PAR­LAQ QUŞ

Tarix: 26-05-2024 18:24
Baxış sayı: 179


Detektiv yazanlar çoxaldıqca, onun canına vəlvələ
düşür. Ədəbiyyatda detektiv janr ölkənin inkişaf
göstəricisinə çevrilirdi. Belə getsə, Azərbaycan ikinci İn­­giltərə olacaq. Çünki əsas elə orada detektiv əsərlərin sayı
iqtisadi tərəqqi ilə düz mütənasibdir. Hə, ən yüngülünəcən
– bütün cinayətlərin bədii əsərlərə çökməsi ehtimalı güclə­­nirdi. Görünür, ictimai-siyasi sabitlikdə insanlar darıxancıl
olur. Bax, onda detektivə bərk ehtiyac duyulur. Qiyamlar və
müharibələrdə detektiv janr gərəksizləşir. Belədə onsuz da
açılır sandıqlar, tökülür pambıqlar, dünyanın sirləri öz-özü­­nə faş olur. Detektiv araşdırmalarına, eləcə də cinayətə dair
bədii fantaziyalara lüzum qalmır. Kim nə deyir-desin, sülh
dövründə hamı kiminsə ifşasını həmişə gözləyir. Özü də
həsrətlə. İnsanlar buna aludədir. Detektiv aşiqlərinə huma­­nist demək mümkünsüzdür. Onlar canına cəfa qılıb, kərpic
boyda romanları ona görə başdan-ayağacan oxuyur ki, in­­sanın ucalıqlardan endirilməsi və yetim günə salınmasının
ləzzətini yaxşıca duysun. Detektiv oxuyanlarda sadistik-zo­­rakı meyl güclüdür.
Günlərin bir günü onun da cinayətinə növbə çatar, hər
şeyi eşələyib tapar, çözələyib yazarlar. Dəhşət və vəhşət!
Təkcə ona ümid qalır ki, bir ömürdə bəlkə onun cinayə­­tinə növbə çatmadı. Gərək indiyəcənki bütün cinayətlər
47
yazılıb qurtara ki, sonra onunkuna keçələr. Ancaq bəyəm
detektiv – xronikal janrdır? Özü də qollu-budaqlı cinayət­­ləri qoyub, onun yüpyüngül işi üstünə şığımayacaqdılar ki.
Üstəlik, ölən adamın sayca minimum həddi (cəmi bir nəfəri
leş eləyib) detektivçiyə maraqsız görünməli idi. Bircə ada­­mı öldürməsi qatil üçün xoşbəxtlikdi. Bunun cəzası çəki­­lib qurtaran dərəcədə olur. Cəzanı çəkib təzədən rahatcana
yaşaya bilərsən. Təki ədəbi əsərə-zada düşməyəsən. Ədə­­bi əsər əbədi dustaqlıq kimidir. Ora düşdünsə, evin yıxıldı.
Ordan çıxmaq müşküldür. Bədii əsərdən yalnız o vaxt qur­­tulmaq mümkündür ki, o, köhnəlmiş olsun. Yaxşıdı ki, artıq
oxucu da bir adam ölümünə burun silmir. Burun silsə də,
barı bu ölüm mürəkkəb gedişlərlə başa varmalıdır. Yoxsa
sən vurdun, mən də yıxıldım – burda nə maraq ola bilər?
Ümumiyyətcə, bir ölümü olan detektiv roman içində bir­­cə noxud olan yavan bozbaş kimidir. Hər hansı detektivçi
ilə rastlaşmasan, bir ömrü şad-xürrəm və azadə başa vur­­mağa nə var! Ürəyinə damıb: cinayətindən detektivə yox,
detektiv əsərdən onun cinayəti üstünə birbaşa çıxacaqdılar.
Hərdən özünü tox tutur: detektiv əsərə düşərsə, cinayəti va­­sitəsilə bəşəriyyətə xeyir verəcək. Bu bir təsəllidir. Cinayə­­ti tədris olunar, ondan ibrət götürərlər. Onun cinayəti bədii
əsərə düşsə, bu sayaq hallar bəlkə bütün dünyada azalar.
Bəşəriyyət belə cinayəti işlətməməklə bir qədər əxlaqiləşər.
Beləliklə də, törətdiyi qətllə bəşəriyyətə bir ziyan vurubsa,
on xeyir gətirmiş olar. Ancaq bir gün cinayətindəki illüzor
ictimai faydaya özüciyəz yox dedi. Dayan, dur, bəşəriyyətlə
oyunbazlıq yetər! Bu cür düşüncələr lotuluqdur. Həyatının
