Tarix: 22-07-2017 16:21
Baxış sayı: 2088
“Tağıyev İlqar”ın biri bizim “təcili yardım”da işləyir. İki ildi. Feldşer gəlib. Kələkidəndi. Rəhmətlik Əbülfəz Elçibəy haqqında da şayiə bənzərli həqiqətlər, həqiqət oxşarlı şayiələr bilir. Çinədanı doludur. Hər şeyi bilər, ancaq soruşmasan heç nə deməz. Gərək sözü ondan maqqaşla çəkəsən. Onun qışda da şapkasız başı Milli Azadlıq Hərəkatı “İspisalist”lərinin qafası kimi dumanlı deyil. Bu türk başı hələ hakimiyyət tiryəkiylə zəhərlənməyib. Zədələnməyib. Əlhəmdülilillah, o, ağa ağ deyə bilir, qaraya qara. Onun sözlərinə görə, keçmiş prezident Kələkidə tut arağından gillədə-gillədə lirik xatirələrə qapılarmış. Onu gözlərindən gildir-gildir yaşlar tökülən görüb. Əlbəttə, lirika indi hakimiyyətdə olanlar, hətta haçansa olmuşlar üçünsə havayı vaxt itkisi, millətə ziyan gətirən şeydir. Ümumiyyətlə, lirika hər hansı şəxsiyyətin zəifliyinə dəlalət edir. Keçmiş sufi-prezidenti ətraf meşəlikdən evə əksərən at belinə köndələn atıb gətirərlərmiş; hətta bir dəfə at tapmayıb ona layiq olmasa da, bir alma gözlü ulaq üstündə gətiriblər. Tağıyev İlqar xüsusi mehrlə neçə yol onun mübarək mədəsini “restoran” üsuluyla yuyub da. Mən “Nikolay vaxtı”nın 1972-sindən bir həkim kimi cəhənnəmə kötük atıramsa da, hələ indiyəcən dahi mədəsi yumamışam. Qismət olmayıb. Söz gəzir ki, Heydər Əliyev Milli Məclisin sədri olarkən prezident Elçibəyi o qədər içirdir ki, bəy durub elə məclisdəcə, uşaq vaxtı Kələkidə divar dibinə olduğu kimi, divar dibinə “şey” eləyir. (Deyirəm Allah sənə rəhmət eləsin, Əbülfəz bəy!) “Video”da bunu xımır-xımır çəkirmiş. Sonra da gözəlim H.Əliyev onu bu kadrları millətə göstərəcəyi ilə hədələyəsi. (Xoşum gəlir, bu ilan-qurbağa içində bə hakimiyyətə necə gələsən?) O da Kələkiyə qaçası. Sən demə, onun Kələkiyə qaçmaqlığında heç bir peyğəmbərlik yoxmuş. Qardaşlar, hər cür peyğəmbərliyin altında dürlü lotuluqlar, oddayanmaz-sudabatmaz acı həqiqətlər durur. Ona görə də mənim üçün peyğəmbərlikdən çox həmişə lotuluq və həqiqətlər maraqlı və vacib olub. Lotuluqların, eləcə həqiqətlərin də anatomiyası hədsiz gözəldir: incədən incə, zərifdən zərif. Düzü, hərdən bu şayiələrə inanmağım gəlmir də: işi-peşəsi folklor yaratmaq olan xalq ağlına və ağzına gələni danışa da bilər. Bə bizə nə gəlib... Deyəsən, çox uzatdım. Əlbəttə, bunlar heç. Hər halda, mən Tağıyev İlqarın yerinə olsaydım bu adıbəlli kəndlə qürrələnərdim də. Havayıca şöhrətdən niyə qaçasan. İlqarsa qürrələnmirdi. Xasiyyəti belədir - qürrələnmə qabiliyyətindən məhrumdur. O, Kələkidən öz kəndi kimi də yox, Azərbaycanın haçansa gördüyü uzaq bir guşəsi kimi danışırdı. Yəqin onun sakitliyi Kələkidə şöhrətə layiq bir şey görmədiyindəndi. Kələkinin dünya şöhrəti onun üçün təəccüblü və anlaşılmazdı. Əslində bütün şöhrətlər bu cür süni və mənasızdır. Hollivudda da hər hansısa küçə qadınını beş günün içində ulduza çevirmirlərmi?
