Düzbucaqlı “QİRYƏT” yazısı

Tarix: 20-06-2018 10:59
Baxış sayı: 1842

Düzbucaqlı “QİRYƏT” yazısı

 

Biz qeyrətə ədalı-ədalı "qiryət" deyənik və mən onu itiləşmiş tinləri xəncərə bənzər fantastik düzbucaqlıya oxşadıram. Qardaşlar, "qiryət"i hara atsan, orda kiminsə qarnına batasıdır. "Qan davası" deyilən fərdi müharibələrə də bais "qiryət"dir. Qafqazda "qiryət" yəqin buraların alçaq-hündürlüyü səbəbindədir. Qafqaz üçün "qiryət" və əsas da eşşək anqırtısı səciyyəvidir. Həri, eşşəklər təkcə Qafqazda yaxşı yetişir. Qafqazda kişi səsi dağ kəlləsindən dərə dibinə, ya əksinə qışqırmaqla formalaşır. Buralarda namussuzluğun müşahidəsi təkcə üfiqi yox, həm də şaquli parametrlərdə mümkündür, odur ki, əksərən "məhəbbət" adlandırılan elə bir şey məcburiyyət üzündən əsasən "xruşşovka"larda reallaşdırılır. Hərçənd, yekəburun bir tanışım bunun əksini deyir: onun fikrincə, Qafqazda "sevgi-məhəbbət" imkanı daha çoxdur – guya hər qaya arxası, hər dərə dibi onda erotik duyğular oyadır. Ancaq bunlar heç.

Qardaşlar, dağ və dərə kontrastı sivilizasiyanın Qafqaza gəlişini yubandırır. Tank-top icad olunalı Qafqazda pis yeriyib. Müharibəninki düzənlik yerdir... Biz Muğanda bəlkə də müharibəni udardıq. Sivilizasiya adətən müharibələrlə yayılır. Bir dəfə mən Qarabağa durbinlə baxırdım, Rusiya tankını görər-görməz Bakı səmtə sevincək bağırmadım bə: ura, Azərbaycana sivilizasiya gəlir.

"Qiryət" Azərbaycanda məişət təkəbbürü əlamətidirsə də, ümummilli keyfiyyətə çevrilib və yalnız lüzumsuz yerlərdə tətbiq olunur. Azərbaycanlıda "qiryət" ilk yumruq yeyilənəcəndir. Yumruq "qiryət"i ləğv eləyən şeydir. Və həm fıştırıq da təkcə hava çalmaq üçün deyilmiş: yox, dünyada çox qorxunc fıştırıqlar var. Bir fıştırıqdan insan infarkta tutula bilər. Qarabağın çox kəndini fıştırıqdan qorxub boşaldıblar. Qardaşlar, düşmən Azərbaycanı beş-on fıştırıqla tuta bilər. Hər hansı cinahdan bir dəstə fıştırıqçının bizə basqını külli-Azərbaycanın boşalması deməkdir. Yaxud Şimal və Cənubundan, Şərq və Qərbindən çalınan fıştırıqlarla bütün milləti Mərkəzi Aran rayonlara cəm eləmək mümkündür. Orda bizi əyri-üyri ilanlar qarşılayar. Həri, "qiryət" azərbaycanlı üçün "rəngidür" (Səməd Mənsur) və qar-yağışdan yuyulub getmirsə də, atəş qırmızısından dərhal görünməz olur; bir növ rəng rəngi vurur.

Eşitdiyimə görə, "qiryət"siz "qiryət"sizliyi can rahatlığı sayır. "Qiryət"sizlik farağatlıq rəmzidir. "Qiryət" qadağan edilmişdi deyə, SSRİ-də bədən xəsarətləri faizi həmişə minimal olardı. SSRİ-də bir kəsin "qiryət"i çatmazdı ki, hətta təsadüfən dərimi cızsın, ya çırtmayla üzümü göyərtsin. Ancaq həm də qul üçün "qiryət" lüzumsuzdu. Saysız Roma qulları içərisində təkcə Spartakda bir balaca "qiryət" görünmüşdü.

