Rafiq Tağı deyəndə...

Tarix: 17-08-2016 13:33
Baxış sayı: 647

Bu gün Rafiq Tağının doğum günüdür. Yaşasaydı 66 yaşı olacaqdı. Rafiq Tağı həm yazıları ilə, həm də ölümü ilə unudulmadı, yaddan çıxmadı.

 

 

Kulis.Az bu münasibətlə yazarların Rafiq Tağı ilə bağlı unuda bilmədikləri xatirələrini təqdim edir.

 

 

Aqil Abbas: “Mənə elə gəlir ki, Rafiq Tağının ən çox gəldiyi redaksiya “Ədalət” qəzetinin redaksiyası idi. Redaksiyada Rafiq Tağı həm bizə yazdığı yazıları, həm də başqa yazıları kompüterə köçürtdürürdü. Bizim aramızda tez-tez möhkəm mübahisələr düşərdi. Məsələn, Mirzə Cəlil haqqında yazdığı yazıya cavab vermişdim ki, onun bir hekayəsi də var, “Zırrama”, get oxu. Ancaq səhərisi gün yenə Rafiq Tağı redaksiyaya gəlirdi. Bizim söhbətimiz tuturdu, yaxşı mübahisə eləyə bilirdik. Şahmat oynayanlar yaxşı bilir, həmişə güclü tərəflə oynamaq istəyirsən. Rafiq Tağı da ona görə mənimlə mübahisə etməyi sevirdi. Deməli, bir gün yenə redaksiyaya gəlmişdi. Gördüm ki, yenə yazısını kompüterə köçürtdürür. Yazısını kompüterə köçürən xanıma zarafatla dedim, diqqətli olun. Rafiq Tağı qayıtdı ki, əşşi, bu hekayədi. Mən də onda cavab verdim: “Sən hekayə yazanda da adamın anasını ağladırsan”. Çox istedadlı adam idi Rafiq Tağı. Ölümündən bir gün qabaq getmişdim yanına. Oturub dərdləşmişdik, zarafatlaşmışdıq. Özü də mən orda olan adamları otaqdan qovdum. Üç dəqiqə, beş dəqiqə oturdum özüm. Dedim, çıxın çölə, adam istirahət eləsin. Bilirsiniz, bizdə yalançı dindarlıq, yalançı vətənpərvərlik və başqa “pərvər”lik var. Rafiq Tağı bu mənada çox aydın adam idi. Dini qəbul etməyə bilərdi, kəskin yazıları ola bilərdi, ancaq buna öldürməklə cavab vermək olmazdı. Sizə deyim ki, kim onu öldürübsə, ölümündə əli olubsa Allah cəzalandırmayacaq, Allahın min bir işi var, hər gün bir iş baş verir dünyada. Ancaq darıxmasınlar, onları Rafiq Tağının öz ruhu cəzalandıracaq”.

 

 

