Ədəbi müsahibə

Tarix: 22-07-2017 16:18
Baxış sayı: 40

-          Nə var, nə yox? Necəsiniz? Son vaxtlar səsiniz səngiyib. Bunun səbəbini nə ilə izah edərdiniz?

-          Yaxşıyam, sağ olun. Türklər demiş, iyiyəm. Yaradıcılıqda susqunluq söhbəti yoxdusa da, səsim yaya görə çıxmırdı. Hərəsi bir dərəyə səpələnmiş, çoxusu çörək dalınca qaçmış oxucularımı gözləyirdim. Sentyabr hamını maqnit kimi çəkib Bakıya gətirdi. Bakı paytaxt yox, Azərbaycanda bir ölkədir. Onu deməliyəm ki, sentyabr mənim ən sevdiyim aylardandır. Hələ tələbəlikdə “Hörmətli sentyabr” adlı bir yazım çıxmışdı (“Tibb kadrları uğrunda”, 1971). Üstündən az qala bir qərinə vaxt ötübsə də, o yazını hər sentyabr xatırlayıram. Sentyabr həm də müəllim atamın ayı idi.

-          Təqribən il yarım əvvəl Yazıçılar Birliyindən çıxmaq məsələsi gələndə, tərəddüd etdiniz. Guya oradakı ab-havanı təzələmək məqsədilə üzvlükdə qaldınız. O dediyiniz sözdən daha nə qədər keçməlidir? Yazıçılar Birliyinin ab-havasını nə vaxt dəyişəcəksiniz?

-          Mən Yazıçılar Birliyində qalıb-qalmamaq barəsində heç vaxt heç kimlə söhbət eləməmişəm. Nə də bir kəs mənə Yazıçılar Birliyini tərk etməkdən yana ultimatum verib. Gəlsənə, uydurma problemlərin həllinə girişməyək. Qarabağını itirmiş bir ölkənin vətəndaşları bu cür saqqızlar çeynəməməli, yüngüllük etməməlidir. Axı həm də nə olub, nə baş verib? Pişik qaçıb, yağ dağılıb? YB-dən niyə çıxmalıyam? Buna əsaslı səbəb yoxdur. Tərəddüd hissi keçirməyim sizin yadınıza gəlirsə də, mənim yadıma gəlmir. Hər yarağımız düzəlib, qalıb saqqal darağımız - YB-də ab-hava. Düzü, bu “ab-hava” sözündən heç xoşum gəlmir. Di yaxşı, Yazıçılar Birliyinin rəhbərliyi asosial yazar alkaşlara pul-para paylamağa başlayarsa, bu, ab-havanın dəyişilməsimi sayılar? Amma Yazıçılar Birliyi nə sığorta idarəsidir, nə də ianə cəmiyyəti. Gəlin, bir anlığa özümüzü YB rəhbərliyinin yerində təsəvvür edək. Axı orada nəyi dəyişəsən? Bəyəm YB Xırdalan Pivə zavodudur ki, texnologiyasını təzələyəsən? Yoxsa şin zavodudur? Bütün təbəddülatlar həmişə yazıçının içində baş verir, binada yox. Siyasi mənzərələr dəyişdikcə biz heç də bir-birimizi qırmalı deyilik. Bir baxın, artıq on ildir SSRİ yoxdur, amma onun havası başımızdan getməyib. Yenə dövlətdən ev istəyirik. Körpə döşdən ayrılıb, yenə məmə istəyir. 