SİYASƏTÇİ Sərdar Cəlaloğlu və SƏNƏTÇİ Rafiq Tağı

Tarix: 31-03-2017 11:12
Baxış sayı: 365

EKSPRESS

 

3-5 APREL 1999-CU İL

 

Burada sadəcə Rafiq Tağı ilə müsahibə yerləşdirilmişdir.

 

Sual 1: İndi bizimlə söhbətə başlarkən hansı ovqatdasınız və bu ovqat hansı hadisələrdən yaranıb?

Cavab: Bu gün səhərdən EQO Yaradıcılıq Ordeni ətrafında yaranan situasiya ilə bağlı qanım qara idi.  İlkinində başqa cür düşünülmüş məhdud tipli qurumun kolxoza dönmək ehtimalı məni narahat edir. sonra bir neçə yeni ideyanı qulağım çaldı - ovqatım dirildi. Bir növ ağ qaranı, yaxşı pisi üstələdi. Həm də özüm özümə təsəlli verdim: insanam axı, əslində də gah elə olmalıyam, gah da belə.

 

Sual 2: Bəzən elə olur ki, kimisə ya bağışlamalı, ya da cəzalandırmalı olurlar. Sizcə orta yol yoxdurmu?

Cavab: Cəza əfvdən qədimdir. Günah insanla birgə doğulub və ona dair ilk reaksiya cəza şəklində olub. Cəza ta İsa peyğəmbərə qədər dominant tərzdə davam edib. Cəza insan üçün ən layiqlisi bilinib. İsa peyğəmbərlə bağlı bu köhnə ənənəyə son qoyulmadısa da, hər halda, baxış təzələndi. Bir növ, köhnə bazara təzə nırx qoyuldu. Dünyada təzə humanitar situasiya yarandı. Diapazon yüngül günaha ağır cəzadan, ağır günaha yüngül cəzayacan genişləndi. Bəşərin hörməti qatilin tam bağışlanılması həddinəcən artdı, hə, İsa peyğəmbər hər cür günahı bağışlayırdı və bu ədəbiyyatda-sənətdə onu təqlidləri doğurdu. İsa peyğəmbər ən ağır canini də nəinki bağışlamağa, hətta sevməyə çağırırdı. Bu məntiqsiz, hətta şizofrenik ideya əslində hüquqların çeşidini xeyli artırdı. Əlbəttə, yolunu çox azmış adam, qayğıya daha çox möhtacdır. Xilas yalnız sevgilərlə mümkündür, nifrətlərlə yox. Hərçənd, sevginin tətbiqi indiyəcən müşkül iş olaraq qalır. Qəribədir, sevgi insanlıq üçün nifrətdən yad görünür. Nifrət özünü sevgidən çox sevdirə bilir. Yenə əvvələ qayıdıram. Adi məntiqlə ağır cinayət daha ağır cəza ilə, yüngülsə yüngüllə "dəyərləndirilir". İsa peyğəmbərdə isə məntiq bambaşqa cürdür. Mən İsa peyğəmbərin yolunu təqdir edirəm. Mənim idealım İsa peyğəmbərdir.

 

Sual 3: Taleyə, qəzavü-qədər, alın yazısına inanırsınızmı? (Bu, AZADLIĞIN artıq müəyyən qəlibə salınması deyilmi? Əgər tale yazılıbsa mübarizə aparmaq nəyə gərək?)

Cavab: Mən fatalistəm: taleyə, alın yazısına inanıram. Bəzən alın yazısını beynin alın nahiyəsindəki yazı kimi hərfi mənada anlayır, materialistcəsinə də ondan vaz keçirlər. Alın yazısı həqiqətə adekvat obrazlı bir ifadədir. İnsan ömrü alın yazısının oxunuşudur. Eyni bürc altında doğulanların xarakteri də bir olur. Bu elə-belə iş deyil. Qarşılaşdığı çətinliklər, bu çətinliklərin çözümü yolları da oxşardır. Eyni bürc altında doğulanları mən bürcdaşlar adlandırardım - mən onların hətta ölümlərində də oxşarlıq görmüşəm. İnsan kainatdan təcrid olunmayıb və hələ ana bətnində göy cisimlərinin təsiri ilə formalaşır. Bu gün dünyaya gəlmiş çağa artıq formalaşmış insan sayılmalıdır. Onda genetik və ümumkainat kodları artıq qoyulmuşdur. Çağa kainatla harmoniyadadır. Məktəblər, universitetlər insanda yalnız cüzi və ötəri dəyişikliklər yaratmağa qabildir. Bütün bu dediklərimin elmi əsası var. Sovet dövrünün dialektik materializm erasında astrologiya gözümçıxdıya salınmışdı.

