Tehran Əlişanoğlu: "Əcəb, bu ölüm yalan ola..."

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 906

 

Barışmıram. Barışa bilmirəm. O bizi tərk etməməliydi; işığını bizdən, daimi oxucularından əsirgəməməliydi. Özü boyda nəhəng bir boşluqla üz-üzə qoymamalıydı bizi; ki, hər dəfə Ədəbiyyat meydanına girəndə, arın-arxayın olaydıq: burda Rafiq Tağı var… İmzasını görüb oxumamaq mümkünsüzdü Rafiqi; çün bilirdin, qaranlıqları çalıb-çapıb, necəsə-hardansa bir işıq effekti yapacaq, işıq qoyub-gedəcək özündən sonra. Heyf, heyf, heyf…

Özü özünü yandırıb, həyatına son qoydu Rafiq Tağı; bizi, dostlarını, yaxınlarını, Rafiqsevərləri də yandırıb-yaxdı. Videoda həyatsevər səsini, nurlu sifətini görüb, hədsiz sevinmiş: nadanlığa qarşı bu şəkildə candan keçməyə dəyərmi? – deyə, hələ onu qınamışdım da. Zənn edirdim, şəfa tapıb durandan sonra bu şərhə də baxıb, adəti ürək genişliyi ilə mənimlə sanki razılaşacaq: təbii ki, dəyməz!; amma “əmma”sını qoyub, gedib yenə də öz bildiyini edəcəkdi; yəni düşündüyünü yazacaq, yazdığına da qane olacaqdı. Hələ bir az da özümə, yazıçı Rafiq Tağını qaragüruhdan qorumağa çalışan dostlara acıqlanmışdım; düşünürdüm ki: daha bəsdir, biz Rafiqin yanlış radikal çıxışlarına qarşı sərt olmalı; nə olsun ki, onu anlayırdıq, kəskin tənqidini verməliyik ki, bəlkə ayıla və qaragüruha bir daha yaxa verməyə… Heyhat, sonrası yoxmuş, olmayacaqmış…

Ağlım kəsəli, Ruhların diriliyinə inanmışam; O indi bizi görür və nə qədər doğru-yanlış olduğumuzun hesabını aparır, özünəxas rişxəndləmi, ya nə bilim necəsə… Düşünürəm, bəlkə də böyük Sabirin ruhu narahat oldu və onu çəkib-apardı; yazığı gəldi hər dəfə, hər dəfə qaragüruha bihudə güc-enerji-ürək xərcləyən Rafiq Tağıya; qınamağa nə var, – dedi, – bax budur: işıqlı-sivil, neqativini udub da pozitiv bildiyin sevgili millətin!; can əritməyinə heç dəyməz, ona olsa-olsa bax burdan, uzaqdan, Əbədiyyət yüksəkliyindən baxmaq gərəkdir…

Çox ağrılıdır, Mirzə Fətəlidən beləsinə yüz əlli ildən də artıqdır biz nadanlığın əlində əsir-yesirik, amma maarifçilikdən də heç əl çəkmək istəmirik; guya qələm işlədisə, problemi qaldırdısa, həlli də buyur, hazır-nazır peyda olasıdır… Hanı?, “həlli” əvəzinə nadanlıqdan amansız zərbələr yeyirik həmişə; hadisəni ilk oxuyanda içim göynəmişdi; vay-vay-vay, bu da biz, günün günorta çağı nadan bir cinayətin qurbanı olan canımız; millətə-cəmiyyətə-demokratiyaya-mədəniyyətə utanc gətirən bir durum… Yəni doğrudan da mı, üstündən yüz il keçir, biz yenə də haman-haman, müsibəti-müsəlmanan deyilənlər olaraq qalırıq… Məgər bu nadanlıq elə o nadanlıqdırmı?; bəlkə də daha artıq; Rafiq Tağı bizi qlobal sivilizəyə çağırırdı; məgər görmürükmü, bəşəriyyət artdıqca nadanlıq da heç əskilmir… Qlobal nadanlığa qarşı bəs bu tərzdə can sipər etməyə dəyərdimi, əziz dost? Bir yazıçının edə biləcəyi nə çox ki; məgər o qiymətsiz hekayələrinin dadı-duzu-acısı-zəhəri azmı gəlirdi Sənə?!

