ŞƏRQ-QƏRB AZADLIQ YAZISI. DON JUAN VƏ KAZANOVA ASPEKTİ

Tarix: 05-04-2017 04:33
Baxış sayı: 1628

“MÜSAVAT”        N 187, 20-26 AVQUST 1998-Cİ İL

 

 

   Qərbdə azadlıq köləlik imkanlar tükəndiyindən bərqərardır. Azadlıq köləlikdən sonrakı boşluqdur. Tarixən qərbdə azadlığı təsdiqləyən yox, rədd edən ideyalar çox olub. Müstəmləkəçilik Qərbin keçmişində silinməz ləkədir. Elə indi də Qərbdə azadlıq siyasi təzahürlü müvəqqəti uğurdur. Orda azadlığın yaşarlığı və əbədiliyi haqqında bir söz demək mümkün deyil. Qərbdə insan köləliyin zahirindən batininə, yaxud üst qatından altdakına yumbaladılmışdır. İnstinktlər son dərəcə fetişləşdirilib və indi onlar hətta qədim yunan allahları timsalındadır. İnstinkt əbədi köləlik vasitəsinə çevrilib. Onu deyim ki, diktatorların da bütün manipulyasiyaları instinktlər üzərində olur.

 

   Diktatorlarda sərt kütləni müma döndərmək kimyagərliyi var.

 

   Bu dünya özü total Qərb fetişidir. Qərbin öyrənc obyekti həyat və bu dünya, Şərqinkisə ölüm və o dünyadır. Zahir Qərbə tapşırılıb, batin Şərqə. Səthilik Qərbindir, dərinlik Şərqin. Qərb insanı bu dünya barəsində optimistdir, o dünya barəsində pessimist. Almanlar məhz bu dünya naminə faşizm ideyasını göydə qapmışdılar. Qəribədir, faşizm almanlarda əsl nikbinlik oyatmışdı. Bir zaman faşizmə etiqad etmiş almanların əxlaqı mənə indiyəcən şübhəli görünür. Tək-tək antifaşistlərini çıxsaq, alman xalqı küll halında bəşəriyyətin iztirablarına biganə qalmışdı. Biz indi bunu almanların aldanışı saymaqla həm də özümüzü aldadır, onları bağışlayırıq. Yeri gəlmişkən, almanlar sürü psixologiyası çox güclüdür. Alman mədəniyyətində sərt notlar qulaq dəlir.

 

   Qərb universitet kafedralarının yaraşığı hələ də Don Juan və Kazanova söhbətləridir. Don Juan və Kazanova Qərb mədəniyyətinin əbədi seçilən cizgiləridir. Onları seksual azadlıq simvolları da adlandırmaq mümkündür. Ancaq seksual azadlıq daha çox zooloji təmrindir; Qərbin bununla öyünməsi yersiz və gülüncdür. Zooloji azadlıq Qərbdə fəzilətdir, Şərqdə qəbahət. Şər ibtidailiyi səbəbindən zooloji azadlığı əxlaq ünsürü saymır, Qərb sayır. Zooloji azadlıq Şərqdə şeytanın təzahürü kimi anlaşılır.

 

   Qərb mədəni mühitində Don Juan və Kazanova söhbətləri XXI yüzil astanasında da aktual olaraq qalırsa, elə onların timsalında əxlaqın heç də aktual olmadığı aşkarlanır. Əslində əxlaq Qərbdə heç vaxt aktual olmayıb. Roma imperatorlarının orgiya məclisləri Avropanın faciəsi idi. Əxlaq Avropada daim başıbəlalı olub. Bir tərəfdən də intibahın gətirdiyi humanizm əxlaqı büsbütün görünməz etdi.  İntibah orta çağ puritan əxlaqını zərərli bildi və silib-süpürüb atdı. Ümumən Qərbdə əxlaqa münasibət hədsiz dəyişkəndir. Bəzən hətta onun qəti gərəksizliyi düşünülür. Lakin olmazın qısa fasilədən sonra yenidən əxlaq imperativi üzə çıxır.

 

   Qərbli əxlaqa inkar-təsdiq eklektik münasibətindədir.

 

   Qərbdə intibah insanı şeytana humanizm vasitəsi ilə simsar etmişdir. Humanizm insanı Allahdan çox uzaq saldı. Bir növ, neqativdəki humanizm, pozitivdə eqoizmlə kimi aşkarlandı. Uzun humanizm yolu insanın içində kor dalanla sonuclandı. Humanizm dini dəyərləri də xeyli korşaltmışdır. Avropada katolisizm məhz humanizm sayəsində zəif düşüb. Humanizmin son bulmacaları texnisizm və atom girdabı oldu. Lakin atom özü də humanizmi permanet çevrilmələrə uğratdı və nəhayət, onun itiləşmiş ucunu elə insanın özünə tuşladı. Humanizm artıq qartımış, həm də gərəksiz, hətta ziyanlı olmuşdur.

