Rafiq Tağının "ironizmləri"

Tarix: 02-08-2016 16:38
Baxış sayı: 705

- Fırıldaqlardan sonra sevgi mümkünsüzdür.

 

- Gənc adamda düz-əməlli namus-qeyrət olmur.

 

Namus-qeyrət yaşnan gəlir, kimlərisə təqliddən doğur.

 

- Sevgi sərt və acı həqiqətləri, eləcə də qaranı çəhrayı görür.

 

- Əfsanə kosmetoloji effektlidir.

 

- Kral xanımının gözəlliyi həm də dövlət atributu kimi bir şeydir.

 

- Fantaziya həyat faktları mürəkkəbliyində şeyləri uydura bilmir.

 

- Mehmanxana xərclərini çıxarmaq üçün soyuq və həm isti suyu açıq qoymuşdu.

 

- Ömür özlüyündə süjet deməkdir.

 

- Poeziya ən idbar şeylərdən də törənər.

 

- Hər kəsin həyatı qəhrəmanlıq, ya ona bənzər bir-iki hadisə ilə mənalanır.

 

- Hörmətsiz adamın küsməyinə kimdi vız atan.

 

- Onun əxlaqında barış elementi yoxdu.

 

- Ənənə yarandısa, demontaj olunmur və digər dəmir-beton ənənələrə paralel tərzdə sonsuzluq səmtə uzanır.

 

- ... eyni tarix hər dəfə təzədən yazılır.

 

- Minimum ömürdə maksimum dəmlər sürdü.

 

- Restoran da həyat məktəbləri sırasındadır.

 

- Yaxşılıq eləməmək elə pislik eləməkdir.

 

- Arvad tayfası, nədənsə, gec-tez kişiləri ram edən olur.

 

- Sən demə, kölgə də həyata dəlalət edən şeydir.

 

- İtdə sevinc insandakı kimi deyil - həqiqi və saf olur.

 

- Cinayət törətməyən yalnız heykəllərdir.

 

- İnsan əsas da elə özünkülər içində tənha qalır.

 

- Bircə onun qız-gəlinə peydərpey "bacı" deməsi şübhəli görünürdü.

 

- Yox, insanların əksəriyyəti ölüylə dirini ayırd etmir: yatanı ölü, ölünü yatan bilənlər var.

 

- Həyatsevərlərdə cəmdək qabarıq olar.

 

- İnsana ətyeyən bir heyvan kimi məhəbbətlə yanaşardı.

 

- Ətdən bol respublikalarda kababxanalar bol olar.

 

- Faniliyi anlayan zahidlik yolunu tutmalıdır, lotu-potuluq yox.

 

- Familiyası "Namazov" olan kəsin alnı möhür görmədi.

 

- Nədənsə, göyçəklər özünə güvənən olur.

 

- Kişiləri yalnız kifir qadınlar ideallaşdırır.

 

- Ər-zad xoşbəxtlik üçün deyil, ola bilsin, bədbəxtliyi bölüşmək üçündür.

 

- Bir ağsaqqal kimi nüfuzunun az-çox qalmasını istəyirsənsə, gərək çətin məqamlarda respublikada olmayasan.

 

- Qızlar ən çox müharibələrdə evdə qalır.

 

- Qızın taleyi alnında-yanağında yox, məhz qıçlarında yazılır.

 

- Bəxtəvərlik əbədiyyətə dəlalət etmir.

 

- Onun zahiri xoşbəxtliyi batindəki bədbəxtliyinin təzahürü idi.

 

- Təzə sərhədləri də köhnələr sayağı ancaq quşlar aşa bilər, insan yox.

 

- O, keçmişdən bircə addım qabağa gedib dayanmışdı.

 

- Bədiilik təlqin vasitəsidir, elitar mədəniyyəti kütləviləşdirməyə qadirdir.

 

- Ədəbiyyat həvəskarları bədiiliyə meyllidir.

 

- Mədəniyyət ekstremal vəziyyətərdə dəyərsizləşir.

 

- Sənətkarların dünyaya gətirdiyi insanlar əzab çəkmirlər.

 

- Bu qəzet, ölkədə şərəf və qeyrət sabitliyinin təminatçısıdır.

 

- Nədənsə, qara kütlənin məhəbbəti xoşagələn olur.

 

- Elə məsum quşlar var ki, göyərçin onların yanında vəhşi təəssüratı oyadır.

 

- Rəssam həyatla müqayisədə acizdir.

 

- Məmur sözü həmişə dəvənin boynu kimi düz olub.

 

- Əvvəl heç nə olmur. Hər şey sonra olur.

 

- Hüzürdə yalnız perspektivli insanlar arzulanır.

 

- Alimə kəşflər yox, adlar daha vacibdir. Həm də onsuz indi hər şey bilmək

sarsaqlıq əlamətidir.

 

- Tələbkarlıq əslində demaqoqluğun bir formasıdır.

 

- Şefə quyruq bulamaq hər oğulun işi deyil.

 

- Sevgi biqeyrətliyi istisna edir.

 

- Özünüz məndən də yaxşı bilirsiniz ki, hər bir Azərbaycan qadını alınmaz qeyrət

qalasıdır.

