Faciə janrlı puplisistika

Tarix: 20-10-2015 05:25
Baxış sayı: 913

Puplisistika ekstremal vəziyyətlər ədəbiyyatıdır. İnqilablar publisistikaya kəlləmayallaq yuvarlanmaq dövrüdür.

 

                                                                               ***

 

Qardaşlar, Azərbaycana mütəmadi qaranlıqlar çökməkdədir: indi səhər ancaq inersiya üzrə, formal açılır. Səhərlərdə qaranlıq çaları günbəgün artmaqda, onlar axşamlara get-gedə daha çox oxşamaqdadır. Səhər bir gözündə, axşam – bir, bizdə tərəzinin dimdikləri uc-uca gələr... Qorxasan, dünyanın Günəşi gəlib Azərbaycanda it-bata düşə, gələcəyimizin göy üzündə gün uzunu ulduzlar sayrışa. Hərçənd onda Aya-ulduza dair şerlərimiz, onlardakı romantika da ikiqat artmış olar. Şerlərimizdə kontekst yerli-dibli dəyişilər.

 

Həri, Azərbaycandakı qaranlıqlarda padşah xalqa yalnız projektor işığında görsənə bilər.

 

Amma qaranlıqlarımızdan dördbucaqlı qara xalçalar doğramaq, qara qələm və sürmə, həmçinin Şərq vacibatlarından sayılan qara təsbeh istehsalı mümkündür. Onu desəm olar, deməsəm olmaz ki, təsbeh Şərqdə gözəl-göyçək vaxt öldürmək vasitəsidir. Bax, belə-belə, bala-bala barmaqlarını tərpədirsən, şaq-şaq, bay, bir də görürsən, vaxt öz-özünə öldü. Götür, apar, basdır. Hə və ya həri, Şərqdə vaxt Qərbdəkindən uzundur. Elə bu uzun-gödəkliyə görə də onlarınki bir-birilə tutmur. Vaxt Şərqdə elə uzundur ki, ən uzun ömürlə də onu dəf etmək mümkün iş deyil. Şərqdə vaxt mənim üçün sarkofaq kimi qapalıdır. Mən şərti – qərbli, şərtsiz – şərqliyəm. Mən demokratiyanın dərkində, tutaq, qərbliyəm, despotları bəh-bəhlə boynuma mindirməkdə - şərqli. Azərbaycanda avtoritarizm Şərq təzahürüdür. Qərb təzahürü qadınlarımızın bir az lüt gəzməyidir ki, nə gizlədim, bundan da adamın xoşu gəlir. Yalançı əxlaqlar fövt olub getdi. Erotik paltarlarda lüt kimi gəzmək Qərbin indiyəcənki ən böyük uğurudur və bu artıq bizə də keçib. Əlbəttə, biz bu uğurdan çox bəhrələnmişik. Əvvəllər Şərq qadınında fərz etdiyimiz şeyləri gedib Qərbdəkilərdə görərdik. Onsuz hamıda hər şey eynidir, Şərq-Qərb ayrı-seçkiliyi əbəsdir. İlahi, mən yatıb, sonra da durub Azərbaycanı islamdan və Şərqdən çox şimalda görmək istərdim. Onu desəm olar, deməsəm olmaz ki, Azərbaycanda islamın ləğvi işi yuxuda mənə həvalə olunub. Dədə Qorqud bənzərli nurani bir kişi idi, gəldi və mənə dedi: ömrünü bu işə həsr et. Yadımdadır, onun sözləri məhz elə bu cür həmqafiyə alınmışdı. Azərbaycanda islamı ləğv eləməsəm, bir gün domba qəbrim ot tayası kimi od tutub yanacaq. Azərbaycanda islam durduqca, mən goruma söyülməsinə indidən can-başla hazıram. Qardaşlar, islam Azərbaycanı Azərbaycandakı tarixi uzunluqda geri atmışdır. İslama sərf etdiyi enerjilərlə azərbaycanlı özünü tükətmişdir. Azərbaycanda vaxt islamla öldürülür. Ancaq bunlar heç və elə sonra deyəcəklərim də.

