NİGARANLIQ
X |
əstəsini atıb gedənə nə ad qoyarlar? Canını götürüb qaçarsan, cavabın unudulmaq olar.
* * *
Gecələri səhvən yatmağa ayırıblar... Təcili yardım maşınında, elə bil qayıqda, oturub Moskva küçələrində üzməyin hüsnü yoxdu. Gömgöy mayak sağ-sol binaları ikinci mərtəbə hündürlüyündə rəngləyə-rəngləyə ötür. Adamlar bizə qapılarını gözlüklərdən marıtdamadan açırlar. Bu, etibara bənzədiyindən, xoşdur.
Küçələrdə burunlarını səkilərə dirəyib mürgüləyən maşınlarla rastlaşarsan - başlarındakı yaşıl "taksi" yazısıyla. Sürücü onda ya gözlərinin acısını alır, ya da dişinə bir şey vurur. Ola da bilsin, gözləyir, az macala bu yaxından kimisə ya qatar ayağına atacaq, ya təyyarə ağzına.
Moskva gecələrinə spektrin yeddi rəngi xasdır; hələ bəlkə ondan da çox. Keçidlərdəki qırmızı, sarı, yaşıl işıqlar da maşınlı-maşınsız yolları bağlayıb-açır.
* * *
Ulduzlu qaranlıqlarda çöllə kəndimizə enəndə, evlər elə bilərdim süd işıqlı vaqondular. Kənd özü uzun bir qatardı elə bil. Mən üzünü görmədiyim istənilən kəndistan yerində təkcə qurbağa qurultusuyla gözübağlı bilərəm hansı çay hardan hara burulur, harda dərin, harda dayazdır.
Amma yaman köməksizdir bizim tərəflər. Ağ-qara televizor yeganə dünya ekskursiyası vasitəsidir. Böyük teatrdı, Kiçik teatrdı televizor. Qaqaşım axşam verilişlərinin əvvəlindən ta axırınacan burnunu ekrana dirəyər. Zəhmətkeşlərin vaxtında və rahat yatması üçün respublika televiziyası dibdən keçiriləndə - yalnız onda kəlləni yerə atacaq. Dünyanın ləzzəti televizorla gedər.
* * *
Moskvada yaşamayan yaşamasın - hər şey qulağının dibində, hər şey su asanı. Öz kefinin bəyisən. Yaxın qastronoma dəy, çiyinlərin salxa-salxa geri dön. Bizdəsə evdən çıxmamış gərək fala baxdırasan - yarəb, tərəzisi özündən də cüvəllağı mağazinçi yerindəmi? Divarları "dermatit"li dükan açıqdımı? Hərçənd onsuz rəflərində çarxvari balıq konservlərindən savayı düz-əməlli bir şey görməyəcəksən.
Moskvada barlı-bəhrəli bağlara bənzər meyvə dükanları! Bizlərdəsə, təsadüfdən-təsadüfə kəndə oğurluq alma gətiriləndə, yalnız onda uşaqların bayramı olur. Bizim yerdə uşaq bayramları şəbbədənxeyirdi. Dırnaq boyda sevinc də göydəndüşmədi.
Bildir "vısotka"mızın yeddinci mərtəbəsində həpəndin biri mətbəxdə çayniki atası qazın üstünə, əlində qəzet - durub yanında. Qəzet qazdan alışası. Bunu görən arvad çalağan kimi telefona şığıyası (Moskvada arvad kişidən zirək olur). Dəlidi özü söndürə? Buna dair qoşun-qoşun "lodır" var; maaşı da havayı alırlar. Aləmi yığıb bura. Uzun sözün qısası, millət həyətdə qarışqa kimi qaynaşırdı. Həqiqətən, çoxu da ştatlı işçi. Yanğınsöndürən əlindən iynə atsan yerə düşməzdi. Girib evdə nə görsələr yaxşıdı: qəzetin bir vərəqi yarıyacan yanıb, o birini də sarımtıl-bozumtul balaca bir alov altdan-altdan siçovul kimi gəmirir. Onu elə bircə təpiklə söndürüblər. Qəhrəmanımız "isteriçka"yasa gözün üstə qaşın var deyən də olmayıb. Ağızları nədir?!
Bizimkilərsə allahümidinədilər. Hərçənd rayon icraiyyə komitəsində yaşayışlarını soruşsan, "dəf kimidi", deyərlər. Kağızları tökərlər qabağına: buyur, bax. O sehrli kağızları ki, qızıl-qırmızı düzü əyri, əyrini düz göstərir. Sxemlərdə illərin işini göstərən xətlər quş xasiyyətlidi - daim göyə millənirlər. Bəs onda məktəbimiz niyə alt kərpiclərinəcən yanıb fövt oldu?! Allah göstərməsin, şiferlər alovdan necə şaqqıldaşırdısa, adamın qanı damarlarında donurdu. Elə bil içəridə tapançalaşırdılar. Direktorumuz rəhmətlik Mahmud müəllim həyətdə o yan-bu yana qaçır, canını qoymağa yer tapmırdı. Yolda da yanğınsöndürənlər əvəzinə əsasən tamaşaya qaçışanlardı. Məktəb ağzındakı taxta çərçivəyə bərkidilmiş üç qırmızı balon indiyəcən gözlərimdən çəkilmir. Həmin balonların rəsmi dildə yaxşı da adı var: yanğından mühafizə sistemi. Ancaq bir Allah bəndəsi onlara barmağının ucuylasa da toxunmadı. Gözə kül üfürməkdi balon, bir növ, lotuluqdu - onun nəyinə toxunasan! Açmaq istəsən, ya ağızları açılmayacaq, ya da təmizcənə boşdular. Yanğınsöndürənlər axır skafandra bənzər libaslarda, yan basa-basa gəlib suyu yaxşı püskürtməyə münasib yer axtaranacan, məktəbimizin "qaldı iki buynuzu".