Qardaşımın da Tağıyev İlqar olduğunu əlbəəl kələkili Tağıyev İlqara çatdıranda gözlədiyimin əksinə, o buna boş bir şey kimi baxdı. “Boş” deyəndə, sadəcə, reaksiya vermədi. Mən biraz pərt kimi oldum. Mən hələ uşaqlıqdan belə şeylərə həssasam. Yox, gərək o sevinəydi, “işə bax” deyə, “əhsən” söyləyəydi. Bunu etmədi, xətrimə dəydi. “Eşşəyin biri,” - ürəyimdə onu söyüb - yamanladım. (Müstəqillik qazanalı bu “eşşək” sözü dilimə yaman keçib) Düzdü, nəzəri cəhətcə soyuq ağılla özüm də, ad-familiya eyniliyini əhəmiyyətsiz bilirdim. Şükür İlahiyə ki, soyuq ağıl sarıdan şikayətim yoxdur. Nədən-nədən bircə ondan korluq çəkmirəm. Amma olsun, yenə də... Axı, sonbeşik qardaşım buraları həmişəlik tərk edib. Sıktıvkara gedib. Mənim nəzərimdə kələkili Tağıyev İlqar bunu hələ bilmirdisə də, qardaşımın taleyinə bir az diqqətli olmalı idi. Bu ona hörmət-ehtiram, başucalığı gətirərdi. Təəssüf, qabiliyyət göydən enmir, yerdə bitmir, bazardan da alınmır. Diqqətli olmadı, bu eyniliyə dodaqucu təbəssümlərləsə münasibət göstərmədi. Mən bunu mədəniyyətinin aşağılığına yozdum. Şəxsən mən kələkili Tağıyev İlqara dünyanın bumbuz bir küncündə qəriblik çəkən, onun sarıdan ailədə hamımızın qəribsədiyi qardaşımın xatirəsi naminə qiymət qoyurdum. İşdə onun ad-familiyasını eşidən kimi avtomatik qardaşım yadıma düşür. Yoxsa bu gədə mənim nəyimdir; çox da işdə üz-üzə gəlirik, onunla bir tabelə qol atırıq. Axı, qardaşımın da Tağıyev İlqar olması onun mənə münasibətini niyə dəyişdirməsin, yaxşılaşdırmasın? Onun Tağıyev İlqar olması isə mənim üçün çox şey demək idi. Hərçənd həm də naqolay bir vəziyyətə düşmüşdüm. İraq olsun, sanki qardaşım ölüb-gedib: onun həyat tərzi get-gedə kələkili Tağıyev İlqarın həyat elementləri ilə əvəzlənirdi. Kələkili yadlıqdan çıxıb, mənə bir qədər yaxınlaşmaqda, ən azı ögey qardaşa çevrilməkdə idi. Doğma Tağıyev İlqarın yerini “ögey” birisi tutmaqda, qardaşımın həyatımdakı gül-çiçəklə haşiyələnmiş guşəsini zəbt etməkdə, onu mənə unutdurmaqdaydı. Ay can, ancaq qardaşım hələ yenə qəlbimin içində, o isə dışında qalırdı. Ona əcəb olur. Fərq yerlə göy qədərdi. Mənim içimdə qardaşım Tağıyev İlqarın yoxluğuna dair hönkürtülər gizlənmişdi. Kələkili Tağıyev İlqar isə hələlik onun sarıdan burun çəkməyə belə layiq deyildi. Sıktıklar nə qədər uzaq olmuş olsa da, hələ yoxluq sayılmırdı. Ürək hələ tuppuldayırsa, kainatın heç yeri, hətta bizim planetlər, fantastik göy cisimləri belə uzaq deyil. Yalnız ürək durdusa, qurtardı getdi, onda insan kainatdan bilmərrə qeyb olur. Kim deyir kainat sonsuzdur? Kainatyoxluqlabitir, yəni onun sonu var. Kainat qurtarır, yoxluq başlanır. Yalnız yoxluq sonsuzdur. Vaxtaşırı qardaşımın yad eldən sorağı gəlir: qulağım çalanı, hərdən əli gətirmir, orda “bankrot”a düşürsə də, bilirəm ki, canı salamatdır, nəfəsi gedib-gəlir. Mənə elə bu bəsdir. Neynirəm onun qazancını? Əfsus, hər dəfə də o, Komidən üstümüzə aqitaminozla qayıdır. Şimallılar sayağı - bəyaz üzlə. Vallah, oğlan bəlkə də orda radiasiyaya uğrayır: hər qayıdan da boyu qamış kimi uzanmış kimi görsənir. Get-gedə hipofiz argiqantizm əlamətləri aşkarlayıram. Dişləri də uzaqdan fırça görən kimi qanayır. Bir dəfə danışdıqca, ağzının hansı kapilyarındansa özü də bilmədən, çölə iynə naziklikdə qan fışqırırdı.
