Tarix: 20-05-2019 15:36
Baxış sayı: 1351
Salamulla müəllim universitetdə vəzncə ən ağır professorlardandı. Tez-tez də özünü çəkdirir: doxsanı enəndə, elə bilir xərçəngdi.
Yetim nə çox - kostyumları bir sürü tələbəyə çatar. Qonaq düşmüş olsa da, prokuror evini müsadirə elətdirmək istəyər.
Taleyindən bircə kosalığına görə incikdi. Bu onlarda nəsilləmə şeydi deyə, bəlkə eybi yoxdu da, ancaq özünü məcnunluğa vuranda, gözəllərin pıqqıldaşmaları qanını it qanına döndərər. Onda özünün yeddi arxadan dönənini qatıb-qarışdırır bir-birinə: "Cırtdan uşağı cırtdanlar!" Məcbur qalıb məcnunluğu tərgitdi. Gözəlçəni təkləyib "iki"lərlə niyə qorxutmur, onu qapı dalında niyə basmarlamır ki. Onsuz heç biri namusa qısılıb dillənəsi deyil.
Bakı kimi Bombey bir şəhərdə Salamullanın professorluğu kəndçilərinə şan-şöhrətdi. Elə bil inəklər qanad gətirib. Rayon idarələrinə şikayətə gedəndə də özlərinkindən əvvəl onun ad-familiyasını deyirdilər.
Ancaq hayıf Salamulladan! Əşi, tüpürəsən o "yaşayış məntəqəsi"nə ki, körpüsündən maşınla keçəndə gərək əvvəlcə kəlmeyi-şəhadətini deyəsən! Qripə tutulandan-tutulana, ələlxüsus bərk qızdıranda, yuxuda çaya o qədər yumbalanıb ki, bunun qarşısını almaq üçün körpüyə xeyli "tərləmək" niyyətindəydi. Qoy onda kənd klubunun aşığı hüsnünə nəğmələr qoşsun - qoyun oğlu qoyun oxumağa mövzu da tapmır!
* * *
Üstü "Azərbaycan" yazılı qatar yorğun-arğın Kursk vağzalına girdi. İki gün-iki gecə yol gəldiyindən, yarpaq-yarpaq yaşıl vaqonları his-pasdan boğulmuşdular. Vaqonlarında Azərbaycanın havası gələn qatar! Əcəb adamlar tökülüşənəcən girəsən birinci vaqondan, çıxasan axırıncıdan. Onda elə bilərsən Azərbaycanı şimalından cənubunacan gəzmisən. Orda qubalısını, xaçmazlısını görərsən! Lənkərandan, Masallı, ya Naxçıvandan. Qarabağdan. Hər yerdən.
Bax, odur - Salamulla müəllim! Başı adamlardan gah görünür, gah itir. Qasım hörmət mənasında ona sarı tələsdi. Tez də görüşüb üzünə gülümsəmə və xoş-beş borcundan çıxdı.
- Gəlsənə, hambal tutaq, - Salamulla dilucu dedi.
O, "veş"lərinin yanında, yanı balalı toyuğa bənzəyirdi. Bilirdi də ki, Qasım hambala qol qoymayacaq. Özünə nə gəlib! Uşağın ona məhəbbəti "göy boyda"ydı. Əl atdı "zindan" çamadanlara; qolları az qaldı saplağından üzülə.
"Kişi, bu çamadanlara qurğuşun döşəmisən?"
Yarımca saata perron boşalacaq. Onda "Azərbaycan" gedəcək depoya - bələdçiləri çaydan, mələfədən, ya biletdən qatdadıqlarını saya-saya. Halal xoşları olsun - hərəsi bir çətən külfət sahibidir.
Vağzalı köndələninə kəsib metroya girirlər. Salamullanın fikrincə, metro taksidən min pay üstündür. Taksini yaradıblar yük olanda yük, hə, əsas da arvad-uşaq daşımağa. Elə-belədə metronun hüsnü yox. Ağzını ayırıb baxa-baxa da gedirsən - maralları can dərmanıdır Moskvanın!
- Keflər-əhvallar, ay Qasım bəy Zakir?
- Pis deyil.
- Demək, yaxşıdır.
- Yaxşı da deyil, - Qasım gülümsündü.
- Bax, indi ağlaşma quracaq.
Qasım alçaq-hündür çamadanları paralel düzdü ki, az yer tutsunlar, həm də ayaq-təpik dəyməsin.
- Təzə nə var, nə yox?
- Köhnə hamam, köhnə tasdı.
- Səndən sözü gərək maqqaşla çəkəsən. Ev işin nə oldu?
- Hələ qalıb.
- Ə, sən bu dünyada evsiz də qocalacaqsan?
- Guya verdilər, mən istəmədim.
- İt uşağı it!
- ...Onsuz da planım kəndə qayıtmaqdır.
- Çaqqal uşağı çaqqal!
Professorun sözləri sevgiyə bənzədiyindən, Qasım kövrəldi. Hərdən cinini yığırsa da, rəhmətlik atasıyla bir sinifdə oxuyub deyə, Salamulla ilə danışanda həmişə ürəyi yuxalır... Onun yadına yazqabağı evlərinin üstündə quqquldaşan şanapipiklər düşdü. Onda uşaqdı, şanapipiklərə baxar, istəyərdi onlara daş atsın. Həyətdəcə, həsir üstündə nehrə çalxayan anası qoymaz, "günahdı, deyərdi, bura gəl, indi sənə yaxmac verəcəm". Həyətlərindəki qızılgüllər, yasəmənlər gözlərinin qabağına gəlib vaqon şüşələrini bəzəmişdilər. Satılmayan, yalnız bağışlanan gülləri Qasım təkcə uşaqlıqda görmüşdü. Birdən şüşədə adam başı görsəndi. Elə bil o baş kərpicdi - güllüyə atılmışdı.