bu çətin mərhələsindəsə yalanları azaltmalı. İnsan qətlin­­də nə pozitiv cəhət ola bilər? Hazırkı məqamda onun bə­­şəriyyətə xidməti yalnız cinayətinin etirafıyla mümkündü.
48
Məhz onun bulunduğu azadlıq cəmiyyətin zərərinədir. Hu­­manizm pozası gülüncdür. Onun azadlığı xoruz səsi eşit­­məmiş təptəzə cinayətlərin rəhni sayılmalıdır. İlk cinayəti
ondan asılı idisə, sonrakılar özündən asılı olmayacaq. Bir
iş var ki, azadlıqdakı illəri üst-üstə çoxaldıqca, cinayətinin
şiddəti get-gedə artırdı. Deyəsən, bunlar da bir-birinə düz
mütənasibdi. Bu şiddət tutulan günü maksimum həddə çat­­mış olacaq. Həbs şiddətlənmə prosesini bıçaq kimi kəsir.
Amma bu prosesin hər səviyyədə öz məsuliyyət dərəcəsi və
Cinayət Məcəlləsində müvafiq maddəsi var. Onun çəkəcə­­yi cəzanın müddəti sonsuzluğa qədər uzana da bilərdi. İndi
o öz cinayətinin günbəgün artmasını öz gözləriyləcə gör­­məkdədir. Ancaq neynək, qoy cinayət artmağında olsun, bu
da öz yaşamağında. Harda qırıldı, qırıldı. Onu qarşıda cəza
gözləyirsə, nə olsun? Axı nə böyük fəlakət imiş! Eləsi var,
yaxın günlərdəcə onu lap ölüm gözləyir. Şöhrətsiz adam
üçün ölüm – yoxluqdur. Türmə ölümə nisbətdə xoşbəxtlik
deyilmi? Sadəcə, hamı üçün qarşıda ölüm varsa, ta bu bəs­­di, gərək türmə olmaya. Ona nə hacət? Türmə həyat üçün
zəhər yerindədir; onu ixtisar eləməli. Türmə proloq olaraq
ölümə yaraşmır. Həyat həm də türmələrinə görə ölümdən
geri qalır.
Artıq şübhələnib ki, bəlkə artıq ondan şübhələniblər.
Onun qorxusu get-gedə xof səciyyəsi daşımaqdaydı.
Sübhü diri açır. Yuxu atlıdır, o – piyada. Birdən yatar, deyir,
gəlib yatdığı yerdəcə qamarlayıb apararlar. Axı, o özünü bir
tək özü qoruyur. Düz on ildi də ki, cangüdəni özüdür. Qu­­ruyub qurtarıb. Bəlkə də canı cəzadan arıqlamaqla qaçır.
Qaçıb gizlənmək, hətta qeyb olmaq fikrindədir.
Gərək cinayəti törətdiyi gündəcə gedib polisə təslim
olaydı. Cəzanı çəkmək cinayətin yükünü daşımaqdan asan­­­
49
dır. Həm də azadlıqda detektiv yazanlar it ölüsü, köpək sü­­rüsü kimi gəzir. Nəzəri cəhətcə rastına çıxan istənilən adam
detektivçi ola bilər. Lap bazarda alma-armud aldığın yerdə­­cə onlar səni tanıyar. Onlarda bəsirət güclüdür. Öncəgörən
kimi şeydilər. Di yaxşı, bu dəfə keçdi, inşallah, gələcək­­də cinayət törədərsə, bəri başdan cəzasını yüngülləşdirmək
üçün tezcənə gedib özünü təslim edər. Ancaq artıq residi­­vist olmağasa gümanı yoxdu. Residivistliyə ömürdən vaxt
qalmır. On il cəzasız gəzməsi onun kobud səhvi idi. Lakin
burda dövlət də günahsız deyil. O dayanmışdı, qaçmırdı ki
– gəlib tutaydılar. Bir söz demir, eşşəkcə döyəydilər. Ancaq
eləmədilər, bacarmadılar. İndiyə türməsini çəkib qayıtmaq
üzrəydi. Bax, indilərdə bədbəxtlik yox, xoşbəxtlik ərəfə­­sində olacaqdı. Gözləniləsi azadlıq ona içində bulunduğu
azadlıqdan şirin gəlirdi. Yatsaydı, qarşıda azadlıq durardı,
yatmayıb, indi həbs durur. Üstəlik də, bu illərdə cinayəti
xeyli ağırlaşıb. Cinayətini on il ört-basdır etdiyinə görə heç
