Heç kəsi öldürmək istəməyən

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 804

Bilmirdi, bu qorxaqlıqdır, ya igidlik: dünənki zəngdən sonra evdə bir kəsər axtarırdı ki, işə gedəndə özüylə götürsün. Ümidi gəldiyi iki mətbəx bıçağından birini seçməliydi. O üz - bu üzlərinə baxıb, itiliklərini əliylə yoxlayıb, dəstəklərini əlləşdirib (dəstək də qorunmağa dairdi), axır gözəgəlimlisini seçdi. Evdə fin bıçağı, ya xəncərvari bir şey nə yoxdu (yaxşı ki, yoxdu), nə də olsaydı da götürməzdi; onlar üstündə tutulsa, belə çıxar niyyətin öldürmək olub. Sən onu yox, lap o səni yaralasa da, üstündə silah tutulubsa, cinayətkar sənsən. Görəsən mətbəx bıçağı silahdırmı? Bəlkə də yox. Ancaq adamdan soruşarlar: axmaq kişi, bunu özündə niyə götürübsən, ova gedirdin, ya işə?

O, düşmənlərini xeyirxahlıq eləyə-eləyə qazanmışdı. Xeyirxahlıq eləyib bir dost qazanırsansa, bəlkə, beş-altı da düşmən qazanırsan. Qazandığın dostun düşmənləri bir göz qırpımında sənə də düşmən kəsilir. Ona görə onun düşmənlərinin sayı dostlarınkından qat-qat çoxdu.

Keçmişlərdə düşmən adama düşmənçiliyini necə eləyirdi: minirdi şahə qalxan ata, qılınc-qalxanla yeriyirdi üstünə. Sən də bilirdin ki, bu gələn mərd-mərdanə düşməndir. İndisə düşmən səni dostdan çox sevir, hətta elə olur ki, düşməni dost bilirsən, dostu düşmən.  Hərçənd bir də görürsən dost bildiyin ayağının altını qazır, səni işdə ucalmağa qoymur, uşağını bağçaya düzəltmir. Yəqin, uşağın bağçaya düzəlməsi də ucalmaqdır.  

Amma dünən axşam tanımadığı bir düşməni ona zəng çalıb qədmi şəkildə bildirdi ki, onu öldürəcək. Yenə düşməni bu qədmiliyə görə sağ olsun. O, indiyəcən öldürülməklə hədələnməmişdi deyə təcrübəsizdi: bilmirdi buna inansın, ya yox. Çox götür-qoydan sonra inanmaq inanmamaqdan yaxşıdır. İnan-düşmənin sözü yalan çıxar, yenə çıxsın. İnanmayıb fil qulağında yatarsan, bir də görərsən mələklərin yanındasan.

Görəsən indiyəcən mətbəx bıçağı ilə adam öldürüblərmi? Bu bıçaqların ucları küt olur,  hətta ucunu iti saydığınkı da. Özü də tiyələri uzun, elə paltara dəyib qatlanacaq, sınacaq. Ancaq paltardan niyə vurursan, ay dəli! Döşə üzdən, boyundan da ki, qan fəvvarə vursun!

Tfu, lənət şeytana! Gör fikrindən nə keçir. Özünü qorumaq üçün başqasını öldürmək niyyətindədir. Yəni, özünü başqasından çox istəyir.  Amma indiyəcən hər yerdə, hər məclisdə dil-dil ötüb ki, əsl allah adamıdır, dost olsun, ya düşmən-başqasını özündən çox sevir. İndi özü öz yalanını tutmuşdu.

Yox, o hər adamı yox, hətta düşməni də yox, onu öldürmək istəyəni öldürər. Onu öldürmək istəyən bu istəklə adamlıqdan çıxmış olur,  onun hətta düşmən olmağa da ləyaqəti yoxdur. Əgər məhkəmə ədalət məhkəməsidirsə, onu öldürmək istəyənin ölümünü adam ölümü saymaz. 

O özünə haqq qazandıranda kefi duruldusa da, beşcə dəqiqə keçməmiş sifəti təzədən kölgələndi. Demək, əgər göy qübbəsi altında bütün Adəm övladı onu öldürmək fikrinə düşsə, o da Yer üzündə kəsilməmiş baş qoymaz...

O, bıçaqlara bir də nəzər salıb bunlarla özünü qorumaq yox, bada vermək olar, bu bıçaqlar, qarğa, məndə qoz var, - deməkdir. Bunlar çörəyi güclə kəsir, əti zorla doğrayır... Düşmən bəlkə sənə silah qaldırmayacaqdısa da, görsə sən ona silah  (mətbəx bıçağını düşmən hökmən silah bilər) qaldırarsan, o da qaldırar. Onda canını hara qoyar! İndiyəcən o heç kəsi məğlub eləməyib, çünki lazım gəlməyib. İndiyəcən hamıya kömək lazım olub, o da eləyib. Kömək lazımsa, baş üstə - o, köməyin min üsulunu bilirdi.

Elə düşmən də onun dəstiri mübarizə bacarmasa insaflı çıxar. Ancaq çətin... Düşmən mübarizə bilməsəydi düşmən olmazdı. İndi hamının yaxşı bildiyi yeganə şey mübarizədir, düşmənçilikdir. İnsan o qədər müharibə görüb, daha düşmənçiliyin cikini də bilir, bikini də.

