Şahzadə Dipendranın məhəbbəti

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 864


Xəritədə Nepal Çindən aşağıda, Hindistandan yuxarıdadır. Oranın öyrənilməyə layiq flora-faunası fonunda məhəbbət fa­­­natikcəsinə olurmuş. Hamı televiziyadan xəbər tutdu: Nepal şahzadəsi Dipendra eşq yolunda qətllər yapıb, öz kral ailəsi­­­nicə qırıb-çatıb. Baho, özü də bu, qart kişi olanda sevib ki. Otuz - az yaş deyil. Bur­­­da bircə şey qaranlıq qalır: nə əcəb, indiyəcən sevgini-zadı dadmayıb.

Əlbəttə, müəmmalar sonrakı təhqiqatların mövzusudur. Allah bilir, bəlkə otuzunacan min cür fırıldaqdan çıxıb. Bu eşq fırıldaqları əslində Nepal xalqının sirridir. Düzdü, nə­­­zəri cəhətcə vəliəhdin adı fırıldaqlarda hallana bilməz. Ancaq biz - yer dibindən çıxan­­­lar, dor dibindən qaçanlar, hallandırırıq. Bizə nə var! Araz aşığımızdandır, Kür - topu­­­ğumuzdan. Hər şeyi öz arşınımızla ölçür, heç düşünmürük də ki, otuz yaşındakı sevgi əvvəlki illərin fərz olunan bütün lotuluqlarını istisna edir. Sevgidən əvvəlki - yalnız tə­­­mizlik-paklıq dövrüdür. Fırıldaqlardan sonra sevgi - mümkünsüzdür. Fırıldaq sevgi­­­dən sonra bəlkə ola da bilər, ancaq əvvəl - qətiyyən.

Dipendranın ilk məhəbbəti, mənim fərziyyələrimə görə, 16-17 yaşlarına, bəlkə bir az da əvvələ, düşməli idi. Onda da sual doğur: məhəbbət olubsa, bə niyə səs-sorağı çıx­­­mayıb? Axı, sevgililər qovuşmayıblarsa (otuzunacan subaylıq bunun sübutudur), orta­­­da bir faciə baş verməli idi. Çünki söhbət elə-belə adamdan yox, şahzadədən gedir. Şahzadənin qovuşmayacağı sevgili təsəvvürə gəlmir. Ya da faciə olmağına olub, an­­­caq bunu çataçat ört-basdır ediblər. Kral ailəsinə faciə yaraşmaz deyə, informasiyanı saraydan dışarıya sızmağa qoymayıblar. Millət kral ailəsindəki faciələrdən xəbər tut­­­mamalıdır.

Xəbər tutmadısa da, demək, faciə yerli-dibli yoxdur. İnformasiyaya çevrilməyən hadi­­­sə yox hesab edilməlidir. Kim bilir, bəlkə də şahzadə Dipendranın 16-17 (ya 14-15) yaşlarından 30-na qədər sevdiyi gözəlləri, alimənsəb kral ailəsi üzvlərinin öz tapşırığıy­­­la, xüsusi xidmət orqanları boğub öldürüb.

Ya Şərq üslubunda - zəhərləyiblər. Dipendra təmiz baladır, bəlkə sonra kimi görüb, yenə sevib də. Hər dəfə də oxu daşa dəyib: sevgililərini ona layiq bilməyiblər. Onları ləkələməyə ehtiyac duymayıblar da, sadəcə, qətlə yetiriblər, qurtarıb gedib. Şahzadə Dipendra bəlkə sonralar qəbirlərinin yerini bildiyi sevgililərini ziyarət edib də. Xarak­­­teri lirik-emosional tərzdə formalaşıb. Dipendra otuz yaşınacan ölən (öldürülən) sevgi­­­lilərinin xatirəsi ilə yaşayıb.

Bu xatirələr heç vaxt saralıb-solmayıb. Şahzadə könlü sevən gözəlləri qarışıq salma­­­yıb. Əfsanələr yaranmayıbsa da, saray salnaməçiləri onlar haqqında hökmən xronika­­­lar yazmış olar. Uzaq gələcəklərdə bu xronikalardan agah olan kimi xalq onları dər­­­hal bədiiləşdirəcək. Katmandu arxivləri hələlik hamı üçün qapalıdır. Nepal xalqı öz kral ailə üzvlərindən bixəbərdir. Yoxsa onları ən azı kiçik nağıllara salardı.


Gələcək təhqiqatlar hər şeyi aşkarlayar, inşallah.


Şahzadə həyatının hələ başqa yozumları da mümkündü. Ola bilsin ki, xüsusi tapşırıq üzrə, mürəbbiyələri ona xala-bibiləri, cici-bacılarından savayı bir mələksima göstər­­­məyiblər. O, gözəl-göyçək qızları yalnız fərz edə bilib. Ya onlarla kitablarda-roman­­­larda rastlaşıb. Yaxşıdı ki, xala-bibilərinə heyran olmayıb, onlara vurulmayıb. Hamısı da yeyib-yatmış, totuq-motuq, işarə qanan xanımlardı.

Odey, məmələri - şiş durub. Qocalmırlar da. Ola bilsin, şahzadə Dipendra onlardan bir-ikisiylə mazaqlaşıb da. Ayrı-ayrılıqda. Gizlində. Hərçənd tərbiyəli bir vəliəhdin öz xala-bibilərinə tamah salmasını, onları qucaqlayıb altına basmasını xəyala gətirmək mümkün deyil. Ancaq bir iş var, iki əməl, dünyada olmayan şey yoxdur.

Düzdü, vəliəhdin min göz altında tərbiyəsindən yalnız sevgi doğula bilər. Olsa-olsa xala-bibilər özləri onu eşq oyunlarına sürükləyər, onu günaha batırardı. Biclik onlar­­­dan keçərdi. Bu gözəl balanın, igid uşağın sarayın hər hansı küncündə, kol dibindəki kimi, altına yıxılmağını onların hər biri özü üçün həyatın şirin neməti biləcəkdi. Bir söz­­­lə, Nepalın kral sarayı sirlərlə dopdolu idi. Hə, ya da xala-bibilər hələlik özlərini qı­­­sar, ehtiraslarını cilovlayar, dombalan eşqlərinə kilid vurardılar.

Şahzadənin də ehtimal olunan istəklərinə yasaq qoyardılar. Hərə öz qızının dodaqları allanana, şamamaları çıxanacan. Onlardan hər biri şahzadəni böyük, ya kiçik - istəni­­­lən qızı üçün qapazlamağa hazırdı. Şahzadə evlənəndən sonra - hə, bu, başqa məsə­­­lə, arada hər şey gözlənilə bilər. Şahzadəyə hərəmxana nə lazım - xala-bibi və cici-bacı xanımlar ölüb bəyəm? Bəh, onda eyş-işrət xirtdəyə çıxacaq: inşallah, çimdikləş­­­mədən tutmuş Dipendranı hər şeyə öyrədəcəklər. Gələcəkdə qurulası təzətər müqəd­­­dəs bir ailə naminə əxlaq hələlik vacibdən vacib olmuşdu. Guya gözlər toxdu.


Ancaq qızıyla ailə baş tutmayası ana vay-şivənə, fitnə-fəsada amadə durub. Saray saçyoldusuna hazırlaşırdı. Qırğın hələ qarşıdaydı.


Bu siçan-pişik oyunu vəliəhdin "yarı" yaşınacan çəkdi. Otuzunda Dipendranın gözü tamam yad bir qızı tutdu. Axı, bu onu haçan gördü? Haçan sevdi? Yox, nəzarət yarıt­­­maz olub. Onu yaxşı əyləndirməyiblər. Başını yaxşı qatmayıblar. Saray içrə başqasını şahzadəyə sevdirməklə "cinayət işlədənlər" var.

