Ədəbi qalmaqallar Azərbaycanda vətəndaş sülhünün təzahürüdür

Tarix: 25-03-2015 10:54
Baxış sayı: 1006

 

- Rafiq bəy, sizin mətbuatda hər çıxışınız böyük skandallara səbəb olur. Bunu bilərəkdənmi edirsiniz?

- Əsla. Ədəbi-bədii skandalları bilərəkdən, ya planlı şəkildə "törətmək" mümkünsüzdür. Yeri gəlmişkən, muzdlu tənqidçilərə özləri haqda məqalə-resenziya yazdıranlar gecə-gündüz belə şeyi arzulamırlarmı? Siz doğrudanmı elə düşünürsünüz ki, quzu kimi sakit yazarlarımız skandal törədə bilərlər, lakin ədəbli-ərkanlı olduqlarından, bunu etmirlər. Yox, elə deyil. Sadəcə, bu onlarda alınmır. Doğduqları ölü sözlərə, meyit kitablarasa ictimaiyyət məhəl qoymur. 


Gəlsənə, burda kiçik bir tərcümə işi görək: "skandal" sözünü "qalmaqal"la əvəzləyək. 


Hə, ədabi qalmaqallar Azərbaycanda vətəndaş sülhünün təzahürüdür. Mən bir vaxt yazmışdım: qoy Azərbaycanda ədəbi müharibələr olsun, təki vətəndaş müharibəsi olmasın. Vətəndaş müharibələrində ədəbiyyat-sənət qovğaları mənasızlaşır, heç yada düşmür də. Mən düşüncələrimi ortaya qoyan kimi, bir də görürsən, kimlərsə gərnəşib oyandı, başlarını qovzayıb, ağsız yorğandöşəklərindən ayağa durdular. Ancaq neynək, elə ədəbiyyatın əsas məqsədi də "yatmışları oyatmaq" deyilmi? Millətimiz yatmağa meyllidir və kim də yuxudan oyanırsa, buna ancaq sevinməliyik. Bu mənada M.F.Axundov və C.Məmmədquluzadə ədəbi məktəbinin, Bəxtiyar Vahabzadə demiş, "ən layiqli davamçısı", yumşaqdiş "60-cılar" yox, elə mən özüməm. Mən - həqiqiyəm.

- Sizcə yazıçı sözünün təsir gücünü artıran əsas amil nədir?

- Ancaq həqiqət. Əxlaq - həqiqətin üzündə niqabdır. Həqiqəti əksərən əxlaqla ört-basdır edirlər. Cinayəti əxlaqla gizlədirlər. Siyasətdə də elədir. Amerika vandalları Əfqanıstan və İraqdakı əməllərini həmişə əxlaqdan sayılası insan azadlığı və demokratiya sözləriylə pərdələyir. Bu mənada bəşəriyyətin ən uğurlu nailiyyəti olan əxlaqa hərdən pessimistik yanaşmağa məcburam. Həqiqət eşqinə, ya ən azı ona gözucu baxmaq xatirinə mən hərdən əxlaqın qarnını balıq kimi yırtmalı oluram. Onda da əsəb-nifrət şahə qalxır, dediyiniz "skandal"lar baş alıb gedir.


Mənim üçün həqiqət əxlaqdan vacib və üstündür.


Hə, əmudları qaldırıb təpəmə endirmək istəyən dil pəhləvanları yalançı əxlaqdan beşəlli yapışanlardır. Yalançı əxlaq onların varlığının ekoloji təminatıdır. Yalançı əxlaqla ictimai poza alır, böyük vəzifələrə çatırlar. Sanki böyük vəzifədə əbədiyyət var. Mən heç vaxt yalançı əxlaqın tamaşasına durmayacaq, ona həmişə yox deyəcəm.
Mən insanlarımızı da yalançı əxlaqdan yorullmuş görürəm.

- Öz məqalələrinizdə ən çox rəncidə etdiyiniz insanlar dini inanclı olanlar, iman sahibləridir. Onların sərt cavabları sizin onlara eyni dərəcədə sərt mövqe tutmğınızla izah oluna bilərmi?