2002-də də sovet adamı olaraq qalmaq mənəvi fəlakətdir. Ələbaxan şairi tulla zibil qutusuna. Şair də insan kimi dolanmaq istəyirsə, gedib mal-qara saxlamalı, taxıl becərməlidir və sair. Bu işlər binayi-qədimdən ayıb-zad sayılmır. Bizim tüfeylilərdən soruşuram: kartofsatan Yafəs Məftunca da deyilsiniz?  Bu dünyada qəlbin sarı siminə mizrab toxundurmaqdan fayda güdmək yaramaz; mən bundan əclaf sənət tanımıram. Qaraçı xislətli Adil Mirseyid kimi ondan-bundan dilənib, Sena sahillərində düşüncələrə dalmaq nə demək ola? Mən sentimental adamam, Adil əyninə şalvar ala bilməməyin tantal əzablarından yazarsa, vallah, bəlkə də ağlayaram. O, mücərrəd “əzablar”ıyla yalnız özünü aldadır. Bunları yeri gəlib deyirəm. Adil Mirseyid poeziyası xroniki alkoqolizm təzahüründən başqa bir şey deyil. Xroniki alkoqolizmdə şaxsiyyətin deqradasiyası ilə yanaşı, Korsakov psixozu deyilən bir hal da olur ki, bunun üçün psevdoreminissensiyalar və konfabulyasiya (fantastik uydurmalar) səciyyəvidir. Bunların hamısı Adildə var. Baxışov Adil adlı bu adam əvvəl Seyidzadə və sonradan Mirseyid yarımtəxəllüslərini götürməklə seyidliyini qabartmaq, insanların əlavə təəssübünü qazanmaq istədi. Amma bilmədi ki, üzdə irişib arxadan zərbə endirən insan seyid də olsa, meyit də, xeyri yoxdur, xain adlanacaq. Adil Mirseyiddə iudalıq kompleksi var. İudalarınsa poeziyası olmur. Hə, Yazıçılar Birliyində qalmaq mənim üçün rəmzi məna daşıyır. YB mənim üçün tarixilik baxımından qiymətlidir. Təsəvvür edin, o divarlar XX yüzilin əksər yazıçılarını görüb. Bu, həyatdır - tragik taleyi olanları da, yalançı optimistləri, bədbəxtcəsinə xoşbəxtləri də. Qapalı dövlətlərdə sevinclər böyük olur; 1988-ci ildə SSRİ Yazıçılar İttifaqına qəbul olunanda, nə gizlədim, hədsiz sevinmişdim. Rəhmətlik atam da sevinirdi; mənimlə fəxr eləməyə başlamışdı. Dünyada inqilabçıların başa düşmədiyi çox şeylər var. Mən indi qaraqışqırıqçılara qoşulub, hətta atamın xatirəsinə də təpik ata, tutqun şübhəli motivlər səbəbindən hər şeyə arxa çevirə bilmərəm ki. Mənə yaraşmaz.