Kələkili Tağıyev İlqar qarabuğdayı, hətta, mən deyərdim, qara bir oğlandı. Kələkili qara, qardaşımsa - ağ. Onlar ağ-qara Məlikməmməd dünyaları qədər fərqliydilər. Ya da, qara və ağ irqlər kimi. O bunu qaranlığına, bu onu ağlığına görə bəyənmiyə bilərdi də. Azərbaycanın başı üzərindəki qırmızı Günəş kələkili Tağıyev İlqarın üzündə sanki neqativdə üzə çıxmışdı. İyul-avqustlarda tək-tük ağ tüklərdən qara saçı ağa çalır, get-gedə ömrün ötüb keçməsini rəmzləndirir. Qoy qardaşım da gəlsin, iyul-avqustlarda onun da saçlarında rəmz axtaracağam. Onun keçən ömrü mənim bədbəxtliyimin bir göstəricisi olardı...
Nəhayət, burda gəlib bir suala dirənirəm. Görən, kələkili Tağıyev İlqarı qardaşımTağıyev İlqar kimi sevə bilərəmmi? Yəqin, yox. Əlbəttə, yox. Sevgi üçün əlavə arqumentlər gərəkdi. Onun haqqında bildiklərim bəs eləmir, sevgi doğurmurdu. Onlar ikisi də 1966-da dünyaya gəlib. Hərçənd kələkili Türkiyəyə yaxın yerdə, qardaşımsa - İrana. Masallı İranın beş addımlığındadır. “İran” deyəndə... - biz Güney Azərbaycana da “İran” deyirik. Bəlkə də adı gülməli olduğundan, BAB təfəkkürümüzdə təbəddülatlar törətmədi. Cənubi Azərbaycanasa öz adını vermədik. Vermirik də. Əlbəttə, hələlik bu da heç. Ancaq görən, bizim üçün Türkiyə yaxın və yaxşıdır, yoxsa İran? SSRİ çağlarında mənə Amerika kimi uzaq görünən bu iki ölkə müstəqilliyimiz elan olunar-olunmaz qəflətən burnumuzun ucunda peyda oldular. Elə bil pusquda durubmuşlar. “İranlılar” Şimali Azərbaycanın cənub rayonlarına metal əşyalardan - məftil, samovar, balta-mişar, çəkic-zindan, kəlbətin, yeyəvəiskənə, uzun-qısamismarlar, teşt-ləyən, məcməyi və mis kasalardan ötrü həmlələr etdilər. Allahın mömin bəndələri təmiz “metallist” imişlər. Hələ elektrik ləvazimatı: lampa və qəndillər, abajurlar, canım sizə desin, naqillər, ştepsellər… Onlar sanki Azərbaycandan öz yerlərinə işıq daşıyırdılar. Yəqin bizdə işıq azaldı, onlarda çoxaldı. Ay balam, bu İranda balta-nacaq, qazan-kəfkir, çəngəl-bıçaq, oraq-dəryaz niyə olmasın? Ayətüllahlar, höccətül-islamlar cild-cild Quran təfsirləri yerinə şeytanı necə qovub belinə minmək, aftafa işlətmək üsulları, arvadla yatmağın, nəzafət qaydaları əvəzinə həyat üçün bu cür çox vacib şeylər icad edə bilməzdilərmi? Axı həm də hər şey o dünya üçün və o dünyadan ibarət deyil. İnsan yazıqdır, qoy hərdən şuluqluq da salsın. İnsanların əlini işdən axirətlə soyutmaq nəyə lazım? Axı, XX yüzilin son 10 ilində də barı fisincan pilov bişirmək üçünsə qazan tapmamaq nə demək ola! Çömçə-qaşıq, mis kuzələr, nə bilim, daha nələr-nələr Quran ayələrindən belə əhəmiyyətsiz şeylərdimi? Mən milyon dəfə demişəm, qoy milyon birinci dəfə də deyim ki, dini biliklər ictimai əhəmiyyətsizlərdirlər. Müqəddəs kitablar praktik-praqmatik əsarət vasitələridir... Kələkili Tağıyev İlqar da tez-tez Türkiyəyə daşınan şaftalılardan, əriklərdən danışırdı. Zavallı Türkiyə, onun boz Iqdır bölgəsi yəqin bizim şaftalı-əriklərimizdən işıqlaşdı, rənglənmiş oldu... “Metallist”lər Türkiyədə də varmış. Hə, Azərbaycanda İrana-Türkiyəyə daşınan şeylərə dair cinayət işləri açıldı da, qapandı da. Tutulan tutuldu, buraxılan buraxıldı. Azərbaycanda amnistiya burulğanları hər bayramqabağı qaytağı oynadı. Yüngül canilər azadlığa qatı canilər şəklində çıxdılar. Amma prokurorluqlarımız bu əsnada gül vurdular. Bir iş var ki, cinayət törətməyənlər hələ yatır. Nə başınızı ağrıdım, Azərbaycanda primitiv tarixi bir proses oldu da, keçdi. Bunu tarix kitablarına necə salacaqlar - burası qolay. Gərək etirafı bacarasan, bu “lağlağı istiqbal” çeynəmə-didişmələrini mən heç cür ümumiləşdirib yaza bilməzdim. Belə yerdə mənim qələmim işləmir, əksinə tərs keçi kimi dala həsləyir.