kəs onun başını sığallamayacaqdı. Gecəli-gündüzlü Cina­­yət Məcəlləsinin maddələri üzərində oğrun-oğrun gəziş­­məkdədir. Hər dəfə çamadanından çıxarıb baxdığı Cinayət
Məcəlləsi onun üçün stolüstü bədii kitab yerindədir. An­­caq axı, əslində onu dövlət özü cinayətə sövq edib. Dövlət
də bu işdə cavabdehlik daşımalıdır, bir tək o yox. Hayıf,
tülkü tülkülüyünü sübut eləyincə, çəkib dərisini boğazın­­dan çıxarırlar. O, başı üzərinə qardan-yağışdan qorunmağa
«krışa» tapa bilməyibsə və axır bu yolda cinayətə əl atıbsa,
cinayət tərkibi dövlətin fəaliyyətində də axtarılmalıdır. La­­kin canın cəhənnəmə, istər doxsan il mənzil gözlə, Cinayət
Məcəlləsində dövlətə qarşı elə bir maddəni qəti tapmaya­­caqsan. Çünki dövlət cəzanı verəndir, vətəndaş onu çəkən.
Hərəkət birtərəflidir. Ədalət yarımçıq görünürsə də, bundan
50
artığına ümid bəsləmə. Öz cinayətinə başqalarının da cəlb
olunması sarıdan vətəndaş hüquqsuzdur. Cəmiyyətdə qanu­­ni xoşbəxtlik yox kimidir. Törədilən cinayətlərləsə dövlə­­tin xarakterini analiz etmək, açmaq mümkün işdir. Bir növ
cinayətlər – dövlətlərin əlamətləridir. Əlbəttə, evi olsaydı,
kimisə öldürmək yatıb onun yuxusuna girməzdi də. Ancaq
onsuz da «həştad»ı çoxdan adlayıb «doxsan»a doğru ge­dən qarı – ölərsə («öldürülərsə»ni yazmayıb), şəxsi evinin
ona bağışlanması haqqında dilindən iltizam yazıb qoyub.
Varis olaraq onu seçib. Dərisi beş qəpiyə dəyməsə də, qa­­rı öldürülməklə evin qiyməti həcmində dəyər almış oldu.
Qətli həyatda onu bir ev qiymətində irəli atdı; bu qiymət
vaxt-bivaxt qalxıb-enirdi. Hə, ev kirayənişinə çatdı – bu,
həyatda onun ilk iri addımı sayıla bilərdi. Ancaq bu addım
xoşbəxtlik səmtinə atılmışdısa da, o, gözünü açıb özünü
bədbəxtlik civarlarında gördü. Bədbəxtliklər ona yuxu kimi
gəlir. Himayəsinə götürdüyü, onu candan əziz bilən qarı da­­marına dərman yeridilməklə öldürüldüyünü açıqca gördü.
Cinayətin bir-iki, uzaq başı, iki-üç saniyəliyə şahidi oldu.
Kirayənişin ev sahibəsini bir oğul kimi dəfn elədi. Hamı
bəh-bəh deyirdi. Dəfn qonum-qonşu arasında ona hörmət
gətirdi. Bir dəfnlə məhəllədə beş kişidən birinə çevrildi. İn­­dən belə də onu barmaqla göstərəcəkdilər.
Ancaq qəbiristanda qarının ruhunu başı üzərində səkən
görəndə, ürəyi əsdi, qorxudan az qaldı dizləri qatlana.
Detektiv ədəbiyyatın inkişafı tərslikdən onun cinayəti
dövrünə düşdü. Kriminalistlərdən fərqli olaraq, detektiv­­çilər hər şeyi adamın gözündən oxuyur. Onlara fakt lazım
deyil. Fəhm kifayət edir. Faktı həyatdan yox, fantaziyaları
içərisində götürürlər. Onun cinayəti detektivçi qələmindən
daha maraqlı çıxar. Bu haqda roman yazılarsa, özü birinci
51
onu tapıb oxuyacaq. Ancaq özü haqqında roman həm də
onun cinayət işi kimi bir şey olasıdır. Sənəd rolu oynaya­­caq.
Hə, rəftarındakı canilik əlamətlərini bir tək detektivçi­­lər görməyə qabildi. Bu əlamətlər obyektiv olaraq öz-özünə
ortaya çıxırdı. Bə nə, cinayət orqanizmdə də təbəddülatla­­ra səbəb olur. Bel əyilir. İnsan dinə yuvarlanır da. Qocalıq