-          Sizin Azərbaycan klassikləri ilə vaxtaşırı toqquşmalarınız olub. Bu toqquşmalarda “zəfər” sizi tərk etməyib. Ancaq mərhum Əbülfəz Elçibəylə sonuncu toqquşmanız sizin için məğlubiyyətlə nəticələndi. Birdən-birə ictimai reytinqiniz sıfırın altına düşdü.

-          İctimai reytinq mənim üçün boş və mənasız şeydir. İctimai rəy sürüşkən təbiətlidir: bu gün belə deyəcək, sabah başqa cür. İllah da Azərbaycan şəraitində. Müdrik saydığımız Azərbaycan xalqı tum kimi çırtladığı referendumların birində SSRİ-nin tərkibində qalmağa əvvəl “hə”, sonra “yox” demədimi? İctimai rəy insanı səhih görə, düzgün qiymətləndirə bilmir. El gözü tərəzi-zad deyil. Biz həmin “el”ik ki, qarnıyoğun görəndə həmişə baş endirmiş, “atam-anam sənə qurban” (M.Cəlildə) demişik. İndi də eləyik. Fikir adamı kütlənin nazı ilə oynamamalıdır. Ona ərə gedəcəkmiş kimi kütləyə özünü sevdirmək, onun qabağında əzilib-büzülmək yaramaz. Mən cəmiyyətə öz həqiqətlərimi yeridirəm. İnsanlarımızı həqiqətə, ədalətə alışdırmaq borcumuzdur. Cəmiyyət belə şeyləri hələlik anlamaya da bilər. İlkin vaxtda kütlə peyğəmbərləri də daş-qalaq edib. İsa peyğəmbərin 12 həvaridən savayı kimi vardı? Hələ onlardan biri də satqın çıxdı. Amma kütlə diktatorlara həmişə əl çalıb, onları göyə qaldırıb. Stalin öləndə bütün SSRİ zır-zır ağlayırmış. İndi durub bu cür ictimai rəylə necə razılaşasan? Sovet xalqı iblisanə yalanlara vərdişkar olmuşdu. Onda təmiz insanlar, əsl yazıçılar intihar yolu tutdular. İctimai rəy sənin ölümünə fitva verə bilər. Azadlığını əlindən alar da. Burası belə. Başqa bir cəhət. Mən klassiklər üzərində heç vaxt zəfər çalmaq planları qurmamışam, bu niyyətdə bulunmamışam. Belə zəfərlər mənə yaddır. Düzdü, siz burda “zəfər”i dırnaq içində deyirsiniz. Amma yenə də. Bəli, mərhum Əbülfəz Elçibəyin fanatları məni bəyənmədilər. Bəyənməsinlər. Guya millətin onlardan ötrü ürəyi gedir. Dünyanın heç yerində mənimki fanatlarla tutmaz. Onlarla sözüm çəp gələr. Avropada dəyərləriylə yaşayan insanın fanatlarla psixoloji uyuşmazlığı labüddür.

-          Bir dəfə “Anarın faciələrini görür və anlayıram” deyə yazmışdınız. Sizcə, nədir Anarın faciələri?

-          Gəlin, burda Anarı müzakirəyə qoymayaq. Onun içalatını töküb goreşənlik eləməyək. Onun haqqında fikirlərimi YB-nin son qurultayından təxminən bir həftə sonra “Yeni Müsavat” qəzetində “Yazıçılar Qurultayında deyə bilmədiklərim” adlı yazıda demişəm. Məndə hər ay, hər həftə Anar haqqında nəsə demək hünəri və qabiliyyəti, ən başlıcası da, həvəsi yoxdur. Tavtologiya yaxşı əlamət deyil. Yox, həm də bir-birimizin qanına yerikləməyək. Üstəlik, indilikdə anarşünaslıq deyilən elm sahəsi yoxdur. İnsafən, Anar, adı üzərinə “krest” qoyulası insanlardan da deyil, axı? Azərbaycanı parçalamaq istəmiş Əlikram Hümbətovun cinayət işi hələ də ləmbəlüm qalıb; bunu heç cür sübut edə bilmirlər. Anarı az qala cani yerinə qoymuşuq. Belə olmaz. Açıq deyirəm, biz Anara münasibətdə sadizmə yuvarlanmaqdayıq. Nəhayət, anlamaq gərəkdir ki, Anarın də şəxsi həyatı başqalarınkı kimi toxunulmazdır. Yalançı inqilabçılığa, hüquqi nihilizmə yuvarlansaq, batmışıq. Sivil dövlətlərdə bizim kimi olmurlar. Qoy hamı bilsin, mən qrupbazlıqdan min ağac uzaqdayam. Anara da qrup maraqları ilə yanaşa bilmərəm. Anarı hər dəqiqə ifşa etmək mənim peşəm deyil. Şəxsən məndə bu iqtidar yoxdur. Məni Azərbaycanın taleyi ilə bağlı daha böyük problemlər düşündürür. Məni insanlara qarayaxa kimi tanıtmayın, xahiş edirəm. İçimdəki pozitiv başlanğıc daha güclüdür. Bacarırsınızsa, onu görün, ondan yapışın.

-          Kamil Vəli Nərimanoğlunun dediyinə görə siz Moskvada yaşayarkən Elçin Əfəndiyevə mayonez göndərirmişsiniz.