Məktəbimizin qapqara skeleti ətrafında gizlənpaç oynayırmışlar kimi iki fotoqraf qaçışırdı.
Bizdə gümanın olmasın ki, səni yanmağa qoymazlar, şəbbədənxeyir ölümdən qurtararlar. Kim hələlik yaşayırsa, demək, bəxti itidir. Hər şey alın yazısının ixtiyarına buraxılıb.
Əcəb hamı ömrünün yarısını kənddə, qalan yarısınısa Moskvada keçirə. Heç nəyə görə yox, bircə ədalət naminə kəndçilərimizi ellikcə köçürələr moskvalıların mənzillərinə, moskvalıları da - kəndçilərimizin yosmalarına. Onda şəhərə gəlib, dükanlarında görməmiş kimi ətə-kolbasaya şığıyanlara heç kəs gülməz. İlk dəfə gördüyündən, bananı qabıqlı-qabıqlı dişinə çəkən ağsaqqala "qoyun" deməzlər. Onda QUM-da bircə abırlı köynək üçün iki-üç yerdə növbə tutan müəllimə "alverçi" ayaması yapışdırmazlar. Qoy buranın qondarma aristokratları gedib içməli suyu pulla alsın bizim kənddə! Tövlədə dana-buzovun gözü qabağında yarımca vedrə suyla çimsinlər! Qoy görsünlər ki, heç kəs heç kəsdən artıq deyil. Coğrafi fərq bəxtəbəxt şeydi. Qoy bizimkilər qəlbən inansın ki, aşağıdan yuxarıya baxılası insan yoxdu dünyada.
Ötən həftə illüminasiyalı Moskvada, kəndimizdəsə göz-gözü görməyən gecələrin birində, boylu bir qadını doğum evinə aparırdıq. Sancıları müvəqqəti kəsdiyindən, əriylə arxada pıçıldaşırdılar. Yanlarından ötdüyümüz binaların ora-burasından, sanki dekorasiya üçün, işıqlı pəncərələr asılmışdı. Onlar şəhərin gecə fənərlərinə də bənzəyirdilər. Bizlərdə bu vaxt yuxunun ən şirin çağıdır; hamı fıs vurub yatır. Doğan-zad varsa da, pişik kimi öz-özünə doğacaq. Orda işıqlı pəncərədən adam hürkər. Bu saat bizim kənddə dərdə çarə nə bir şair, nə bir təbib var, barı nə də yalançı alim. İt ilində bircə elmlər namizədi ortaya çıxmışdı (yəqin beləsinə "alim" deyirlər), o da bakılı qızı alıb, lövbərini Bakıya saldı. Bağa qınından çıxdı, qınını bəyənmədi.
Şəhərin tanınmaz-bilinməz bir guşəsində gördüm uzaqda parça-parça işıqlar yan-yana düzülüb gəlir. Fikirləşdim ki, elektrik qatarıdır. Bə nə, düz saat "beş"di. Sürücümüz son otuz ildə heç burnunun da qanamamasından nağıl açmışdı. Bilməzsən, ona qrip də kar etmir. Guya bu, sübh çağları bədənini şappıldada-şappıldada soyuq su ilə yumasındandı. Dovşandodaqlığısa öz günahı deyil, gorbagor ata-anasının - bu iki gülməşəkərin günahıydı ki, cavanlıqda gillətməyi seviblər. ...Keçid bağlı idi. Bir dayan, deyən, gələn qatar deyil, axı! Söz yox, oxşamağına oxşayır, ancaq qatar deyil! Vallah, bu gələn bizim kənddir - bax-x, indicə burnumuzun ucundan ötəcək. Traqq-traq-taq, traqq-traq-taq!.. Gör nə əntiqə iş oldu! Əynimdən-qarnımdan kəsib bilet götürmədən, məzuniyyətə çıxmadan kəndimizi havayıcana gördüm. Bax, kəndimiz relslər üstündə şütüyür. Elə bil göydən ildırım düşüb qabağımda çabalayırdı. Ay budu ha, ulduzlu qaranlıqlarda çöllə kəndə enərkən gördüyüm içi süd işıqlı evlər-vaqonlar! Bəs o qızıl bayraq kimi ötən qırmızı nədi?! İlahi, məktəbimiz yenə yanır! Məktəbimiz yanı-ır! Heç kəsin də xəbəri yox! Üstəlik, kənddən qalxan yanğılı bir səs qulağımı dəlirdi. "Qoy öz xarabamda ölsün! Daha mənim xəstəxana deyilən yeri görməyə gözüm yoxdu. Keçən dəfə sənin tərifli "rayon"unda diri-diri öldürmədilər balamı? Adi boğmacanısa tanımadılar. Boğmacanı bulmacaya döndərmişdilər. Həm də keçi can hayında, orda qəssab piy axtarır".
Kəndimiz Moskvanın tən ortasındaca görünüb qeyb oldu. ...Arxada ərlə arvad pıçıldaşıb yorulmuşdular. Hətta ər arada ləzzətlə əsnəyirdi də. Arxayınca doğum evinə toxdamalarını gözləyirdilər. Bu vurhavurda onların əziyyəti nə oldu - telefon nömrəsini yığmaq. Çağanı təhvil alanda da bəlkə ağızlarını ağrıdıb mamaçanın alnına ölü bir "sağol" yapışdıralar. Di vəssalam.
...Amma kəndimiz mənə vız atmadı da. Görməməzlik elədi. Bilirəm, küsüb. Unutmaq istəyirsə, ixtiyarı var. Atmağın haqqı unudulmaqdır.
1984 - 2000