sürətlənir. Söhbətin şirin yerindəcə qəfildən kar və kor ol­­mağı – onda şübhə doğuran əsas cəhət elə bunlar idi. Artıq
gecələr yatağa uzanmağı vərdiş üzrədir. Onsuz da yuxusu
ərşə çəkilib. Yatmazdan qabaqkı və sonrakı proseduralar
yerli-yerində qalır. Dəmir intizam üzrə dişini yumalıdır. Sə­­hər durub idman edir, sümüklərini şaqqıldadır. Artıq onun
üçün gündüz gecəyə nisbətdə toy-bayramdır. Mağıl gündüz
ona cinayətini unutdura bilir. Gecədə bu qabiliyyət yoxdur.
Əksinə, gecələr qarının ruhu parlaq bir quş olub qonur pən­­cərəyə. Onun ruhu Ay rənginə çalır. Hətta bir dəfə elə bilib
pəncərəyə qonan ruh deyil, sadəcə, Ayın pəncərədəki əksi­­dir. Yox, bu, qarının quşa dönmüş ruhu idi – gileyli-qınaqlı
nəzərlərini ona dikmişdi. Denən, ay kaftar, ölübsən, insan
kimi öl get də-ə! Bəlkə evini dalınca aparıb qəbrinə yerləş­­dirək?! Amma öldürülməsəydi, arvad bir-iki ilə özü «öz xo­­duynan» ölüb gedəcəkdi. Özxoşuna ölsəydi, indiyə min ilin
ölüsünə qarışmışdı. Yaxşıca unudulmuşdu da. Di gəl, indi
ölümü aktuallığını saxlayır. Yox, artıq sərçə dimdiyindən
ilişən kimi ilişib. Bu kaftar hər dəqiqə yadına düşür. Guya
iyirmi il növbəyə durub aldığı evi də tərk etmək istəmir.
Görün, öləndə də evi tərk etməzlər? Onsuz artıq «kupça»
da onun adına deyil.
Hə, onun törətdiyi cinayəti məhz detektiv yazıçıların
görməsi ehtimalı güclü idi. Gərək indən belə guşənişin ola.
52
Küçə, ya bazarda, hətta JEK-dəki hər bir kəs təsadüfən de­­tektiv yazar ola bilərdi. Detektivçinin buynuzu olmur ki.
Onlarla avtobusda yanaşı otura da bilərsən. Çünki yazıçı­­lıq əlavə bir məşğuliyyətdir. Bu heç kəsin üzündə yazılmır.
Bir adam mühəndis, ya müəllim də olar, həmçinin detektiv
yazar da. Yox, yağışdan çıxıb yağmura düşüb. Bilsəydi be­­lə olacaq, qələt edib cinayət törətməzdi. Kriminalistlərdən
gizlənmək planını uğurlu qurmuşdu. Uğursuzluq detektiv­­çiləri düşünən andan başladı. Hər hansı detektiv əsərdə ob­­razı canlandırılarsa, bat oğlu batdı. Heç nəylə də yox, müs­­təntiqlər onu kitabdakı obrazla tutuşdurub tanıyacaqdılar.
Detektiv yazarların get-gedə çoxalması onda vahiməni bi­­rə-beş gücləndirirdi. Yox, onlar çoxalmırdılar, həşərat kimi
artırdılar. Əslində detektivçilərin rolu xəbərçilikdən özgə
bir şey deyildi. Cinayət və ona uyğun cəza da varsa, onların
cəmiyyətdəki rolu heç cür aydın deyil. Detektiv ədəbiyyat
– harınlıqdır. Həm də bu, müharibələrin yoxluğuna, cəmiy­­yətdə sabitliyə dəlalət edir. Həqiqətən də, müharibədə-zad­­da insanların detektiv yazmağa vaxtı hardandı? İngilislər
detektivi bekarçılıqdan yazıblar. İndi də elədilər. İngiltə­­rədə detektiv əsərlərin bolluğu ölkədə maddi rifah halının
yüksəkliyinə bir sübutdur. Müstəmləkəçilik İngiltərədə de­­tektiv janrının inkişafına təkan verib. Yaxşı, bə bizə nə gə­­lib? Guya Azərbaycan da İngiltərə oldu? Torpaqları işğal
edilmiş ölkəyə detektiv nə yaraşar? O cür əsərlər bizdə niyə
çoxalsın? Çünki yelbeyinik, küyə gedənlərik! Bizimki də­­bə uymaqdır. Evində yox urvalıq, könlündən keçir darğalıq.