-          Qədimlərdə dost dosta at-dəvə bağışlarmış. Sovet dövləti bizi cılızlaşdırıb mayonez səviyyəsinə endirdi. Mən Mütəllibov dövründə bir dostuma yarım kilo kərə yağı bağışlamışdım. Bir dəfə 2 kq baş soğanla qonaq getmişəm. Burada nə qəbahət var? Rəftarımız həyatımıza uyğundur. Həri, olub, Moskvadan Elçin müəllimə mayonez göndərmişəm, özü də “finski”. Qəşəng qablı - suvenir əvəzi. Elçin müəllim də gələnlərdən mənə Şəki halvası göndərərdi. Deyir, kor kora kor deməsə, bağrı çatlar. Qoy indi də Kamil Vəli Nərimanoğlu gedib yazsın ki, bunlar barter üsulu ilə dostluq eləyiblər. Onsuz mız qoymaq sağ əlinin sol peşəsidir. Ancaq elə yaxşı oldu, bu sualı verdiyiniz. Mən K.V.Nərimanoğlunu göydə axtarırdım, yerdə əlimə düşüb. Son zamanlar mənim barəmdə ağzını köndələn qoymağa başlayıb. Rafiq Tağı haqqında hərzə danışmaq artıq dəb halı almaqda, bəzi “professor”ların professional keyfiyyətinə çevrilməkdədir. Mən Kamil Vəli Nərimanoğlunu azad insan kimi tanımıram. Özünə daim ağa axtarandır. Başının üstünə daim “krışa” olmalıdır. Gərək həmişə kiməsə istinad edə. Birbaşa  öz sözünü deməyə qorxur. Daha doğrusu, öz sözü yoxdur. İçi sovet kompleksləriylə doludur.

-          Kamil Vəliyev dilçilikdə “ki” şəkilçinin araşdırıcısı kimi yadda qalıb. Rəhmətlik Vidadi Məmmədov ona “kişünas” deyərdi. Olmayan ədəbi-elmi karyerasını da böyüklərə yaranmaq, dostluq adı ilə ona-buna rüşvət qonaqlıqlar verməklə qazanıb. İndi yeni üsul tapıb: Rəsul Rzanı tərifləyib, Anarı pisləmək. Kəliməbaşı “Ramiz Rövşən” yazmaqla ədəbiyyatda mövcudluq mümkün deyil. O, Ramiz Rövşənin sevgili-cananı yerindədir. Ramiz bəyin yerinə olam, onun şöhrətini istismar edən bu qeyri-səmimi insanı həlməşik kimi özümdən rədd edərəm. Amma yəqin artıq bunu bacarmaz: saxta dostluq xroniki şiş xəstəliyi kimi dərinlərə işləyib. Tənqidçinin şairə barokko üslubunda şit sevgiləri biabırçılıqdır. Xalq haqqında ağzına çullu dovşan sığmaz. Amma xalqın taleyində molla personajına lüzum yoxdur. Kamil Vəli Nərimanoğlu Dədə Qorqud kannibalıdır. Kannibal, yəni yamyam. “Dədə Qorqud”un 1300 illik yubileyi ərəfəsində də, Dədəsi Qorqudu basıb yedi. “Dədə Qorqud Ensiklopediyası”nın tək bir mündəricatını tərtib etməyəsə Anardan ikicə min dollar qopardıb. Bunlar mətbuatda əks olunmuş şeylərdi. Konfabulyasiya deyil, şükür sənə, İlahi, beləsindən olmadıq. Ona görə də, ay xanım, Kamil Vəli Nərimanoğlu adlı adam mənim adım gələndə susmağa üstünlük verməlidi. Mənim barəmdə susması onun həyatdakı ən şərəfli işlərindən biri olardı. Düz həmişə əyrini kəsər.

-          “Yazıçı sözü ilə hərəkət edənlər axmaqlardır” ifadəniz, özünün ehtimal olunan qəbahətlərinə bəraət qazandırmaq istəyən adamın öyüd-nəsihətinə bənzəyir.

