Tarix: 21-05-2019 12:33
Baxış sayı: 1533
Bir həftə olar ki, Jorj itkin düşüb. Özü də gör harda - Moskvada, gör nə vaxt - çoxluqdan sülhün az qala qıcqırdığı bir dövrdə. Onu gördüm deyən yoxdu. Hə, poliklinikada bir ştat vahidi öz-özünə boşalıb. Artıq bu barədə yuxarı səhiyyə instansiyaları da məlumatlıdır. Təzə həkim-zad işə götürülə də bilər. Jorj tapıldı-tapılmadı, kadr məsələsi tezliklə tənzimlənəcək. Bu dünyada kimdi əvəzedilməz? Jorj qayıdarsa da, sadəcə, al gəldi - dalından bir təpik. Di get.
* * *
Poliklinika ilə milis şöbəsi yanbayandır. Belə deyək, hasarın bir üzündə ağpaltarlılardı, o birində - göypaltarlılar. Müğənni Yuri Antonov "Qaz-24"-nü milisin həyətində saxlayır. Buralara təzəlikcə köçüb. Şöbədə hamı onunla min ilin tanışı kimi görüşəcək. Qəlbi qəlplik götürməz. Jorj hər dəfə bunu görür, bu dostluqları süni, şöhrətlə bağlı eybəcər bir hal hesab edir. Şöhrətin hüquqdan-etikadan kənar tərəfləri də olur. Arada elə bir köklü səbəb yox, milislər də özlərini didib-dağıdır. Yuri Antonovla dostluğa qurşanıblar. Jorj - ayıb olsun onlara, deyir. Adi zəhmətkeşlə, əliqabarlıyla yumruq-qapazla danışarlar. Elə biri özü. Yeyib-içib təsadüfən küçədə "səkkiz" yazsa, boynunun kökünə yağlı bir zopa endirərlər. Onlarınkı dostluq yox, yaltaqlıqdır. On ildi də az qala ağızlarının içindən keçib işə gedir, bə onu niyə görmürlər? Kordular yoxsa? Niyə onunla dostluq eləmirlər?
Ancaq get-gedə Jorj da öz rəftarında naxələflik görür. Düzdü, bədəncə, "kompleksiya" (termin Jorjundur. Müəllif) etibarıyla birdilər. Elə oxşarı olaraq da özündə Yuri Antonova doğmalıq-yaxınlıq duyur. Sanki simsarlıq var arada. Adama deyərlər, bu təsadüfi oxşarlıqla nə demək istəyirsən? Nəyə çatmaqdı məqsədin? Zahiri əlamətlər dostluğa heç bir əsas vermirsə də, açığı, Jorj onunla dost olmaq istəyirdi. Yuranın şöhrəti onu da özünə çəkir. Denən, ta nə oldu - milislərin gününə düşdün ki! Qız kimi də özünü Yuraya göstərmək ehtirası qəlbini çulğayıb. Axır istəyinə çatdı da. Yura maşını qoyub şöbənin həyətindən çıxaçıxda Jorjla "rastlaşdı", istər-istəməz öz "kopiya"sını (termin Jorjundur. Müəllif) üzbəsurət görüb gülümsədi. Elə bil özünü güzgüdə görürdü. Yura Jorjun çiynini şappıldatdı. Görünür, dostluğu izhar etməyə əlində şappıltıdan savayı elə bir vasitə yoxdu. Ya vardısa da, hələlik onu açıb-ağartmağa ehtiyac duymurdu. Jorj bundan xeyli məyus oldu. Lakin evdə ümidləri təzədən artmağa başladı. Qoy bir az keçsin, görərsən, Yura onu bir oxşarı kimi dartıb özüylə hər yerə aparacaq. Onu şəxsi tədbirlərində nümayiş etdirəcək. Yoxsa çürüdü bu xarabada! Özü yorulanda, "dublikat" (termin Jorjundur. Müəllif) kimi səhnəyə çıxara bilər, onu fonoqramla "oxutdurar". Vay, vay, ancaq bütün hallarda hər şey yenə Yuranın şöhrətinə əlavələrə çevriləcək. Jorj özü ömrü boyu bir heç olub, elə heç kimi də qalacaq. Əksinə, içindəki boşluqlar artacaq. Mağıl qabaqlar bir fərd olaraq özü də meydana çıxa biləcəkdisə, indi bu ehtimal sıfır həddinə enəsidir. Bu tərzdə Yuranın kölgəsi kimi sürünməyə məhkumdu. Bir gün Yura ona nə desə yaxşıdır: kolleksionerlik həvəsinə düşüb. Nəyin kolleksioneri? Sən demə, oxşarlarını "yığır". Onların ünvan və telefon nömrələrini götürür. Onlara da özününküləri verir. Haçansa böyük səhnələrin birində onları nümayiş etdirəcək.