Mübarizə bilməyənlərin davası mübarizə bilənlərin davasından qorxunc olar. Bu sənə güləşmə yarışı deyil, hakim dura başınızın üstündə, əgər klassik güləşmə üsulunda güləşirsənsə, axıracan gərək bu üsulla güləşirsən, yox, əgər sambo üsuluyla- onda axıracan sambo...Ordasa heç bir üsulsuz, nəzarətsiz-heyvancasına vuruşma gedər. Keçmişdə kim kimi basırdısa, əgər aman istəsələr, buraxardılar. İndisə elə şey yoxdur. Əgər öldürmək istəyən kimisə öldürməyibsə, demək, bacarmayıb. Əfv eləmək nədir! İndi alicənablıq acizlik əlamətidir.

O, bıçaqları yerə qoyanda elə bil yaraq-əsbabını soyundu. Qoy elə istəyir düşmən onu yaralasın. Düşmən ona yaralamaqla qalib gələr, o, düşmənə yaralamamaqla. O, heyvancasına, bu, insancasına. Heç olmasa sonra vicdan əzabı çəkməz ki, kiminsə qanına bais olub. Qoy düşmən onun qanını töküb vicdan əzabına düçar olsun. Ancaq heyf, o, əzab yox, bunu igidlik bilib ləzzət çəkər. İgidlik adam öldürməməkdə yox, adam öldürməkdədir. Bunu müharibələrin tarixi göstərir. Müharibələrdə orden-medal alan yalnız adamöldürənlərdir. 

Şeytan onu dinc qoymurdu, təzədən bıçağı götürüb iti ucunu güzgünün qabağında üzünə söykədi. Ancaq axı adam balası bu bıçağı adam balasının şirin canına necə yeritsin! Özü də bıçaq, maşallah, dib tərəfdən paslı, tamam infeksiya! Barı infeksiya yaraya keçməyə. O, bıçağın üstünə odekolon axıtdı ki, mikrobları ölsün. Sonra steril bintə büküb bu öldürməyə qadir şeyi heç kəsi öldürmək istəməyə-istəməyə qoydu çantasına.

O, düşməndən çox, dövlətdən ehtiyat eləyirdi. Elə bil dövlət də düşməndi, onun düşmənliyinin əsas əlaməti budur ki, həmişə onunla birgə hamını sevdiyini deyir. İndi o, sevməyənlər bir yana, sevənləri xalis düşmən bilirdi. Hə, dövlətdən (dostdan) qorunmaq üçün bıçağı gərək əzələli yerdən batıra. Əzələ yarasından adam ölməz. Özü də çalışacaqdı bıçağın elə ucunusa dəriyə toxundursun, vəssalam. Əsas qorxutmaqdır. Əcəb düşmənlərin hamısı qorxaq ola, elə pıqq eləsən, ya elə dərilərini cızsan, qaçıb gedələr.

Dövlətin işi gülməlidir. Günahlıyla günahsızı ayırd eləmir. Səni öldürmək istəyən üstünə cumur, sən də özünü qorumaq üçün, onu öldürmək cəhənnəm, dərisini cızırsan. Demək, günahkar oldun sən. Yox,gərək müqəvva kimi duraydın yerində, öldürmək istəyən səni əziyyət çəkmədən, ləzzətlə öldürəydi. Hərdən adam elə bilir dövlət cinayətkara arxa durur. Çünki həmişə günahsızı cəzalandırır. Onun tutduqlarının çoxu günahsızlardır. Bəlkə, günahsızlar ona görə tutulur ki, onların ucbatından günahlıların sayı artır. Ya bəlkə, dövlət günahlıdan qorxur, çünki uşaq alova əl atan kimi, günahlı hərdən siyasətə əl atır. Günahsızın nəyindən qorxsun! Günahlı, bir də günahsız - dövlət ikisindən birini cəzalandıracaqsa, götürüb qorxmadığını cəzalandırır. Əsas məqsəd bir cəza var ki, onu kiməsə verməkdir, verir günahsıza.

Birdən o, təzə görürmüş kimi öz bədəninə baxmağa başladı. Bu dilsiz-ağızsız bədən ondan kömək umur, ona arxalanır...Onun öz bədəninə elə yazığı gəldi, az qaldı ağlaya. Ancaq həm də özünü onun qulluqçusu saydı. Ömür vəfa qıla, ya qılmaya, altmışa çata, ya yox, gör işi-peşəsi nədir: bədənini qorumaq.

Onun bircə başqasını özündən artıq istəməsi vardı ki, o da ağ yalan çıxdı. İndi özü ölməsin deyə başqasını öldürməyə hazırdı. Bu bədən ki var, axı nəyə lazımdı, gəl indi onu qorumaq üçün başqasını öldür. Əcəb yatasan, səhər durub görəsən bədənin yoxdur, amma sağsan. Və onda qorxub-hürkmədən kimə kefin çəkir xeyirxahlıq elə. Əgər bu xeyirxahlıqlar sənə düşmən də qazandıracaqsa, səni yaralamaq istəyəcəklərsə buyursunlar. Onlar sənə bıçaq çəkəndə əlləri boşa çıxacaq!

" Ey qadir Allah, səndən heç nə istəmirəm, bircə arzumu yerinə yetir: qoy mən yatım, səhər durum görüm bədənim yoxdur! Məni özümü qorumaq bəlasından qurtar! Qoy mən nə bir kəsi öldürüm, nə yaralayım! Qoy mənim hamını özümdən artıq istəməyim düz çıxsın!". 

 

 

 

 

Digər xəbərlər

"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ" Tehran Əlişanoğluna

Rafiq Tağıya 13 solaxay sual

Yanaşı ulduzlar

Müharibə

Xuraman - kapoeyra uçuşlu qız

Şərhlər