- Mən "iman sahibləri"ndən hələ ağıllı bir cavab eşitməmişəm. Söyüş - cavab sayıla bilməz. Bu prosesdə ən çox da Quran oxuyanlarımızı tərbiyəsiz gördüm. Müşahidələrimə əsasən deyirəm: ömrü boyu Quran oxuyanlar sonda qəddar və amansız, gözəlcənə riyakar olur, kübar və "qanuni" bicliklərə qurşanırlar. "Harda müsəlman görürəm, qorxuram", - deyən Sabirimiz haqlı idi. Polemikada söyüş nonsensdir və bizim milli ziyalılarımızın hamısına olmasa da, çoxuna xas keyfiyyətdir. Söyüş - mübahisələrdə onların silahıdır. Qeyri-təvazökarlıq olmasın, Azərbaycan ictimaiyyətində mənim fəlsəfi yüklü fikirlərimə, onlar səviyyəsində cavab verən, hələ tapılmayıb. Mənə anti-cavablar Azərbaycanda kütləvi savadsızlığın parlaq göstəricisi və əyani sübutudur.

- "Alatoran" jurnalının 3-cü sayında Əli Əkbərin sizin haqqınızda "Azərbaycanda intellektualetlərin antiislam isterikası" adlı yazısı dərc olunub. Oxuyub hirslənmədiniz ki?

- Əvvəla, Azərbaycan türkcəsində "intellektualet" sözü yoxdur. İkinci də, həmin məqaləni "Alatoran"da Əli Əkbər yazıbsa, "Sənət qəzeti"nin son sayında (N17) Ələkbər Əliyev yazıb. Oxucuya elə gəlir ki, Ələkbər Əliyev adlı birisi Əli Əkbər adlı başqa birisindən ədəbi oğurluq edib. Söz onda yox. Ümumiyyətcə, cavan ömrünü "yüngül oxu", ya "metroda oxunan ədəbiyyat" nümunələri yaradan Çingiz Abdullayevin tərcüməsinə həsr etmiş, ədəbi meyarlardan məhrum bu insana baş qoşmamaq da olardı. Lakin dostum Rasim Qaracanın dostu olduğuna görə, onu cavabımla şərəfləndirə bilərəm. Yazısını oxuyub bu qənaətə gəldim ki, ədəbiyyat Əli Əkbərin yemi deyilmiş. Pərvazlanıb uçmaq istəyib, əfsus, qanadlarını söyüş bataqlığından üzə bilməyib. O, dünyəvi ideyaları yalnız içdən görür, onlara dışarıdan baxmağı bacarmır. İslam "dustağ"ıdır. Avropanı anlamır. Qafası lüzumsuz biliklər zibilliyidir. Üstəlik, bilikləri o qədər qıcqırıb ki, "Alatoran"da mənə qarşı "tutarlı" arqument kimi yazısını verdiyi müəllifin adını bir yerdə Uilyam Vatt Montqomeri, başqa yerdə Uilliam Montqomeri Uott kimi yazmışdır. Yadımdan çıxmamış deyim də ki, həmin müəllifin "Orta əsrlər Avropasına İslamın təsiri" adlı adlı elmi-fəlsəfi yazısı mənim "İslam Şərqi Qərbdən geri qoydu" tezisimi təkzib yox, əksinə, təsdiq edir. Bəli, ilkin ortaçağ dövründə, ya ondan bir az qabaq, ola bilsin, bir az da sonra, ərəblərin Qərb dünyasına mədəni-elmi səpgidə təsirləri olurdu. Yüzillər keçdi, islam öz işini gördü. Son yüzillərdə bu təsir artıq sıfır səviyyəsindədir. Ərəb dünyası indi Qərbəancaq Fələstində daş ata bilir. İslam aləmi Şeytanın daşlanması kimi nəhəng bizneslə məşğul. İslam bütövlükdə Şərqi xıxdırmışdır. Həm də hər hansı millətin elm, ya sənətdə uğurlarını dinin adına bağlamaq nə dərəcədə düzgündür? Bu,metodoloji cəhətcə səhv deyilmi? Bəlkə dünyanın yeddi möcüzəsindən biri sayılan qədim Misir ehramlarını da, "Min bir gecə" nağıllarını da islamın adına çıxaq?