Ancaq ya elədə olsun, ya belədə, şöhrət həmişə Yuri Antonovda qalasıdır. Qalanlara "şiş" (termin Jorjundur. Müəllif) çatacaq. Yura onu da, başqa oxşarlarını da istifadə edib atacaq. Əlbəttə, oxşarların nümayişi onun şöhrətinə əlavə çalarlar gətirərdi. Amma zarafat bir yana, "kompleksiya"sı tamam Yuri Antonovunkudur. Sanki bir ülgüdən çıxıblar. "Korpus" (termin Jorjundur. Müəllif) cəhətcə iynə ucu boyda fərqləri yox. Başları da - formaca bir. Tərəzidə eyni çəkidə olarlar. Onun başı qoparılıb yerinə Yuri Antonovunku yapışdırılarsa, tamaşaçı şübhələnməz də.
Jorju bir tək öz işində tanıyırlarsa, Yuri Antonovu az qala bütün dünya tanıyır. Tanıyır da yox, sevir. Yer şarı Y.Antonovun şöhrətini daşıya-daşıya fırlanır. Ən azı SSRİ başına and içir. Görən, şöhrət niyə məhz onu seçib? Qurbağa qarnınamı gözü düşüb? Elədirsə, həmin qurbağa qarından onda da var. Yuranı bütün dünya ucaldırsa, Jorj bir dılğır baş həkimin tərifinəsə layiq bilinmir. Hamı başından basır, ayağından çəkir. Dünyanın bütün tənqidləri elə bil bir tək onun üçündür. Haçansa bir qızı sevmişdi, o da ona yox dedi. İndi aydınca görür ki, "yox" cavabını da şöhrətinin yoxluğu səbəbindən alıb. Əgər Yura istəsəydi, qız ona atdana-atdana gedəcəkdi. Jorj günü bu gün də hər kəsdən ancaq "yox" eşidir. İşdən ona ekskursiya-sanatoriya düşmür. Nə əcəb, anası varmış - arvadı da ona anası aldı. Arvad da nə arvad - gicbəsər-küt bir şey. "Sevgi" sözünə gülməyi tutur.
Onu olsa-olsa birincidə oxuyan qızı istəyir.
Şöhrət - bəxtəbəxt şeydir. Alın yazısıdır.
Milis şöbəsinin həyəti poliklinikanın pəncərələrindən ovuc içi kimi görsənir. Qızlar bir dəfə Yuri Antonova gah otaqdakı televizorda, gah da şöbənin həyətində baxırdılar. Onlar həyətdə və həyatdakı Yuri Antonovla lentdə və ekrandakını tutuşdururdular. Televizordakı Yura arıqdı - demək, tamaşaçılara köhnə lent yazısını soxuşdururlar. Budur, buyur, Yura yoğunayıb, porsuğa dönüb. "Yuri Antonov onları sevməz", - qızlar fikirləşir. Qarşılıqlı münasibətlərdə onlar ömürlük tamaşaçı rolunda qalacaq. Əslində onlar da onu sən deyən sevə bilməz. Sevsələr də, yalnız bir büt kimi. Onunla qucaqlaşıb-öpüşmək naqolay bir iş olardı. Adamı tər basar. Bütlə öpüşmək təmizcənə işgəncədir.