Baba Vəziroğlu: “Rafiq Tağı kimi insanlar haqqında danışmaq mümkün deyil. Onlar sənin həyatının tərcümeyi-halına çevrilir. Ömrünün hansı səhifəsini açırsan, həmin adam qarşına çıxır. Kiminləsə danışanda sözünün arasına o adam girir. Ondan nəsə demək istəyirsən, bir də görürsən ki, elə özün haqqında danışırsanmış. O qədər avtobioqrafiyalar qarışıb ki... Həyatın eyni xronologiya, eyni məqamlar, xatirələr, şəhərlərlə bağlı olur. Təxminən Kürlə Arazın birləşdiyi kimi. Bir az keçəndən sonra onları ayırmaq olmur, bilmirsən hansı Kürün suyudur, hansı Arazın. Bu mənada biz Rafiqlə həm də coğrafi mənada qardaş idik. İndi hara gedirəm Rafiqi görürəm. Moskvada hər küçə, hər tində Rafiq çıxır qabağıma. Masallıya gedirdim eləydi, indi isə Rafiqsiz ora gedə bilmirəm. İsmayıllıda bir də görürsən qabağıma çıxır, yenə deyir ki, mən Bakıya qayıdıram. Deyirəm, Rafiq, hara gedirsən, səni evdə südəmər uşaq gözləmir, gəl bir yerdə darıxaq. Şəhərlər, onların küçələri, kinoteatr, teatrlar, kitabxanalar – hamısı Rafiq Tağını çıxardır qabağıma. Özü də Rafiq kinoteatr, teatr və kitabxana xəstəsi idi. Sizə deyim ki, Rafiq Tağının ölümündən sonra şəhər telefonundan danışmıram. Rafiqlə biz telefonda saatlarla danışırdıq.... Özü də fərqli-fərqli adamlar idik. Mən xaraktercə praqmatik, realist, o isə romantik və bir az da hərdəmxəyal. Dünyaya baxışlarımız, hansısa məsələyə münasibətimiz fərqli idi. Mən hələ də bu qədər ziddiyyətli, əks qütbdə dayanan iki adamın möhkəm birliyini heç yerdə görməmişəm. Bəlkə də birliyi təcəssüm etdirən iki insan heç olmayıb. Çox qəribə dostluğumuz var idi. Çiçəyin zərrəsi qədər incikliyimiz, ummağımız olmayıb. Mən Rafiqin itkisini sözlə ifadə edə bilmirəm. Olur axı, insanın həyatının bir hissəsi iflic olur. Mənim həyatımın o hissəsi Rafiq idi. Bəlkə də yarısı. Elə adamlar həyatdan gedəndə yarımcan olursan. Biz Rafiq həyatda olanda deyirdik ki, bu həyatın normasıdır, belə insanlar var, olmalıdır. Ancaq onu itirəndən sonra başa düşürsən ki, yox, Rafiq kimi adamların olması norma yox, anormallıq imiş. Başa düşürsən ki, belə insanlar çox az gəlir dünyaya. Sizə bir şeyi də deyim: Rafiq Tağı çox səxavətli idi. Ondan pul, kömək istəyən adamlara “yox” deyə bilmirdi. Bir dəfə maşınla gedirdik, sükanın arxasında mən idim. Rafiqin yanında biri oturmuşdu, pul istədi, Rafiq də yox deyə bilmədiyindən danışmağa başladı. Gördüm ki, sınayıcı nəzərlə mənə baxır. Mən də dedim ki, narahat olma, mən verərəm, ürəyini buz kimi tut. Çaşdı, dedi, hardan bildin. Dedim, Rafiq sən pul istəyəndə belə baxırsan. Özü də ondan borc istəyənlər keçmiş xəstələri olurdu. Kim ki, buna minnətçi düşürdü, Rafiq “yox” deyə bilmirdi. Mən Rafiqi “yox” sözündən xilas edirdim. Bir də yadıma düşən bir əhvalat var. Onun ən sevdiyi iki mahnı var idi, həmişə onları dinləyirdi. Biri Aslan İlyasovun qarmonda ifa etdiyi Qandiyə həsr olunmuş mahnı, digəri isə Elmira Rəhimovanın ifasında “Sən yadıma düşəndə”... Deməli, Rafiq Tağının ən sevdiyi müğənni idi Elmira Rəhimova. Bir də biz küçədə Elmira xanımla rastlaşdıq. Rafiq Tağı inana bilmirdi, tez-tez mənə soruşurdu ki, həqiqətən bu Elmira Rəhimovadır. Mən də deyirdim ki, hə da, Rafiq, odur. Deyirdi ki, inana bilmirəm, Elmira Rəhimova mənim ilk məhəbbətim, uşaqlıq sevgim olub, onun mahnılarını sevərək dinləmişəm, hətta dünyanı belə onun mahnılarını dinləyərək sevmişəm. Eh... Qəribə adam idi”.             