Kələkili Tağıyev İlqar belə nəql edir ki, “nəqşi-cahan” şəhri-Naxçıvanda üstünə “Naxçıvanlı Koroğlu” yazılan bir Koroğlu heykəli yapılıbmış. Zülmət gecələrin birində qara-qura adamlar Koroğluya basqın edib, onun Misri qılıncını, əlavə olaraq da qol-qıçını söküb aparıbmışlar. Qəhrəman heykələ dönəndə aciz olur. Qılıncla qol-qıçın xəbəri Türkiyədən gəldi. Düzdü, Naxçıvanın ortasında Koroğlu sonra təzədən abıra mindirildi, Heydər Əliyevin atalıq qayğısı sayəsində (o, atalıq qayğısını Leonid Brejnevdən öyrənib) qəhrəmanın əlinə təzə Misri qılınc verildi də. Hərçənd bu dəfə Misri qılınc bir az kobud, dəyənəyə oxşar, həm də küt alınmışdı, belə ki, onunla heç küftə üçün keşniş-şüyüd də, ya göy soğanı da doğramaq olmazdı. Ancaq zərəri “niçevo”, təki tüstüsü düz çıxsın. İndi artıq şeşəbığ Koroğlunu bığıgödək Naxçıvan polisi qoruyur. Özü də bu mühafizəyə həmişə inzibati cəza almış polislər düşür. Əlbəttə, “Koroğlu” polislər üçün gəlirsiz-xeyirsiz, xeyir-bərəkətsiz “toçka”dır. “Koroğlu”yla heç cür bala başı saxlamaq olmaz. Azərbaycanda maaşla yaşamaq yox, yalnız ölmək, ailəvi qırılmaq mümkündür.
2-ci yazı
Bu iki Tağıyev İlqar bir siyasi taleyi yaşamış, eyni məzmunsuz tarixi adlamışlar... İkisi də məişətdə uğursuz oldu. “Məişət” deyəndə - “Həyat ”da. Azərbaycanlının həyatı elə onun məişətindən ibarətdir. “Məişət” və “həyat” - bunlar bizdə sinonim sözlərdir.
Qardaşım Tağıyev İlqar İnşaat institutunu bitirsə də, öz sahəsində bircə gün də işıldamadı. Ona çatanda, iş qəhətə çıxdı, çörək yeri tapılmadı. O da hər şeyi tullayıb, cəlayi-vətən oldu. Təhr elədi, hamıdan küsdü getdi. Əgər məndən küsməyibsə, onun yerinə olam, küsərəm. Mən - illər qartımışı, üzü üzlər görmüş bir yetim, sonbeşik qardaşa, barı baş qarışdırmağasa, cındır bir idarə tapmadım. Həmişə də qorxurdum ki, o özünü asmaqla “baş qarışdıra”. Hərdən özümü bərk qınaqlara çəkirəm: axı sən nəyin karısan? Niyə ölmürsən? (Doğrudan da, illər keçir, ölmürəm). Tutaq, hətta qardaş-bacıya əl tutmağasa ölkədə şərait yoxdur, di yaxşı, onda bu şoğərib şəraiti niyə dəyişdirmirsən?! Seçkilərə hırıldaya-hırıldaya gedirsən? Manqurtluğum seçki qutularına 10-15 bülleteni birdən salmağımdan bəlli. Məni qoyasan ömrüm boyu demokratiyaya dair kitablar oxuyam. Deyirəm, bir alp oğul çıxa, Hikmət Hacızadənin eşşək boyda kitabını əlimdən alıb, çırpa təpəmə. Mənim gecə-gündüz kitab oxumaqlığım artıq manyakal-pozğun bir şeyə çevrilmişdir. İnsana bilik yox, qeyrət daha vacibdir! Lüzumsuz bilik ziyanlıdır. Topladığımız biliklər əvəzinə bircə qırtıq qeyrətimiz olsaydı, Qarabağı çoxdan almışdıq. Hakimiyyət kürsülərində də insan adamlar oturdardıq. Onda dünyanın qurtaracağında, Rusyətdə-Sıktıvkarda nə itimiz azmışdı! Deyir, keçi can hayında, qəssab piy axtarır, camaat bir tikə çörəkdən ötrü yerindən-yurdundan dərbədər - hələ burdan ora qiymətli göstərişlər veririk: eyy, bax, Vətəni sevirsinizsə, ordan bura bişey-mişey göndərin, sevişməklik havayı deyil. Ya