Yeni il bayramına yaxın poliklinikanın kollektivi onun oxşarıyla görüş planlaşdırdı. Bir növ, Jorjun xatirinə. Yox, həqiqətən də, bu addımın atılmasında Jorjla Yuranın oxşarlığı önəm kəsb etmişdi. Yoxsa minlərcə çalıb-oxuyan var. Heç bu kök-kötməcənin üstündə dayanmazdılar da. Hə, bu qərarın qəbuluna bir az da Yuranın öz maşınını onların qonşuluğunda - milis şöbəsinin həyətində saxlaması yönəm verdi. Sən demə, təsadüfi səbəblər də şöhrət mexanizminin saz və işlək halda saxlanmasında yardımçıdır. Ancaq Yura özünü naza qoydu, bu barədə ona ağız açmış Jorja "yox" dedi. Yəqin artıq onun böyük şöhrəti poliklinika səviyyəli sevgilərdən-zaddan asılı deyil. Yəqin artıq poliklinika kollektivi ilə görüşməmək də olar. Onsuz belə görüşlərin onun taleyinə müsbət əlavələri gözlənilmirdi. Lakin hayıf, poliklinika bundan xeyli rövnəq tapacaqdı. Bu fakt protokollaşdırılacaq, kollektivin tarixçəsində əlahiddə yer tutacaqdı. Poliklinikanın iş göstəriciləri də yaxşılaşmış sayılar, müğənni bambılının yekəsi olmuş olsa da, onunla görüş kollektivdə mənəvi-psixoloji durumun düzəlməsi halına yozular. Taleyi tükdən asılı baş həkimin işdən qovulması ehtimalı da birəbeş azalacaqdı. Əsas da Jorjun başı uca olar, işdə alnı açıq, üzü ağ gəzərdi. Amma indi bəlli olur ki, Yura öz oxşarına sən deyən ciddi yanaşmır. Görəndə üzünə gülümsəməkdən savayı ona elə bir yaxşılığı keçməyib. Belə baxanda, onda da bir günah yox: oxşarın başına dönüb, qadasını almazlar ki. Yox, kollektiv bərk ruhdan düşüb. Ölkənin yaxşı tanıdığı bir insanla görüş onlar üçün artıq mümkünsüz-əlçatmaz bir iş kimi görsənir. Poliklinikanın ən böyük uğuru həkim Jorjun müğənni Yura ilə tanışlığı idi ki, görünür, bundan artığına bel bağlamaq da dürüst olmaz, hətta yersiz və gülünc çıxar.
Şöhrətli adam müdhiş bir varlıqdır: yaxındasan, çata bilmirsən, əl uzadır, tuta bilmirsən.
