakı kodlarla hərəkət edir. Mədəniyyətin bu kodlara zərrə də təsiri yoxdur. Mədəniyyət zahiri şeydir. İnstinktləri haqsız olaraq naqislik sayırlar. İnsan modelini Allah qurub. İnsan əxlaqla yox, instinktlərlə var olur. Əxlaq insanın uydurmasıdır. Ekstremal vəziyyətlərdə, məsələn, zəlzələlər zamanı əxlaq yox, məhz özünüqoruma instinkti işə düşür. Əxlaq insanın xilas şansı deyil.

 

-          Rafiq müəllim, bəzi fikirləriniz sizin haqqınızda həyatda öz yerini tapmayan, bu həyatla barışmayan bir adam təəssüratı oyadır...

 

R.T – Mənim bütün hekayələrimdə “kiçik insan”a ancaq sevgi görərsiniz. Onu qorumaq və xilas etmək – mənim yazıçı mahiyyətim budur. Bu, yaradıcılığıma rus klassik ədəbiyyatından gəlib. Esselərimdəsə bütün həqiqətlər çılpaqdır və bu bəzən öldürücü effektli olur. Bəli, mən deyirəm ki, mədəniyyətlər insanlığı xoşbəxtliyə apara bilməz. Mədəniyyət uzaq başı estetik “nəciblik” səbəbidir, vəssalam. Estetikasa, əksinə, insanda naqislikləri dah da qapalı edir və onları görünməz hala salır. Nəhayətdə insan özü-özünü aldadır; O, heç nədən xilas ola bilmir. Bir halda ki belədi, mədəniyyətə nahaq vaxt itirməyə dəyərmi? Bəlkə insanlıq nicat üçün nəsə başqa yollar aramalıdır?

 

-          Tam mənada “kiçik insan”ı müdafiə edən, onu qoruyan Rafiq Tağı, nədənsə, adamları onu daha çox “hamını tənqid edən” kimi qiymətləndirməyə şans verən xarakter nümayiş etdirir. Barışmazlıqdan, yoxsa güclülərə nifrətdən baş verir bu hal?

 

R.T – Cəmiyyətdəki iyerarxiya  prinsipi mənim üçün yaddır. İyerarxiyanın at oynatdığı Hindistanı, qiyabi olsa da, heç vaxt sevməmişəm. Şah, ya gəda – onlar yalnız insan olduqlarına görə maraqlı sayıla bilər. Şah olmaq güclüyə dəlalət etməz; yalnız ədalətli olmaq güclülüyə dəlalət edər. Ona görə də məndə “vəzifəli” və guya güclü adamlara nifrət ola bilməz. Nifrət məndə ancaq ədalətin pozulması məqamında ortaya çıxır. Bir söz gəlib, deyim: mən yalnız yaradıcı insanları böyük sayıram.

 

 

 

Mən həyatımda çevrilişlər eləmişəm.

 

-          Rafiq müəllim, mənə elə gəlir, siz həyatda çoxlu sarsıntılarla üzləşibsiniz...

 

R.T – Mənim həyatımda təbəddülatlar, hətta “inqilab” adlandırdığım hadisələr də olub. Mən öz həyatımda çevrilişlər eləmişəm; nə yaxşı, bunları cinayət saymadılar. Qurdalasaydılar, bir sovet vətəndaşının öz həyatındakı çevrilişlərini dövlət əleyhinə iş hesab edə bilərdilər. Mən yaradıcı həyatımda çox sıxıntılar keçirmişəm, on illərlə çap oluna bilməmişəm.

 

-          Bəs insanların münasibətində necə?

 

R.T – Əzab verən heç nə yoxdur bu münasibətlərdə. Başqalarından fərqli olaraq, məndə mənəvi komplekslər yoxdur. Mən böyüklə böyüyəm, kiçiklə - kiçik. Məndə kiməsə uca hörmətlər ola bilər, ancaq yaltaqlıq  - yox.

 

-          Ola bilməz ki, sizin hansı məqamdasa başa düşməsinlər. Ya sizə qarşı haqsızlıq olmasın?

 

R.T – Məni bəzən başa düşmürlər; xüsusilə islam dininə dair fikirlərim qəbul edilmir. “Ümumbəşəri kodlar olmasaydı, deyərdim ki, Rafiq Tağı donkixotluq edir”, - bir vaxt Vaqif İbrahimoğlu təxminən bu sözləri yazanda, təskinlik tapmışdım. Yəni əslində məni dərk edənlər də var. Mən içimdə azadam və öz işimi görürəm. Kim başa düşür, düşsün, başa düşmür – bu artıq mənim günahım deyil.

 

 

P.S. Rafiq Tağı insanları həyatı olduğu kimi görməyə, dərk etməyə və onun bütün çətinliklərini adiləşdirməyə çağırır. Onun bütün tənqidi yazılarının əsasında görünməyən bir fikir dayanır – insanlara tiryək atdırmayın, onları yalançı mənəvi dəyərlərə boyun əydirib, həyatı olduğu kimi görmələrinə mane olmayın. Onları – yem etməyin.

 

P.P.S. Amma azadlığa çağıran bu yolun sonunda insan olsa-olsa  “mahir adam” ola bilər. “Mahir adam”sa adi adam olmaq deməkdir. Adi adamlardan dühaların yetişəcəyinə inanmaq çox çətindir.

 

Söhbətləşdi: İ. Hacıyeva

 

“Hürriyyət” qəzeti, 09.01.2001

Digər xəbərlər

Rafiq Tağı - Sabirə müharibə elan etdi

Britaniyalı jurnalist Qərbi R.Tağıyla bağlı susqunluğa görə "yıxıb-sürüdü"

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Rafiq Tağı - Son 20 ilin ən çox diqqət mərkəzində olan yazıçısı

Demokratiya - Diktatura oyun növü

Şərhlər