Tarix: 25-03-2015 10:48
Baxış sayı: 1969
– Rafiq müəllim, qatili görə bildinizmi?
– Hə... Onu gördüm, arxamca necə tələsə-tələsə gəldiyi yaxşı yadımdadı. Bıçaq zərbələrini vuranda təngnəfəs idi, hiss olunurdu ki, təcrübəsizdir. Mənə elə gəldi ki, ilk dəfədir adam öldürür.
– Tanıdınızmı?
– Hə... Tanıdım.
– Kimdir?
– Unutmuşam.
– Bəs xatırlamırsınız?
– Bir az...
– Kimə oxşayırdı?
– Hər birinizə bir az oxşayırdı.
– Rafiq müəllim, yeni mənzilinizdə necə yaşayırsınız?
– Burda vəziyyətim yaxşıdır. Ancaq...
– Ancaq...
– Biraz bıçağın yeri ağrıyır.
– Yaradan qan gəlmir ki?
– Əvvəl gəlmirdi, indi az-az gəlir...
– Görəsən, niyə?
– Mənə elə gəlir ki, qatilimi incidirlər, ona görədir.
– İndi nə fikirdəsiniz, qatilinizi tutmasınlar?
– Burda əsas qatil deyil. Əsas olan mənim ölümümdür. Mən ölmüşəmsə, demək, qatilim həyatda olmalıdır. Qatilim həyatda deyilsə, demək, mən ölməmişəm. Mən qatilimin həyatda kef-damaq içində yaşaması ilə fəxr edirəm.
– Maraqlıdır, qatildən çox razısınız, hətta onu sevirsiniz də...
– Əlbəttə. Qatilim şöhrətimin əyarını müyyənləşdirdi. Özü də çox yüksək şəkildə. O, kişi adamdır. O, nə qədər mane olsalar da, öz məqsədinə yetişdi. Düzdür, bir az təcrübəsiz idi. Bu da, mənə elə gəlir ki, millətimizin genetikasından irəli gəlir. Bir az üzərində işləsələr, dünya standartlarına uyğun gələrdi. Biz qatil yetişdirmək haqqında qanun hazırlamamışıq. Vallah, belə təcrübəsiz qatillərlə dünyanın heç harasına getmək olmaz.
– Amma mənə elə gəlir ki, qatilin gecikməyindən narazısınız...
– Qatilin yubanma versiyalarından ümdəsi onun yarıtmazlığıdır. Bəlkə, mən elə onun da siftəsiyəm, bunu dəqiq bilmək mümkün deyil. Əlbəttə, o da doğrudur ki, ucuz ətin şorbası olmaz. Bilirsən, yumurtadan yun qırxan sifarişçilər məni keçi qiymətinə satıblar. Məni bu yandırır. Özüm cəhənnəm, heç olmasa, göz qamaşdıran şöhrətimə hörmət qoyaydılar. Görünür, şöhrət başları girən kol deyil.
– Rafiq müəllim, vurulmağınızdan üç gün qabaq “Elmlər metrosunun” yanında görüşdüyümüz də yadınızdadır?
– Hə... O da yaxşı yadımdadır.
– Qrup yoldaşım Xanımın diplom işinin mövzusu sizin yaradıcılığınızdan idi.
– Səhv eləmirəmsə, yanımızda ayrı bir qız da vardı.
– Xanımın rəfiqəsi idi.
– Maraqlı gün keçdi.
– Burada sizi narahat eləmirlər ki?
– Düzdür, hərdən olur. Amma sizin yanınızdan, demək olar ki, yüz dəfə yaxşıdır.
– Rafiq müəllim, ora çox gözəldir. Noolar, qapını açın, mən də gəlim.
– Yox! Gələ bilməzsən.
– Niyə?
– Çünki qapı çöldən bağlanıb.
– Bəs ən çox kimdən ötrü darıxırsınız?
– Düzü, hamınızdan ötrü darıxıram. Ən çox Azad Yazarlar Ocağı üçün. Tez-tez Rasim yadıma düşür. Eşitdiyimə görə, Şərif Ağayarı da AYB-dən çıxarıblar. Şərif ədəbiyyatla yaşayan adamdır.
– Müəllim, indi orda saat neçədir?
– Öldüyüm dəqiqənin içindəyəm.
– Oralarda kimlər var, Rafiq Tağı?
– Hamı burdadı. Əli Kərim, Böyükxan Pərviz, Zakir Sadatlı, Şaiq Vəli, Tofiq Abdin...
– Vəziyyətləri necədir? Bizdən salam deyin.
– Cavanlar burda yaxşıdır, narahat olmayın. Bəs orda qocalar neyləyir?
– Qocaların kefi burda sazdır.
– Təki yaxşı olsunlar.
– Deyəsən, Əli Kərim yanınızdadır, səsi gəlir.
– Hə... Şeirlərini oxuyur.
– Mirzə Cəlili, Füzulini də görürsünüz?
– O gün bir yerdə oturmuşduq. Xeyli söhbət elədik. Səməd Vurğun da gəlib çıxdı.
– Mirzə Cəlil və Füzuli haqqında burda dediklərini üzlərinə dedinmi?
– Hə, dedim.
– Nə dedilər?
– Heç nə... Gülüşdülər. Dedilər, biz zarafat eləmişik, onlar ciddi qəbul eləyiblər.
– Bura gəlmək fikirləri yoxdur ki?
– Deyirlər, getsək, bizi öldürəcəklər.
– Rafiq müəllim, Bayıl türməsini sokdülər, xəbəriniz oldumu?