Onlar cəzalarına hökmən çatacaq. Sən təsadüfə bax: vəliəhd yad qızını xalalardan bi­­­ri yatanda, ya bibi hamamda ikən görüb... Görüb və gözü tutub. Kombinasiyalar ən müxtəlif cürdü. Bu sevgi xala-bibilər üçün bir fəlakət kimi gəlmişdi. Qəzavü-qədər on­­­larla aşıq-aşıq oynayırdı. Onsuz onlardan birinin qızı seçiləndən sonra da araları dəyə­­­cək, pozuluşacaqdılar. Dipendranın toyundan sonra qapqara faciələr ehtimal olunur­­­du. Bütün hallarda Dipendranın xoşbəxtliyi şübhə altındaydı.


Vallah, Dipendra yaşın 17-də də sevib. Eynən mənim kimi. Ola bilməzdi ki sevmə­­­sin. Sadəcə, ilk gənclikdəki bu sevgisi faciəsiz ötüşüb. Onu ağrısız keçirib. Hər şeyi içində çəkib. Mən də Töhfəmi olmazın sevərdim. Amma nə olsun? Gözlərimin qaba­­­ğındaca eşşəyin birinə getdi.

Faktiki olaraq, o, «eşşəy»i məndən üstün tutdu. Ancaq heç cınqırımı da çıxarmadım. Cınqırımı çıxarsaydım, artıq mənim yox, təzəbəyin namusu tapdanmış sayılacaqdı. Ar­­­tıq mənim onu yox, onun məni öldürməsi borc olacaqdı. Əndrabadi bir situasiyaya düşmüşdüm. Deməliyəm ki, gənc insanda düz-əməlli namus-qeyrət olmur. Namus-qeyrət yaşnan gəlir, kimlərisə təqliddən doğur. Ya siftədən elə şey bir balaca olursa da, ölüb-öldürməyə bəs eləmir. Onun "inkişaf"ınacan da lələ köçür, yurdu qalır.

Belə çıxırdı ki, Dipendra da 16-17 (ya 14-15) yaşlarındakı ayrılığa dözə bilib. Fakt göz qabağındaydı: dözüb ki, canı salamat qalıb da-a. Qaraçuxası üstündə, gözmuncu­­­ğu boynunda - gəzib-dolanıb, oxuyub-tərbiyə alıb. Vəliəhdin də tərbiyəsi, o, taxta çı­­­xanacan çəkir.


Dipendranın ilk gənclikdəki nəzəri, fantaziya səciyyəli sevgisi mənim üçün bir təsəlliyə çevrildi. Yoxsa Töhfəyə sevgilərimin əlacsızlığına görə indiyə kimi özümü danlamış, in­­­dən belə də danlayacaqdım. Xəlvətdə özümə itin sözünü deyirdim. Acizliyimə yanır­­­dım. Mənim Töhfəyə olan münasibətim zahirən Məcnunun Leyliyə məhəbbətinə bən­­­zəmişdisə də, eşq başıma vurmamışdı. Ağlım-məntiqim yerindəydi. Məncə, Leyli də, Məcnun da təxəyyül obrazlarıdır. Uydurma və reallıqdan uzaq bir şey.

Kəllə suyu. Dipendra və mən - biz Məcnundan da bərk sevmişik. Ancaq dəli olma­­­mışıq. Məcnun sənətkar təxəyyülündə dəli olub. Hətta sevgililərimiz ərə gedəndə də bizim ağlımız tərpənmədi, beynimiz yerindən oynamadı. İlk sevgisinə qovuşmağa heç kəsin yaşı çatmır. Yaşı da yox - təcrübəsi. "Təcrübəsi" deyəndə - taktiki gedişlər üçün müvafiq bacarıq və vərdişləri.


30-na qədər Dipendranın hər sonrakı sevgisi əvvəlkindən ağrılı olub. Yaş üstə yaş gəldikcə, sevgilərdəki dramatizm, şekspiranəlik artıb.


Mən Dipendra kimi olmadım; otuz yaşımda eşqdən-zaddan yan keçdim. Düzünü de­­­yəcəyəm, başım kəsbkarlığa qarışdı. Eşq - vaxt tələb edir. Kral ailəsində doğulmadı­­­ğımdan, ömrümün çoxu xırda-mırda işlərə gedib. İş-peşəm əngəlləri dəf etmək olub. İndi də eləyəm. Yox, əslində kral ailələri də əngəllərlə rastlaşır. Sadəcə, əngəllər key­­­fiyyəti və miqyasına görə fərqlənir. Üstəlik, bəlkə kral ailələrindəki əngəllərdən daha böyük dərdlər törənir. Yəqin kral ailələrindəki dərdlər ümumbəşəridir; onlar daha tez, özü də bütün dünyadan görünür. Belə baxanda, dünya çox kiçikdir; hamı kral ai­­­ləsinin dərdinə yaxındır.

Kasıb üçün əngəl məyusluqdan özgə bir şey verməz. Yaxud kasıbların münaqişələr zamanındakı şillə-qapazları kral ailəsindəki atəşlərə bərabər şeydir. Əlbəttə, mən ata­­­mı padşahdan-kraldan əskik tutan deyiləm (hamısı rədd olacaq). Sözümün canı ayrı­­­dır: Dipendranın məhəbbətə gen-bol vaxtı olub, mənimsə yox. Həm də vətənində mü­­­haribə gedən bir insanın sevgi yadına düşməz. Az-buçuq qeyrəti olan kəs müharibə­­­də sevgini ikinci plana keçirər, onun üçün belə şey gülünc görsənərdi. Hə, müharibə­­­də sevgi - məsuliyyətsizlikdir. Ümumiyyətlə, sevgi bekarçılıq sənətidir. Ən çox da sülh dövrünə aid - planlaşdırılmamış bir şey.

Bəşəriyyət bekarçılıqdan doğub-törənir. İnsanı sevgisinə görə öyüb-şişirtməyə dəy­­­məz. Üstəlik, axı, sevgi - hədsiz mübhəm işdir. Onun kollektivə, ya kollektivlərə nə dəxli. Sevgidə sosiolojilik, hətta patriotizm də, yox həddindədir. Mən ölkəmdəki mü­­­haribəni hər şeydən üstün tutmuşdum. Müharibəyə uyğun da qəlbimdə nifrətlər qay­­­nayırdı. Müharibədə nifrətlər daha təbiidir, nəinki sevgilər. Nifrət müharibədə nə qə­­­dər realistikdisə, məhəbbət bir o qədər sürrealistcəsinədir. Sevgi sərt və acı həqiqət­­­ləri, eləcə qaranı da, çəhrayı göstərir. Çəhrayı - yanlışlıq rəngi, səhv yoldur.

Qoy ürəyimdə qalmasın, deyəcəyəm: müharibələrdə sevgilər bəlkə bir az da kəmağıl­­­lığa dəlalət edir. Mən müharibədə vaxtımı sevgilərdənsə nifrətlərə sərf edərəm! Sevgi - vaxt aparır, tüfeyli həyata sövq edir. Nifrətsə yaradıcı və konkretdir; onun ünvanı dəqiqdir, məram qətidir. Nifrətdə yenilməzlik var. Müharibədə tankı-topu olan yox, insanların vaxtını bir yerə cəm edən tərəf udur.


Güman, Nepalda müharibə-sülh problemləri Azərbaycandakından heç də az aktual deyil. Ancaq yəqin orda bütün bunlarla kral özü məşğuldur. Heç vaxt da şahzadə Di­­­pendranın qulağı belə şeylərlə doldurulmayıb, ona müharibələrlə əziyyət verməyiblər. Ona müharibələrdən informasiyalar çatdırmaqla kifayətləniblər. Düzdü, bəlkə mühari­­­bə dərsləri keçilib də. Müharibə - vəliəhd üçün tədris fənnidir.