"Salaməleyküm, professor".
- Kənddə Aşqabad batan kimi batarsan.
- Adamları ki buradakılardan etibarlıdır.
- Haçan sınadın? Məktəbi qurtaralı, orda-burdasan.
- ...Cəlayi-vətənəm.
Salamulla rəhmətlik dostunun yeganə nişanəsini "dinə-imana gətirmək" niyyətindəydi.
- Kəndə - ancaq öləndə!
- Ölənəcən ölüm burda?..
- Malabaxanların, malabaxan səviyyəli müəllimlərin arasında pas atarsan.
Professor Moskvaya gələndən-gələnə, Qasımın xəyalında qurduğu dünyaları uşaq evcikləri kimi bir göz qırpımında uçurardı. Keçən il "ezamiyyət götürüb" xanımağasıyla "qış tədarükü"nə gələndə... oturmuşdular nömrədə. Televizor yaraşıq üçün danışırdı. Salamulla müəllim "çölə tulladığı" pulu, yəni mehmanxana xərcini çıxarmaq üçün soyuq və həm isti suyu açıq qoymuşdu. Həmişə elədir. Gözünə düşməməkdən ötrü yataq otağındakını candərdi söndürərdisə də, vanna otağının işığını heç vaxt keçirməzdi. Televizor da eləcə közərər. Adam tək maykadaca istidən bişər.
- Demək, düşübsən elmin quyruğuna.
- Bizim işdə hamı elmlər namizədidir.
- Bax, aç qulağını eşit, ac qalacaqsan.
"Maşallah, sənin donuzun əskikdir. Özün elm adamı deyilsən?"
- Sonra demə ha demədi!
- Niyə ki. Bir az süründürməçiliyi olmaya...
- İncimə, lütüşə nə elm! Mən açıq danışacağam.
- Demək, elmdə yüksəliş ancaq rüşvətlə mümkündür.
- Çaşma, rüşvət cinayət məcəlləsi terminidir, onun əsl adı "hörmət"dir.
- Axı, mənim sahəmdə elə alimlər var ki - Siolkovski, Korolyov... Ya elə Kurçatov özü...
- Ə, yanımda itin-qurdun adını çəkmə. Gəl özümüzdən danışaq.
Qasım mat-mat kişinin ağzına baxdı, baxdı - elmin daşını elə metrodaca, düşməyə hələ beş-altı stansiya qalmış atdı.
İki il əvvəl də Qasım istəmişdi daşı ətəyindən tökə, Moskvada ailə qura.
- Öz əlinlə öz evini yıxma! - professor onu "vaxtında" haqladı.
- Xasiyyətimiz tutur, axı.
- Kor al, şil al - öz yerimizdən! Qulağında sırğa elə.
- Mm-m... axı...
- Məndən sənə əmanət!
- Həm də... aramızda sevgi var.
- Sevgi - yüngüllükdür. Bax, mən bir heç, başqası yanında elə şey danışmayasan! Tamam hörmətdən düşərsən.
"Aramızda sevgi var" deyərkən uçub gələn təbəssüm əmiliyinin "şirin-şəkər" sözlərindən sonra da Qasımın çöhrəsini heç cür tərk etmək istəmirdi.
- Pal-paltardı, biş-düşdü, öz boynunda olacaq. Xəstələnəndə atacaq, öləndə ərə gedəcək. İndi özün bil.
Sağ olsun Salamulla müəllimi - gözlərini açdı! Belə şeyləri deməsələr, kim nə bilər?! Di gəl, anasına, bacılarına köməkdarlıq istəyi Salamulladan güclü çıxdı. Düzü, onu sevənlərdən qaçıb sevməyənlərin (aşqa-aşqa, bir nəfərdən başqa!) yanına gəlməyinə it kimi peşimandı.
- Kənddə beş kişidən birisən.
- Elə deyincə, de ki, adam olmayan yerdə adamsan. Kəndçidə hörmət avamlıqdandı.
- Hörmət necəliyinə baxmayaraq yaxşıdır.
Atasının məktəb dostu hər dəfə çıxıb gedəndə, Qasımın arzuları - yaşamağa səbəblər təzədən çoxalardı.
Bir axşam Bakı zəngi yenə quduz kimi telefonunu didib-dağıdanda, qorxudan oğlanın rəngi kağız kimi ağardı.
"Barı işdən, qeydiyyatdan çıxanacan gəlməyə".
"Ya da qoy gəlsin! İt hürər, karvan keçər".
- Alo?..
- Qasım, qulağın məndədi? İnşallah, sabah burdan tərpənirəm!
"Ağır-ağır çamadanlar axır onu akademik eləyəcək".
"Salam, qatar, salam!"
İki-üç vaqondan bir Qasımın gözləri önündən teleqraf üslubunda "Azərbaycan" yazısı keçirdi.
"Tezliklə məni də özünlə apar! Burda mən lap darıxdım. Öldüm lap! Burda hər şey "instruksiya" üzrədi