Rafiq Tağı: “Müharibələr xalqların qarşılıqlı nifrətiylə yox, sadəcə, bir-biri üzərində qələbələrlə bitməlidir”

Tarix: 27-10-2015 07:08
Baxış sayı: 816

Suallarımı istedadlı yazıçımız Rafiq Tağıya verməzdən öncə düşünürdüm ki, müsahibə janrının qaydalarına uyğun olaraq meydana qoyulacaq yazıya ön söz yazım, yazıçı barəsində təəssüratlarıma, onun ömür yolundan bəzi məqamları təqdim edim. Lakin aldığım cavabları bir daha gözdən keçirəndən sonra gördüm ki, hər bir yaxşı əsər kimi bu müsahibə də müəllif barəsində indi lazım olan hər şeyi deyir.

 

- Ədəbi aləmdə bu sayaq deyim və ifadələr var: mühəndis-şair, həkim-yazıçı... Siz ixtisasca həkimsiniz. Amma nədənsə Rafiq Tağı deyiləndə, mənim yadıma yalnız və yalnız bir peşəniz düşür – yazıçı... Bilmək istəyirəm, yaxşı yazıçı Rafiq Tağı bir babat da həkimdirmi?

 

- Yazarlar da başqa insanlar kimi, gənclikdə, ya sonralar qazandıqları sənətin yükünü- təcrübəsini daşıyırlar. Ömürləri boyu. Dərhal rus ədəbiyyatından başlayaq. “Ağıldan bəla”nın müəllifi Aleksandr Qriboyedov diplomat idi. A. Puşkin, M. Lermontov, eləcə L.Tolstoy da hərbçi olublar. A. Çexov, V. Verosayev və M.Bulqakov həkimdilər. Andrey Platonov – mühəndis-elektrik. Başqa kimi deyim. Bizim Çingiz Aytmatov baytar işləyirdi, hərçənd indi səfirdir. Misallar çoxdur. Avropa intibahının nəhəngləri arasında həkimlik dəbdə idi. Biri elə Fransua Rable – “Qarqantua və Pentaqruel”in müəllifi. Gələk bizə. Şah İsmayıl Xətai – hökmdar-şair, M.P.Vaqif – vəzir-şair, M.F.Axundov – çar polkovniki, M.Cəlil – mühərrir, Sabir – sabunçu, A.Şaiq – pedaqoq. Yaxud N.Nərimanov, Əli bəy Hüseynzadə, A.Səhhət və M.Şəhriyar da həkim olublar. Dediyim nədir? Bütün bunlar təbiidir və heç də ayıb deyil. Təki dövlət adamları qabağında əyilməyəsən, onlara dilənçi kimi əl açmayasan. Bir tək “şair işləmək” düzgün olmazdı və bu heç mümkün deyil də. Hə, bu bir başqa söhbət ki, ilkin sənətini gözə soxmaq, ondan əlavə divident güdmək cəhdləri yersizdir. Çünki oxucu üçün, məsələn, şairin ortaya qoyduğu poeziya nümunələri maraqlıdır, daha onun qulaq-burun-boğaz, ya göz həkimi olmaqlığı yox. Soruşursunuz, deyirəm. Mən can həkimi, yəni terapevt, kardioloq-reanimatoloqam. Amma nə olsun? Bunu başqa vaxtlarda da azdan-çoxdan – yalnız şəxsi həyatımla bağlı müsahibələrdə demişəm. Hələ indiyə kimi də məni həkim kimi tanıyanlar yazarlığımdan, yazar kimi tanıyanlarsa (biri elə bu sözlərimi yığan kompüterçi xanım Vüsalə) həkimliyimdən bixəbərdirlər. Bunu təzəcə bilənlərsə ölməyinə bəlkə də az qalmış bir insanın bu iki sənətini təəccüb içində birləşdirməyə məcbur qalırlar. Düzü, mən özümü kiməsə yazıçı-həkim kimi təqdim etməyi qəti xoşlamıram. Bu həm də qeyri-etik səslənərdi: bax, mən yazıçıyam, ancaq həkim olduğuma görə də yazılarıma diqqətlə yanaşın, onlara yüksək qiymət verin.