-          “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”, - bunu da mən deməmişəm ki. Amma mənim dediklərim Fizuli babamızın bu misrasının sətri tərcüməsi kimi bir şeydir. Siz mənim yalanımı çıxara bilərsiniz, Fizulininsə yox. Sizdə günah yoxdur, hamımız beləyik: daşlaşmış fikri asan həzm edirik. Ümumiyyətcə, bizdə klassiklərin sözləri ağızları qapamaq üçün gözəl vasitədir. Görünür, mən belə eləməliyəm. Xəyanətlərə hiyləylə cavab verməli. Başqa misal. N.Berdyayev yazırdı: F.Dostoyevskinin fikirləri nə qədər dərin olsa da, onlarla həyat qurulmaz. Belə çıxır, axmaqlıq edib onları həyata tətbiq edən uduzar. Gözəl ideyalar yalnız düşüncələrdə işləməli, insanları nələrəsə yönəltməlidir. Yoxsa bu gün  deyildi, sabah həyata keçdi - elə şey yoxdur. Fəlsəfi fikir Siyasi Büro qərarı deyil. İsa peyğəmbərin bəşəriyyəti sevgiylə xilas düsturu bu gün-bu saat praktik əhəmiyyətsiz görünürsə də, əbədiyyət fövqündə hədsiz əhəmiyyətlidir. Hə, bir də axı Rafiq Tağı haçan dedi, siz də haçan eşitdiniz ki, mən müqəddəsəm, heç bir günahım yoxdur. Kim desə imam övladıdır, inanmayın. İnsanın bütün mənası elə onun günahlarında və sonrakı tövbədə, bu günahların yuyulmasındadır. Müqəddəs insan insanların ən yalançısı, ən riyakarıdır. Bax, belə.

-          Axırıncı dəfə bu ilin mayında müsahibə veribsiniz. Orada YB idarəsinə 60-cı illər ədəbi nəslinin ünvanına kəskin mülahizələriniz öz əksini tapıb. Onları flügerə bənzətmiş, siyasi “ustanovka”lara boyun əyməkdə, 50 milyon insanın məhv edilməsində, diktaturanın ömrünü uzatmaqda və göbək ciyələrinin də diktaturadan ayrılmamasında yamanlamışdınız. Bu kəskin çıxışınız AYB-nin gənc yazıçıların problemlərinə həsr olunmuş toplantısında yazıçı Anarın sizə qarşı tənqidi qeydlərindən bir neçə gün sonra baş vermişdi. Bu hərəkətiniz sizin bütün ictimai narazılıqlarınızın Anar tərəfindən bir yazıçı kimi təsdiq olunmaq kompleksinizin təzahürü kimi görünürdü. Demək, növbəti kəskin çıxışınızı görməkdən ötrü Anarın sizi növbəti dəfə aşağılamasına qədər gözləmək lazım gələcək? Bu hal sizin yazıçı imajınıza ədəbi mazoxizm elementlərini əlavə edir. Siz həmin müsahibədə “ədəbi dezinsektor” rolunu üzərinizə götürmüşdünüz. Ancaq bunu etmədiniz.

