Tarix: 13-04-2021 22:27
Baxış sayı: 745
Dördnala çaparaq -
bir vaxt
Asiyadan
Avropaya
sivilizasiya
daşıyan
monqol atları
acdı indi,
möhtacdı
yarğanlarda
biz-biz duran
otlara da.
Toxunulmaz
BMT sərhədləri dışında,
adı "maqnoliya"ya
bənzər
"Monqoliya"
içində -
boz-boz
barxanlarda
avitaminozdan
dəriləri çatlaq-çatlaq,
uzunsov,
qoy təşbehi səhih deyək,
üzümsov
gözləri batlaq-batlaq.
Hələ də ancaq
tarixdə kişnərtisi
Xalxin-Qoldan
dünyanın axırına
çatar.
Uğurlardan
sonra
Rusiya çöllərində,
daha doğrusu,
Avropanın doğusunda
tonqal çatan
Çingizlərdi,
Batılardı
gördükləri.
Rəsm dilində
şimşək
bənzərlidi yenə
Ulan-Bator muzeylərində...
Toxunulmaz
BMT sərhədləri dışında,
sərt kontinental
qışında
takır torpaqların,
möhtacdı yaşıla.
Bleforitik
gözlərlə süzür
səfil, üstəlik,
sifilitik,
sivilizasiyanı
Doğudan
Batıya
əllərindən uçurmuş
monqolları.
14.VII.2001