Faciə janrlı puplisistika

Tarix: 13-06-2024 00:18
Baxış sayı: 217

Puplisistika ekstremal vəziyyətlər ədəbiyyatıdır. İnqilablar publisistikaya
kəlləmayallaq yuvarlanmaq dövrüdür.
 
                                                                               ***
 
Qardaşlar, Azərbaycana mütəmadi qaranlıqlar çökməkdədir: indi səhər ancaq
inersiya üzrə, formal açılır. Səhərlərdə qaranlıq çaları günbəgün artmaqda, onlar
axşamlara get-gedə daha çox oxşamaqdadır. Səhər bir gözündə, axşam – bir, bizdə
tərəzinin dimdikləri uc-uca gələr... Qorxasan, dünyanın Günəşi gəlib Azərbaycanda
it-bata düşə, gələcəyimizin göy üzündə gün uzunu ulduzlar sayrışa. Hərçənd onda
Aya-ulduza dair şerlərimiz, onlardakı romantika da ikiqat artmış olar. Şerlərimizdə
kontekst yerli-dibli dəyişilər.
 
Həri, Azərbaycandakı qaranlıqlarda padşah xalqa yalnız projektor işığında görsənə
bilər.
 
Amma qaranlıqlarımızdan dördbucaqlı qara xalçalar doğramaq, qara qələm və
sürmə, həmçinin Şərq vacibatlarından sayılan qara təsbeh istehsalı mümkündür.
Onu desəm olar, deməsəm olmaz ki, təsbeh Şərqdə gözəl-göyçək vaxt öldürmək
vasitəsidir. Bax, belə-belə, bala-bala barmaqlarını tərpədirsən, şaq-şaq, bay, bir də
görürsən, vaxt öz-özünə öldü. Götür, apar, basdır. Hə və ya həri, Şərqdə vaxt
Qərbdəkindən uzundur. Elə bu uzun-gödəkliyə görə də onlarınki bir-birilə tutmur.
Vaxt Şərqdə elə uzundur ki, ən uzun ömürlə də onu dəf etmək mümkün iş deyil.
Şərqdə vaxt mənim üçün sarkofaq kimi qapalıdır. Mən şərti – qərbli, şərtsiz –
şərqliyəm. Mən demokratiyanın dərkində, tutaq, qərbliyəm, despotları bəh-bəhlə
boynuma mindirməkdə - şərqli. Azərbaycanda avtoritarizm Şərq təzahürüdür.
Qərb təzahürü qadınlarımızın bir az lüt gəzməyidir ki, nə gizlədim, bundan da
adamın xoşu gəlir. Yalançı əxlaqlar fövt olub getdi. Erotik paltarlarda lüt kimi
gəzmək Qərbin indiyəcənki ən böyük uğurudur və bu artıq bizə də keçib. Əlbəttə,

biz bu uğurdan çox bəhrələnmişik. Əvvəllər Şərq qadınında fərz etdiyimiz şeyləri
gedib Qərbdəkilərdə görərdik. Onsuz hamıda hər şey eynidir, Şərq-Qərb ayrı-
seçkiliyi əbəsdir. İlahi, mən yatıb, sonra da durub Azərbaycanı islamdan və
Şərqdən çox şimalda görmək istərdim. Onu desəm olar, deməsəm olmaz ki,
Azərbaycanda islamın ləğvi işi yuxuda mənə həvalə olunub. Dədə Qorqud bənzərli
nurani bir kişi idi, gəldi və mənə dedi: ömrünü bu işə həsr et. Yadımdadır, onun
sözləri məhz elə bu cür həmqafiyə alınmışdı. Azərbaycanda islamı ləğv eləməsəm,
bir gün domba qəbrim ot tayası kimi od tutub yanacaq. Azərbaycanda islam
durduqca, mən goruma söyülməsinə indidən can-başla hazıram. Qardaşlar, islam
Azərbaycanı Azərbaycandakı tarixi uzunluqda geri atmışdır. İslama sərf etdiyi
enerjilərlə azərbaycanlı özünü tükətmişdir. Azərbaycanda vaxt islamla öldürülür.
Ancaq bunlar heç və elə sonra deyəcəklərim də.
 