boynumuzun damarları barmaq boyda şişənəcən qışqırırıq: qürbətdə lobbi yaradın. Görüm o “lobbi” sözünü yaradanın atası itnən yatsın! Həm də gülməlidir. Güneyli-Quzeyli iki Azərbaycanın hıqqanıb görə bilmədiyi işləri lobbi görəcək? Hə, qardaşım bir vaxt fəxr eləyərdi ki (indi fəxarəti-zadı yerə qoyub hambalçılıqdan göz açmır), Rəhim Qazıyev onlarda müəllim olub. İşə bax, hətta qonşu qrupa dərs də deyib. Amma bunu yazmaqda, canavar ürəyi yemişəm. R.Qazıyev özünə dərs deməyibsə də (məhkəmədə əsas arqumentim bu olar), qorxasan, bu yazımdan sonra qardaşımın işləri yaş ola - onu məşhər ayağına çəkələr. Sən Qazıyev Rəhimin dərs dediyi qrupun qonşuluğunda oxumusan. Məqsədin oxumaq da yox, institutda bir havanı udmaqla onunla cinayət əlaqəsinə girmək olub. Qardaşım riyaziyyat müəllimiylə bir institut divarlarını görməkdə, ümumiyyətcə, onun kimi riyaziyyatı yaxşı bilməkdə “dövlət əleyhinə” cinayət işlətmişdi. Bir sözlə, ona qarşı “ulik”lər çoxdu. Həm də, əlbəttə, Tağıyev İlqar indi Rusyətdədirsə, demək, qaçıb. Qaçıbsa, canidir. Qaçmasaydı, bəlkə yenə hə. Dovşan da həmişə harasa qaçırsa, onun da şuluq işi var. Mən qaçmağı “Olimpiya” oyunları sırasından çıxarmağı təklif edərdim. Uzunluğa hər növ qaçışda cinayət tərkibi var. Bir az gedək o yana. Tağıyev İlqar canidirsə, onun can-ciyəri Rafiq Tağı göydədir. Azərbaycanda qardaş-qardaşa, əmoğlu əmoğluna, hətta dayı bacoğluna - başı ilə cavabdehdir! Amma məni də tutub qoduqluğa bassalar, gülməli olardı. Camaat çoxdandı ürəkdən gülmür; bari indi gülüb qəşş edərdi. Əgər dəqiq bilən, kimlər gülməkdən qəşş edəcək, tutulmağıma sevinərəm də. İndi gələk bu yana. Qardaşım Tağıyev İlqarın bir inşaat mühəndisi kimi bilikləri get-gedə sozalmaqda... Bilik unudulan, ətir kimi uçub gedən şeydir. Tangens-kotangenslərə, gödək katetlərlə Norveç kralları kimi uzundraz hipotenuzlara etibar var? Belə getsə, İlqar axırda inşaata dair bir tək onu biləcək ki, ev, ya bina - kərpiclərin üst-üstə qalaqlanmasından alınan tikiliyə deyilir. Qardaşımda inşaat mühəndisliyi sənətindən dağınıq - həlməşik folklor təsəvvürləri qalacaq. “…Tikdim ki, izim qala…” - təxminən bu sayaq. Atamın qəpik-quruş müəllim puluna toplanmış biliklərin dağılması ailəmizə fəlakət kimi gəlmişdi.
Kələkili Tağıyev İlqarsa indi universitet sayılan Tibb institutuna çoxdan giribsə də, onu heç cür qurtara bilmir. Bilik vermir, sonra da onda bu biliksizliyi dərhal aşkarlayır, kursda saxlayırlar. Öl orda! İnstitutlarımızda kasıbı rentgen kimi tez və aydın görürlər. 4 və 5-ci kurslardan iki dəfə qovulub. Özü demişkən, qovulma sarıdan artıq residivistə dönüb. Biz işdə təzə siyasi vərdişlər üzrə, kollektiv surətdə imza toplayıb, yuxarılara ötürdük. Ey-y, ordakılar, “Təcili və Təxirə salınmaz Tibbi yardım stansiyası” sizdən hökmlə tələb edir: institutdan qovduğunuz oğlanı universitetə təcili və həm təxirə salınmadan bərpa edin! Üç balası, hələ bir dənə də oğulluğu var. Onları dolandırmağa diplom gərək...