* * *
Jorj təzəlikcə plan cızıb: Yuranın şöhrətinə sahib çıxmaq. Şöhrət bəxtəbəxt şeydisə, bu, ilahi bir ədalətsizlikdir. Bu ilahi səhv redaktədən keçirilməli. Bəxtinə şöhrət yazılmayanın ixtiyarı çatır ki, bəxtinə yazılanın əlindən şöhrəti zorla alsın. Hərçənd bu işdə müəmmalar çoxdu - maddi olmayan şeyi necə mənimsəmək olar? Yuri Antonov şöhrətin qoynunda gəmi kimi üzürsə, Jorj onun oxşarı olaraq niyə də kənarda durmalıdır? O yeyəcək, bu, ağzını ayırıb baxacaq? Yuri Antonovun oxşarı olmaq ona klassik tərzdə şöhrət gətirmirdi. Hələ yüngül tanınma halı üçün də mütləq mütrüb kimi səhnəyə çıxmalısan. Oxşarlar yan-yana düzülməli, tamaşaçılara dişlərini ağartmalıdır. Yox, bununla barışmaq olmaz. Yaramaz belə iş! Amma hər necə olmuş olsa da, göydən əlinə düşmüş bu məşhur adamın oxşarı olmaq Jorj üçün yeganə yüksəlmək-ucalmaq şansı idi. Jorj nəzəri cəhətcə özünü bütün uca yerlərə layiq bilirdi. İnsandısa - layiqdi. Tarixdə belə şeylər çox olub: oxşarları padşahları yıxıb yerində oturub, bunu bir kəs bilməyib də. Hər hansı oxşar yaxşı da padşah olub. Bu fikir yaman beyninə düşüb. Onsuz da Yuri hələ subaydı. Təkdir. Onu rahatca öldürər, girib oturar evində. Evində də yox - şöhrətinin tən ortasında. İndən belə fonoqramla "oxuyar". Səsi batıb, deyər. Özünə də bəsit və sadəlövh görünən bu ideya onun içini gəmirməkdə idi. Qətl ona hədsiz cəlbedici görünürdü. Şöhrət burnunun lap ucundadır, əl at tut. Şöhrət Yuri Antonovun boy-buxununa biçilibsə, demək, elə onun boy-buxununa da uyğun gələcək.
* * *
Jorj itkin düşəli, Yuri Antonovun cildinə girib. Ancaq artıq şöhrət əlindəydisə də, ona ləzzət eləmirdi. O, Yuri Antonovu öldürüb, onu öz şöhrətindən qoparıb sellofan torbaya basmışdı. Yuranın ölkədə fırlanan şöhrətini Jorj artıq özününkü sayırdı. Sadəcə, bu şöhrətin min dənə düyməciyi, basılası nöqtəsi vardı. Onları oynatmağı bacarmaq gərək. Bacaracaqdımı? İlahi, sən niyə ədalətsizsən? Niyə şöhrətdən-zaddan ona da az-bucuq vermək istəmirsən? Hər an da təzə problemlər ortaya çıxır, xoflanırdı. Yuranın konsert proqramlarından başı çıxacaqmı? Harda hansı sözü deməli? Tezliklə başının üstünü kəsdirəcəklər - prodüserləri kimdir? Bir yandan da Yuranın qohumları baş qaldıra bilər. Onlar evə basqın etsələr ha, işi bitdi.
Hə, Jorj düz bir həftədir yoxa çıxıbsa da, sappasağdır. Yuri Antonov isə hamının nəzərində sağ ola-ola, ölmüşdü. Jorjun qəlbi dözmür, hərdənbir öz evinə zəng çalır, tez də dəstəyi yerinə qoyurdu. Bir dəfə uşaq, yəqin ürəyinə damıb, telefonda bərkdən qışqırdı - "Ata-a!" Jorj birdən-birə şöhrəti buraxmaq, özündən rədd eləmək fikrinə düşdü. Şöhrət insana elə də gərək deyilmiş. Adamın könlü uşağını istəyir. Yura sellofan torbanın içindəcə dəfn olunacağı məqamı "gözləyirdi". Ancaq nə olsun ki şöhrəti var, artıq o, yalnız cinayətin üstü açılacağı təqdirdə dəfn oluna bilərdi. Şöhrəti səbəbindən onun yoxluğuna şübhələnən yoxdu. Hamı elə bilir ki, o haralardasa qastroldadır. Jorj bu cür-bu sayaq tutulmayacağına tam arxayınlaşdı. Qapını astaca açdı, sakitcənə çöldən də bağladı və barmaqucu pilləkənlərlə aşağı endi. Divarlar az qalırdı üstünə gələ. Elə bilirdi də bu saat yanından ötdüyü ört&uum