Bütün bu müşküllər barəsində biz yol boyu, bir avtomobilə sığışmış dörd ədəbiyyat həmkarı yana-yana həsb-hal edir, öcəşir; qarlı-tufanlı gündə, irəlidə, son mənzilə ağır-ağır yol açan dostumuzun cənazəsi ardınca çatmağa, itməməyə çalışırdıq. Rafiq son müsahibələrindən birində demişdi ki, Allaha ayətollalardan da yaxındır; bilmirəm, kimdən-necə, amma bu dəm əmin idik ki: o indi, həqiqətən də, Allahına ən yaxın yerdə, onun himayəsindəydi, biz isə başımızı itirmişdik; bilmirdik, haçan-necə ona çatacaqdıq… Mənimcə: o qəfil qarlı-qışlı gün də bir nişanəydi; Allahın göndərdiyiydi, Yasamal təpələrini tutmuşdu; qəbrin nurla dolsun, Rafiq Tağı, son mənzilə yolda belə bizi sınağa çəkdin; hər kəs sən gedən yolları gedə bilərmi-ya?!

Ölümündən dərhal sonra, bir neçə sayt Rafiq Tağının “Qatilə didaktika dərsləri” hekayəsini dərc etdi; hətta Kultaz üç il əvvəl yazılmış hekayədə Rafiqin ölümünə necə diqqət yetirdiyini də qabartdı. Halbuki son onilin hekayələrinə də həssas olsaq, qatil obrazının yazıçı üçün ən maraqlı tədqiq predmeti olduğunu görərik (hələ 2005-də çıxmış “Gənc qraf Kenterberiyski” kitabına baxmaq da bəs elər). Heç nədən nəsə olmur ki; ölüm var, ölüm haqdır; hər kəs ölümünü nədəsə görür, necəsə təsəvvür, ya fəhm edir, o da ola Rafiq Tağı kimi intuisiya sahibi… Görünür, o ölümü onu ən çox hədələyən qatil obrazında görürmüş; bir diqqət etsəniz, ona qarşı necə həssasdır, onu anlamağa, qınamamağa çalışır… Rafiq həyatı tamlıqda, bütünlüyü ilə, az qala sadistcəsinə sevdiyi üçün, görünür, bunu onun əlindən alanın başqa bir mücəssəmini görmürdü; kimdir axı qatil? – ölümü diktə edən, həyata son qoyan; axx, Rafiq Tağı, həyata qarşı maksimalist olduğu kimi, ölümünü də sevə bilirmiş…

Gerçəklərdən yazsa da, modern olmağı, növbənöv üsullarla oxucunu maraqlandırmağı sevirdi; son hekayələrində qrotesk, təxəyyül oyunu, fikir yükü getdikcə artırdı, posmodern texnikaya meyl duyulurdu… Bütün bunlar barədə hələ yazmağa hazırlaşırdım; “Oxu zalı” üçün qələmə aldığım hekayə icmalının modern hissəsini Rafiq Tağının hekayələrindən başlayasıydım… Vaxtilə üç yaradıcılıq oçerki yazmışdım barəsində; üstəlik, elə nəsr icmalı olmazdı ki, Rafiqsiz ötüşsün. Hər dəfə də zəng edib, sadə bir səmimiyyətlə, hələ bir az da üstünə qoya-qoya minnətdarlıq etməyi borc bilirdi; Rafiq ədəbiyyat adamı idi, bilirdi ki, ədəbiyyatda iki fikir hesabdakı qədər üst-üstə düşə bilməz, bir az o istəyən kimi, bir az mən deyən kimi, yazdıqlarının tam adekvat anlaşılmasını gözləmirdi də… Suçla deyirdim: sənin hekayələrin haqqında hələ yazılmalıdır; doğrudan da, nə yazılıb axı Rafiq Tağı imzasının bədii dəyəri haqqında?; razılığını duysam da, üstündən çox tez keçir, söhbəti ümumi Ədəbiyyat məsələlərinə çəkirdi…