Hə, krallıq şahzadənin daha təbii-normal yaşamına şərait yaradıb. Müharibələr onun həyatını deformasiyaya uğradardı. Bir krallıqda barı təkcə şahzadənin həyatında har­­­moniyanın təminatı olduqca vacibdir. Birdən ölkəyə harmoniyanı görmüş insan gərək oldu. Harmoniya içərisində də - sevgilər... Hərçənd bu harmoniyanı da daxildən qurd yeyir: hər sonrakı sevgi əvvəlkindən facianə olmaqla. İlk sevgilər olsa-olsa kim­­­lərdənsə küskünlüklərlə müşayiət olunursa, sonrakılar - kəskin münaqişələrlə keçir. Faciələr mənhus təcrübələrin məcmusu və yekunudur.


Hə, atam hər hansı müharibəyə laydivar övladları, Nepal kralısa upuzun, məzmunu çətin anlaşılan fərman və sərəncamlarıyla kömək edib. Əslində mənim atam Nepal kralıyla müqayisədə daha böyük işlər görüb. Miqyas ölçüyə gəlmir. Övlad ölümü nə­­­həng humanitar qəza sayılardı. Atamın övladlarını həmişə şəhidlik gözləyib, kralınkıla­­­rısa - təmiz-tarıq bir həyat. Nepal kralı şəhidliyi öz ailə üzvlərinə rəva görməyib. Zira, ona həmişə elə gəlib ki, şəhid cənnətə-zada getmir; şəhidliyin əxlaqa zərrəcə dəxli yoxdur.

"Şəhidlik Comolunqma zirvəsidir", "şəhid ölmür" - bu cür-bu sayaq boş söyləmələr yalnız millətin saqqız kimi çeynəməsi üçündür; psixoloji treninqdən başqa bir şey de­­­yil. Yoxsa kim göz-görəsi ölümə gedər! Kim canından bezib! Ölümə guya əbədiyyət eşqinə gedirlər. Amma, ala-ey! Halvadı əbədiyyət! Əslində atam da şəhidliyi yaşa­­­maqdan üstün tutmurdu. Nağdı qoyub nisyənin quyruğuna niyə düşəsən: həyatın mü­­­vəqqəti olanı var ikən, "əbədi"sini neynirsən. Ancaq onun oğlanları "şəhidlik zirvə­­­si"nə məhkumdular; bundan qaça bilməzdilər də. Şəhidlikdən qaçan - fəraridir, di qurtardı getdi. Artıq cinayət məcəlləsinin bir neçə maddəsi belindədir. Kral taxt-tacı­­­nı itirərsə belə, bu, övlad itkisinə tay ola bilməz.

Zənnimcə, kral öz övladlarını nəinki müharibələrdən, hətta güclü sevgilərdən də qoru­­­yurdu. Müharibə və sevgi - bunların hər ikisində od-alov və atəşlər var. Bəzən sevgi müharibədən dəhşətli olur. Şahzadə üçün sevgi əvvəlcədən qurulmuş plan çərçivəsin­­­də mümkündü. Kral ailələrində belə işlərin kökündə qeyri-insani, hətta şeytani məq­­­sədlər durur. Burda irqi ayrı-seçkilik taparsan, hətta sinfilik də. Əslində sinfilik icti­­­mai-siyasi formasiyaların hamısında var. Sinfilik - heç vaxt itmir.


Bayaq dedim, yenə deyirəm, mənim atam kraldan üstündür: ondan cəfakeşdir. Evlən­­­mək işində də varlı-kasıblığa yox, mərifətə-əxlaqa qiymət qoyandır. İnsaniyyəti vacib sayır, adam insan olar, deyir. Düzdü, onun başqa "üstünlük"ləri də var: dövlətin bü­­­tün qanunları sanki onun adına yazılıb. Qanunlardan bir addım qırağa çıxarsa, adına cinayət işi açılar. Ona münasibətlər 180 dərəcə dəyişə bilirdi. Qanunlar içində öyülən atamı qanunlar dışında "söyər və döyər"dilər.

Qanunların dışında onu həbslər gözləyirdisə, qanunların "həbsində" - azaddı. Nepal kralı şahzadəni müharibəyə göndərə də bilər, göndərməyə də - külli-ixtiyar sahibidir. Göndərmir. Çünki kefi belə istəyir. Ancaq bax, elə burada da korlayır. Atamın qa­­­nunlardan çıxmağa, kralınsa qanunlara girməyə qüdrəti çatmır. Onlar bu qüdrətsizlik­­­də bir-birinə taydılar.


Heyhat, sevgi faciəsi mənə nəsib olmadı. Düzü, mənim Dipendraya paxıllığım tutur­­­du. O, bir tək atasının gicgahına güllə çaxsaydı belə, bu, dünyada böyük rezonans doğurar, hay-küy törədərdi. Bir adamla 11-n zurnası təxminən eyni cür çıxardı. La­­­kin o, aləmi qatdı bir-birinə, bir sürü adamı leş eləyib qoydu ora. Göz qızdısa, bə neyləməlisən. Din qaçdı, iman itdi.

Ya hirs gəldi, iman qaç. Kral, ya qeyri-kral - o, ailənin cəmi üzvlərini yerə sərmişdi. Qalın xalılar üzərində hamı biədəb tərzdə uzanmışdı. Ömrü boyu şahanə oturub-dur­­­muş, qızılı libasları göz utandıran insanlar, üstəlik, əlahəzrət özü də - güllələnib hər cür etiketdən vaz keçmişdilər. Kübar rolu artıq vecsizdi; onlar aktyorluğu qəfildən ye­­­rə qoymuş, bir-birinin böyründə azad-asudə tirrənmişdilər. Qəti ayıb-zad qanmırdı­­­lar. Xalı-xalçalardakı qırmızı ilmələr onların qanını olduğundan da parlaq göstərirdi. Kral uzun qıçını baldızının budu üzərinə rahatca aşırmışdı. Özü də - bir budunun.

Sanki ikincisinə - ədəb gözləmişdi. O, namus həddini haracan bilirdisə, oracan gedib dayanmışdı. Yaxud, bu ehtimal azdısa da, iki buda cürəti çatmamışdı. Qızların qırçın­­­lı-qəşəng alt tumanları açıqca görsənirdi. Qana bulaşmasaydılar, xala-bibilərin qara­­­buğdayı, sürahi budlarını da aşkar görmək olacaqdı. Özü də baxan üçün artıq hansı­­­nın xala, hansının bibi olmasının heç bir fərqi yoxdu. Bud buddu - onlar dadlı və qə­­­şəngdilərsə, ta ölən haqda digər məlumatlara nə hacət. Təptəzə mərhumələrin budla­­­rında yuxarıya getdikcə azalan nöqtə-nöqtə incə tüklər nəzərə çarpırdı. Tüklü yerlə­­­rin öz erotik effekti vardı, tüksüz yerlərin də - öz. Ola bilsin ki, dünya hələ bu cür gö­­­zəl budlar görməmişdi; teleekranlardan görəsi oldu. Hamı gördü və qiyabi olaraq da onların ləzzətini duydu. Ekrandan fotolarını aldılar. Onanistlər çataçat öz işlərini gör­­­dülər.


...Kopoyoğlunun gülləsi kralın şirin canına adi adamlardakı sayaq girmişdi. Güllə üçün kastaların yuxarı-aşağılığının fərqi yox imiş. Hamı şoka eyni tərzdə düşürmüş. Dipendra atasını saxlayıb, təkcə anasını gəbərtsəydi belə, əfsanə üçün elə bu da kifa­­­yət edəcəkdi. Ata kimi ana da əfsanəlikdi. Düzdü, xala-bibilər əfsanələrə ayrı-ayrılıq­­­da heç cür girə bilməzdilər.

