"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ" Tehran Əlişanoğluna

Tarix: 25-03-2015 11:25
Baxış sayı: 862

 

Tehran Əlişanoğluna.

Hər hansı müharibə, ya çaxnaşmalar lakmus kağızı kimi klassik və çağdaş ədəbiyyatımızdakı nekroloji effekti dərhal üzə çıxarır. Humanizmin iflası epoxasında yaşayırıq. Humanitar çabaların effektsizliyi göz qabağında. Humanizmə köklənmiş ədəbiyyat tarmar olmaqda. Bütün idealizələr gülünc görsənir. İdeallar ədəbiyyatı artıq bəşər xislətinə uyğun gəlmir. Tarixlər zor epopeyası, ədəbiyyatlar – illüziyalar axınıdır. Ədəbiyyatlar tarixə adekvat deyil. Tarixə adekvat olmayan ədəbiyyatlarsa ölü sayılmalıdır.

İnsanın içində işləməyən ədəbiyyat ölülük xüsusiyyəti kəsb edir.

Ümumiyyətcə, ədəbiyyat nədir? Əyləncə vasitəsidirmi? Deyə bilərlər: hə. Ancaq onda əyləncələrin çeşidli və modern növləri yanında maraqsız və sönük görsənməzmi? Mühafizəkarlarımız – “Ədəbiyyat tərbiyə vasitəsidir”, deyəcək. Əlbəttə, hər birimizin dünyaya göz açandan eşitdiyi, beynimizə yeridilən, zəkamızı dəlik-deşik edən bu itibucaqlı fikir heç vaxt düzgün sayıla bilməz. Tərbiyə - insanın Prokrust yatağına yerləşdirilməsi prosesidir. Mühafizəkarlar ədəbiyyatı məktəb-tədris səviyyəsinə endirməklə, onu məhvə uğratmış olur. Maarifçi ədəbiyyat ölüdür. Maarifçi ədəbiyyatın tərbiyə etdiyi insan, uzaq başı, ixtisaslı qula çevriləcək.

Həm də ona qalsa, klassik poeziyamız da sistemsiz və yarımçıq tərbiyə vasitəsidir. Klassik poeziyamızın əsas qüsuru həqiqəti deməməsidir. Klassik poeziyamız canlı tarixlərin içindən yox, dışarısından keçib gəlir. Sanki onun tarixlərə dəxli yoxdur.

Tərkibində həqiqət olmayan ədəbiyyatlar əhəmiyyətsiz və ölüdür.

M.Füzuli öz qanlı dövründən bizə yalnız “eşq” həqiqətini gətirib. Bu riyakarlıq dözülməzdir. Mən bir dəfə demişəm, yenə deyirəm ki, Füzulidə eşq erotik xəyallardan başqa bir şey deyil. “Füzuli eşqi” – “Bu insanlar ki, qardaşdır və lakin yad şəklində”, - deyən Məhəmməd Hadi həqiqətinin yanından yel olub ötə də bilməz.

Klassik ədəbiyyat zora müqavimət aşılamır. Klassika şərə dəyib-toxunmur, hətta yeri gəlsə, ona qardaşdır. Bu ədəbiyyatın məqsəd və məramı çox da məlum deyil.

Klassikaya itirdiyi vaxta bəşəriyyətin hayıfı gəlməlidir.

Gələcək – keçmişə atılan addımların sayı miqdarında naqis olur.

Klassik ədəbiyyatdakı yalançı humanizm artıq antibəşəri mövzulardan sayıla bilər.

İnsanlarımız əbədən klassikayla aldadılıb. Azərbaycan klassik ədəbiyyatı dolayısıyla köləliyi əsaslandırır, ətaləti gücləndirir. Bizdə klassik ədəbiyyat bekarçılıq sənəti, formalaşmış boşboğazlıq növüdür. Klassik ədəbiyyatın həyata bilmərrə dəxli yoxdur. Ya bəlkə yalnız o mənada dəxli var ki, Azərbaycan türkcəsini ərəb-fars istilahları ilə yükləyir, dilin təmizlənməsi və özünütənzimləməsi prosesini əngəlləyir. Azərbaycan türkcəsini klassik poeziyamız korlamış, onu dalana dirəmişdir. İndən belə də dilin təmizlənməsi müşkül görünür.

