Tarix: 31-03-2017 12:00
Baxış sayı: 1417
"Yeni Müsavat" N. 40
15-16 mart 1998-ci il
Yazımdan qalan fikirlər və onlara əlavələr
Əvvəla "əlavə" haqqında. Qardaşlar, "və" əlavələr əvvəlidir. Onu deməliyəm ki, bir şey, bir şeyə əlavə olunanda məni həmişə gülmək tutur. Hərçənd maye üzərinə maye əlavəsi zamanındakı şorultudan mən çoxlu lirik nəğmələr də əxz eləmişəm. İnqilablarda zopa kütlə başına əlavədir. Dəyənək dəli öküz təpəsində üçüncü buynuzdur. Zopa Azərbaycanda stabillik rəmzidir. Polis iqtidar zopasıdır. Həri, turşu, üstünə əlavə olunan qələvi ilə neytrallaşdırılar. Bıçaq fahişə qarnında əxlaq əlavəsidir. Onu desəm olar, deməsəm olmaz ki, bıçaq milli-məişət əxlaqımızın tələbatına tam uyğundur. Qardaşlar, Azərbaycanda demokratiya neftə əlavədir. Bizdə demokratiya olsa-olsa beynəlxalq lotuların Azərbaycanda at oynatması üçün inşa edilmiş meydançadır. Azərbaycanda barı bir-iki dənə də demokratik ənənə yoxdur. Piketdən qorxan Azərbaycan iqtidarı sancaqdan qorxan şeytan bənzərlidir. Piket demokratik ölkənin gözəlliyidir. Piket və mitinqləri dağıdan iqtidarın iş üslubu antikonstitusiondur. Əslində Azərbaycan Konstitusiyası iqtidar əlində gərəksiz broşuradır. Azərbaycanda "prezident" , "padşah"-ın qərbgözünə adıdır. Biz yalnız padşah doğura bilərik. Padşah Azərbaycanda hələ də nağıl obrazıdır.
Həri, keçən dəfə demişdim ki, Azərbaycanda demokratiyanın yalnız pıçıltı ilə danışılan növü var. Bizdə pıçıltı milli keyfiyyətə çevrilməkdədir. Ancaq onu desəm olar, deməsəm olmaz ki, pıçıldayan insanlarda enerji itkisi və qida məsrəfi az olur. Pıçıltı millətin qənaət rejimidir. Üstəlik, bu həm də, lirikaya bənzəyir. Pıçıltıda bir az erotiklik də var. Pıçıltılı despotik rejimləri zifaf gecələri bəzəyər. Bu heç. Qardaşlar, Azərbaycanda diktatura yatanda da duyulur. Bakı xəzrisi triller janrında bir şeydir və gecə qapımı döyəndə, məni keçmiş Stalin "troyka"-larının xofu bürüyür. Tez cırıq-sökük maykamı-zadımı dəyişirəm ki, sonra soyundurulub çırpılanda ayıb-zad olmasın. Mən alt paltarın cırıq- söküyündən utanan adamam. Həri, mənə xof siyasi qeyblərdən gəlir.
Onsuz artıq Azərbaycan ağsaqqalı mənim gözümdə şərin cövhəridir. Yox, ağsaqqalarımız sirat körpüsündən keçə bilməyəcəklər.
Yenə ötən səfər dediyimdən deyim ki, çadırlarda qaçqın uşaqları yalnız toxluqdan törənir. Həri, qardaşlar uşaq bol olan yerdə toxluq fərz edilir. Toxluq eşq səbəbkarıdır. Mən eşq poeziyasının güclülüyü səbəbindən Orta çağ Şərqində toxluq gümanındayam. Leyli və Məcnun tox insan olublar. Aclıqda insanlarımız gözəlliklərini itirir, elə ona görə də şəkildə göyçək alınmırlar. Azərbaycan qızlarının 90-cı illər şəkillərində burun əlamətdardır. Bizim qızlar artıq fotogenik deyillər. Qırmızıyanaq Qarabağ gözəlləri Bakı yataqxanalarında bozumtul olublar. Elə bil çiçəklər üstünə toz qonub. Bakı yataqxanaları tualet ətirlidir. Çadırlı İmişli-Beyləqan çöllərində estetika yaxşı həyata dair bir şey kimi anlaşılır. Həqiqətən, estetika qızıl qolbaq, ya sırğa timsalındadır. Estetika Qərb simvolikası imiş.
Qardaşlar, hətta vətənə şəhid törətmək üçün də qarın vacibdir. Özü də onu desəm olar, deməsəm olmaz ki, azərbaycanlının cənnətə düşmək şansı yalnız şəhidlikdə qalıb. Azərbaycanlı əməlləri ümumbəşəri normativlərə uyğun gəlmir. Biz əslində normativi bürokratik bir şey sanırıq. Azərbaycan padşahları "Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi"-nə dəvə nalbəndə baxan kimi baxıblar. Azərbaycanda dinlər də boş məşğuliyyətdir. Din Azərbaycanda tufeyli həyat rəmzidir. Azərbaycanlı üçün tum çırtlamaq ibadətdən üstündür. Azərbaycanda vicdan azadlığı İslamın yıxılma təhlükəsinə qədərdir. Tutaq bunlar da bir az heç. Qardaşlar, Azərbaycanda türkçülük narsisizmə mübtəladır. Türkçülərimiz bütün dünyanı sofistcəsinə Azərbaycana bağlayırlar. Azərbaycan türkçülüyünə patetika xasdır. Patetikanın el içində adı döşədöymədir. Əfsus, biz döşümüzə döyəndə gumbultu eşidilir. Bəlkə də biz dünyaya gəlməmişdən içimizə boş çəllək pərçimləyiblər. Döşədöyməkliyimizlə Azərbaycandakı heçlik və boşluğu dünyaya faş edirik. Kaş döşədöyənlərimiz olmaya, ölkəmiz dünyaya dolu görünə. Vallah, gumbultu olmasa, soliptik dünya Azərbaycanı dolu təsəvvür edə bilər. Bə nə, əyə, əşi, həri, qardaşlar, sözümə inanın.