Xalq onların zərif və yumşaq dərilərinəsə qiymət qoymaz, şahzadənin onları öldürmə­­­si bəlkə adi cinayət də sayılmazdı. Kimdi onlara görə şahzadəyə cinayət işi açan. Ki­­­min başı bədəninə ağırlıq edir! Kral ailəsində cinayət məcəlləsi işləmir. Ya tutaq ona iş kəsilərdisə də, uzaq başı növbəti milli bayramların birində əlbəəl əfv olunardı. Kral üçün əfv fərmanı nədir - bəzək-düzəkli oyuncaq bir kağız parçası. Bu fərman blankın­­­dan atası Dipendraya uşaqlıqda gəmicik düzəltmişdi.


Nepalda "leyli-məcnun"ları çox-çox arxada buraxacaq təptəzə bir məhəbbət əfsanə­­­sinin özülü artıq qoyulmuşdu. Kral ailəsi tam tərkibdə cəhənnəmə, ya ola bilsin, cən­­­nətə vasil olmuşdu. İndi artıq bircəciyinin sağ qalması yeni tipli əfsanənin yaranışına xələl gətirə bilərdi.

Yox, kiminsə təsadüfən sağ qalması da yaramazdı. Yaralanıbsan, zəhmət çəkib ölmə­­­lisən. Kim ölməsə - işlər korlanacaq. Yaralıların böyük bir əfsanə xatirinə tezliklə öl­­­məsi vacibdən vacibdi. Deyirəm, Allaha çox şükür, heç kəs sağ qalmadı. Şərqdə tə­­­zə və yanıqlı, daha təsirli məhəbbət əfsanəsi naminə bir kral ailəsinin qurban getməsi olduqca vacib imiş. Qəşəng bir əfsanə kral ailəsi həyatından qat-qat maraqlı və də­­­yərlidir. Yoxsa Şərq paslanmaqdaydı. Gec-tez oradakı yeknəsəqliyə son qoyulmalı idi. Qoyuldu da.



Mənim atam Allah rəhmətinə xəstəlikdən getdi. Çifayda, uzun ömründə mən ona bir çırtma da vurmadım. Düzdü, vursaydım da, kərəni kürə eləməyəcəkdim. Bircə çırt­­ma nəmənə şeydi; əfsanəyə çevriləsi deyildi ki. Amma hər halda, cəmiyyətdə səs-sə­­­da doğurardı. Ən azı qəzetlər ağız-ağıza verəcəkdilər. İlahi, şöhrətin bu cürəsi də mə­­­nə qismət deyilmiş. Mən ümummilli ədəb qaydaları çərçivəsində özümü neytrallaşdır­­­dım, məhvə uğratdım. Əlbəttə, atamla bağlı mən də bir iş görüb, əfsanəyə dönmək is­­­təyərdim.

Əfsanə qəhrəmanı olmağı kim istəməz. Atamın qətli ən əvvəl onun özünə, sonra da həm ailəmiz, həm də millətimizə gərəkdi. Neyləyim, əlim qalxmadı. Buna karlı səbəb görmədim. İş tutmayanda tutmur. Dipendra mənimlə müqayisədə dahi imiş. Yox, kişi oğlunun əfsanədə yaşamağa haqqı çatır. Dili də var, dilçəyi də, qoy getsin irəli. Xalq suyu mənim kimi üfürə-üfürə içənləri nağıla-dastana doldurası deyil ki. Düzdü, haçan­­­sa mənim də Dipendranınkına bənzər tərzi-hərəkətlərim olub. Bir dəfə atamı zəhərlə­­­məklə nələrəsə çatmaq istəmişəm. Qoy özümü tərifləyim, elə zəhərləmək də ataya münasibətdə fantastik addımdır.

Ata qatili - bu, bütün hallarda şöhrət gətirir. Sadəcə, məqsədə yetmək üçün heç və­­­də fövqəladə bir ideyam olmayıb. Niyyətlərim kiçikdən kiçik, cılızdan cılızdı: atanı öl­­­dürməyə bəs etməyən səviyyədə. Nə olsun, Dipendra da ömrü boyu atasına bir çırt­­ma vurmayıb, bəlkə ona güldən ağır söz deməyib də. Lakin altdan-altdan yığırmış. Şahin kimi birdən üstünə şığıyıb. Öz aramızdı, çırtma nədir?

Ən əvvəl özün üçün təhqiramiz bir şey. Əfəllik və səfehlik. Güllələmədəsə ağayanalıq var. Əsilzadələr tarixlər boyu hər cür müşkül və tul işi atəşlərlə həll edib. Çırtmanı ke­­­çələ vurarlar. Həm də çırtmadansa, krala güllə yaraşar; kral keçəl olmuş olsa belə. Yaraşdı da. Nepal kralı çırtmayla təhqirdən yaxşı qurtuldu. Çırtma ehtimalı dərhal sıfı­­­ra endi. Gicgaha güllə - bu, fundamental bir əməldir.

Onunla cinayət məcəlləsinin uyğun maddəsinə birbaşa soxulur, orada çataçat öz yeri­­­ni tutursan. Yeri gəlmişkən, Allah haqqı, mənim atamla rəftarımın ən qaba çağlarında da çırtma yadıma düşməyib. Zəhərləmənisə güllələməyə tay bilmişəm; elə bu da uca ölümlər sırasındadır. Atamın ölümü kralınkına oxşayacaqdı, bir az dəqiq desək, kra­­­lın ölümü - atamınkına. Axı, mən iyirmi il əvvəlin sözünü danışıram. Hə, atamın üstünə xoruzlanmalarım, mənim ona hərbə-zorbalarım hər hansı sevgiliyə-zada görə deyildi.

Elə olsaydı, nə vardı ki. Üstündən illər keçib: indi onların səbəbini heç xatırlamıram da. Hər halda, bir vaxtlar "dolu" olmuş olsa da, indi "boş" görünürdü. Görün, qız üs­­­tündə də ataya əl qaldırarlar! Bu, azərbaycanlı üçün yuyulması müşkül ləkə olardı. Biz bu cür əfsanələrə qara qəpikcə qiymət qoymarıq. Bizlərdə milli əxlaqa zidd mif­­­lər yeriməz. Leyli-məcnunlarla fərhad və şirinlərə baxma, onlar ümumşərq həftəbecər şeylərdir. Durub onları da təmiz araşdırsan, bir heçə dönərlər.

Belə əfsanələr Qafqaz altına uzaq-uzaq məmləkətlərdən gətirilib. Görərsiniz, gələcək­­­də Azərbaycana şahzadə Dipendra haqqında əfsanə də gəlib çıxacaq. Gəlib köhnələ­­­ri sıxışdıracaq. Bə nə, dünya hərtərəfli təzələşir. Həmin əfsanə artıq Nepalda yaran­­­ma prosesindədir. Katmanduda məhəbbət Comolunqma zirvəsinə uyğun ucalıb. De­­­yəsən, Comolunqma nepallıları zirvələrə öyrədib. Hə, artıq əfsanə "istehsalat"ı işə dü­­­şüb. Bu, nepallıların pıç-pıçından, çömbələtmə ixtilatlarından törənir. Bu iş ölü nöqtə­­­dən

2001-ci ilin 1 iyununda çıxıb. Di gəl, indi mən burda sizə bir əfsanəyə gedəsi vaxtı sə­­­hih hesablayıb deyə bilməyəcəyəm. Hər halda, yüzillərlə ölçüləndir. Mən bir neçə yü­­­zildən sonrakı nəsillərə qibtə edirəm. Şahzadə Dipendra haqqında əfsanə dünyadakı oxşar əfsanələrə böyük bir əlavə olacaq: sanballı və gözəgəlimli. Hə, mən atamı vax­­­tında zəhərləsəydim, indi bəlkə biz də bir günə çıxar - əfsanələşərdik. İnan, əfsanələş­­­məkdən ötrü ölürəm. Özüm türmədə oturacaqdımsa da, bayırdakı əfsanədə asudə dolaşacaqdım. Mən həmin əfsanənin içində türməyə - öz yanıma gələcəkdim.