Qara bəxtlər də qaranlıqlarımızda görünməz olacaq. Elə olacaq, biz hətta
qabağımıza çıxan qara pişikləri də görməyəcəyik. Gələcək zülmətimiz Azərbaycanı
Avropadan “klyaksa” kimi göstərəcək.
 
Qardaşlar, Azərbaycandakı “atanşik” padşahlar da millətin qarabəxtliyinə dəlalət
edir.
 
Həri, mən həmişə demişəm, daim deyirəm də ki, millət açarını itirib.
Azərbaycanda ala qarğa bala çıxarmaz. Düzdü, bir dəfə bir “ala”sı çıxarmışdı,
balaları çataçat ölmədi bə. Azərbaycan ala qarğa balaları üçün dözülməz yerdir.
Gəl gör burda Rusyətin ağgöz qışlarından ola. Qışlarımız formal və saxta keçməsə,
deyirəm, Azərbaycanda ins-cins qalmaz. Bizdə Şaxta baba da qış imitatorudur.
Qaçqınlarımızın varlığı qışlarımızın saxtalığı sayəsindədir. Azərbaycanda həyat
saxtalıqlardan  şədd eləyir. Ümumiyyətlə, saxtakarlıq bizim həyat prioritetimizdir.
Azərbaycanca danışa bilməyənlərimizin azərbaycanlı sayılması ən böyük
saxtakarlığımızdır. Azərbaycan həmişə saxta prezidentlərlə oynadılıb. Azərbaycan
padşahları süni qatar sükanını yalandan sağa-sola fırladan uşaq yerindədir. Onlar
artıq xalqı girdaba yuvarlada bilmişlər. Mən girdaba yuvarlanarkən, tez-tez
üçölçülü məkan parametrlərindən kənara çıxırdım. Gözlərim optik qəza halında
idi. Bir az gedək o yana. Qardaşlar, yağla şoru bir qiymətə olan  Azərbaycan
yaşayış üçün qorxuncdur. Asayişi qoruyan bir belə insan arasında yaşamaq hədsiz

təhlükəlidir. Azərbaycanda yas da fəlakətdir, toy da. Azərbaycanda qadın kişi
bənzərlidir, kişi-qadın. Hamı mənəvi hermafroditizmə düçardır. Kişilərlə
qadınlarımızın əsas fərqi qabaqlarındakı cəmi bir-iki şeydədir. Bundakılar onda
yoxdur, ondakılar – bunda. Gələk bu yana. Bizdə üstünə ləkələr yaxılan insan him-
cim teatrı aktyoru bənzərlidir. Azərbaycanda natəmiz təmiz yerindədir, təmiz-
natəmiz. Əlbəttə, bayaq dedim, bütün bu kiçik şeylər də heç.
 
                                                                    ***
 
Azərbaycan publisistikaya məhkumdur. Azərbaycanda yazıçılıq publisistik
ölülükdür. Bizdə publisistika faciə janrlıdır və elə insanları hır-zır qanmayan bütün
ölkələrdə belədir. Fyodor Dostoyevski “Yazıçının gündəliyi”ndə, Mirzə Cəlil “Molla
Nəsirəddin”də buna getməyə məcburdular. Gəlsənə, burda sözümü qurtarım. Yox,
burda : publisistika ekstremal vəziyyətlər ədəbiyyatıdır.

Digər xəbərlər

Rafiq Tağının kulis.az-a müsahibəsi

Şərif Ağayar: "Ona saplanan bıçaqlar..."

"Kaspar" evi

Rafiq Tağı: “Yalnız kabab çəkəndə qəhrəmana oxşayırıq”

Rafiq Tağı - Sabirə müharibə elan etdi

Şərhlər