 

 

Rasim Qaraca: “Rafiqlə təmasda olan insanların həyatının iki mərhələsi var bundan sonra: ona qədərki və ondan sonrakı. Çünki Rafiq ideal təmiz bir insan idi, həm ədəbiyyata təmənnasız bağlılığında, həm dostlara qarşı münasibətdə yeri doldurulmayacaq bir nümunə qoyub getdi, artıq ondan sonra bir çox şeylər həqiqətən mənasını itirdi deyərdim... Rafiq haqqında maraqlı xatirələrdən biri belədir: Cəmi bir dəfə bizim evdə qonaq olub. Bu da tarixi bir günə təsadüf edib. Oturub çay içdiyimiz yerdə birdən TV-də qəribə şeylər göstərməyə başladılar. Kanalları dəyişdik, baxdıq ki, hər yerdə eyni kadrlardır. Dəhşət içində seyr edirdik. 2001-ci il idi, 11 sentyabr hadisəsi baş vermişdi. Sonralar hər dəfə Rafiqi evə dəvət edəndə zarafatla deyirdi: "Gələrəm e, ancaq qorxuram dünya dağılar". Rafiq haqqında danışılacaq çox şeylər var... Ölümündən bir neçə ay öncə məzuniyyətə çıxmışdı. Söhbət sırasında "İnsan bu dünyaya gələ, İstanbulu görmədən gedə, böyük qəbahətdir. Kaş imkanım ola, İstanbula gedəm" demişdi. Belə bir arzusu vardı. Uşaq kimi sadəlövh idi. Həm ədəbiyyatda, həm də həkimlik sənətində təmənnasız idi. Yaxşılıqların qələbə çalacağına ən son dərəcədə inanırdı. Ətrafından yaramazlıq deyil, xeyirxahlıq gözləyirdi hər zaman... Heç kəsdən umacağı yox idi, buna görə də sözünə çəpər qoymazdı. Rafiq, sözün əsl mənasında, haqq aşiqi idi”.

 

 

Aqşin Yenisey: “Rafiq Tağı istər həyatı, istərsə də yaradıcılığı ilə XXI əsr Azərbaycan ədəbiyyatına öz möhürünü vurub. Bu xalq gec-tez onu seçəcək, onu öldürənləri yox. Mənim ən yaddaqalan xatirələrimdən biri də ölüm-dirim məsələsi ilə bağlıdır. 2008-ci ildə dərin sinir böhranı keçirirdim, dəli olmaq, bəlkə də, özümə qıymaq həddinə gəlmişdim. O vaxt rəhmətlik Elçin Səlcuq məni Rafiq Tağının işlədiyi xəstəxanaya aparmışdı. Rafiq Tağının yazdığı dərmanlar və verdiyi ürək-dirək sayəsində dəliliyin, ya da intiharın bir addımlığından qayıtdım. Bunu çox adam bilmir. Xəstəlik çəkilib getdi, amma psixi zədəsi qaldı, hər an mənə elə gəlirdi ki, nəsə hadisə baş verəcək və mən öləcəyəm. Belə anlarda yalnız Rafiq Tağının varlığını xatırlayıb ona güvənirdim. Ölüm xofunu Rafiq Tağı ilə hədələyirdim. O öldürüləndə də bizim hamımızın əvəzinə ölümün üstünə getdi, tək və əliyalın”.

 

 

Şərif Ağayar: “Rafiq Tağı əməliyyatdan çıxandan sonra hamımız xeyli rahatladıq ki, hər şey arxada qaldı. Qəfil mənə zəng gəldi və palatada öldüyünü dedilər. Ölüm xəbərinə hazır deyildim. Çox pis oldum, qan təzyiqim qalxdı. O vaxtlar bir az nasaz idim, cibimdə həmişə dərman olurdu. Əl atıb dərmanı çıxaranda lap pis oldum: o dərmanı mənə Rafiq Tağı yazmışdı... Özü də qiyməti nəzərə almışdı ki, həmişə ala bilim”.