Amma cəzasını tez çəksəydi, bəlkə parlaq quşun bu cə­­falarına düçar olmayacaqdı da. Cinayətdən şədd eləmiş par­­laq quş yer üzündə yeganə nüsxə idi. Onu Allah yaratma­­mışdı, o, sintetik tərzdə özü ortaya çıxmışdı. Bu quş onun
53
cinayətinin yeganə şahididir və olsun ki, ədaləti rəmzləndi­­rirdi. Onu nə öldürmək olur, nə də tutub başını atmaq. Par­­laq ruhani bir şəkildi. Qaranlıqda işıldayır. Bir tək o cəhəti
yaxşıdır ki, gündüzləri görünməz olur. İşə bax, evi adına
keçirəli, evlənmək yadına düşmür. Halbuki ömrü boyu ev­­lənmək üçün ev almaq istəyib. Yaxşı, indidən bunun yadına
arvad-zad düşmürsə, necə evlənəcək? Bəlkə zorla evləndi­­rələr; onda da gərək arvadla bacı-qardaş kimi dolana. Arva­­dı yalnız xidmətçi rolunda görəcək.
Artıq hər çıqqıltıdan diksinir. Bir dəfə gözü hədəqəsin­­dən çıxıb küçədə yanından ötən pota bir kişinin gicgahına
dəymişdi. Cəld adamlara qarışıb gözdən itdi. Ancaq başı qa­­bağa-dala çöndükcə, çiyni gedib-gələnlərə toxunurdu. Ha­­mı ona detektivçi kimi görsənirdi. Bircə polislərdən savayı.
O, bir dəfə hər hansı polisə bədən xəsarəti yetirib tutulmaq
istəmişdi. Parlaq quşdan bəlkə yalnız bu yolla qurtulmaq
olardı. Ancaq kiçik cinayətin böyük cinayəti ört-basdır edə­­cəyinə inanmayıb bu işdən vaz keçdi. Nə ola, ola. Tutularsa
da tutulsun. Cəza cinayətinə uyğun gələndə, əlbət, parlaq
quş ondan əl çəkər.
Bu detektivçilərin yalançı humanistlikləri də ondan bi­­linir ki, canilərin yox, təkcə qurbanların tərəfində dururlar.
Onlardan soruşasan: bə cani insan deyil? Axı, humanizm
ona niyə tətbiq edilməsin?
Son qərarı detektivçilərlə rastlaşmamaq üçün burnunu
qapıdan bayıra çıxarmamaq oldu. Qarşıdakı on-on beş ili
türmədə çürüyüncə, evdə ölər. Hərçənd evdə ona türmədən
çətin olacaqdı. Mağıl türmədə «balanda» içirdiləcək, qa­­bağına it-pişik əti tullayacaqdılar. Rahat evdə onu ac ölüm
gözləyir. Əcəb acmayasan, acıqca parlaq quşu gecə lapması
54
yerində görüb, tez-tez onun şəklini çəkəsən. Bəlkə şəkillərə
köçürə-köçürə onu «azaldar», yox edərsən də.
Yarım il bir göz qırpımında ötdü. Pəncərələri sönük
mənzilin künclərini hörümçək torları bəzəmişdi. Qohum­­lar gəlib qapını sındırıb mənzilin ortasında tavandan asıl­­mış skelet görmüşdülər. Kriminalistlər skeletin ona mən­­subluğunu tapmaca kimi tapmaq istəyirdilər. Detektivçilər
xəbər tutsa, hər halda, cinayətin sirri daha tez açıla bilərdi.
Kələfin ucunu tutdunsa, gedəcək. Əlbəttə, burda fantaziya
böyük rol oynayır, önəm kəsb edir. O, qarını öldürmüşdü,
bir növ, qarı da onu öldürdü. Amma görək bunu kim tez ta­­pacaq. Küt kriminalistlərdənsə, ümid də, inam da yenə de­­tektivçilərədir.
17 may – 23 sentyabr 2003-cü il

Digər xəbərlər

Britaniyalı jurnalist Qərbi R.Tağıyla bağlı susqunluğa görə "yıxıb-sürüdü"

Komediya-satira dairəsi (yarıabsurd).

Rafiq Tağı: “Vallah, belə təcrübəsiz qatillərlə dünyanın heç harasına getmək olmaz” (Kəramət Böyükçöl)

Simvollarımız. Dərdlərimiz

Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış (Nikolay Berdyayevlə mübahisə cəhdi) /İntibah həsrəti/

Şərhlər