Fotolarda ikinci plan adamı . Gəzərki klassik musiqi mövsümü

Tarix: 23-01-2017 04:03
Baxış sayı: 501

Dünya faciələri ortaya klassik musiqi dalğaları tulladı. Sağ olsun ölümləri – klassik musiqini ölməyə qoymadı. Qardaşlar, klassika faciələr durduqca duracaq. Faciələr və görünür, elə ona görə klassika da ta İsrafil surunu çalanacan bizimlə qalacaq. Əlbəttə, bunlar heç. Ancaq Motsart Volfqanq Amadeyin rekviyemi əslində idealist yox, materialistcəsinə gözəl bir şey imiş. Motsart bu əsərində əsasən insan bədəninə önəm verib. Rekviyem canın yoxluğuna dair kədərdir. Əlbəttə, can yoxdusa, bəşər özü də yoxdur, di vəssalam. Ruh ən çox lotu-potu predmetidir. Həri, klassika mənim əbədi tragik duyğularıma təmiz uyğundur. Qardaşlar, kefimin çağ çağı, eyş-işrətlərim də iştə daim hipotetik faciələr ərəfəsinə düşür. Məndə Dionisin bir üzü həmişə faciə səmtinə baxır, elə odur da ki, bir az qaraya çalır. Mən rəssamlara Dionisin üzünü bütöv işıqlı çəkməyi məsləhət görməzdim. Sənətdə Dionisin işıqlı üzü – metodoloji səhvdir.

 

Həri, qardaşlar, indi klassikadan apokaliptika qoxusu gəlir. Sivilizasiya bəşəriyyətin sonunu hədsiz yaxınlaşdırıb. Tarix qurtarmaq üzrədir. Hələ mən yenə yaxşıyam, Frensis Fukuyama buyurur ki, tarix artıq qurtarmışdır. Humanizm çıxdaş olub, çoxdan ölüb; belə şey insana layiq bilinməyib.

 

Doğrudan da, müharibə-zad törədən məxluqat yaxşı şeylərdən məhrum olunmalıdır. Gör ki, bəşər indiyəcən ədalətin tətbiqinə can çəkir. Ələlxüsus Azərbaycandan ədalətə yalnız cinayətlərlə çatmaq mümkündür. Silahsız-tapançasız adamlar ədalətə bıçaqlarla çatır. Talant rüşvətlə təsdiqlənir. Azərbaycanda məhkəmələr ədalət barəsində deyil. Azərbaycanda Femida qəhbə arvad bənzərlidir. Həri, min cür arayış və sənəd içindən ədaləti tapmaq müşkül bir işdir. Dünyanı bürüyən hazırkı terror da çıxılmazlıq təzahürü, ədalətin mücərrəd və irrasional bərpası cəhdidir. Şimşək kimi çaxan hər hansı terror aktından sonra havadan saf ozon qoxusu gəlirsə də, tez də çəkilib gedir. İçində Amerika zurnaları çalınan BMT-yə ümidlər itib. BMT təhrif olunmuş həqiqətlərlə işləyir.

 

Qardaşlar, ən qara günlərində də Azərbaycan klassik musiqiyə ehtiyac duymur. Dünyanın ən şən və zır hazırcavabları Azərbaycandadır. Azərbaycandakı oynaq havalardan oynaqlar qopar. Dünyanın ən arsız artistləri bizdədir. Padşahımın da bir gün Neron kimi meydana çıxıb oxumağı gözlənilir. Əlbəttə ki, oxumaqlıq neronlara xas olur. Neron səsi bas olur. Bas səsindən bülbüllərə yas olur...Bütün fokstrot və tanqolar, habelə lambadalar gec-tez təkcə bizdə oynanılacaq. Lambadalarla iki göbək üst-üstə, ortada sferik şeylər alınacaq. Erotikanı da əsasən sferika rəmzləndirir.

 

İndi böyük-kiçik xalqların iri matəmləri arasına heç kəsə dəxli olmayan xırda yaslar da düşür. Bu əsnada mənim bir-iki dostum elə-belə öldü. Onların ölümü sezilmədi də. Elə bil zəlzələdə toyuq ölmüşdü. Onlardan birinin ölümünü özünün azadlığa çıxmağı mənasında yalnız arvadı sezə bilmişdi. Mənim avam dostlarım təmtəraqlı ölüm üçün dinc vaxt seçməli idilər. Vətəndaş müharibələri ərəfəsində ölməklik axmaqlıqdır. Sülh bekarçılıq deməkdir və bu dövrdə hətta heyvan bir insanın da yoxluğuna bərk yanırlar. Sülhdə hər insanın ölümü kiçik bir dialektika qəzası sayılır.