Düşünürəm, həyatda nə az görüşmüşdük belə; vaxtilə yolüstü, sözləşib bir-birimizə qəzet-kitab ötürmək üçün, daha sonra ara-sıra ədəbiyyat dostlarının tədbir və məclislərində, vəssalam. Amma həmişə yaxında, yaxın idik elə bil axı. Demə, bizi bir an belə səngimək bilməyən Ədəbiyyat sevgisi birləşdirirmiş; və bir də telefon bağlantıları… Həmişə də o zəng edərdi; dərin emosionallıqla salamlaşar, “nə var, nə yox”a keçərdik, dərhal beynimizdə ötən söhbətimizdə qaldığımız ədəbi proses nöqtəsi canlanar, dəxli yoxdur: günlərmi-həftəmi-aymı ötsün, beləsinə çözə-çözə gələrdik… Xəbəri aldığım andan heç cür xatırlaya bilmirəm, son dəfə nə vaxt, hansı tədbirdə görüşdüyümüzü; aymı, iki aymı əvvəl idi: son bir neçə, vacib bildiyi kitab təqdimatında məni görməyib, narahat olmuşdu: dedim, bəlkə bir şey olub… – qulağımda o səsdir, hələ də durur… Elə bilmişəm və xoşbəxliyimdi ki: indi də elə bilirəm Rafiq Tağı həmişə baqidir, var olandır; bax indi qəfil uşaqlar deyəcək: ata, Rafiq Tağıdır; və məmnun-məmnun durub gedəcəyəm telefona, son Ədəbiyyatın hesabatını verməyə…               
Eheyy, Rafiq Tağı, hardasan? Görürsənmi, hələ də polemikamız bitməyib, hələ də barışmıram səninlə; sən ölümə yaxa verməməliydin, sən burda olmalıydın; həyat dolu idi sənin içində: istədiyim qədər yaşayacağam, – demişdin bir söhbətində. Yəni istədiyin bu idimi; yəni doğrudan da mı vədə yetişmiş, sadəcə biz duymamışdıq… Əcəb, olduğun yerlərdən necəsə, hansı üsullasa bizə səslənəsən!; bir az da acı-şirin ironiya qatıb, səninlə xoş ünsiyyətdən doğmuş bu növ onlarla yazılara nöqtə qoyasan: məgər mən yoxammı?, məgər hər gün- hər gün ürcah olduğunuz həyat və ədəbiyyat fənalıqları içrə mənim yerimi-izimi-payımı görmürsüzmü; məgər bu, bitən sevdadırmı? – və heç nə olmayıbmış kimi, başlayasan durduğun yerdən polemikanı davam etdirməyi…

61 yaşın tamamında qısa təbrik göndərmişdim ünvanına; Rafiq Tağının Ədəbiyyatımızda təkrarsız yeri var: həm hekayələri ilə, həm də bilavasitə Yazıçı şəxsiyyəti, fiquru ilə… – təxminən belə. Hekayələrin bəlli, qadir və ölümsüzdürlər; mən son günlər böyük bir ordu qələm sahiblərinin, xüsusən də gənclərin həyəcanı-sevgisi- aram bilməyən yazılarının fonunda canlı Səni gördüm; bilavasitə ünsiyyət və rəftarınla, Yazıçı adına fədakarlığınla, həqiqət aşiqliyinlə Ədəbiyyatın sanki ayaqlar altda qaldığı, sayılmadığı, məhəl qoyulmadığı bir mühitdə Örnək yarada bilmişdin Sən! Canlı Ədəbiyyat mücəssəmi… 

26-27 noyabr 2011  

Digər xəbərlər

Faiq Balabəyli: "Rafiq Tağının hücumu və “pıtı” buraxan müdafiəçilər"

"Qoy bir dəfə də məni çəksinlər..." fotojurnalist Elxan Kərimov haqqında elegiya

“Əsəd və Zeynəb” Həyat faciəmizin Ədəbiyyatdakı Təzahürüdür.

"Qoy bir dəfə də məni çəksinlər..." fotojurnalist Elxan Kərimov haqqında elegiya

Üzümüzdəki ləkə: Rafiq Tağıya gecikmiş cavab

Şərhlər