 

Qaldı ki – necə həkiməm. 1972-dən üzü bəri fasiləsiz bu sənətdəyəm. “Zəif həkim” olmağı heç vaxt adıma yaraşdırmamışam. İş yerlərimin hamısında təxəllüsüm “yaxşı həkim” olub.  Heç vaxt ölümdən qurtardığım minlərcə xəstəni oxucularımın gözünə soxmamışam... Hərbçi olsaydım, döyüş səhnəsində öldürəcəklərimi də gözə soxmayacaqdım.

 

- Məncə, filioloji təhsil görən qələm sahibləri ilə digər elm sahələrindən gələn sənətkarlar arasında müəyyən təfəkkür fərqləri var. Bu, niyə belədir, ya bəlkə heç belə deyil?

 

- Məncə, filoloq olmaq filatelist, ya əkinçi, nə bilim, fizioloq, fizioterapevt, ya filosof, qarmonçalan olmaq kimi bir şeydir. Yəni filologiya şairliyə təminat vermir. Bunu bizim şəraitdə çox zaman düzgün anlamır, şairi filoloq kimi təsəvvür edirlər. Ya jurnalist elə bilir nasirlik onun vəzifə borcudur. Amma əksinə, mən deyərdim ki, filoloji, ya jurnalistika təhsili şairi xeyli məhdudlaşdırır, onu ənənəviçiliyə yuvarladır. Ədəbi makulaturayla “silahlanan” filoloq gələcəkdə  məğmun bir şairə çevrilə bilər. Filoloji təhsil görməyən sənətkarlar daha azad olur, mənfi-müsbət qütblərdə maksimum cövlan edə bilir. O, Xeyir və Şəri bərabər araşdırır. Xeyirə tərəfkeşlik edildisə, Şər mənəvi üstünlük qazanır və Xeyir üzərində qələbəyə ruhlanır, bu qələbəyə hüquq əldə etmiş olur.

 

Dünyanın ən gözəl ədəbiyyat nümunələrini əksərən filoloqlar yox, digər peşə sahibləri yaradıblar. Misallar kifayət qədərdir. Gəlin, buna vaxt itirməyək.

 

- Doğma Azərbaycana gələnə qədər keçmiş Sovetlər birliyinin müxtəlif şəhərlərinin sakini olmusunuz. O illərin bir-iki xarakterik məqamını xatırlamağınız yerinə düşərdi...

 

-1979-1990-cı illərdə Rusiyada həkim işləmişəm. Bu 11 ilin ilk 5 ayını Kalinin (indiki Tver) vilayətinin Konakovo şəhərində, qalanınısa – Moskvada, onun tən ortasında. Arada İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunda “daxili xəstəliklər” üzrə klinik ordinaturanı da bitirdim. Söz onda yox. Mən Azərbaycanda yükləndiyim stereotip, ülgü və basmaqəliblərdən ancaq Moskvada qurtula bildim. Bu saat Moskvadan ötrü burnumun ucu göynəyir. Moskva mənim içimdədir və deyən, həyatımı həmişəlik tənzimləmək məramındadır. Moskva mənim üçün bir imperiya paytaxtı kimi yox,  mədəniyyətlə asan və tez ünsiyyət tapdığım bir yer idi.  Bu şəhər Stalin, ya tutalim, Kaqanoviçin yox (onlar yalnız indi yadıma düşdü), Puşkin və Qorkinin yaşadığı, Çexovun pyeslərinin ilk tamaşaya qoyulduğu şəhər kimi qiymətli idi. İşıqlı Moskva mənə XIX əsr rus klassik ədəbiyyatını,  eləcə də XX əsr ədəbiyyatını sevməyi öyrətdi. Mən əsasən Moskvada nasir kimi formalaşdım. Orada yazdığım hekayələr saysız-hesabsızdır. Onları cilalayıb ömrümün axırınacan ortaya çıxara bilsəm, böyük iş olar.