 

Qara bəxtlər də qaranlıqlarımızda görünməz olacaq. Elə olacaq, biz hətta qabağımıza çıxan qara pişikləri də görməyəcəyik. Gələcək zülmətimiz Azərbaycanı Avropadan “klyaksa” kimi göstərəcək.

 

Qardaşlar, Azərbaycandakı “atanşik” padşahlar da millətin qarabəxtliyinə dəlalət edir.

 

Həri, mən həmişə demişəm, daim deyirəm də ki, millət açarını itirib. Azərbaycanda ala qarğa bala çıxarmaz. Düzdü, bir dəfə bir “ala”sı çıxarmışdı, balaları çataçat ölmədi bə. Azərbaycan ala qarğa balaları üçün dözülməz yerdir. Gəl gör burda Rusyətin ağgöz qışlarından ola. Qışlarımız formal və saxta keçməsə, deyirəm, Azərbaycanda ins-cins qalmaz. Bizdə Şaxta baba da qış imitatorudur. Qaçqınlarımızın varlığı qışlarımızın saxtalığı sayəsindədir. Azərbaycanda həyat saxtalıqlardan  şədd eləyir. Ümumiyyətlə, saxtakarlıq bizim həyat preoratidimizdir. Azərbaycanca danışa bilməyənlərimizin azərbaycanlı sayılması ən böyük saxtakarlığımızdır. Azərbaycan həmişə saxta prezidentlərlə oynadılıb. Azərbaycan padşahları süni qatar sükanını yalandan sağa-sola fırladan uşaq yerindədir. Onlar artıq xalqı girdaba yuvarlada bilmişlər. Mən girdaba yuvarlanarkən, tez-tez üçölçülü məkan parametrlərindən kənara çıxırdım. Gözlərim optik qəza halında idi. Bir az gedək o yana. Qardaşlar, yağla şoru bir qiymətə olan  Azərbaycan yaşayış üçün qorxuncdur. Asayişi qoruyan bir belə insan arasında yaşamaq hədsiz təhlükəlidir. Azərbaycanda yas da fəlakətdir, toy da. Azərbaycanda qadın kişi bənzərlidir, kişi-qadın. Hamı mənəvi hermafroditizmə düçardır. Kişilərlə qadınlarımızın əsas fərqi qabaqlarındakı cəmi bir-iki şeydədir. Bundakılar onda yoxdur, ondakılar – bunda. Gələk bu yana. Bizdə üstünə ləkələr yaxılan insan him-cim teatrı aktyoru bənzərlidir. Azərbaycanda natəmiz təmiz yerindədir, təmiz-natəmiz. Əlbəttə, bayaq dedim, bütün bu kiçik şeylər də heç.

 

                                                                    ***

 

Azərbaycan publisistikaya məhkumdur. Azərbaycanda yazıçılıq publisistik ölülükdür. Bizdə publisistika faciə janrlıdır və elə insanları hır-zır qanmayan bütün ölkələrdə belədir. Fyodor Dostoyevski “Yazıçının gündəliyi”ndə, Mirzə Cəlil “Molla Nəsirəddin”də buna getməyə məcburdular. Gəlsənə, burda sözümü qurtarım. Yox, burda : publisistika ekstremal vəziyyətlər ədəbiyyatıdır.

Digər xəbərlər

Hadi Qaraçay "Ölüm elçiləri"

ŞƏRQ-QƏRB AZADLIQ YAZISI. DON JUAN VƏ KAZANOVA ASPEKTİ

Azərbaycanda siyasi idilliya ərəfəsi

"AYO-çulardan başqa hamı ad günümü qutladı" (24saat.az-a müsahibə)

Ədəbiyyatda azadlığım həyatımda azadlıq illuziyası yaradır

Şərhlər