 

   İnsan qəzavü-qədər düsturundan kənara çıxa bilməz. Azadlıq mütləq ideya deyil, insan ona yalnız can atır və söhbət ona neçə addım yaxınlaşmaqdan gedə bilər. Azadlıq yalnız qəzavü-qədər düsturu çərçivəsində genişlənməyə qabildir. Mən qəzavü-qədəri üstələyən azadlıq tanımıram. Ancaq bunu dərd eləməyə dəyməz: qəzavü-qədər həddində azadlıq insana kifayət eləyir. Tale fövqündə insanın mübarizəsi cılız görünür. İlahi, hərdən soruşmaq istəyirsən, bir tikə çörəkdən ötrü inqilab və müharibələr yapan insan haqlıdırmı?

 

Sual 4: Ümumiyyətlə AZADLIQ sizinçün nədir? İdeal saydığınız o azadlığa özünüz tam hazırsınızmı?

Cavab: Azadlıq Allahın nəzərdə tutduğu ölçülərdə yaşamaq imkanıdır. Dünyadakı saysız ideyalar və nəzəriyyələrlə azadlığın ilkin mənası itmişdir. İmperiyalar və diktaturalarda azadlıq təhrif olunmuş, azad yaşamaq zaman-zaman mümkünsüz işə dönmüşdür. Bəşəriyyətdə köləlik təcrübəsi daha çoxdur. 1861-ci ildə Rusiyada təhkimçilik ləğv olunanda, təhkimçilər azad yaşamağın mənasını anlamır, hər kəs öz ağasının yanına qayıdırdı. Mən özümü azad yaşamağa hazır sayıram. Lakin Azərbaycanda azadlığın anarxiya şəklində qalmaq ehtimalı güclüdür. Mən hətta belə deyərdim: hələlik azadlıq Azərbaycana yaraşmır.

 

Sual 5: Allah "düşməni də bağışla və qan tökmə" deyir. Sizə bir düşmən əsgərini güllələmək tapşırılsaydı nə edərdiniz?

Cavab: Düşmən əsgərini güllələmək iqtidarında deyiləm. Mən güllələmək qabliyyətindən məhrumam. Ən azı həkim olduğuma görə. Mən düşmən əsgərini, hətta faşistləri də sağaltmağa məhkumam. Məncə, həm də sualın özü uyğunsuzdur. Düşmənə yalnız mükəmməl dövlət mexanizmi çərçivəsində layiqli cavab verilməlidir. Düşmənə nifrət hərbçi peşəsi atributudur. Mən isə düşmənin bəşəriyyətə verdiyi töhfələri təqdir etməliyəm. Aram Xaçaturyanı, Qrant Matevosyanı sevdiyim çağları mən heç vaxt unutmayacağam. Hərbçiləri döyüşərkən xalqlar bir-birini sevməlidirlər. Bəşəriyyətin xilas yolu bundadır. Lev Tolstoy "Hərb və sülh"ündə Napoleona nifrəti sezdirmirdi də. Faşistlərə nifrət II Dünya müharibəsində almanları sevməyə əngəl törətmirdi.

 

Sual 6: Əxlaq sizin üçün nədir? Siyasət adamının əxlaqını necə təsəvvür edirsiniz?

Cavab: Əxlaq bəşəriyyətin mənəvi ixtirasıdır. Bəşər əxlaqla öyünə bilər. Kritik məqamlarda toplum yalnız əxlaq sayəsində az-çox duruş gətirə bilir. Hərçənd mən əxlaqa digər baxışlara da dözümlüyəm. F. Nitsşe əxlaqı qaldırıb yerə çırpırdı. O, əxlaqı tərəqqidən saxlayan əsas səbəb bilirdi. Markiz de Sad cinayəti də insan hüquqları sırasında görmək istəyirdi. Bunlar əxlaq barəsində əxlaqdan uzaq fikirlər olsa da, mənim üçün hədsiz maraqlıdır.

 

   Siyasətçidə əxlaq vacibdir. Əks halda o, adi quldurdan fərqlənməz. Əxlaqı olmayan siyasətçidən nə desən gözləmək mümkündür. Bu siyasətin nəticəsi cinayət tərkibli olar. Azərbaycan torpaqları məhz əxlaqsız siyasət ucbatından getmişdir.

 

Sual 7: Siyasət sizin üçün nədir? Şəxsiyyətinə hörmət etidiyiniz siyasətçi...