 

Rusiya ziyalıları Avropayla nəfəs alır. Çünki vaxtında I Pyotr Avropanı Rusiyaya calaq edib. Rusiya Avropayla müharibələrdə də ondan dərs götürür, müharibələri ondan öyrənir. Ruslar avropalılarla müharibələrə həmişə müvəqqəti münaqişələr kimi baxır. 1812-ci ildə I Napoleon Moskvanı zəbt edərkən də rus aristokratları fransızca danışırdılar. Düşmənə nifrəti ruslar qəlbin “fibra”larında yox, texniki işlərin icraatında üzə çıxarırlar. “Hərb və sülh”də Napoleona qarşı acıq görməzsən. Müharibələr xalqların qarşılıqlı nifrətiylə yox, sadəcə, bir-biri üzərində qələbələrlə bitməlidir. Müharibəyə bir oyun kimi baxılarsa, faciələr yüngül qavranılar.

 

- Qürbətdə çox yaşamağınızdandı bəlkə, Azərbaycanda, Bakı şəhərində sanki bir yad, nabələd adam kimi gəzib-dolaşırsınız.

 

- Müşahidəniz dəqiqdir: yad kimi gəzib-dolaşıram. Ancaq bu, qürbətlə bağlı deyil. Mən insanlarımızda xəyalımdakı milli keyfiyyətləri korşalmış görürəm. Bu, məyusluğuma səbəb olur. İnsanlarımız cinayət məramlı olub: əlbəttə, mən onlarla oturub-dura bilmərəm. Çünki yollarımız ayrıdır. İnsanlarımız yağla şora bir qiymət qoyur. Məmurlarımızın peşəkarlıq keyfiyyəti –rüşvətdir. Millət yaşayışını ümumbəşəri  uca keyfiyyətlər üzərində qura bilmir və mənəvi enişlərdə yumbalanmaqdadır.

 

Açığı, səbirsizəm, yaradıcılığa dəxli olmayan işlər və adamlar məni çox yorur, darıxdırır. İçimdəki Günəşi udan insanlardan uzaq olmağa çalışıram. Ömrüm boyu özümü seytnotda bilmişəm; mənə həmişə elə gəlib ki, məhz sabah vaxt qurtarır.

 

- Bəzən konkret yazılarınız, müsahibə və çıxışlarınız cəmiyyətdə, ədəbi mühitdə birmənalı qarşılanmır. Rafiq Tağı qaşınmayan yerdən qan çıxaran vəziyyətinə düşür. Bu işlərdə özünüzü nə dərəcədə təqsirli bilirsiniz?

 

- Təqsirli yox, əksinə, haqlı bilirəm. Bu işlərdə, onların həllində özümü ən vacib fiqur sayıram. Mən həqiqətlərin deyicisiyəm – missiyam budur. Yazıçı ki həqiqəti demədi, at getsin. Kobud deyəcəyəm, döşəmə əsgisi ondan faydalıdır. Təbabətin məqsədi ölümü dəf etməkdisə, ədəbiyyatın məqsədi həqiqəti önə çəkməkdir. Ədəbiyyatda  forma axtarışları  həqiqətlər ətrafında olmalıdır. Sosrealist ədəbiyyat həqiqətlərə yadlığına görə öldü.

 

Ədəbi aləmdə birmənalı qarşılanmamaq qəbahət növü deyil ki. Mirzə Cəlil də birmənalı qarşılanmazdı, F.Nitsşe də. Bəyəm L.Tolstoy birmənalı qarşılandığına görəmi Əqdəs Sinod onu kilsədən kənarlaşdırmışdı? Amma bundan L.Tolstoy yox, kilsə özü ziyan gördü. Hellosentrizm tərəfdarlarını inkvizisiya alqışlarla yox, tonqallarla qarşılamışdı. Ona görə də “təqsirli” dediyiniz fikirlə mən heç cür razılaşmıram.