 

 

İlqar Rəsul: “Mənim onunla bağlı bütün xatirələrim unudulmazdır.

 

 

Mənimçün Rafiq Tağı yer adamı deyildi əslində. Taleyimə göydəndüşmə bir dost idi. Elə göyə də getdi. Tanışlığımızın da maraqlı tarixçəsi var idi. O vaxt mən Azadlıq Radiosunda “Tanınmışlar” adlı veriliş aparırdım. Xeyli populyar veriliş idi. 2007-ci ildə həbsdən çıxandan bir müddət sonra Rafiq Tağını verilişimə dəvət etdim. İlk real tanışlığımız ordan başladı. Gəldi redaksiyaya, köhnə tanışlar kimi görüşdük, hal-əhval tutduq. Dedi ki, həbsxanada yazıçı Samir Sədaqətoğlu ilə birlikdə sənin verilişlərini dinləyirdik həmişə. Hərdən də zarafatla deyirdik ki, həbsə düşdükdən sonra daha biz də tanınmış adamlar olmuşuq. Yəqin nə vaxtsa İlqar Rəsul bizi də verilişinə dəvət edər. İndi mən həmin verilişdəyəm...

 

 

Belə başladı bizim dostluğumuz və xeyli dərinləşdi. Sonralar həyat yoldaşım “Semaşko” xəstəxanasında bir aya yaxın müalicə almalı oldu. Mən bütün günü xəstəxanada olurdum. Rafiq Tağı “Təcili yardım”da işləyirdi. Səhərlər gecə növbəsindən evə qayıdır, bir az yatıb gözünün yuxusunu alandan sonra “Semaşko”ya gəlirdi. Yaxınlıqdakı marketdən şirniyyat filan alıb növbədə olarkən ora yerləşdirdiyi xəstələrinə baş çəkir, sonda xanımın palatasına gəlirdi. Gətirdiyi sovqatı bir kənara qoyub onun da halını xəbər alandan sonra biz saatlarla xəstəxananın həyətində gəzinib çox maraqlı söhbət edirdik. Yorğun olmasına baxmayaraq, məni tək qoymadı həmin ərəfədə o xəstəxanada Rafiq Tağı. Demək olar ki, hər gün gəldi...

 

 

İndi hərdən yolum “Semaşko”ya düşəndə bizi - Rafiq Tağı ilə İlqar Rəsulu həyətdə ağacların altında gəzinib söhbət edən görürəm. Hətta səslərini də eşidirəm. Rafiq Tağı əli ilə xəstəxananın qəbul şöbəsini İlqar Rəsula göstərib deyir ki:

 

 

- Bu gecə növbədə olanda bura bir xəstə gətirmişdim. Qəbul şöbəsindəkiləri heç cür başa sala bilmirdim ki, adam infarkt keçirib, həyatı təhlükədədir. Zorla qəbul elətdirdim...”

 

 

Azad Yaşar: “Rafiq Tağını çağdaş Azərbaycan ədəbiyyatının ən istedadlı və nəcib nümayəndələrindən biri hesab edirəm. Onunla hələ “Ədalət” qəzetinin “Alatoran” əlavəsini hazırlayanda yaxından tanış olmuşdum. Əlavənin 2 səhifəsini mən, 2 səhifəsini isə Rasim Qaraca hazırlayırdı. Ara-sıra Rafiq də ora məqalə və ya hekayə verirdi. Bir neçə dəfə əlavəmiz çapa getməzdən bir az əvvəl, bəzən də axşam zəng edib dəqiqləşdirirdi ki, mətndə filan söz və ya cümlə necə gedib. Bu sayədə onun hər sözün, hər ifadənin üzərində necə əsdiyinin şahidi olurdum. Xətti də, bütün həkimlərinki kimi, zorla oxunurdu. 