Olmadı elə, oldu belə, “papa”sı Tağıyev İlqarı Gəncə Kənd Təsərrüfatı Akademiyasına da düzəldib. Kişi realist imiş. Artıq Tibb Universiteti tutar qatıq, tutmaz ayrandı. Mən də Tağıyev İlqara indidən təsəlli verirdim: qəlbini sıxma, baytarlıq həkimlikdən də yaxşı. Bəyəm heyvan insandan belə aşağı, ya insan heyvandan belə yuxarıdı? İkisini də Allah yaratmayıbmı? Həm də onsuz artıq şüur çoxdan insana bəzək sayılmır. Ağıl - iblisanə bir şeydir. Heyvan yalnız insanın gözündə aşağı ola bilər, Allahın gözündə - əstəğfürulla. Yenə gedək o yana. Təzəlikcə, biz də Avropa sayılırıq. Və bu saat Avropanın hər hansı cırtdan ölkəsində heyvan hüquqlarını qoruyan cəmiyyətlər Azərbaycandakı insan hüquq-müdafiə təşkilatlarından qat-qat çoxdur. Bizdə insan hüquqlarını müdafiə qurumlarının öz hüquqlarını qoruyan gərək. Biraz boşboğazlığa varıb, Tağıyev İlqara, Azərbaycanda hüquqsuz insan olunca, dedim, Avropada hüquqlu heyvan olmaq daha əfzəldir. Heyvan olsaydıq, mağıl orda Bricit Bardo kimi nəcib bir xanım hüquqlarımızı qoruyacaqdı. O bizim “xapuqa”larla müqayisəyə gəlməz. Bizdə hüquq müdafiəçilərinin ali məqsədi bala başı saxlamaqdan ibarətdir. Vallah, mən Azərbaycanda insan olunca, Avropada nyufaundlend, ya buldoq, “ofçarka”, hətta sandıqtulası olmağa beşəlli razıyam. Hüquq hansı bioloji növ olmaqlıqdan irəlidir. Ətağa cəddi bizdə heyvan insandan məsumdur, üstəlik, qədirbilən. Mən uşaqlıqda atamla birgə inəyimizdəki dabağı müalicə edərkən dili ağzında bişən inək üzünü bizə çevirib təşəkkür mənasında baş endirərdi. Ey qızıl inəyim, öləndən sonra sənin də ruhun müsəlmanlarınkı kimi göylərdə pırr eləyirsə, qoy onda ruhun şad olsun! Sən də, Tağıyev İlqar, bil və agah ol, artıq Azərbaycanda həkimlik ölüb. Çalış yenə baytar ol, ömrü basməmmədi başa vur. Onsuz elə biz hamımız həyatı oğruluq-doğruluq basməmmədi yaşayırıq.
Gəncə institutlarına binayi-qədimdən Azərbaycanın azan-tazanı gedib çıxır. Tağıyev İlqar bir əldə iki qarpız tutmuşdu: iş, təhsil. Neynək, türklər demiş: olur... O, Bakıdan Gəncəyə “oxumağ”a yalnız Bakıdan Gəncəyə yoxlama gedəndə gedirdi. Gərəkdi yoxlamanı qabaqlayasan. O, yoxlamanın dalınca da dabanbasdı Bakıya qayıdırdı. Çünki həyatda nə açılmaz problemləri vardısa, hamısı Bakıdaydı. Bakı - düyünlər şəhəridir. Pişik də ağrıyan yerə pəncəsini qoyar. Amma maşallah, olmaz belə təhsildən! Hər şeyimiz Azərbaycansayağıdır! Qoca Gəncəmiz gənclərimizə hələ Kirovobad “fiktivni” təhsil verib. Gəncə saxtakarlığın kanıdır. Görün sizə nə deyirəm, az qala hər kənddə bir universiteti olan Azərbaycanın gələcəyi yoxdur! Gələcəyimiz amputasiya olunub. Düzü, mən kələkili İlqarın haçansa müalicə edəcəyi inək və camışlara (onsuz, artıq at və dəvə sarıdan arxayınıq; eşşəklərimizi “eşşək”lərimiz qırıb) indidən yazığım gəlirdi. Kor atı minib köndələn çapacaq, “insan feldşeri” biliklərini “heyvan feldşeri” kimi tətbiq edəcək. Ağzında “heyvan” deyirsən, etiraz etməyə dili-ağzı var? İynə-şprisin yekəsini götürməklə sənətini dəyişmiş biləcək. Mənim hətta taun əleyhinə peyvəndlənəsi gələcək toyuq və xoruzlara, həştərxanlara da rəhmim gəlirdi. Broyler fabriklərindəki cücələrin vay halına!
