Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış (Nikolay Berdyayevlə mübahisə cəhdi) /İntibah həsrəti/

Tarix: 13-06-2024 00:31
Baxış sayı: 217

N.Berdyayev sivilizasiyanın mədəniyyəti əvəzləməsini fəlakət sayırdı. Hələ bu
bölgünün düzgünlüyünə şübhələrimizi qabartmadan da, böyük filosofla
mübahisəyə girişək.
 
Mədəniyyət binayi-qədimdən bəşər enerjisinin qapalı durumundan yaranıb.
Həmişə də kimlərdən və nədənsə asılı olub, hədələrə, ən yaxşı halda sifarişlərə
məruz qalıb. Həm də təkcə gözəllik naminə, ona aid və əyləncə səciyyəli bir şey...
Mədəniyyət təbiət gözəlliklərinə cüzi əlavədir. Əslində bəşər öz içindəki
nəhayətsiz axınları daim duyubsa da, onları reallaşdıra bilməyib. Mədəniyyət
bəşər imkanlarının, sadəcə, işartısı, ancaq həm də insanlığın hələlik yeganə böyük
uğuru idi. Mədəniyyət tarixlər boyu “keyfiyyətli tərzdə”, lakin yalnız kəmiyyətcə
artıb. Kəmiyyətcə artıbsa da, hamının olmayıb. Mədəniyyət yarandıqca
insanlardan təcrid edilib. Əslində bəşəriyyət öz yaratdığı ilə həmişə nəzəri cəhətcə
təmasda olub... Demoqrafik partlayışlarla üz-üzə qaldıqca, həyatını mədəniyyətlə
çözə bilməyən insan təəccüblənir, məyus olurdu. Onda təbiət və cəmiyyətdəki
mənhus qüvvələrə müqavimət yoxdu. Mədəniyyət müqavimət doğurmur, əksinə,
savaş və basqılara şərait yaradırdı. Əslində müharibələr həmişə mədəniyyətlər
uğrunda olub. Mədəniyyətlər sanki müharibələri özünə çəkir, yaxud müharibələr
mədəniyyətlər olan yerdə lokallaşır. Barbarlarda mədəniyyətlərə sahiblik ehtirası
güclü idi. Hunların Avropaya yürüşü də torpaqlara yox, əslində mədəniyyətlərə
canatım idi. Böyük Çin səddi müqavimət məramıyla qurulan yeganə mədəniyyət
nümunəsidir. Mədəniyyət gec-tez güclülərə mənsub olub. Mədəniyyət timsalında
Yer üzündə ədalətin yoxluğu açıqca görsənir. Böyük dünya muzeylərinin zəngin
kolleksiyaları ilə ədalətsizliklər tarixi asanlıqla çözülə bilər.
 
Hə, qardaşlar, bir-birini əvəzləyən mədəniyyətlər artıq insanda məyusluq
törədirdi. Mədəniyyət tarixinin minilləri bəşər həyatını zərrə də yaxşılaşdırmadı.
Mədəniyyət kütləviləşmədi. Mədəniyyət qorxunc “kütlə”yə etibar edilmədi. Bayaq

dediyim kimi, bəşər daim öz yaratdığı mədəniyyətlərin dışarısında saxlanıb. Məhz
XX yüzil mədəniyyətin kütləviləşməsi ilə əlamətdardır. Mədəniyyət artıq ölü
muzeylərdə qalmaq istəmədi. Tutalım, caz, pop-art kütlə ehtiraslarını qismən
cavablandırdı. Mədəniyyətlərdən kütləvisi öz demokratizmi ilə elitarını üstələdi.
Elitar mədəniyyət XX yüzildə xeyli dəbdən düşdü. Kübar salonların minlərcə
alternativi yarandı. Opera və balet XX yüzildə həm də xalqın oldu. K. Stanislavski
xatirələrində Sovet hakimiyyətinin ilk illərində kütlələrin quberniyalardan gətirilib
teatrlara doluşdurulmasını təsvir edir. Fit çala-çala, bərkdən danışa-danışa
tamaşaya baxanlar ibtidai icma insanından heç də yüksək deyildi. V. Leninə qədər
bu insanlara cinayətkarcasına xor baxılıb. Bir vaxt yalandan sevdiyimiz, indi də
yalandan sevmədiyimiz, cinayətləri cinayətlərlə dəf etmiş Leninin “İncəsənət xalqa
məxsusdur” sözlərində hiylə yox idi.
 
Berdyayev Renessansın bitdiyinə təəssüflənir. Axı Renessans bəşəriyyətə
dekorasiyadan başqa nə verib! Rable və Servanteslə işim yox, ancaq Leonardo Da
Vinçi, Rafael və Mikelancelonun insanı çılpaq təsvirləri mənasızlıq
mücəssəməsidir. Onların lut-əmənna insanları abır-həyadan məhrumdurlar. 
Qadında həya onun cazibədar məmələrindən daha maraqlıdır. Renesans dövrü
mədəniyyətindəki yarımçıqlıq təəssüf doğurur. Lev Tolstoy haqlı deyirdi ki, V.
Şekspiri oxumaq mümkün deyil; onda personajların ehtirasları dediyi sözlərlə heç
cür uyuşmur. Mədəniyyət epoxalarını mifikləşdirmədən dəyərləndirmək gərək.
Ətalətliyi saydığımız Orta əsrlər bəlkə də bəşəriyyətə İntibahdan çox şey verib.
Renessans müstəmləkəçi Avropanın uydurması idi. Dünyaya hələ də qapalı qalan
Çin tarixi və mədəniyyətində iç-içə minlərlə Renessans taparsan.
 