-          “Ədəbi dezinsektor”luğunda yenə varam. Ancaq baltanı götürüb hər dəqiqə Anarın - Fikrət Qocanın, ya aristokrat təbiətli bir insan (!-İ.D.) olan Arif Əmrahoğlunun təpəsinə endirməli deyiləm ki. “Dezinsektor”luğuma misallar çəkə bilərəm. Elə ədalət qəzetinin son “Alatoran” (AYO) buraxılışında - “Azərbaycan mədəniyyətində funksionallıq”, “Politika” qəzetinin ötən sayında - “Gecikmiş janr axtarışları”. Sadəcə, bu işlər sizin arzu etdiyiniz tərzdə olmur. Mən yel dəyirmanlarıyla vuruşmuram. Amacım azman şərlə tutaqlaşmaqdır. Jak Derrida yalançı apokalipsisləri gülməli və ziyanlı sayırdı. Məncə, ədəbi aləmdə yalançı apokalipsislər uydurmağa ehtiyac yoxdur. “Ulus”da dediklərimi inkar etmirəm. Ancaq onlardan beşəlli yapışıb qalmıram da. Həyat tarixin dərslərini nəzərdə tutmaqla davam etməkdədir. Yeri gəlmişkən, bəzi yoldaşlardan soruşmaq istərdim: Anara niyə aşağıdan yuxarı baxırsınız? Mən kiməsə, o cümlədən Anar müəllimə dərin hörmət hissi bəsləyə bilərəm, lakin ona aşağıdan yuxarı baxmaram. Bu cür hərəkətlər köləlik qalığıdır. Şəxsi qənaətiniz də kökündən səhvdir: məndə Anarın Rafiq Tağını yazıçı kimi təsdiqləməsi kompleksi yoxdur. İnsanı Allah bəyənsin. Məni Allahım seçib, təsdiqləyib. Məncə, bu kifayətdir. Dediyiniz “mazoxizm”i gözəl barmaqlarınızdan sorub çıxarıbsınız. Özü də bu ifadələr sizinki deyil. Vallah, “sizi bir öyrədən var”. Dediyiniz məsələ Anar müəllimlə bir toqquşma idi. Qoy Azərbaycanda ədəbi toqquşmalar olsun, təki vətəndaş müharibəsi olmasın. Onu deyim ki, ədəbi toqquşmalar vətəndaş müharibələrinin qarşısını alır da. Bu baxımdan ədəbi toqquşmaları hətta vacib görürəm. Anarla “münaqişə” də bir iş idi, oldu keçdi, yaddaşlarda öz pozitiv rolunu oynadı. Sualınızdan da bilinir ki, yenə oynayır. Belə münaqişələr daim olacaq. Təki heç nə qisasçılığa, əbədi ədavətə çevrilməsin. Məni düzgün başa düşün. Yaxamdan hey dartırlar ki, şəxsi düşmənçilik müstəvisinə salsınlar. Heç cür alınmır. Alınmaz da. Çünki qəlbim mehrlə doludur. Yox, alınmaz.

-          Ümumiyyətlə, Anar Rzayevlə sizin qarşılıqlı münasibətləriniz normal hədlərin dışında qalır. Siz onu özünüzün “düşmən obrazı”nızın memarı adlandırırsınız. Deyəsən, Mirzə Cəlilə qarşı da Anarın onun davamçısı olduğuna görə çıxmışdınız.

-          Yenə Anar. Özü də arada elə bir şey yoxdur. Mən özüm Mirzə Cəlilin hamıdan artıq davamçısıyam. “Mirzə Cəlillə ayrılıq məqamı” adlı yazımda, Xaliq Əlimirzəyev demiş, bəzi “ oseçka”lar vardısa da, mən ortalığa prinsipal məsələ qoymuşdum: millətin pozitiv yükünü aşkara çıxarmaq. Bizdə həmişə belədir: böyük məsələlər qalır, kiçikdən yapışırıq. Yanan evi söndürmək əvəzinə dibçəyin hayına qalırıq. Burada da, sizin fikirlə razılaşa bilmərəm. Məəttələm, məhz Anara görə Mirzə Cəlilə “qarşı çıxmağ”ım haradan ağlınıza gəlib?

-          İcazə verin, mən də sizinlə razılaşmayım. Və beləcə qarşılıqlı anlaşmazlıq notları ilə müsahibəmizi tamamlayaq.

-          Sağ olun, İradə xanım.

-          Mən də sizə çox sağ olun deyirəm, Rafiq bəy.

 

“Ədalət” qəzeti

№ 173

13.09.2002

Söhbətləşdi: İradə (jurnalist)

Digər xəbərlər

Rafiq Tağının qardaşından Həmid Herisçiyə: “Siz İran casususuz!”

Sevirəm demişəm

Həmişəlik dinc tramvaylı şəhər

Rafiq Tağı: “Vallah, belə təcrübəsiz qatillərlə dünyanın heç harasına getmək olmaz” (Kəramət Böyükçöl)

Üzümüzdəki ləkə: Rafiq Tağıya gecikmiş cavab

Şərhlər