 

 

Bəzən bir məsələ ilə (ən çox da din və dünyanın gedişatı ilə) bağlı yanlış düşündüyünü ona sübut eləməyə çalışırdıq, amma o, axıra qədər öz dediyinin üstündə dururdu. Lap partizan kimi. Belə bir az Nəsimiyə, bir az Sabirə bənzəyirdi o.

 

 

Hər şeyə rəğmən, istənilən şəraitdə son dərəcə ziyalı və kübar bir insan olaraq qalmağı bacarırdı. İlk kitabımı bağışlayanda yazdığım avtoqrafda onu həm həkim, həm də yazıçı kimi Anton Çexovla müqayisə eləmişdim. Hələ də eyni fikirdəyəm.

 

 

İmkansız insanlara, xəstələrinə cibinin puluyla yardım etdiyini, əl tutduğunu hamımız yaxşı bilirdik. Çevrəsindəki hər kəsdən, yazarlardan da, onların ailələrindən də bir həkim və insan kimi köməyini əsla əsirgəməzdi, fədakar idi hər barədə.

 

 

Bir dəfə Rasim absurd bir təklif irəli sürmüş və AYB-nin rəhbərliyinə (həm də AYO-dan!) namizəd kimi məni göstərmişdi. Heç gözləmədiyim halda, Rafiq buna kəskin və qırıcı reaksiya vermişdi. Mən də ona eyni tonda cavab yazmalı oldum. Bir müddət aramız sərinləsə də, tezliklə dostluğumuz düzəldi. Necə deyərlər, çəkişdik ki, daha da bərkişək.

 

 

Onun əsərlərində hansı sözaltı mənaları yaxaladığımı dilə gətirdiyimdə həmişə gözləri qəfildən işıqlanırdı, üzündə saf bir təbəssüm peyda olurdu. Onunla həm zarafatımız tuturdu, həm də söhbətimiz. Onun qəfil itkisi əslində AYO-nun görünməmiş dərəcədə zəifləməsinə yol açdı, sıralarımızda onun yerini hələ də tutacaq biri yoxdur.

 

 

Rafiqin həbsi də, ölümü də hansısa oyunların nəticəsiydi. Yoxsa Rafiq Tağı üzləri dost, özləri düşmən (!) bir çox insandan daha artıq dərəcədə din(lər)in öyüdlərinə uyurdu, onları praktik həyatının vazkeçilməz şüarına çevirmişdi.

 

 

Son dəfə onu ölümündən bir həftə əvvəl görmüşdüm. Rasimlə (Rasim Qaraca – red) Şirvana gəlmişdilər, atamın yas məclisinə. Sonrakı məclisdə molla təsadüfən Rafiq Tağının qətlindən söz salanda ona dedim ki, keçən dəfə sənin böyründəki masada oturan o gözlüklü, nurani adam rəhmətlik Rafiq Tağı idi. Digər mollalarımızdan fərqli olaraq, bu adam geniş dünyagörüşünə malik idi və məclisdə dini mövzuda əfsanələr, miflər danışmırdı. Bu sözlərimi eşidəndə dərindən köks ötürən molla dedi: “Heyf ondan! İşıqlı adam idi!” İndi onu xatırlayan, əsərlərini oxuyan hər kəs də elə bunu deyir.

 

 

Vaxtilə özü öz “qatilinə didaktika dərsləri” verməsəydi, bəlkə də o zalım, o insafsız, o qəssab... çoxdan tapılmışdı”.  

Digər xəbərlər

Aqşin Yenisey: "Rafiq Tağının Hopstopnaməsi"

Rafiq Tağının kulis.az-a müsahibəsi (3) Rafiq Tağı kulis.az-a verdiyi bu müsahibədə ədəbiyyatdan başqa bütün mövzularda danışır...

Rafiq Tağı məsələsinin İranda müzakirəsi

İlk düşmənim. Memuar

Şərif Ağayar: "Ona saplanan bıçaqlar..."

Şərhlər