“Azərbaycan ədəbiyyatşünaslığında riya elementləri” İntibah həsrəti.

Tarix: 13-06-2024 00:04
Baxış sayı: 215

Azərbaycan ədəbiyyatşünaslığında baxış bucaqları küt, ondakı araşdırıcı
istiqamətlər yanlış, klassiklərə münasibət riya tərkiblidir. Mühafizəkarlıqla hədsiz
subyektivizm ondakı qəbahətlərin nəzərə çarpanıdır. Meyar – aludəçilikdir.
Ədəbiyyatşünaslıq klassikləri bütləşdirib onları insanlara yadlaşdırmaqda
günahkardır. Görünəndən yapışaq, M.Füzulinin hiperbolik təqdimi, onun özünün
poeziya təşbehinə döndərilməsi lüzumsuz idi. Füzulinin “xalqın taleyində rolu”
hədsiz şişirdilmiş, aldadıcı bir şeyə çevrilmişdir, “Füzuli” adı ədəbi oriyentirləri
pozmuşdur. Hər halda, ədəbiyyatşünaslığımızın klassiklərə münasibəti sağlam
deyil; onda sitayiş elementləri güclüdür. Azərbaycan ədəbiyyatşünaslığı ədəbiyyatı
içdən görməyən, onun yalnız civarlarına dair, elmilikdən uzaq, həm də ən çox
ictimai bir hadisədir. Azərbaycan ədəbiyyatşünaslığı siyasət xidmətçisidir və elə
siyasi göstərişlə də qapalı bir dövlətdə ümumşərq klassiklərini səhvən
özümüzünküləşdirmişdi; bunun isbatı, həm də elə nəticəsi ədəbiyyatımızın XX
yüzildəki durumu ilə klassikanın miqyas fərqindədir. Arada uzlaşma yoxdur. Həm
də gəlin heç nəyi gizlətməyək, azərbaycanlı öz klassikini oxumur da, buna meyli-
həvəsi yoxdur. Çünki azərbaycanlı klassiklərini oxumağa heç vaxt hazırlanmır və
həm də odur ki, onun yad dil coğrafisində özünü rahatsız duyur.
 
Klassiklərə yubileylərimiz ən çox siyasi gələnəkdir və bunda məkr var. Yubileylər
artıq YAP əhlinin prezidenti Heydər Əliyevin xalqa “xidmət” atributlarından biri
olmuşdur. Ancaq yubileylərindən sonra “unudulan” klassiklərlə ədəbiyyat
yüksəlməyəcək. Ədəbiyyatşünaslığımızın siyasi tenezmləri ucbatından çağdaş
ədəbiyyatımız acınacaqlı günə düşmüşdür. Yaradıcılıqları siyasi küləklərlə
şişirdilən, mahiyyəti açıqlanmayan klassiklərin varisləri hökmən cılızlaşmalı idi,
cılızlaşdı da.
 
Riya əsasən maarifçi ədəbiyyata münasibətdədir. Məntiq üzrə, “maarifçi” və
“ədəbiyyat” istilahları uyuşmazdır. “Maarifçi” adından ədəbiyyat ömründə ola
bilməz. “Maarifçi” ədəbiyyat yalnız pedoqoji əhəmiyyətlidir. Sonrakı etaplara
çıxışlar kip bağlandığından, deyəsən, ədəbiyyatımız daim elə maarifçilikdə giriftar
qalacaq da. Maarifçi ədəbiyyat həmişə səthidir; ondan əlifba iysi gəlir. “Dünyəvi”
klassiklər”imiz”dən sonra maarifçi ədəbiyyatın gəlişi gülüncdən gülüncdür.