Lakin Dipendradan fərqli, mən bu əfsanədə mənfi obraz sayılacaqdım. Nepalda ilahi­­­ləşdirilən ata qatili Azərbaycan şəraitində yamanlanasıdır; çox da bu qətl məhəbbət yolunda baş verib. Məhəbbət atadan üstün ola bilməz və olmamalıdır. Doğrudan da, bir mamlımatandan ötrü də atanı öldürərlərmi? Haşa və kəlla! Ata bir də ələ düşər­­­mi? Dünya gözəlinin yüzü, hələ mən az deyirəm, atanın bir dırnağına qurban. Ata - öz varlığında yeganədir. Ata - bir fenomendir. Arvadları konveyer üsuluyla al da boşa, al, boşa. Bəyəm azalasıdır? Müsəlman dünyasında siğədən də asan nə var? Sən arva­­­dı boy-buxununa, köklük-arıqlığına görə də seçə bilərsən. İxtiyar sahibisən.

İşdi-şayəd, bizdə "Dipendra əhvalatı" baş verərsə də, ata əfsanədə ancaq müsbət qə­­­ləmdə gedəcək. Bax, mən buna beşəlli razıyam. Faciə qaçılmaz olacaqsa, barı qoy atam əfsanəyə müsbət obraz kimi düşsün. Dipendra haqqında əfsanədəsə ata (kral) idbar qəhrəman tipində görsənəcək. Kaftardan kaftar! Kral həyatda nə qədər huma­­­nistdisə də, artıq xeyri yoxdur, əfsanədə ifritəyə bənzəyəcək. Onun ömrü boyu etdiyi yaxşılıqlar yelə getdi. Hər şey kufənkuf oldu. Bizdəsə atam get-gedə ideallaşdırılar, hətta əfsanədə get-gedə göyçəkləşər, üzündəki gənclik çibanlarından qalma çapıq yerləri hamarlaşardı. Əfsanə kosmetoloji effektlidir.

O, əfsanədə şəkillərdəkindən hökmən göyçək alınacaq. Bəlkə onu heç tanımadım da. Kişi şəkillərdə həmişə eybəcər, bəzən hətta qorxunc düşərdi. Uşaqlıqda düşünər­­­dim ki, anam bunu necə sevib. Sonra da öz-özümə deyirdim: mən necə sevirəmsə, o da elə sevib. Bir tərəfdən də yanıb-tökülürəm: hayıf, atamı öldürmədim. Mağıl kişi cə­­­mi bir neçə yüzildən sonra təptəzə qiyafədə üzə çıxardı.

İlahi tərzdə. Artıq o, yaddaşların qızıl səkilərində gəzişəcəkdi, küçədə-bazarda yox. Bu fürsət əlimizdən çıxdı. Mən atama qıymadım; o bundan sonra cəmi 20 il yaşadı. Yedi-içdi, gəzdi-dolaşdı - sürdüyü bütün dəmlərdən sonra hamı kimi yatağa düşdü, dünyadan sakitcə köçdü. Yasında bir kəsin ağlamayacağını duyub, gələnləri ağı de­­­yib zorla və zar-zar ağlatmaqdan ötrü məxsusi ləçər arvadlar tutmuşduq.

Onun ölməyi gözləniləndi, əbədiyyətə çatmağısa - yox. Onu əbədiyyətə mən göndə­­­rəcəkdim. Bu işi oğuldan başqa kim görər. Lakin alınmadı. Bacarmadım. Əlimdən gəlmədi. Çünki maymağam. Əbədiyyət mənim ona hədiyyəm olardı; oğulluq borcun­­­dan əməllicə çıxardım. Mənə verilən ucuz bir həyatın müqabilində - buyur, əbədiy­­­yət! Bununla mən atamı şişirtmiş olacaqdım. Əbədiyyət mənim həyatımla müqayisə­­­də, həqiqətən, bahalı idi. Çifayda, o, 20 ilin badına getdi. Millət şanslı bir əfsanəni, atamsa təsadüfən ortaya çıxmış əfsanələşmək şansını itirdi. Eh, yazıq atamın qisməti­­­nə haçan yaxşı şey düşdü ki!

Bir xoş gün görmədi. Daim zillət içində yaşadı. Axı, mən əfsanədəki müsbət qəhrə­­­man obrazına zəmanət verirdim. Bu elə-belə şey deyil. O, əbədiyyətdə seviləcəkdi. Quru canına dəymədim, nə oldu, indi onu beş-üç nəfərdən savayı hamı unudub. Bu, yaxşıdı bəyəm? Qalır anam... - onun əfsanələşmək şansı hələ durur. Bəlkə onusa əbədiyyətə çatdırdım. Ürəyim atlanırdı. Ancaq bu imkan da sonsuz deyil ha, beş-on illikdir. Lakin o, müqavimətsiz, incə və zərif bir məxluqdur. Dişləri - inci sırası; özüm düzəltdirmişəm. İndiyəcən də bir qarışqanı tapdamayıb. Onu lappadan necə öldürə­­­sən.

Vallah, onun da qətlinə heç bir səbəb görmürdüm. Barı hərdən adamı cinləndirə! Am­­­ma yox, acı sözü bal dadır. Üstəlik, axı, dişlər də gərək bir az gedə... Xərc batma­­­sın. "Can-bala" sözündən bezmişəmsə də, o da əbədiyyətdən qaldı. İndi mənim oğul­­­luq borcum onun ömrünü bir balaca uzatmaq, quru-taxta canını indən belə beş-üç il də yaşatmaq olacaq. Mənim olsa-olsa buna gücüm çatar. Beş-üç də yox, tutaq lap 5-10, ya 10-15 il, di vəssalam. Ayrı neyləyə bilərəm: əbədiyyətə düşsün deyə, durdu­­­ğu yerdə gözlərini deşməyəcəyəm ki. Yox, anam da əfsanəlik deyilmiş, mən bu halət­­­lə barışmalıyam. ...Gözlərinə döndüyüm Dipendra anasını o dünyaya bir neçə göz qır­­­pımında göndərdi. Heç "uf" da demədi. Heç mən buna cürət edərdim?

Ürəyim nazikdir. Ürək deyil ki - yuxadır, yuxa! Özü də Dipendranın anası mənimki kimi laqqa-taraqqa deyildi. Atmaralı bir şeydi. Yeriyəndə, ayağı altında yer titrəyirdi. Dalı şişək quyruğu kimi yırğalanır, sağa-sola yellənirdi. Sağlığında yanaqlarından qan damardısa, ölüm anlarında yırtıq kran kimi ora-burasından qan fışqırırdı. Ölüm qaşla göz arasında imiş. Oğlu ona onun oğluna sevgilərini dəlib keçən güllələr atdı. Güllə anaya onun xəfif təbəssümlərinəcə bulaşıb dəymişdi.

Güllələrin giriş yerlərində narıncı-işıqlı halələr yaranmışdı; deyilənlərə görə, bu, məhz təbəssümlərdən ola bilərdi. Bunun başqa yozumu yoxdu. Hə, ana bircə anda göylərə milləndi, quş kimi əfsanəyə səmt götürdü. Ata da, bacılar və qardaş, xala və bibilər də - bir-birinə qoşulub getdilər. Hamısı birdən. Göy üzündə elə bil boz bir durna qa­­­tarı süzürdü. Videokadrlara çəkilmədiyindən, hansının əvvəl, hansının bir az sonra gül­­­lələnməsi hələlik qaranlıqdı. Düzdü, gələcək əfsanə üçün belə şey sən deyən önəm kəsb etmir. Önəmlisi budu ki, hamısı leş olmuşdu. Özü də gör kimdən ötrü - bir nazə­­­nindən, bir canandan.