 

   Freydizm yalnız Qərb əxlaq boşluğunda törənə bilərdi. Əxlaqın "ləğv"i Qərbdə həqiqətləri çılpaqlaşdırmışdır. Qərbdə həqiqət lüt-üryandır, Şərqdə zər-ziba içində. Qərbdə istinad həqiqətədir, Şərqdə yox. Şərqdə əxlaq həqiqətin ağzına daş kimi basıla bilir, Qərbdə yox.

 

   Şərqdə ilahi dəyərlər həqiqətlə uyuşmazdır.

 

   Qərbdə əxlaq heç vaxt Şərqdəki qədər güclü deyil; həm də amansız deyil. İnstinktlər Qərbdə insan azadlığı ölçüsü kimi nəzəri-fəlsəfi cəhətcə əsaslandırılmışdır. Lakin azadlıq heç də bioinstinktlər mərtəbəsi termini olmalı deyildi. Şərqdə əyyaşlar kimi tanınan Don Juan və Kazanova, Qərbdə hüsn-rəğbət sahibidirlər. Qərbdə onların həyat tərzindən fəlsəfə quraşdırılıb. Bu fəlsəfə əxlaqdan xalidir. Ancaq guya Kazanova həmişə Don Juandan üstün tutulur. Sən demə, real Cakomo Kazanova qadını seksual təcavüzə məruz qoyurmuşsa da, mifik Don Juandan fərqli olaraq, sonradan onu xatırlayırmış da. Paho, sən demə Kazanova qocalıqda həmin qadınlar haqqında memuarlar da yazıb. Qərbdə əxlaq oriyentirləri yoxdur; orda əxlaqın səmti bilinmir də. Qərb əxlaqdan yox, əksərən instinktlərdən çıxaraqdan mədəniyyət yaradıb. İdeyalar instinktlər qulluğundadır. Qərbdə mədəniyyət sanki təkcə insanın rifahı üçündür. Mənəi dəyərlər rifahdan, yəni sonradan doğulur. Qərbdə əzab insana yaddır. Əzab - fəlakətdir. Qərbdə əzab insanın içində təmizləyici funksiya daşımır. İztirab Qərb mədəniyyəti üçün xarakterik deyil. Qərb ədəbiyatı və sənətində iztirab yalnız müharibələr törəməsi sayılır, yəni səbəb məhduddur və hökmən dəf edilməlidir. Əslində İsa peyğəmbərin əzabları Qərb üçün doğma deyildir. İsa peyğımbər Qərbi günahların üstünə yıxılması imkanı kimi sevindirir. "Aziat" Dostoyevski Qərbdə daim ekzotik görünüb, hərçənd sevilib də.

 

   Ədalət məqamında sosializm də heç cür eqoistik Qərb əxlaqına uyğun gəlmədi. Gələ də bilməzdi. Sosializm təkcə maddi sərvətlərin yox, həm də əzabların ilahi bərabər bölüşdürülməsi ideyası idi.

 

   Qərbdə A. Şopenhauerin volyuntarizmi, F. Nitsşenin fövqəlinsanı azadlığı istisna edir. Volyuntarizm ideoloji patologiyadır. Fövqəlinsan olsa-olsa mifoloji bir obrazdır. Üstəlik miflərdəki fövqəlinsan cinayətlərlə süslüdür.

 

   Don Juan və Kazanova Qərb azadlığının əcaib fiqurlarıdır. Əslində sonsuz azadlıq əxlaq vakuumu törədir. Sonsuz azadlıq Don Juan və Kazanovanı fəlsəfənin predmeti edir və ancaq həm də insanı dayazlaşdırır. Qərb azadlığında hökmən Şərq xatırlanır, Şərq əxlaqına can atılır. Şərq azadlığı bədənlə məhdudlaşdırılmır. Şərqdə azadlığın bədənlə bağlılığı mütləqləşdirilmir. Şərq bədənə ehtiyatla yanaşır. Şərq bədəndə şeytan yuvaları ehtimal edir. Şeytan Şərqdə insana düşməndir, Qərbdə - satanistlər timsalı - dost. Qərbdə didaktika yoxdur, Şərqdə var. Qərb didaktikanı Şərqə bağışlamışdır.

 

   Dünya tərəzisinin Qərb gözünə azadlıq, Şərq gözünə əxlaq qoyulmuşdur. Qərb gözü həmişə ağır gəlir və bəzən az qalır Şərq gözündəki əxlaqı göyə tullaya. Dünyada tarazlıq və harmoniya ehtimalı hələ çox azdır. Dünyanın xilası hələ çox uzaqdadır və yəqin uzağı yaxın eləmək işi bizlik deyil.

Digər xəbərlər

Elnarə Akimova: "Rafiq Tağı haqqında elegiya"

"KAS­­PAR" EVİ

Millətin qaçqına çevrilməsi halı

Rafiq Tağıya 13 solaxay sual

Ucaboy liliput

Şərhlər