Hərdən məni ailə qayğı-istəkləri bürüyür. Ay allah, deyirəm, qardaşım Tağıyev İlqar tez gəlib çıxa, onu təzədən evləndirə bilək! Özüm şəxsən Lal Seyidə nəzir demişəm: bircə ruslaşmaya. Rusyətin daşını birdəfəlik atıb qayıda. Hə, bir dəfə toyu dişinə vurub, dişini sındırıb da. Düzü, mən ikincidə toy tərəfdarı deyiləm. Bu dəfə - götürüb qaçar! Bəyəm toy xoşbəxtliyə dəlalət edir? Azərbaycanda toy xoşbəxtliyin özünü yox, bəlkə yalnız onun illuziyasını doğurur. Əslində illuziya bizə bəs edir. Biz xoşbəxtliyin mahiyyətini hələ də dərk edə bilmirik. Hayıf, xalqımın xoşbəxtlik təsəvvürləri əzəldən primitiv olub. Toy - valideyn üçün bir faciə kimi gəlir. Rəhmətlik atam övladlarının toyunda həmişə sanki faciə havasına oynayıb. Oynamasan da olmur. “Bəy atası hanı?” - irişə-irişə soruşacaqlar. Ay budu ha, ürəyimdən qara qanlar axa-axa bəy atası durub, “qənəd”lərini qurğuşun kimi qaldırır. Ancaq onlar tez də yanlara düşür. Yenə qalxır, yenə düşür. Bəy atalarının halına mənim həmişə ürəyim yanıb. Həri, qardaşım ilk oxu daşa dəydi. Ailəsində qısa-qapanma kimi bir əxlaq toqquşması baş verdi. İlqar təmiz idealist, arvadsa - natəmiz materialist. Evimizə sanki marksist-leninçi lümpen-proletar soxulmuşdu. Əşyalar ekspropriasiya olunmaqda idi. Ailədə hamı təcrid vəziyyətinə düşmüşdü. Nəticə nə oldu: sevgi qardaşımın gözləri qabağından duman kimi çəkilib getdi. Vay-vay, həyatı sevgi ilə planlaşdırmazlarmış. Sevgininki avara-avara şeylərdi; onunku hüquqla tutmur.
Kələkili Tağıyev İlqarın Güney-Quzeyli bu boyda Azərbaycanda kənddəki daxmadan savayı bir evi olmadı. “Semaşko” xəstəxanasının bir korpusunda, qaçqın ailələrlə bir dam altda qalır. “Qaçqından bir qram da artıq deyilik, deyir, biz dədəli-nənəli yetimlərik”. Bu bir qaydadır ki, ər arvaddan yaşlı olar. Onda tərsinə idi. Özü də, arvad ərdən neçə yaş böyük olsa yaxşıydı - düz 13. Qədmi qaydayla 13 yaşında ərə getsəydi, indi İlqar boyda oğlu olmuş olardı. Başqasına gedəndən sonra ona gəlibmiş. Olur, bu da olur. Yetişmiş - təcrübəli bir arvad, hələ qız görəndə yanaqları allanan bir rayonlu balasını öz hörümçək toruna salıb. Qardaşlar, ələlxüsus XX yüzildən bəri sevgi məhkəmələrlə bitən dəhşətli bir şeyə çevrilmişdir. Bayaq dedim, Tağıyev İlqarın ondan 3 cılbağası var. Bu yaxınlarda 5 yaşındasının “metrika”sını ölüm-zülüm düzəltdi. Gör ha, uşaq beş il kağızsız-sənədsiz gəzib, adı heç dama-dama dəftərə də düşməyib. İstədi ona yenidoğulmuş kimi arayış düzəldə, məsləhət görmədim. Uşaq beş il gec dərsə getsə, dedim, 6-7 yaşlı cırtdanların əhatəsində öz boyundan utanacaq. Bu, bir, ikinci də, böyüyəndə hansı bürcdən olduğunu bilməz, tale yozumları içərisində çaş-baş qalar. Taleyi gələcəkdə səf yozular. Etmə-eləmə, deyən, sözlərim ağlına batdı. Ona yalvar, bunun qabağında diz çök, axır bu işi düzüb-qoşdu. Adi bir sənəd onda sovet adamı sevincləri doğurmuşdu.
