Keçmiş və gələcək nağılı

Tarix: 23-01-2017 03:57
Baxış sayı: 515

Alatoran

 

 

Mən – Rafiq Tağı, məkanca yaxıngörən, zamanca uzaqgörənəm. Teleekrandan çılpaq göbəkləri yaxşı ayırd edə bilmirəmsə də, Vanqa kimi on əsr o yana, on əsr bu yana – həm uzaq keçmişi, həm də uzaq gələcəyi yaxşı seçirəm. Məkanda – komediyaları görürəm, zamanda – faciələri. Bir öncəgörən kimi deyə bilərəm də ki, realist şeylər komedikdir, mücərrədlər – tragik. Keçmişimiz əslində olub, amma sanki olmayıb. Gələcəyimiz olacaq, amma sanki olmayacaq. Gələcəyimiz heç vaxt gəlib çıxmır. Onsuz biz indi keçmişlərdə fərz edilmiş gələcəkdə yaşamırıq ki. Gələcəklərimiz onlara çataçatda məhv olub gedib. İmperiyalar xərabatlarına sınmış maşın kimi atılır, təzə tarixlərə həmişə sınıq tərzdə çıxırıq. Taleyimizə hər dəfə hər şeyi təzədən başlamaq yazılıb. Gözəlliklərimiz – dekorasiyalardandır.

 

Qardaşlar, bəri başdan onu desəm olar, deməsəm olmaz ki, uzaq-uzaq gələcəklərdə cənnət-cəhənnəm də görünmür. Heç yerdə Sirat körpüsü – zad yoxdur. Dinlər qorxulu nağıllardan ibarətdir. Müqəddəs kitablar yasaqlar toplusudur. Ancaq gəlin, dinlərə vaxt itirmədən, yenə elmə-materializmə qayıdaq. İdealizm bir aldanış, böyük fırıldaqçıların mənfəət yeridir. Əlbəttə, bunlar heç.

 

Həri, biz gələcəyimizi qurmuruq ki – yolda ona təsadüfən rast gəlir, yanından süst-biganə ötürük. Gələcəyimizdə keçmiş proyeksiya olunmur. Onda keçmişimizin təcrübəsi nəzərə alınmır. Dediyim kimi, hər dəfə hər şeyi ibtidadan başlayırıq. Gələcəyimiz həmişə keçmişimizin oxşarı olur. Bizdə keçmiş öyrənilmir, yalnız duyulur. Tariximiz simvolistcəsinə yozulur və yazılır. Onda mifolojilik reallıqdan güclüdür. Tariximzdə tərbiyəvilik elmilikdən üstündür. Biz əxlaqı hara gəldi soxuşdururuq. Gərək bir deyən və yazan ola: keçmişimizdə torpaqları ona-buna paylamış qoyunlar yaşayıb. Totem olaraq bozqurd yox, qoyun bizə daha çox uyğundur. Əzəldə başıaşağı-müti və müqavimətsiz olmuşuq. Keçmişdən indimizə azadlığı rədd edən ənənələr gətirilib. Ənənələrimiz avtonom milli əsarət vasitələridir. Həri, indimizdə hər şey ibtidai və bəsitdirsə, keçmişimiz boşuna işləyib. Şah İsmayıl Xətai də Azərbaycana bir gün ağlaya bilmədi. Bilməzdi də. Əlbəttə, cinsi yetişgənliyi təzəcə çatmış uşaqdan şah olmazdı. XVIII əsr xanlarından bizə istənilən vaxt tutulub başı kəsilən xoruz xisləti, yekəbaşlıq miras qalıb. Bəlalarımızın əsaslarından olan regionçuluq paramparça xanlıqlarımızın qalığıdır. Qədim mədəniyyətimiz üstündə xətlər cızılmış sınıq-sökük daşlardan ibarətdir. Klassik poeziyamız bizi real həyatdan həmişə yayındırıb. Yayındırır da. İndiki mənəvi-intellektual ehtiyatımızla gələcəyimizi qura bilməyəcəyik. Gec-tez qurtarası bir şey olan neftə ümid bəsləmək ağılsızlıqdır. Əslində biz gələcəyimizi nefti nəzərə almadan qurmalıyıq. Gəlin, həm də ümumtürk kontekstində gizlənməyək. Ümumtürk konteksti Azərbaycan tarixinin öyrənilməsində buraxdığımız kobud səhvlərdəndir. Hər ölkənin yaxşı-pis öz tarixi olur və bu tarix necə var, elə də öyrənilməlidir. Özümüzü hər hansı şanlı imperiyaya şərik hesab etməklə, milləti irəli apara bilmərik.

 

... Üzü keçmişə duranda, öncəgörmələrim keçmişə dair olur, üzü gələcəyə durandasa – gələcəyə.

Digər xəbərlər

İçi lirikalı polad

“Moskva dəftəri”

Azərbaycanda hüquq

Tehran Əlişanoğlu – Bizdə “şeytan ayələri”

Qardaşxan Əzizxanlı Rafiq Tağı haqqında

Şərhlər