Bu qətllər nepallıları yeni əxlaq parametrlərinə çıxardı. Elə san, Nepalda humanitar bir inqilab baş verdi. Onlar cəhalətdən, ətalətdən qurtuldular. Nepal xalqı işıqlaşdı, gözəlləşdi. Şərq Qərbi ötüb keçdi. Nepal ən azı terror sarıdan Qərb ölkələrinə oxşa­­­dı. Qoy Qərb eşitsin və bilsin: qüvvətli insanlar hər yerdə var! Gücü və gözəlliyinə gö­­­rə, Qərbdə belə məhəbbət hadisəsi haçan görünmüşdü? Şahzadə Dipendra Nepalın tərəqqisi üçün qığılcım törətdi. O bir vəliəhd kimi gələcəkdə 30-40 il kral olacaqdısa da, bu bir neçə dəqiqədəki qədər böyük iş görməyəcəkdi. Fərman və sərəncamlar içində itib-batacaqdı. Hə, onun haqqında gələcək əfsanə "Şahzadə Dipendranın mə­­­həbbəti" adlana bilər. Ad hökmən romantik olmalıdır.

Onsuz Dipendranın sonda özünə qıyması da bu romantikanı şərtləndirir, hətta onu gücləndirir də. Məhəbbət əfsanələri romantikasız mümkün deyil. Qəzetlərdə Dipend­­ranın aşiq olduğu qız həqiqətən gözəldi; gələcəkdə kral xanımı olmağa layiqdi. Adam hərdən fikirləşir ki, kral xanımı hökmən gözəl olmalıdır. Niyə də yox? Dünyada gözəl­­­lər dura-dura yazıq kral gedib kifiri seçməyəcək ki! Kral xanımının gözəlliyi həm də dövlət atributu kimi bir şeydir. Hə, o, döşlü-başlı, bununla belə zərif və lətafətli bir məxluqdu.

Adam hələ onu ağ-qara qəzetlərdən happ eləyib udmaq istəyir, onda qalmış rəngli jurnallardan ola. Dipendrada nə günah. Happ eləyib uda bilmədiyimdən, mən də ona qəzetdən aşiq olmaq zorunda qalmışam. Görən, o, əfsanədə necə alınacaq. Elə şəkil­­­dəki kimi döşlü-başlımı? Hələ qəzet səhifəsindən də onun dodaqlarının balı-şəkəri üzə çıxırdı. Gəl gör mən onu həyatda görəm: ansızın şoka düşərdim. Heç mən ona barmaq toxundura bilərəm: dərhal ürəyim dayanar. Gözlərində hiylə yox, məkr yox... Dipendra o gözləri necə unudaydı!

O gözlər uğrunda külli-Nepalı qurban vermək də olar. Mistik planda nepallıların cüm­­­ləsinin dəyəri bir məhəbbətcə deyil.

Bu saat mən sözləri yan-yana düzə-düzə Dipendra haqqında məhəbbət əfsanəsini qa­­­baqlamaqdayam. Şəkk gətirməyin, indi bəlkə mən əfsanədən də qüdrətli bir şey ya­­­ratmaqdayam. Qoy 300-500 il müddətində əfsanəni də düzüb-qoşsunlar, onu mə­­­nim bu hekayətimlə tutuşdursunlar. Bəlkə də zaman mənim yazdığımı əfsanədən üs­­­tün tutacaq. Düzdü, mənim hekayətimdə sənədlilik güclü görsənəcək; bəlkə bu bir qədər nöqsana da bənzəyəcək. Hekayətim ona görə sənədlidir ki, özüm zamanca fakta yaxınam.

Faktı buraxıb uydurmalar yazmayacaqdım ki. Onsuz fantaziya həyat faktları mürək­­­kəbliyində şeyləri uydura bilmir. Əlimə halva bir material düşmüşdü. Həyat qatmaqa­­­rışıqlıqda qarabasmalardan da irəlidir. Bu hekayətimi indidən Nepalda dərc elətdir­­­miş olsam, əlbəttə, xalq əfsanəsi daha yetkin alınar. Filhəqiqə, xalq gördüyü faktlara sənədli hekayəti də əlavə etsə, onun əfsanə təcrübəsi fısqırıq gözəl olar. Xalqa bədii nümunə həmişə vacibdir, çünki o, əslində küt bir varlıqdır.

Onun qulaqları bədii informasiyalarla mütəmadi doldurulmalıdır. Hə, ya da bu heka­­­yəti internetə saldırsam, kral ailəsi faciəsi faktına əlavə kimi nepallılara ərməğan edər­­­dim. İnformasiya bolluğunda millət yaxşı düşünər. Düşünüb-daşınar. Öz həyatını bir daha götür-qoy edər. Qoy Dipendra haqqında əfsanə bu yazımdan "qidalanmaq"la, dünyanın şah əsərinə çevrilsin. İnsanlıq köhnə məhəbbət əfsanələrindən bezib, artıq onlardan çiyrinib. Hər halda, mənim bu bədii versiyamın heç kəsə ziyanı dəyməz. Axı, mən nə deyirəm ki. Bir kəsə dərd demirəm, çor demirəm. Hekayətim sayəsində gələcək əfsanə daha təsirli alınar, üstəlik, onun içində mənim də ruhum yaşayar.

Dipendranın sevgilisi qaçıb Hindistanda gizlənibsə də, onsuz əfsanədə onu hamı görə­­­cək. Onun fotorobotu mənim hekayətimdə artıq görünməkdədir. Adı Devyani olan qız əfsanədə dünyanın hər yerindən Günəş kimi görsənəcək. Onu yalnız əfsanədən tu­­­tub cinayət məsuliyyətinə cəlb etmək mümkündü. Onun tutulmağına da minimum 300-500 il vaxt lazımdı. Gərək gözləyəsən ki, əfsanə tam yetişib üzə çıxa, ordakı ob­­­razları fərqləndirmək ola. Əfsanə hekayə deyil ki - becid yazıla.

Əlbəttə, mən hekayəmə var gücümlə proteje eləyərəm. Kompüterçidən tutmuş qə­­­zet-jurnal baş redaktorlarınacan - hamıya zor göstərəcək, bir növ, onları hər dəfə dümsükləyəcəyəm. Hər hansı millət özlüyündə bu sayaq əməlləri bacarmır. Onlarınkı qocafəndidi; əl-ayaqları tərpəşincə dağ-daş dilə gəlir. Xalqlar daim eyni üslubda - ha­­­disəni dildən-dilə ötürməklə işləyir. Ancaq indi bu üslub bir qədər bəsit və primitiv görünürsə də, əsaslı şeydir. Mən buna primitivlik də yox, primitivizm deyərdim. Das­­­tanlar-saqalar, ələlxüsus əfsanələr, primitivizm janrında yazılır. Əvət, mən hekayəti­­­min arxasında durmuşam.

Onu tez də öz layiqli mərtəbəsinə ucaldacağam.


Hə, Dipendra haqqında əfsanə tədricən yaranacaq. Belə baxanda, əfsanə başsız-sa­­­hibsiz şeydir. Lakin yarandısa, artıq əbədidir. Mənim bu hekayətimi yəqin hamı mü­­­vəqqəti sayacaq, hərçənd məhəbbət mövzusunda əbədi də ola bilər. Sınaq - qabaq­­­dadır. Əfsanə də əbədi, mənim hekayətim də - bu, xeyli gülməli çıxacaq. Onlar əbə­­­diyyətdə yarışacaqlar. İlahi, görən, Nepal xalqının gələcək nəsilləri bunlardan hansına üstünlük verər! Hayana dönə, əfsanə də mənim hekayətim kimi faktologiya üzərində qurulacaq. Kim nə deyir desin, əfsanələr də sənədli əsərlər sırasındadır. Ədəbilik əbədiliyin təminatçısıdır.