– Niyə? Tutmağa adam tapmırlar?
– Türməni söküb, yerindən yol çəkdilər.
– Deməli, 37-ci ilin xatirəsinin üstündən maşınlar şütüyür. Mən o türmədə yatmışam. Orda o ki var gülmüşəm. Yadıma gəlir, mən həbsxanada olanda sənin atan yanıma gəlmişdi. Nədənsə, Qəşəmi görəndə çox kövrəldim.
– Rafiq müəllim, deyirəm, kaş o qatili də tutaydılar, salaydılar Bayıl türməsinə, o da bir az güləydi.
– İstəməzdim tutsunlar.
– Niyə?
– Mən qatilimi çox istəyirəm.
– Axı o sizi öldürdü.
– Məni onun bıçağı öldürmədi.
– Bəs nə öldürdü?
- Bıçağın ucundakı mikrob öldürdü. İşlənmiş bıçaq idi, onunla çox adam öldürmüşdülər. Gərək o bıçaq dezinfeksiya olunaydı.
– Rafiq müəllim, sizcə, dünya qatilləri ilə yerli qatillərimizin fərqi nədədir?
– Deyim ki, Rusiya killerləri bizimkilərin yanında dahidir. Adamın onlara qanı qaynayır. Amma bizimkilər yatağındır. Şöhrətin iki addımlığında ola-ola, gedirlər yatmağa və ya bu günün işini sabaha saxlayırlar.
– Çox sağ olun ki, xalqımız üçün böyük bir qatil qoyub getdiniz...
– Mən millətimi çox sevirəm.
– Bəs sizcə, qətlin mükəmməlliyində ədəbiyyatın rolu varmı?
– Əlbəttə, var. Tutalım, qatilin poeziya vurğunu olması onun sənətini psixoloji cəhətdən sürətləndirə bilər. Amma onu da deyim ki, nəsri sevən qatil ağırayaqdır. O gəlib çıxana qədər adamın qarnını ayaz aparar. Təsəvvür eləyin, Süleyman Rəhimovun “Şamo” romanını oxuyub bitirənə qədər səninki sənə dəyir və ölməyin ləzzəti qaçır. O romanı oxuyan qatil, hətta sənə 100 yaşında da gəlib çata bilər. Mən heç buna “ölmək” demərəm. Amma şeir bir içim su kimidir, bir dəqiqənin içinə sənə yetişib işini görər.
– Maraqlıdır, bəs sizin qatilinizdə ədəbiyyat məsələsi nə yerdədir?
– Doğrusu, bilmək olmur ki, mənim qatilim hansı poeziyanın vurğunudur. Ancaq qatilimin meyxananı sevməsi güman edilə bilər. İnanmıram ki, qatilimin saz havacatı və ya aşıq poeziyası ilə arası olsun. Saz havacatını sevən qatil çörəkdən qalar. Allah qatillərin də ruzisini versin. Allah heç kəsi aclıqla imtahana çəkməsin.
– Necə düşünürsünüz, qatillər millətə çox lazımdırmı?
– Mahir qatillərin olması millətə baş ucalığı gətirər, ondakı qabiliyyəti açıqca ortaya qoyar. İnan ki, içimizdən bacarıqlı bir qatil çıxsa, məndə vətənin gələcəyinə inam hissi oyanacaq.
– Bəs qatillərə məsləhətiniz nədir?
– Bütün qatillərə bir məsləhətim var: çalışın, sizə bəslənən inam və ümidlər həmişə aktual qalsın.
– Orasını deyim ki, sizin cinayət işini qapadıblar, işin üstü açılmadı.
– Üstü açılmayan hər qətl özlüyündə milli sərvətdir. Qatil də millətdən sayıldığından, onun yaradıcılığı da bütünlüklə millətə məxsus sayılır. Qatilin cəmdəyini prosesdən çıxarıb atsan da, ondakı bacarıq-qabiliyyət millətə qalacaq. Əsl qatilin əməyi, əslində, yaradıcı əməkdir. Ümumiyyətlə, oğulları nadir qətllər törədən millət ölməzdir.
– Deməli, istəmirsiniz qatil tutulsun...
– İstəmirəm onu tutsunlar və əslində, çalışsalar da, tuta bilməyəcəklər. Çünki onu özüm yaratdım. Mənim yaratdığımı necə tuta bilərlər? Qatilimi tutanlar millətimin gələcəyini parlaq görmək istəməyənlərdir. Başqa millətlərin nə qədər qatilləri var. Hamısını gözləri üstündə saxlayırlar. Amma bizimkilər bircə saatın içində qatili tutub axtalayırlar. Mən hələ qatilimə dolayısı ilə lazım olan köməklikləri göstərmək istəyirəm.
– Allah qatilinizə uzun ömür, can sağlığı versin.
– Hə, belə yaxşıdır. Bu barədə məktub da yazıb qoymuşam ki, qatilimi tutmasınlar. O, məni öldürdüyünə görə özünü qəhrəman kimi hiss eləyəcəkdir. Gedib arvadı ilə yatacaq və bundan sonra yeni-yeni milli qatillərimiz doğulacaq. Qatil millətin sərvətidir.
– Rafiq müəllim, mən gedirəm. Burda bərk külək əsir. Üşüdüm. Nəsə sözünüz yoxdur ki?
– Hamıya məndən “salam” deyərsən. Bir də...
– Bir də... Buyurun.
– Qəbrim çöldən necə görünür?
– Rafiq müəllim, üstünüzə günəş doğub.