Azərbaycan ədəbiyyatı yalnız XIX əsrin ortalarından insaniləşməyə üz qoydu. Satirik ruh ədəbiyyatı qismən göylərdən yerə endirdi. Həyat ədəbiyyatın içərilərinə yeridi, ədəbiyyat da – həyatın. Klassik cəfəngiyyat tarixin malı oldu; ancaq həm də ədəbiyyat mütəxəssislərinin dilində tap-tapmaca mövzusuna çevrildi.

Çağdaş ədəbi mühitdə klassika talantdan məhrum insanların filoloji isterikası səbəbidir.

Yalnız Mirzə Cəlil həqiqətlərə maksimum yaxın idi.

Yalanlarla süslü Azərbaycan sovet ədəbiyyatı zaman dəyişilən kimi nəhəng makulaturaya çevrilmədimi? Bu ədəbiyyatın ölülüyü saxtalığından bəlli. Onda totalitar rejimə, birbaşa, ya dolayısıyla, xoş sözdən savayı bir şey tapmazsan. Səməd Vurğun kimi bir ədəbiyyat titanı özü vəsfgu aşıq səviyyəsinə qane idi.

Diktaturada təbiət mövzusu İlham atlarının qısnandığı yerdi. Heç kəs inciməsin, mahiyyətinə varmadan təbiəti vəsf edən hər hansı şairdə mən bir az səfehlik nişanəsi görürəm. Öz dövrünün nə ət, nə balıq sənətkarları çağdaş ədəbi dünyada qoltuqağacılarla ayaq üstədir. Gələcək onların üzünə qapalıdır.

Zamanında aktual olmayan ədəbiyyat da ölüdür, zaman dəyişikliyində aktuallığını itirən ədəbiyyat da.

Sovet dövrü ədəbiyyatımız məğmunluğumuzu tam üzə çıxardı. Millət ədəbiyyatlasa şərə-diktaturaya gözün üstə qaşın var demədi; ondan əvvəl də “qızıl ordu”nun Azərbaycanı işğalıyla dərhal və tam barışmışdı. Ədəbiyyat arxivlərimizdən bir andreyplatonovumuz çıxmadı. Onsuz özümüz dil-dil ötüb daim sübuta yetiririk də ki, 30-cu illərdə ədəbiyyatımızın verdiyi qurbanlar tam günahsız olub. Bunda həqiqət yox deyil, onların yaradıcılığında şər əleyhinə deyilmiş sözü zərrəbinlə də tapmazsan. Əslində “37” qurbanlarımız da Süleyman Rüstəmin tayı olub. Sadəcə, sovet “piroq”undan dadmağa bəxtləri gətirməyib. Sovet ədiblərinə şöhrət talanta görə yox ki - bəxtə görə gəlirdi. Ədəbi tale bəxtəbəxt formalaşırdı.

Azərbaycan sovet ədəbiyyatı millətə utanc gətirən bir hadisə sayılmalıdır. İndi bu ölü ədəbiyyatın qoxusu həssas burunlar xatiratıdır. Sovetdən qalma “ölü canlar” hələ yenə söz məmulatı istehsal edirlərsə də, artıq gələcəyə bütün canatımlar əbəsdir. Millət, içində dünya mədəniyyəti işləməyən, bu söz məmulatına tam biganədir.

Bu torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində,

Ədavət daima vardır, məhəbbət ad şəklində.

Mən ölü ədəbiyyatlar haqqında söhbətimi Məhəmməd Hadinin bu əbədi diri misralarıyla bitirməyi lazım bildim.

Digər xəbərlər

Klassiklərdən sonra, Pərvizdən əvvəldə

Cavanşir Yusifli: "Uzun namlu silahlar..."

Rafiq Tağı: “Vallah, belə təcrübəsiz qatillərlə dünyanın heç harasına getmək olmaz” (Kəramət Böyükçöl)

Düşmənimin xatirinə

Britaniyalı jurnalist Qərbi R.Tağıyla bağlı susqunluğa görə "yıxıb-sürüdü"

Şərhlər