Cavab: Siyasət toplumların fəaliyyətini tənzimləmək üçün çox önəmli fəaliyyət sahəsidir. Siyasətin inkarı ağıl zəifliyi əlaməti sayıla bilər. Mənə siyasətin detalları yox, ondakı ideya daha çox maraqlıdır. Mən bu ideyaları daim ümumbəşəri dəyərlərlə tutuşdururam. Bu ona qiymət üçün vacibdir.

 

Sual 8: Ailənizdə hansı dövlət quruluşunu tətbiq edirsiniz?

Cavab: Dostlarım məni çox düzgün olaraq proqressiv retroqrad kimi xarakterizə edirlər. Mən ailədə avtoritar rejim tərəfdarıyam. Ailədə demokratiya faciələri şərtləndirən şeydir. İyerarxiya prinsipi tam gözlənilməlidir. Hərçənd bunlar hər hansı hüquqsuzluq demək deyildir. Dediklərim milli əxlaqımıza tam uyğundur. Azərbaycanda ailə məhz bu cür keyfiyyətlərlə özəlliyini saxlaya bilib.

 

Sual 9: Sizcə XX əsrin sonunda da xalqların mif yaratmaq istəyi hansı ehtiyacdan doğur?

Cavab: Mif informasiyasızlıqdan yaranır. Mif bəşəriyyətin ilk yaradıcılıq nümunələrindəndir. Təbiətdəki obyektiv qanunlar insanda mifoloji reaksiyalar doğururdu. Prometey heç yerdən od-zad oğurlamamışdı. İndi gülünc görünən allahları qədim yunanaların heç də yüksək zəka sahibi olmalarından irəli gəlməmişdi, sadəcə, savadsızlıq əlaməti idi. Zəngin mif yaradıcılığı geridə qalmış xalqlarda daha üstündür. Mif xalqın tərəqqi göstəricisi deyil. Miflər yarandıqca da mədəniyyətdə öz əksini tapırdı. Bu anlamda dünya mədəniyyətinə primitivizm xasdır. Dünya mədəniyyəti miflərin mənimsənilməsində səhv yol tutmuşdur. Bəlkə elə ona görə də mədəniyyətin insanlığa təsiri minimaldır. Ermənilərin Xocalıda, serblərin Kosovada törətdikləri, mədəniyyətin iflası əlamətləridir.

 

Sual 10: Tez-tez eşidirik ki, "bizim millət düzələn deyil..." Bəs sizcə?

Cavab: Bu çox sadəlövh və həm də küt bir fikirdir. Bizim millət düzələcək, inaşallah. Sadəcə, onun psixologiyasına kompüterlərdə olduğu kimi virus düşmüşdür. Çıxış yolları bir-birinə qarışıb. Böyük zəhmətlər tələb edirsə də, virusdan xilas olmaq mümkündür.

 

Sual 11: Dünyadan gedəndə özünüzlə aparmaq imkanı verilərsə, nəyi seçərdiniz?

Cavab: (bir qədər pauza) Əlbəttə, indi deyəcəyim dəhşətli bir şey olardı. Arzum fantastikdir. Mənim, adı ulu nənəsinin adından olan balaca bir qızım var - 3 yaşı hələ sentyabrda tamam olacaq. Deyirəm nəyimsən, deyir "ulu nənən". Bax, bu gün ölsəm, ölümdən sonra da yaşamaq şərti ilə "ulu nənəmi" də özümlə götürmək istərdim. Mən o dünyada onsuz qala bilmərəm.

 

 

SÖHBƏTDAŞLARIMIZIN PSİXOLOJİ STATUSU

 

   Təbiətcə yumşaq insandır. Ancaq tez-tez insanlıq üçün cızılmış məhdudiyyət xətlərindən kənara çıxmağa can atır. Elə çıxır da, hərçənd tələm-tələsik yenə öz yerinə qayıdır. Frazeoloji hoqqabazlıqlarına baxmayaraq, azadlıq onun üçün çox da önəmli deyil. Azadlıq onun üçün icra yox, yalnız danışıq səviyyəsində cəlbedicidir. O hamını kölə, təkcə özünü azad görmək istərdi. Humanizm onda karikatur effektlidir, ona normanın deformasiyası kimi maraqlıdır.

Digər xəbərlər

“Yazıçı laboratoriyası”

Düşmən dostlar

Rafiq Tağının "TURAN"a eksklüziv müsahibəsi

İntibah həsrəti

“Heydər Əliyev 5 noyabrda demokratiya illüzionisti kimi parlaq bir nömrə göstərdi”

Şərhlər