 

- Rafiq Tağını çağdaş Azərbaycan nəsrində tənqidi realizm ədəbi metodunun daşıyıcılarından biri hesab eləmək olarmı?

 

- Tənqidi realizmin izi bəzi yazılarımda görünə bilər. Ancaq mən bu metoda üstünlük vermirəm. Hekayələrimi oxusanız, onları onlarca ədəbi istiqamətə yoza bilərsiniz.  Mənim əsərlərimdə dəmir ənənələr yox dərəcəsindədir. Ədəbi metodlar məni yaratmır, mən onları yaradıram. Yazar ədəbi metodu qabağına qoyub ona uyğun yazdısa, batdı. Demək, o kəs talantdan məhrumdur. İdeya özü gəlməli, necə və hansı formadadırsa, sənin yaradıcılığında o cür də üzə çıxmalıdır.  

 

- Ən ünvansız bədii yazılarınızda belə ünvanlılıq var. Publisistika ilə incə bir qaynayıb-qovuşma görürəm. Bu hardan gəlir?

 

- Esselərimdə publisistik notlar var. Bu, həyatdır ki, vulkanlar şəklində yaradıcılığımda özünü göstərir. Ancaq məndə publisistika jurnalistik keyfiyyətli deyil. Mən ədəbi məqamları tuturam. P.Çaadayevdə, F.Dostoyevskidə hər şey sanki publisistikadır, ancaq ədəbi-fəlsəfi ölçülərdə. Mənim esselərim üzaq gələcəklərdə də öz dəyərini saxlayacaq.

 

- Dünya Rafiq Tağının xoşuna gəlirmi? O bu dünyanın işə gedən, işdən gələn, döyən, döyülən, varlı-kasıb insanlarına baxanda nə düşünür?

 

- Dünya  Allahın qoyduğu harmoniya qanunlarıyla işləyir. Yer şarı kosmosda yox, harmoniya içində fırlanır. Bəşər mədəniyyətləriylə bəzəkli dünya mənim xoşuma gəlir. Qoy dinlər məkrli niyyətlərlə mücərrəd “o dünya”nı real olan bu dünyaya qarşı qoymasın, “fani” deyib də onu ləkələməsin. Mən dəqiq bilirəm, o dünyada yaradıcılıq sevincləri olmayacaq. Ona görə də bu dünya mənə sərf edir. Bu dünyanı insanlığa  Allah bəxş edibsə, onu boş və mənasız adlandırmaq qəbahət sayılmalıdır. Dinlər Allaha qarşı çıxmasınlar!

 

Mən insanlara rəhmliyəm. Kəndimizdə, elə Bakıda da, mənim dostlarım həmişə ən sadə insanlardır. Moskvada olarkən gələnlərdən kəndimizin ən kasıb adamlarını soruşmağım hamıya qəribə görsənərdi. Onları mənim diqqətimə layiq bilmirdilər. Ancaq mən kəndə gələndə, birinci elə onlar gəlib mənə dəyərdilər.

 

- Dünyanın fani olmağı və bunun qarşısını almaqda həkim və yazıçı Rafiq Tağının gücsüzlüyü sizi qəzəbləndirmir ki?

 

- Dünya heç də fani deyil, onu mollalar uydurub. Bu dünya nəyisə yaradıb ora qoymaq üçün tam yararlıdır. Bu dünyada ilhamla yaşamağın mümkünlüyünə görə Allahıma minnətdaram. Naqisliklər, nöqsanlar müvəqqəti-olub keçəndir.

 

 

                                                                           17.11.2004 , Humanitar qəzeti

Digər xəbərlər

Aşura kriminal durumu

Sima Ənnağı . Psixoloji təhlil : Rafiq Tağının “Kaspar evi”

Xuraman - kapoeyra uçuşlu qız

Azad Qaradərəli: "Üç nöqtə" (hekayə)

Qış gəldi

Şərhlər