 

- Qocalıq - gördüyün ölümlərin çoxluğundan törənir.

 

- Dəliliyi - ən ali duyğularla yaşadığındandı.

 

- Bəli, insan xoşbəxtlik üçün hələlik ev-eşik olmaqdan özgə bir şey tanımır.

 

- Deyəsən, hörmət asılılığa dair şeydir.

 

- Ərə gedənəcən kişi xeylağını gərək qurbağa cildində görəsən.

 

- Sevmək onların kəndində ayıbdı.

 

- Yad yer qoca saxlamaz.

 

- Ölüm haqdı, amma yaman xərc istəyir.

 

- Qız qarıyırsa, onun əxlaq-namusu gülünc-gülməli bir şeyə çevrilir.

 

- Bu kənddə qadınla kişinin baxışması qəbahətdir.

 

- Şöhrətin hüquqdan-etikadan kənar tərəfləri də olur.

 

- Sən demə, tasadüfi səbəblər də şöhrət mexanizminin saz və işlək halda saxlanmasında yardımçıdır.

 

- Şöhrətli adam müdhiş bir varlıqdır: yaxındasan, çata bilmirsən, əl uzadır, uta

bilmirsən.

 

- ... həyatda da əzələ gücünə irəliləyirmiş. Azərbaycanda əzələ başdan faydalıdır.

 

- Adıbilinməzin heç yaşı da bilinmirdi.

 

- Kiçik dövlət kənd kimidir, orada hamı hər şeyi bilməlidir.

 

- Alın yazısı tənbəl və məsuliyyətsiz adamların özünü təmizə çıxarmaq vasitəidir.

 

- Həyatıyla bir kəsə yaxşılıq edə bilmirdisə, mağıl onu ölümüylə etdi.

 

- Günahsızları hədə-qorxu gücünə caniyə "döndərmək" insandan elə də böyük ağıl

tələb etmir.

 

- Kütlə dişlərini qıcayanda, adamın canına vəhşət oturur.

 

- Despotlar mədəniyyətə milçək kimi qonur.

 

- Xalqın boynunda oturduğu illəri ömrünün bəxtəvər çağları sayır.

 

- O, istedadını qısıb-qısıb, sıxıb-sıxıb da ondan təşkilatçılıq keyfiyyəti üzə çıxarıb.

 

- Oxucu göyçək müəlliflə kifirə fərq qoyandır.

 

- İnsanda aldatmaq məramı yoxdursa, şöhrət ona mənasız görünəcək.

 

- Üz - şöhrətin vacib komponentidir.

 

- Şöhrət düşkünü ciddi adam ola bilməz.

 

- Ura, onun pessimizmi intihara yetməyəcək.

 

- Namus xoşbəxtliyin qənimidir.

 

- Azərbaycanda küləklərə də güllə dəyə bilər.

 

- Bir sürü qız bircə lülüşlünün əvəzi deyil.

 

- Şahid olmayanda, insan təmiz gopçuya çevrilir.

 

- Allah axırını xeyir eləsin - son macal komediyalar faciələrə bənzəyir.

 

- Qadın gözəlliyi əksərən qara-qara əməllərlə yekunlaşır.

 

- İnsan bütün zamanlarda fatalistdir; qarğışlarının nəticə verəcəyinə həmişə

inanır.

 

- Cəhənnəmdən yan keçmək üsullarını həyatda tapmadı.

 

- Həmişə elədir, ölənin fikirləri dirilərə təkdənbir çatır.

 

- Qəşəng olsa da, cüvəllağı imiş.

 

- Ölülər internasionalist, həm də ateistdirlər.

 

- Qocalmamaq üçün kaş heç doğulmayasan!

 

- Var-dövlət namussuzluqları heçə endirən, lotuluqlara müqəddəslik namı

qazandıran şey imiş.

 

- Qadınlarda məğrurluq illüziyadır.

 

- Cinayətlə bağlı evlər əzəldən tez tikilib.

 

- ... - onun üzündə dövlət əhəmiyyətli təbəsümlər gəzirdi.

 

- Elə həmişə belə olur: müsabiqələr, mükafatlar gücünə vətən haqqında ən yaxşı

sözlər şairlərdən ölüm-zülüm qopardılır.

 

- Şairlərdə yaxşı misralar hər vaxt olur, neyləyəsən ki, onlar həmin misraları

satırlar.

 

- Vəzifəcə enməyi, ya vəzifəsiz yaşamağı fəlakət bilərdi.

 

Müharibələrin yamanlanmasında şöhrət imkanı görsənir.

 

- Şöhrət, həqiqətən, cavanlığa aid bir aldanışdı.

 

- Yazmamağını öz həyatında nəhəng bürokratik hadisə sayırdı.

 

- Qarşıdakı ölün arxadakı həyatdan canlı görünürdü.

 

 

Rafiq Tağının əsərlərindən alıntı yaparaq tərtib etdi:

 

Sima Ənnağı

 

Digər xəbərlər

Kütləvi səhnələr adamı

Rafiq Tağı ilə Arzu Abdulla söhbətləşdi

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Murad Köhnəqala: "Rafiq Tağının 50 manatı"

BIÇAQLANMIŞ QƏLƏM (Elşən Böyükvənd)

Şərhlər