Kələkili Tağıyev İlqar artıq iki aydı işdə qalır. Baş həkim sağolsun, buna göz yumur. Oğlan boşanır. Onun ailəsində bizim indiyəcən bixəbər qaldığımız qovğalar baş verirmiş. Başı qalda - özü deməyib, biz də kəsdirməmişik. Kal və mal-matı insanlarıq. Bizlər gözümüzə soxmasalar, qulaqlarımıza dürtməsələr, bir şey qanan deyilik. İndi o, işdə həm işləyir, həm yaşayır. Sən demə, indiyəcən arvadağayla da hədə-qorxu altında yaşayırmış. Arvadın başdanxarab “türemşik” qardaşları boşanmanı heç təsəvvür edə bilməzlərmiş. Axır bıçaq sümüyə dirənib, evdən rədd olub. “Ev” deyəndə, biraz təntənəli çıxır, həmin “Semaşko”dan. Elə bil oğlan həqiqətən xəstəxanadan çıxmışdı. Çöhrəsi - kül rəngində. Sınıxıb çöpə dönüb, bir balaca yaşlaşmaqla müsinn - qocaya çevrilib. Get-gedə yanaqlarında qorxunc qırmızılıq sezilirdi. Məncə, içdən çəkdiyi öskürəkləri vərəm sədası idi. Günə üç qutu siqaret boşaldır. Nahara-şama yumru-yumru yumurtalardan yeyə-yeyə bağırsaqları düyünlər bağlayıb. “Papa”sı gəlib məhkəmədə konkret danışıb; onsuz açıq bazardır. Bu hakim necəsindəndisə, harda attestasiya keçibsə, adamı yeddi yüz dollara boşayır. Guya 3 uşaqla ondan ucuz boşamaq heç cür mümkün deyil. Sadəcə, əl vermir. Axı, yazıq tək özü yemir... Məzənnə var, nırx var. Bakıdı bura, kəndistan yeri deyil. Axır guya özünü Tağıyev İlqarın yerinə qoyub, insafa gəlib, sanki paraşütlə “yeddi yüz” yüksəkliyindən “üç yüz” alçaqlığına enib.
Günlü bir gündə M.Nağıyev adına xəstəxananın həyətində xəlvət bir guşədə kələkili Tağıyev İlqarı elçi daşına bənzər ağ “kubik” daşı üstündə oturan gördüm. Altına qəzet sərmişdi. Sanki onu ayıq bir iş üstündə tutmuşdum: utandığından “vərəm”li yanaqları od tutub yanırdı. Dili topuq çalırdısa da, birtəhər özünü ələ ala bildi. Zabitəli komissiya qabağındaymış kimi tez izahat verdi ki, ağacdan-ağaca uzanan bu hündür-alçaq, uzun-qısa, bəzən diaqonal, iplərdən sallanan şalvar və köynəklər onunkudur. “Məşdibad” indicə hamamdan qayıdıb. Burda öz sözünə güldü və qırışığı tamam açıldı. Hə da bə, orda yuyub burda sərib. Var olsun Günəşi! Sən demə, köhnə vaxtın hamamlarında xüsusi qurutma yerləri olarmış, indi yoxdu. Gör ha, SSRİ çağlarında hətta hamam sahəsində də zəhmətkeşlərin mənafeyi düşünülürmüş. Ona alçaqlıq gətirər deyə, paltarları işdə sərməkdən çəkinib. Bir də onsuz “03”də ip nə gəzir. Hər yerdən yenə bura yaxşı idi: budur, vaxt itirmədən, terapiya kitabı oxuya-oxuya gözləməkdə. Onsuz hardasa kitab oxumalıdır ya yox? Qoy “Musa Nağıyev”in həyəti olsun onun “Axundov”u.
Deyir, Tibb Universitetinə bərpa olunmasa, Azərbaycanın daşını biryolluq atacaq. Qardaşım Tağıyev İlqar kimi cəlayi-vətən olasıdır. Bu, Türkiyəni planlaşdırır. Türkiyəni Rusiyadan bərəkətli bilir. Türkiyə Kələkiyə Bakıdan da yaxın, deyir.
“Baytarlığı da açacaqsan?”
“Onsuz onu yalandan oxuyurdum…”
Amma dəqiqləşdirilmiş bürcü kələkili Tağıyev İlqarın qızına həmişə sözün düzünü deyəcək. Bu tale “kompas”ı atasının ona yadigarı, bir növ, ata cehizidir.
2001, avqust.