Bizim dağlar

Tarix: 22-07-2017 16:31
Baxış sayı: 1927

Bizim dağlar

Dərin uçurumlar deşib torpağı,

Az qala quşun da gözü qaralsın.

Dərələr dağ boyda çöküb aşağı,

Çöküb ki, qayalar, dağlar ucalsın.

 

Təpələr uşaq tək boynunu büküb,

Dərələr torpağın qırışlarıdır.

Sükutun bağrına sancılıb durub –

Dağlar babaların başdaşlarıdır.

 

Burda aynası var hər bir qayanın,

Bulaqlar hardansa qopub, sürüşüb.

Sanki qaranəfəs olmuş ceyranın,

Gözləri daşların içinə düşüb.

 

Yorğun yolçular tək verib diz-dizə,

Buludlar dağların dərdi, qəmidir.

Kollar da su içir, düşüb həvəsə,

Bulaqlar su dolu sərnic kimidir.

 

Çaylar tər içində cumur qabağa,

Köpüklər elə bil quzey qarıdır,

Necə də çırpılır, dəyir torpağa,

Daşlar dağ çayının yumruqlarıdır.

 

Dağların başında nədir ağaran?

Soyuq fikirmidir, Günəş əridir?

Hər qaya altında yatan mağara,

Dağların havalı ciyərləridir.

 

Təpələr uşaq tək boynunu burub,

Dərələr torpağın qırışlarıdır.

Sükutun bağrına sancılıb durub –

Dağlar babaların başdaşlarıdır.

11 yanvar, 1969-cu il

Rafiq Tağıyev

Digər xəbərlər

“Moskva dəftəri”

Düşmən dostlar

Qardaşımın sevgiləri

Tehran Əlişanoğlunun Rafiq Tağı ilə söhbəti

Homeostaz. Köhnəlmiş Mədəniyyətlər Səmtində Düşüncələrim

Şərhlər