 

İndidən deyirəm, mən öləndə nekroloqum qəzetlərdə çıxmasa, qəbrim yanacaq. Özüm vaxtilə başsağlıqları gücünə adam olanlardanam. Brejnev-Əliyev dövrün də ağsaqqallığa rayon miqyaslı başsağlıqları ilə çatmışdım. Əslində başsağlığı şan-şöhrət vahididir. “Rafiq Tağı” adı başlanğıcını başsağlıqlarından götürüb. Şan-şöhrət əslində həmişə boş şeydən törənir, halbuki başsağlığı sən deyən elə də boş şey deyil. Mən başsağlıqları barəsində hərdən insanlara məsləhətçi də olmuşam. Başsağlıqlarına həvəs məndə totalitarlıqdan qalıb. İnan, adımın qəzetdə çıxması naminə canımın çıxmasına razı idim. Mən adım çıxan qəzeti həftələrlə özümdə gəzdirər, hər saat da çıxarıb baxardım. Eh, adımın yanında nə qədər adlar, hətta şəkillər olub! Mən ölgün gözlü diktaturadaşlarımı indiyəcən xatırlayıram. Mən onlardan ölənlərə, gec də  olsa, qəbriniz nurla dolsun deyirəm.

 

Məndə totalitarlığın digər əlaməti Moskvada, Puşkin heykəli fonunda çəkilən şəkillərdə barı ikinci planda düşmək həvəsi idi. İndi bütün keçmiş SSRİ çamodanlarında mənim ikinci planda surətim yatır. 1979-90-cı illər fotolarının əksəriyyətində Puşkin fonunda ikinci plan adamı olmuşam. İşim-peşəm gedib şəkillərə düşməkdi - əhvalat çox kədərlidir... Əlbəttə, kədərləndinizsə, kədərinizə qurban olum, bununla qurtaraq.

 

Qardaşlar, Sovet vaxtı mən balalarımı bir müddət muştuluqla dolandırmışam. Balalarımın birini tamam muştuluqla böyütdüm. Hərdən onun tutqun və digirt fotokağızlara bənzər dərisini yoxlayar, tutub dartardım. Muştuluqdan yaranan avitaminozlu dəri şəndir kimi uzanardı. Onu desəm olar, deməsəm olmaz ki, balalarımı muştuluqlarla dolandırmağımla qaynanamı ürəkdən güldürmüşdüm. Onda elə xoşuna gəlmişəm ki, arvad indiyəcən mənə “Arif Quliyev” deyir. Həri, qaynanamla məni muştuluq doğmalaşdırıb. Onu da deməliyəm ki, muştuluq şirniyyata artıqlaması ilə çatan şeydir. Hətta bir dəfə muştuluğa iki trusu, bir “ingilis dili”, türk sözlüyü, bir cüt banan, üç saqqız, qövsi-quzeh rənglərində yeddi şar aldım: deyirdin evimizə Novruz gəlib. İki trusunu əynimdə düz bir saat yoxladım. Balalarım mənim sevinməyimə sevinirdilər. “Atamız uşaq olsaydı, - deyirdilər, - təzə paltarı onu bizim kimi bir boy böyüdəcəkdi”.

 

Həri, qardaşlar, yenə bayaqkı sözə qayıdıram: indilikdə mən gəzərki klassik musiqi mövsümündəyəm. Dünyadakı terror aktları məni Bethoven-Şostakoviçə-zada qovuşdurdu. Yoxsa çörəyə yetməyən vəsaitlə klassikadan əbədi ayrı düşəcəkdim.

 

 

“Hürriyət”, 18.09.1999

Digər xəbərlər

Jorj

Rafiq Tağı: “Vallah, belə təcrübəsiz qatillərlə dünyanın heç harasına getmək olmaz” (Kəramət Böyükçöl)

Bacımın rəng duyğusu

Anna Karenina ilə məhkəmə çəkişməsi perspektivləri

Qocalığı görən

Şərhlər