Boynuma almalıyam ki, Dipendra məhəbbətdə məni yaman üstələyib. İndi onunla fər­­­qimiz yerlə göy qədərdir. Bu saat o, göylərdə qanad çalır, mən isə, ay budu-ha, yer­­­dəyəm və sanki dəftərxanaçılıqla məşğulam. Özü də özümdən hekayət quraşdırıram. Bu hətta bir mühasibat işi kimi nəzərə çarpır. Necə güclü hekayə yazmış olsam da, bu, məhəbbət uğrunda ölməyin yerini verməyəcək.

Dipendranın əhvalatı olub da, qurtarıb da, burda mənim rolum olanların burun-qulağı­­­nı kəsib-düzəltmək, quraqları yamamaqdı. Elə san naşı bir kosmetoloqam; real və gö­­­zəl faciəni əslində deformasiyaya uğradır, birini deyib, birini deməməklə gələcək in­­­sanları indidən çaş-baş salıram. Elə xalq özü də daim özünü aldadır. Əfsanələr həmi­­­şə təhriflərlə başa varır. Bəyəm reallıq belə gözdən düşüb? Folklor reallığın dəyişdiril­­­məsi, qol-qabırğasının sındırılmasıdır.

Dayan, deyən, mən burda ucunu tutub ucuzluğa gedirəm. Dipendra bir tək məni yox, Məcnunu da, Fərhadı da üstələyib. Fərhad onun yanında kimdi - qara bir fəhlə, Məc­­­nunsa - bambılı bir şey: sərsəri, səfeh-sərgərdan. İndiyəcən Şərq leyli və məcnunlar, fərhad və şirinlərlə formalaşıb. Şərq elə ona görə Qərbdən geri qaldı da-a. Heç cür irəli getmir; elə bil kəl-arabası palçığa batıb.

Sız-sız sızıldamaqla hara uçmaq olar? Belədə yalnız kəllə-mayallaq aşağı gəlmək, ge­­­dib qəbrə girmək mümkündü. Şərqdə müharibələrin təkmilləşdirilməsi də bu sızıltılar ucundan müşkülə düşüb. Ağlayıb-sıtqamaq nə qədər olar! İncəvara, 2001-ci ilin 1 iyunundakı hadisə mənzərəni kökündən dəyişdi. Bu "cinayət" Şərqi xeyli irəli atdı. Bay, 11 adamın qətlinə çaşıb "cinayət" dedim. Vərdişdəndi: axı biz qətlə binayi-qə­­­dimdən "cinayət" demişik. On bir ölüm - bir sevgini əbədiləşdirmək üçündü. Bir mə­­­həbbət kral ailəsini yastılatdısa da, Şərqin başını uca elədi. Bu məhəbbət Şərqə mə­­­dəniyyətlərin hıqqana-hıqqana yüzillər boyu verdiyindən çox şey verdi. Dillər əzbəri olan məhəbbət süjetləri ildırım sürətilə köhnəldi. Gələcək nəsillər daha gözəl bir mə­­­həbbət əfsanəsinin fakturasını əldə etdi. Bu, bəşəriyyət üçün göydəndüşmə oldu. İndi­­­yəcən o, ideoloji qətllərə ilişib qalmışdı, heç nə yaradıb-yapa bilmirdi. Faşizm və kommunizm dövrünün qurbanları havayıcana fələyin badına getdilər.

Onlardan romanlar-zadlar yazıldısa da, barı sonradan-sonraya dərin əfsanələrə keçil­­­mədi. Dipendra faciəsinin yalnız faktoloji materialı bizim oldu. "Bizim" deyəndə - kül­­­li-insanlığın. Hə, görək fakturada nəyimiz var: 11 ölü, kral sarayının güllələnmiş divar­­­ları (dəlik-deşiklərin sayı dəqiqləşdirilir), Hindistana qaçan sevgili (Devyani adında), bir də qəfildən peyda olan, haradansa Nepala dönən dozanqurdu bir əmi. Beləliklə, hamı gördü ki, fakturadan ölülərlə yanaşı bir dənə də diri keçir. Bu yeganə diri tezlik­­­lə kral olası idi. Şahzadə Dipendra özü ənənə üzrə üç-dörd gün kral oldu: yəni ölənə­­­cən, şok halında, "cani" durumunda. Devyani də hayana qaça, artıq xeyri yoxdur - gec-tez əfsanəyə məsrəf ediləsidir.

İndiki bəşəriyyətin bəxtinə sənədli material düşüb; əslində buna da şükür. Əfsanə isə gələcək nəsillərin qismətidir; bədii şey onlarındır. Hərçənd mən də "bədii şey" adına bu hekayətimi indiki bəşəriyyətə sırımaqdayam. Bir yandan da, axı, sənədli əsər bədi­­­idən belə aşağıdır? Ondan belə hörmətsizdir? Ancaq yenə ürəyim dinc durmur, arxa­­­dan sinəmi döyəcləyib məni hey insafa çağırır. Əfsanə faktologiyadan həmişə üstün bilinib, indi də bilinir. Mən fikir vermişəm, hər hansı əfsanə illər keçdikcə daha da də­­­rinləşir, onun məna qatları getdikcə çoxalır. Dipendra nəinki Nepalı, hətta bütün Şər­­­qi yeni yaradıcılıq üfüqlərinə tulladı. Bir tək Şərqi yox, elə Qərbi də. Lakin Dipendra əhvalatının Qərb təcrübəsində necə üzə çıxacağını heç cür anışdıra bilmirəm. Hər­­­çənd Qərb mühafizəkarlığı da Dipendranın faciəsinə göz yuma bilməyəcək. Qərb gec-tez öz uydurma Romeo və Cülyettasından utanacaq, usanıb onlardan əl götürə­­­cək. Onsuz artıq hamı bezikib.

"Dipendra və Devyani" "Romeo və Cülyetta"dakı saxtalıqları aləmə faş edəcək. Qərb öz yalançı eşq macəralarına nöqtə qoyacaq. Axı, hap-gop nə qədər olar! Mən gələcəyin gül kimi əfsanəsini indidən gün kimi aydın görürəmsə də, əfsus, özüm onun içində bulunmayacağam. Kimdi məni sayan, bəh-bəhlə ora salan. Mən gələcək əfsa­­­nədən bilmərrə əlimi üzmüşəm. Yazım səhv yazılıb. Ancaq bir tək mənim yox, elə ha­­­mının. Qismətimizə ölüvay insanların gülünc sevgi nağılları düşüb.

Başlarına qapaz vur, çörəklərini əllərindən al. Şərqdə qüvvətli insanların güclü məhəb­­­bətləri olubsa da, indiyəcən dünyaya qapalı qalıb. Qüvvətli insanlar, sadəcə, evlənib­­­lər, bununla qurtarıb gedib. Durub arvaddan ötrü ağlamayacaqdılar ki. Gözlərinin mü­­­züyünü axıdaydılar? Bir də kimin ağzı nəydi, deyiklilərini onlara yasaq buyuraydı! An­­­caq budur, təsadüfən bəşəriyyətə qüvvətli insan haqqında qüvvətli də bir faciə nəsib olur. Ədə, sən bu qara-qura nepallıların qızıl bəxtinə bax da-a. Gələcək insanlar indi­­­kilərdən fərqlənəcək; təzə əfsanə sayəsində onlar daha gözəl və mənalı olacaqlar.