Azərbaycanda maarifçi ədəbiyyatın mövcudluğu klassikanın sanki effektsizliyinə
dəlalət edir. Zövqsüz maarifçilik insanı ədəbiyyatdan bilmərrə çiyrindirə bilər.
Təəssüf, günü bu gün də ədəbiyyatımızda maarifçi ruh dolaşmaqdadır. “Araz”,
“Təbriz”, “ana dili”, “yurd” – ta nə qədər olar. Hələ də bu sayaq bıkdırıcı romantik
mövzularda ilişib qalmışıq. Biz vətən haqqında hələ də ezamiyyət puluna və Sovet
ideoloji mexanizmləri üslubunda yazırıq. Bizim vətən haqqında yazdıqlarımız
hədsiz ənənəvidir. Ədəbiyyatdakı vətən sevgimiz saxta əxlaqdan doğulmuşdur.
Ədəbiyyatdakı vətən həyatdakının eyni deyil. Ədəbiyyatdakı vətəni həyatda da
sevmək mümkünsüzdür, yaxud həyatdakı vətən ədəbiyyatda görünmür. Güney
Azərbaycan ədəbiyyatı bu anlamda xüsusilə əttökəndir. Özümüzü aldatmayaq,
Güneydə ədəbiyyat ibtidai durumdadır. Guney Azərbaycan ədəbiyyatı hələ də
folklorun döşlərini sortuqlayır. Yaxud satiriklərimizin yaradıcılığında millətə sevgi
axtarışları büsbütün riyakarlıqdır. Satira sevgindən törənmir və heç də sevgi
əlaməti deyil. Satira ən çox nifrəti rəmzləndirir. Mirzə Cəlil və Mirzə Ələkbər
millətin dərdindən ölməyiblər; onlar həmişə öz dərdlərindən olüb və imkan
dairəsində nifrət bacarıblar. Sabir yaradıcılığında sevgini yalnız onun satirasına
qədərki qəzəllərində tapmaq mümkündür, hərçənd bu sevgi də illüzor və imitasion
səciyyəlidir. Ümumiyyətlə, Şərq klassiklərində məhəbbət bir-birindən plagiatdır.
Şərq poeziyasında səmimiyyət sezilmir. Klassik şerdəki məhəbbətdən vəcd
duyulmur, ondakı bəlkə yalnız söz oyununa, kontraslı-obrazlı düşüncə tərzinə
heyranlıq yarana bilər. Şərq klassiklərində obrazların təxminən eyniliyi də təəccüb
doğurur. Klassik poeziyada gözəllik əsasən zahirdən təsdiqlənir və ona dair
təşbehlər sistemi daim təkrarlanır. Əslində erotik təşbehlər sisteminə
ədəbiyyatşünaslarımız yalançı əxlaq qatmışlar. Yalançı əxlaq klassiklərə həm
yaraşmır, həm də onları eybəcər göstərir və qeyri-insani edir. Klassik poeziyada
məhəbbət sxolastikdir və ölü süjetlərlə süslənmişdir. Şərq poeziyasında məhəbbət
didaktikdir. Məhəbbət əslində izahı müşkül bir ovqatdır, di gəl klassik poeziya hər
dəfə bunu axıracan izahlandırır, hətta ona yalançı və yıpranmış fəlsəfə qatır.
Məhəbbətin Şərq poeziyasında interpretasiyası inanılmaz və emosional təsirsizdir.
Şərq poeziyasında məhəbbət ədəbi hoqqabazlıqdır. Ondakı əbədi obrazlar
yüzillərə calanan oyun sistemini xatırladır. Şərq poeziyası həm də fatal əsarət
tipidir. Şərq poeziyası bəşəriyyətin riya qaynaqlarıdır.
 
XX yüzil Azərbaycan ədəbiyyatşünaslığında riya hədsiz-hüdudsuzdur.
Ədəbiyyatşünaslarımız sosrealizm üslubunu beşəlli təsdiqləmişdilər. Özünəməxsus
riya təzahürü olan 60-cılar ədəbiyyatı da həmin tərzdə alqışlandı. 60-cılar

ədəbiyyatı siyasi imperativlərdən çeşmələnmişdi və onların təzahürü idi. Nikita
Xruşşovun razılığı ilə törənən ədəbiyyatdan nə çıxacaqdı ki. Bu ədəbiyyat siyasi
riyakarlıqdan özgə bir şey ola bilməzdi. 60-cılar ədəbiyyatı diktaturanın uğurlu bir
tryuku idi. Tryuizmlərlə zəngin Azərbaycan ədəbiyyatşünaslığı obyektivlikdən
hədsiz uzaqdır və yaranışından mafioz-klan ədəbiyyatı hüzurunda əmrə müntəzir
durmuşdur. Qul psixologiyası onun canından indi-indi çıxırsa da, bu, ağrılı başa
gəlir. Onsuz sonrakı yüzillərdə ədəbiyyatşünaslığın varolumu indilikdə bir
müəmmadır, ancaq hər halda, onun qüslu vacibdən vacibdir. Ölümdən qabaq
tövbə fəzilət sayılır. Tövbəsiz ölüm qəbahətdir.
 
“Hürriyət”, 11.09.1999

Digər xəbərlər

Fotolarda ikinci plan adamı . Gəzərki klassik musiqi mövsümü

Sivilizasiya və Azərbaycan

Həmid Herisçinin sayğısızlığı

Geriyə transformasiyalar (iki hissəli məqalə)

TRAV­­­MA­­­TO­­­LO­­­Jİ KOR­­­PUS­­­DA HEY­­­KƏ­­­LƏ DÖN­­­MƏK­­­DƏ OLAN YA­­­RA­­­LI

Şərhlər