Həri, "qiryət" cinayətkarlıq mənbəyidir. "Qiryətsiz"də əsəb olmadığından, o, belin əyrisincə uzun yaşayır. Əyik xətt uzun ömür rəmzi olmağa layiqdir. Əyik xətt sınmadan əyilir-əyilir, tərəfləri üst-üstə düşür və düz xəttə çevrilirsə, bir də görürsən əbədiyyət mənzərəsi alındı. Əbədiyyətə yalnız düz xətlərlə gedilir. Qardaşlar, qədimlərin "poçt yolu" kimi Allah yolu da düz olur. Qədimlərdə insanları əbədiyyətə ucu kurareli dümdüz oxlarla göndərirmişlər. Yaddan çıxarmışlara ucu nöqtəli bir düz xətt ərməğan edirəm: –––––––––.

Qardaşlar, "qiryət" adamı düz saxlayan şeydir və "maral"larımızda əsasən turaclarda məğrurluq kimi toxqarına yaranır. Qarınlarındakı qurultu aclarımızı "qiryət"dən yayındırır. Kütlə döyüb-eləmək və gözlərini alına lapma qoymaqla arvada nəzarəti özündə saxlayır və qalan bütün "qiryət" işlərini həmişə padşaha həvalə edir.

60-cılaracan Azərbaycan ədəbiyyatında da "qiryət" qırmızı xətt kimi gəlirdi. Sonrakı nisbi azadlıqlarda mən bu "qiryət"i qeyri-qırmızı enən xətt üzrə dəmbədəm azalan gördüm.

"Qiryət"siz kök, ya ən azı kökümtül olmaqla həmişə yaraşıqlı görsənir. "Qiryət" orqanizmdə kalori itkisini səbəbləndirir. Həri, mən istəsəm yaraşıqlı insanlarda "qiryət"sizlik tapa bilərəm. Azərbaycanda hündür və uzun vəzifələr "qiryət"sizin boyuna yaxşı biçilir.

Ac millət "qiryət"siz padşahlar atributudur. "Qiryət"siz padşahlar məmləkətində xanım-xatın mələklər yalnız acından şişməklə gözəlləşirlər. Mələkləri ac məmləkət dağılmağa layiqdir. Acından ölən azərbaycanlı "dünyanın ən gözəl ölüsü"dür.

Qardaşlar, "qiryət"siz homoseksualist sevimlisi olur. Onu deyim ki, "qiryət" sevgiyə mane olan şeydir və bu baxımdan antibəşəri mahiyyətlidir. "Qiryət"inki budur; bir qız bir oğlanla, ya bir xanım bir bəylə görüşməsin. Niyə balam?.. "Qiryət"in çoxluğundan bəşər nəsli kəsilə bilər. Vəzifədə laxlamasın deyə, kök, ya kökümtül azərbaycanlı humanoidin dalı kreslo ülgüsündə olmalıdır. Deyirəm, hə ...həm də həri, qantökmə qabiliyyəti olmadığından, "qiryət"siz humanist və pasifist adlarını durduğu yerdəcə qazanır. Allahın zorakı qabiliyyətdən məhrum bəndəsinə humanist deyilir. Dünyanın bütün humanist və pasifistləri "qiryət"siz olur. İsa peyğəmbər super "qiryət"sizdir. "Qiryət" parıltısı göz qamaşdıran və qanla bəzənməyi xoşlayan qılıncları, həmçinin onların balaca xəncər qardaşlarını şərtləndirir. Ölüm-dirim məsələlərində "qiryət"li "qiryət"sizi çataçat öldürə bilər. Ölüm "qiryət"lilərin ilhamlı işidir. "Qiryət"li Qarabağdan savayı Azərbaycanın hər yerində ana-bacı namusu gözləyəndir; özü də ona qəbzəsi lüt qız şəkillərilə bəzəkli türmə bıçaqları çox yaraşır.

Azərbaycanlı "qiryət" və həm "qiryət"sizliklə ömrü boyu məşğuldur. Hərçənd "qiryət"sizlik onun təbii, "qiryət"liliksə süni halıdır. Azərbaycanda "qiryət" imitasiyası ilə artist olurlar. Qardaşlar, Qarabağ mənzərəli adyal kimi üstümüzdən götürüləli ayıblarımız tamam çöldə qalıb. Nifrət sənə, Qarabağ! Həm də lənət!..

 

Yeni Müsavat, N°66, 03-06/10/1997

 

Digər xəbərlər

Əsəd Qaraqaplan: "Sabir, yoxsa Rafiq Tağı?.."

Şahzadə Dipendranın məhəbbəti

Fərqanə

Xuraman - kapoeyra uçuşlu qız

Heydər Əliyev / QIRMIZI DASTAN

Şərhlər