Artıq Avropa dəyərlərinə yüksək tənqidi baxış vacibdir.
 
Əlbəttə, dinlər də Allah və dünyanı səhv yozumlarıyla mədəniyyət sayılır. Ancaq
din bəşərin dünyanı və özünü hələ də tanımamasının şəksiz sübutudur. Dinlər
ədəbiyyat və sənətdə dözülməz izlər buraxmışlar. Milyonlarca dini personajlar
tavtologiyadan uzağa getmir. Psixiatriya bir elm kimi formalaşanacan sərsərilər
peyğəmbərlik dərəcəsinə yüksəldilər. İndi hər bir psixiatrik klinikada onlarca
“peyğəmbər” yatır. Dini mədəniyyətlər təxmini, ölü, onların estetikası kəsafətlə

süslü; həmişə də köləlik aşılayır. Din sanki yalnız bəşər təfəkküründəki boşluqları
doldurmaq üçündür. Səhih desək, boşluq var ki, din də var. Din insanın bir canlı
olaraq dayazlığına dəlalət edir. F.Bekon yazırdı ki, qədim yunanlar ildırım və
tufanların təbii səbəblərini izah edənləri Allahlara hörmətsizlikdə suçlayırdılar.
Biologiya müəllimi D.Skops ABŞ-ın Tennessi ştatında Darvinin evolyusiya
nəzəriyyəsinin tədrisinə (1925), bununla da dini fundamentalistlərin dünyanın altı
gündə xəlq edilməsi ideyasına qarşı çıxdığına görə cəzalandırılmışdı.
 
Mən Allahsız deyiləm, dinsizəm. Din Allaha yalanlarla xidmət növüdür.
 
Sivilizasiya ən azı dini cəfəngiyyatları rədd etməsində qiymətlidir. Sivilizasiyanın
gələcəyində dinlərə yer yoxdur. Dinlər gələcəkdə bəşəriyyətin ibtidai dövrünün
nişanəsi olaraq xatırlanacaq. Bəşəriyyət tərəqqi etdikcə çoxallahlıqdan təkallahlığa
keçmiş, tədricən peyğəmbərlər icadından vaz keçməklə, İslamda buna nöqtə
qoymuşdur. İnsanlıq bu işin cəfəngliyini artıq duyub.
 
Sivilizasiya insanlığı yeknəsəqlikdən qurtardı. Bəşər öz enerjisinin dışarıya çıxışına
sanki təsadüfən imkan tapdı. Sivilizasiya bəşərin köləsinə də hörmət aşıladı; bəşər
mədəniyyətdəki ətalətdən qurtuldu, ədaləti daddı. Sivilizasiya quldarlıq və
müstəmləkəçiliyə son qoydu. Təkcə Pyer və Mariya-Sklodovskaya Kurilərin kəşfləri
(polonium, radium, radioaktivlik) bütün Renesansdan qat-qat önəmlidir.
Mənəviyyatın təkcə mədəniyyətlə çözülməsi düzgün olmazdı. Mənəviyyat təkcə
gözəlliklə təmasdan ibarət deyil. Kommunikasiya imkanları insanlığı tərəqqinin
tamam yeni parametrlərinə çıxardı. Əslində demokratiya da sivilizasiyanın
nəticəsidir. Mağıl sivilizasiya mənəviyyatla yerli-yersiz qürrələnmir.
Mədəniyyətlərdəki daim “çeynənilən” mənəviyyat büsbütün yalandır. Təkcə
internet şəbəkəsi bəşəriyyətə indiyəcənki mütəfəkkir boşboğazlardan çox azadlıq
verib. Sivilizasiya diktaturalarının belini qırıb. Bəşəriyyəti irqçilik qaranlıqlarından
qurtaran sivilizasiya sarı, ağ və qara insanlara, sadəcə, bir ailə olduğunu
anlatmaqda. Qloballaşma ideyası da sivilizasiyanın hazırkı durumundan qalxıb-
ucalıb.
 

Sivilizasiyanı fəlakət sanması N.Berdyayevin  elə də böyük səhvi deyildi. XX yüzilin
əvvələrində sivilizasiya hələ kobud texniki səciyyəli və mən hələ bircəciyini deyim,
törətdiyi ekoloji disbalansla bəzən ikrah doğururdu. Ancaq heç kəsi qınamadan biz
də öz fikrimizdə qalaq. 
 
 
“Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış”
Nikolay Berdyayevlə mübahisə cəhdi
 
Azadlıq, 22 noyabr 2000-ci il

Digər xəbərlər

SUB­­YEK­­TİV İDE­­A­­LİZM - TƏ­­SA­­DÜ­­Fİ OYUN NÖ­­VÜ

AN­­­FAS-PRO­­­FİL

Aqşin Yenisey də Sabir polemikasına qoşuldu

Geriyə transformasiyalar (iki hissəli məqalə)

“Konformizm “ Konspekt

Şərhlər