Çox təəssüf, Əli Əkbər Mərmərə Universitetinin jurnalistika fakultəsindən molla şəklində çıxmışdır. Son 10-12 ildə Azərbaycan cəmiyyətində xüsusi bir cəhət sezilməkdədir. Türkiyədə təhsil almışlarımızın əksəriyyəti Vətəndə ictimai faydasız olurlar. Onlar yarımçıq və natamam görünürlər. "Azərbaycana kitab gətirmək" sözlərini də, məsələn, Əli Əkbər kimi, "Azərbaycana kitab soxmaq" şəklində ifadə edirlər.


Həri, təhqir Əli Əkbər "yaradıcılığı"nın vacib komponentidir və bu onun publisistik əlacsizlığının nişanəsidir. Əli Əkbər barəsində ədəbi fiqur olaraq nəyi demək olar: o, göyçəkdir. Həqiqətən də, Allah ondan heç nəyi əsirgəməyib, dediyim kimi, hətta göyçəkiyi də. Bircə talantdan savayı. Ədəbiyyatsa bilikə yox, talantla yaradılır. Ədəbiyyatçıda bilik nə qədər gözəldisə də, dal plandadır. Heç kəs puşkin ya lermontovları biliklərinə görə böyük saymır. Onu da deyim ki, Əli Əkbərin iritəhər məqaləsindəki ən maraqlı fikirlər elə məndən gətirdiyi sitatlardır. İç dünyası köhnədən-köhnə olan bu insan təqlidçi bir modernistdir. O, sırğa taxa bilər, ancaq təzə söz deyə bilməz. Qəddar Sovet dönəmində tək-tək Azərbaycan dissidentlərindən olmuş Asif Ataya "profan çuşka" deyən, dünyanı intibahla işıqlandırmış, ancaq guya "tualet tanımayan", Şərqin aftafa bağışladığı avropalıları XVIII əsrə qədər "qablara sıçan" kimi təqdim edən bir gəncin mənəvi-əxlaqi durumuna mən yox, özünüz qiymət verin.


Çox güman, o öz yazısıyla mənim bədxahlarıma özünü bəyəndirmək istəyib. Arxayın olsun, bəyəndilər də onu, sevdilər də.

- Mətbuatda əleyhinizə yazılar yazılanda doğru hesab etdiyiniz, sizi fikrinizdən daşındırmağa vadar edən arqumentlər olubmu? Olubsa, nədir onlar?

- Föhşlər içrə arqument aramaq absurddur. Ancaq biləsiniz ki, mənə alqış deyən oxucular qarğış deyənlərdən qat-qat çoxdur. "Sənət qəzeti"ndə (N16) "20 yanvarçılar" İctimai Birliyinin sədri Vüqar Əlizadənin dediklərisə mənə böyük mənəvi dayaq oldu. Düzdü, Qalileyə bənzətməklə məni bir qədər utandırdı da.


Hə, oxucularım söhbətlərdə məni Şərqə münasibətdə bir qədər insaflı olmağa çağırırlar. Bu, ağlabatandır. Bir də rəhmətlik Əbülfəz Elçibəylə bağlı edilən "səlib yürüşləri" zamanı papağımı qabağıma qoyub düşünməli oldum: doğurdan da, təzəcə rəhmətə getmiş insan haqqında bəzi fikirləri çılpaq deməklə etik məqamı pozmuşdum. Etiraf gözəllikdir, ondakı kimi bunu indi də boynuma alıram. Etirafımı qorxaqlığa yozanlar yanılıblar.

-Siz öz yazıçı missiyanızı nədə görürsünüz?

- Mənim yazıçı missiyam öz estetikamı ortaya qoymaqdır. Bu fərqli estetika gələcəkdə millətə gərək ola bilər. Heç ola bilməz ki, gələcəkdə mənə də qayıtmasınlar. Üstündən 100 il keçib, Azərbaycan xalqı Abdulla Şaiqin "Xoruz" şeirinə dönə-dönə qayıda bilir, nə əcəb, mənim fikirlərimdən vaz keçəcək? Həm də mənim millət qarşısında heç bir günahım yox. Varsa da, onun nəfinə təmənnasız çabalarımdır. Yazılarımla. Ömrümlə.

Söhbətləşdi: Narxanım

"Ədalət"q. N220 24.11.04

Digər xəbərlər

Heç kəsi öldürmək istəməyən

Rafiq Tağıya 13 solaxay sual

İçi lirikalı polad

Tüfəng səsi

Faciə janrlı puplisistika

Şərhlər