Mən hələ də gələcək şəxsi faciəm barəsində ümidliyəm. Qocalıqda yorğalıq edib coş­­­ğun bir sevgiyə düçar olmuş olsam, əngəlləri aşmaq üçün cinayətə də əl ataram. Niyə atmıram ki. Kimdən əksiyəm. Mənim cinayət yaşım bəlkə də qocalıqdadır. Ancaq görən, mən də 11, ya barı 7-8 adamı birdən qanına qəltan edə bilərəmmi? Vay-vay, hoqqa çıxdı ki: ailəmizdə heç onun yarısı qədər adam yoxdur. Bə mən öldürməyə adamı hardan tapım! Üstəlik, indiki zəmanədə əfsanəyə silahsız girmək mümkünsüz­­­dür.

Yox, yox, məndən əfsanə qəhrəmanı çıxmaz. İndidən özümə badalaq gəldim, proku­­­rordan-müstəntiqdən qabaq görəcəyim işə özüm "cinayət" adı verdim. "Cinayət" sö­­­zünün bəri başdan işlədilməsi insanın əlini hər işdən soyudur. Həm də bu "cinayət"ə görə gec-tez tutula bilərdim; əfsanənin içində olsam belə. Əfsanənin "sərhəd"ləri şəf­­­fafdır. Hə, kimisə öldürməyə qəmədən-bıçaqdan savayı nə tapa bilərəm? Heç nəyə gümanım gəlmir. Soyuq silahla uzağa getmək olmaz. Onların ən itisi də yarıtmaz sayıl­­­malıdır.

Dipendranın silahlarısa növbənöv, hamısı da qəttəzə. Silahla oynamağı, onunla jonq­­lyorluğu da gözəl bacarırdı. Kral ailələrində ilk-öncə silahla davranmağı öyrənirlər; onların buna ixtiyarı çatır. Onlar üçün silah - həm humanitar, həm də dəqiq elmlər əvəzidir. Adam öldürmək aristokratların yaraşığı, onların başucalığıdır. Onlar adam öldürməsələr, yazıq görsənərlər. Dipendranın əsas üstünlüyü faciənin cəld icraatınday­­­dı. Yəqin bunun üçün hökmən kral ailəsində doğulmalısan. Gərək lap siftədən silah sarıdan sıxıntı çəkməyəsən.


Hə, nepallılar əfsanəni yaratmağa başlayıblar; artıq start götürülüb. Bunun üçün də nə ibtidai, ya orta məktəbə, nə də bir darülfünuna ehtiyac duyurlar. Əksinə, hər hansı təhsil ocağı əfsanəni paymal edər, onu yaman günə qoyardı. Darülfünun uzaq başı fi­­­loloq buraxa bilər.

Hələ bəlkə Nepaldakı ingilislər ingiliscə, almanlarsa almanca da əfsanə yapdılar. Hər­­­çənd əfsanə həm bunların, həm də ölkədəki bütün digər yabançı və azsaylıların dilin­­­də mükəmməl alınmaz. Yalnız yerli iri xalqların əfsanələri yetkin olur. Hər halda, bu ayrı-ayrı, bir-birinin tərcüməsi olmayan əfsanələr bəlkə özlüyündə maraqlı alınardı. Onlar tutuşdurula da bilər. Bu əfsanələr yalnız faktoloji material baxımından oxşar gö­­­rünəsidir. Hər xalq məhəbbəti bir cür interpretasiya edir.

Almanlar məhəbbət əfsanəsini riyazi dəqiqliklə işləyərdi: sevginin müddəti, gücü, par­­­laqlığı və sair orada bittə-bittə əks edər, hər şey beynəlxalq ölçü vahidləriylə qiymət­­­ləndirilərdi.


Mən cəsarətdə Dipendraya çata bilmədimsə, barı Məcnun ola bilərdim. Onu da ba­­­carmadım. Mən Məcnundan aşağıdakı, Dipendrasa ondan yuxarıdakı yarusları tuta bildik. Dipendranın Devyanisi də artıq gələcək əfsanənin içərilərinə inamla addımlayır­­­dı. O artıq Hindistanda tropik bir xəstəlikdən ölsə də ölər; əfsanədəsə diriləcək. Mə­­­nim Töhfəm ondan geri qaldı; heç vaxt da diriləsi deyil.

Onun başdaşısı danılmaz həqiqətdir. Onu həyatda mən geri saldım: gözlərimin qaba­­­ğındaca ərə getdi, ayıb-ayıb qarnı şişdi (bu cür şəkil də çəkdirib), sonra uşaq üstə öl­­­dü də. Bu prosesin bütün mərhələlərində mən seyrçi mövqe tutdum. Artıq Töhfəni min at gücüylə də çəkib, əfsanə içinə sala bilməzsən. Məndən başqa onu hamı unu­­­dub, hətta keçmiş əri də. Unutmamağım da maymaqlığımın nişanəsidir. Denən, olan olub, torba dolub - qız kimi xatirələrə dalmağın nədir! Sənə nə düşüb? Doğmaca əri arvadı çoxdan təzələyib; hələ beş-altı meymun balasını da yan-yana düzüb. Mənsə burda nalanam. O, Töhfəni xatırlamağa lüzüm görmür də.

Ta keçib, mən də qəbahətimi boynuma almalıyam: indinin indisinəcən Töhfəmin qəbri­­­nə də baş çəkməmişəm. Günü günə satdım, getmədim. Həmişə də qəbir üstünə itirə­­­cəyim vaxtı başqa işlərə sərf etdim. O mənim dilimdə barı yarımçıq bir söhbətəsə çevrilmədi. Bu söhbət əfsanənin analoqu olmuş olardı. Elə bu hekayətimdə də ona çox yer vermədim - burada onun rolu epizodikdir. Töhfə epizodikliyə məhkumdur.

Bax, bu saat mən Töhfə haqqında adicə bir qəzet müxbiri kimi yazıram. Gücüm hələ­­­lik ömrümə balaca bir məhəbbət xatirəsi yerləşdirməyə çatıb. Qəlbimdə məhəbbətə yer təkyə taxçası kimi kiçik imiş. Neyləyim, mən cana od salası məhəbbəti sağlamlıq üçün həmişə ziyanlı bilmişəm. Tərbiyəm belə olub.

Ey fələk, Dipendranın məhəbbəti haqqında hər hansı ilkin versiyaya haq-nahaq mən də özümü dürtə bilsəydim... Ayıb da danışıram, mən özümü əbədiyyətə soxuşdur­­­maq niyyətindəyəm. Gələcəkdə mənim barəmdə niyə də bir şey bilməsinlər. Kim məndən artıqdır! Mən kimdən əksiyəm!

Axı, həm də bu, insafsızlıq olardı. Yox, "Şahzadə Dipendranın məhəbbəti"ndən ta­­­mam əl götürmüşəm. Bəlkə yalnız fikir çəkə-çəkə şirin cana qəsd etməkləsə, bu əfsa­­­nənin dalına düşə biləm. Hərçənd yenə gözüm su içmir. Əbədiyyət eşqinə intihar heç vaxt planlaşdırıla bilməz. İntihar yüz ölçülüb, bir biçildisə - tulla getsin. Onun kəfəni qabaqcadan hazırdır. Əfsanələrin bir qısa cümləsi, ya bircə sətri də planlı yazılmaz. Xalqın qəlbi planlı işlərə qapalıdır.


... Əlvida, əfsanə!



2.VII. - 7.X.2001

Digər xəbərlər

Rafiq Tağı və Qan Turalının Sabir davası

Rafiq Tağının adyazar.az saytına müsahibəsi

Eyvanından vağzal görünən ev

Kənddə qar

Keçmiş və gələcək nağılı. Korrida

Şərhlər